“Məni xalq felyetonlarımla
tanıdı”
Bu gün çağdaş ədəbiyyatımızda tanınmış şair-publisist Sahib Əliyevin özünəməxsus yeri var. Axarlı-baxarlı yazıları, şeir və felyetonları ilə yüzlərlə oxucunun qəlbinə yol tapıb. Yaşlı nəslin nümayəndəsi olan Sahib Əliyev ömrünün 80-ci baharını yaşasa da, hələ də cavan və gümrah görünür. Çox cavan görünən Sahib müəllimi elə cavan saxlayan Yardımlı dağlarının təmiz havası və bulaqlarının suyudur. Elə “Ədəbi düşüncə”nin budəfəki qonağı da tanınmış şair-publisist, AYB və AJB-nin üzvü, Əməkdar jurnalist Sahib Əliyevdir. Sahib Əliyev söhbətə keçdiyi həyat yolundan başladı:
- İxtisasca jurnalistəm. 1966-1997-ci illərə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni kənd”, indiki “Zirvə” qəzetinin redaktoru vəzifəsində çalışmışam.
- Necə
oldu ki, məhz jurnalistikanı seçdiniz?
- Hələ doğulduğum Yardımlı
rayon Bilnə kənd ibtidai məktəbinin
4-cü sinfində oxuyarkən,
yazıb-yaratmaq həvəsim
olub. Uşaqlıq hisslərimi, sağlam
düşüncələrimi poetik fikirlərə çeviriridim. O dövrlərdə
bir sıra qəzetlərdə, xüsusilə
də “Azərbaycan pioneri” qəzetində arabir yazılarım dərc olunurdu. 10-cu sinifdə oxuduğum
dövrdə məndə
ədəbiyyata, xüsusilə
jurnalistikaya maraq daha da artdı.
İçimdən İlahi bir
qüvvə, axın məni bu sahəyə
zaman-zaman, günbəgün
yaxınlaşdırırdı. Bu istək 1957-ci ildə
reallaşdı və
Azərbaycan Dövlət
Universitetinin jurnalistika
fakültəsinə gətirib
çıxardı. Tələbəlik illərində çoxlu sayda şeirlərim, felyeton və məqalələrim mərkəzi
mətbuata yol açdı. Ən çox
“Azərbaycan gəncləri”,
“Kommunist”, “Azərbaycan
pioneri” qəzetlərində
və “Pioner” jurnalında dərc olunurdum. Söz düşmüşkən deyim ki, tələbəlik
illərində oxucularım
daha çox idi. Ona görə ki,
həmin dövrlərdə
respublikanın birinci mətbu orqanı olan “Kommunist” qəzetində hər yazarın felyetonları və yazıları dərc olunmazdı. Məni xalq bir-birindən maraqlı olan adıçəkilən mətbu
orqanında dərc olunan felyetonlarımla tanıdı. 1963-cü ildə universiteti bitirib, doğma rayonuma qayıtdım.
Diqqətinizə çatdırım ki, onda rayon qəzetləri çıxmırdı.
Ona görə də 2 ay orta məktəbdə müəllim kimi fəaliyyətə başladım.
İctimai fəaliyyətimi nəzərə alıb, iki aydan sonra
məni Yardımlı
Rayon Komsomol Komitəsinə
birinci katib seçdilər. Üç ildən
sonra digər rayonlarda olduğu kimi, Yardımlıda da “Yeni kənd”
qəzeti nəşr olunmağa başlandı.
Və mən həmin qəzetin redaktoru təyin olundum.
- O dövrün jurnalistikası
indiki dövrün jurnalistikası ilə hansı cəhətlərinə
görə fərqlənir?
- Mən o dövrün jurnalistikası
ilə fəxr edirəm. Çünki o dövrdə jurnalistikaya
və jurnalistlərə
böyük hörmət
vardı. Hər bir
jurnalist sənəti ilə fəxr edərdi. O dövrdə
senzuranın olmasına
baxmayaraq, sanballı söz deməyə imkan, şərait də vardı. Elə sanballı əsərlərimiz
də məhz o dövrlərdə yazılıb.
İndi özümə jurnalist deməyə utanıram.
Ona görə ki, istedadı və qələmi olmayan qeyri-peşə sahibləri,
xüsusilə də mətbuatdan, jurnalistikadan xəbəri olmayanlar mətbuata ayaq açıblar. Bu cür adamlar nə yazdıqlarını
belə bilmirlər.
Buna görə də qəzet və jurnalları səriştəsiz yazılar
başına götürüb.
Bu səbəbdən də qəzeti oxumurlar.
- Yaradıcılığınız
barədə nə deyə bilərsiniz?
-Bu günə qədər 21 kitabım və üçcildlik seçilmiş əsərlərim
çap olunub. Yeri gəlmişkən qeyd edim ki, yaradıcılığımda
mövzu fərqi yoxdur. Sevgi şeirlərim çoxdur,
eləcə də Vətənlə, Qarabağla
bağlı. Sabahı və
zamanı düşündürən
yazılara daha çox üstünlük
verirəm. Çünki poeziyanın məqsədi
oxucuları tərbiyə
etməkdir. Şairin böyüklüyü
ondadır ki, öz yaradıcılığında
həyatın fəlsəfəsini
açır. Məni
ağrıdan odur ki, mətbuatda, xüsusilə də AYB-nin mətbu orqanlarında elə yazılara rast gəlirik ki, onu oxuyanda adam xəcalət çəkir. Şeir adı ilə
dərc olunanları oxuyanda bilmirsən şeirdi, yoxsa nədir. Şeirdə məna yoxdur
və ona xas olan cəhətlərə
isə əməl edilmir.
- Hansı
təltifləriniz var?
- Bu gün “Qızıl Qələm” mükafatını hörmətdən
salıblar. Hətta bufetdə işləyənlərə,
sürücülərə də “Qızıl Qələm” mükafatı
verilir. Bu gün “Qızıl Qələm” yazısı
olmayan adamlara verilir. Yazısı, qələmi olmayan
adamlara bu cür mükafatı verməzlər. Mən “Qızıl
Qələm”i sovet dövründə almışam.
Xidmətlərimə görə, “Şərəf
nişanı” ordeni və digər medallarla təltif olunmuşam. Onu da diqqətinizə çatdırım ki, bu gün “AYB”nin
mətbu orqanı sayılan “Ədəbiyyat“
qəzeti onun Baş redaktoru - çox hörmətli Azər Turanın monopoliyasına çevrilib.
Çünki Azər müəllim
oxucunun diqqətini cəlb edən yazıları, guya, bəyənmir. Yuxarıda
dediyim kimi, Baş redaktor şeir, sənət adına ləkə
gətirən yazıları
daha çox dərc edir. Bu qəzetdə cəmi
4-5 nəfər müəllif
var ki, hər
sayında onların yazıları dərc olunur.
Bir ildən çoxdur ki, Azər Turana 20-dən çox şeir təqdim etmişəm, amma bu günə kimi çap olunmayıb. Müəyyən vaxt keçəndən sonra, onun yanına getdim və şeirlərimə irad tutub dedi ki, sənin yazılarını redaksiyanın işçiləri bəyənməyib, dedilər ki, zəifdir. Redaksiyanın işçiləri ilə görüşdüm. Səbəbini onlardan soruşduqa, gülüşüb bunun yalan olduğunu söylədilər. Axırda mən özüm-özlüyümdə belə qərara gəldim ki, Azər Turanın öz müəllifləri var, ancaq onları çap etməklə məşğuldur. Halbuki çox tənqidçi, ədəbiyyatşünas alimlər mənim yaradıcılığım barədə fikir söyləyiblər, yüzlərlə məqalələri dərc edilib. Hətta yaradıcılığımla bağlı 30-dan çox müəllifin məqaləsini özündə əks etdirən”Sözün Sahibi və ya Sahibin sözü” kitabı da çap olunub. İstərdim ki, 80 illik yubileyim doğulduğum Yardımlıda qeyd edilsin.
Qələndər Xaçınçaylı
Həftə içi.-
2017.-15 sentyabr.- S.7.