Erməni vəhşiliyinin qurbanı

olan Kağızmanlı Hıfzı

 

Dəyərli türk xalq şairi və ozanı Kağızmanlı Hıfzı 1893-cü ildə Qars vilayətinin Kağızman bölgəsində doğulub. Doğulduğu aya görə ona Rəcəb adı verilib. Hələ dörd yaşında olanda, Quran dərslərini öyrənməyə başlayıb. Güclü yaddaşa malik olan Rəcəb doqquz yaşında olarkən müəllimindən tam hafizlik icazəsi alıb, bundan sonra həmişə Hafiz deyə adlandırıblar. Məscidlərdə Quran oxuyaraq və mövsümünə görə "pazarcılıq edərək” dolanışığını təmin edən Hıfzı, 15 yaşında saz çalıb, şeir söyləməyə başlamış, bəzən ağrılı, bəzən xoşbəxt bir neçə eşq də yaşayıb.

Onun Hafiz olaraq yetişməsində yaşadığı mühitin şübhəsiz ki, böyük bir təsiri olub. Onun şeirləri çox səmimi və təmiz idi. O dövrdə şəhər və Divan şeirindən uzaqlaşa biləcək nadir bir şair idi Hıfzı. Bir gəncikən qətlə yetirilən və həyatı acılarla yoğrulmuş dəyərli türk xalq şairi və ozanı Kağızmanlı Hıfzı xüsusi təsvir-tərənnüm qabiliyyətinə, axıcı, ahəngdar bir üsluba, zəngin bədii yaradıcılığa malik bir şəxsiyyət olub. Şeirləri, ümumiyyətlə, dördlük biçimində, heca vəzni ilə, başadüşülən səviyyədə yazılıb. Xalqın anlaya biləcəyi dil ilə yazdığı şeirlərin, demək olar ki, hamısı sadə sözlərlə ifadə olunub. Ərəb və fars dillərini də yaxşı bildiyi üçün bu dillərdə olan sözləri də şeirlərinə daxil edilib. Lakin bu sözlərin əksəriyyəti başa düşülən sözlər idi. Şeirlərində həyat və ölüm problemi, təbiət gözəlliklərinin təsviri, dinə olan bağlılığının tərənnümü, eşq, təsəvvüf və bu kimi maraqlı motivlərə tez-tez müraciət edən Hıfzı yaradıcılığında qəhrəmanlıq mövzusu da xüsusi bir yer tutur və ana xətt olaraq yer alır. Ürəyində hər zaman vətən torpağına böyük eşq daşıyan, türk olması ilə qürur duyan ozan-şair bu sevgini böyük bir ustalıqla nəzmə çəkməyi bacarıb.

Müharibə dövrünün, azadlıq müharibəsinin təsiri Hıfzı həyat və yaradıcılığında inkar edilə bilməz. O, əsarət altında böyüyüb, bir neçə qırğına şahid olubdur. Bu ağrılı günlərin, əzab-əziyyətlərin kədərini hər zaman ürəyində hiss etmiş və bütün bunları böyük məharət duyğusu ilə ağı və dastanlarında əks etdiribdir. Tarixin hər hansı bir dövründə yaşanmış hadisələr həm mənfi, həm də müsbət istiqamətləriylə bu hadisələri yaşayan cəmiyyətin və ya millətin mədəniyyət məhsulları içində əksini tapıbdır. Türk mədəniyyətində dərin bir kökə malik olan ağısöyləmə qədim ənənələrdən biridir. Ürəyin titrəyişi nəticəsində söylənilən və milli şeirlərin əsası adlandırılan ağılar, tökülən göz yaşları və çəkilən könül iztirabının acı dolu tərənnümləridir. Bu ağıların yaradıcıları bütövlükdə xalqdır - analar, atalar, əhli-dil insanları, xalq ozanlarıdır. Məhz onlardan bəhrələnən Hıfzının yaratdığı ağılar dillərdə dastandır. Şairin "1915" adlı şeiri bu baxımdan çox məşhurdur.

 

Bin üç yüz otur bir tarih rivayət

Dərd-i halım işidiben kanasın

Esir oldu nice karye-i İslam

Derdin koyup bu firkata yanasın.

 

Şeirdən aydın olur ki, 1915-ci ildə, bir bayram günündə Kağızman əhalisi rus ermənilər tərəfindən mərhəmətsiz bir qırğına məruz qalır. Neçə-neçə insanlar qətlə yetirilir, mülklər talan edilir, hər tərəf viran olur. Hıfzı bu dəhşətli mənzərəni bir ürək ağrısı ilə ağıda qeyd edir.

 

Aziz bayram günü etrafı aldı

Gafil iken bizi feryada saldı

Kaçan can kurtardı kalanlar kaldı

Gam geldi götürdü aşk aşinasın.

 

Şeirdə qaralar bağlayaraq yas tutmuş insanların vəziyyətini, günahsız insanların dağlar yaran harayını, övladını itirmiş anaların, analarını itirmiş uşaqların fəryadını, ahu-zarını təsvir edən misraları oxuyarkən, təsirlənməmək qeyri-mümkündür.

 

Gibiler yas tutmuş karalar bağlar

Mazlumlar ahından açıldı dağlar.

Yitirmiş birbirin melişir ağlar

Analar evladın evlat anasın.

 

Uzun müddət erməni işğalçılarının qanlı soyqırımlarından əziyyət çəkmiş bir türk millətinin nümayəndəsi olaraq söyləyə bilərəm ki, bu sətirləri oxuyarkən Qarabağda, Xocalıda min bir əzab işgəncələrlə öldürülən günahsız, silahsız yurddaşlarımı xatırlamadan keçə bilmədim:

 

Duz basdılar yarana,

Layla Xocalım, layla.

Düşdün gülləbarana

Layla Xocalım, layla.

Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla Xocalım, layla.

                              (Zəlimxan Yaqub)

 

Tarix həmişə işğalçıları ən böyük nifrət lənətlə yad edəcəkdir.

Hıfzı şahid olduğu bütün bu misibətləri ürək yanğısı ilə ağı misralarına köçürmüşdür. Ahu-zarın ərşə çıxdığını, bəzi insanların qan bağlamış yaralarını, kiminin ciyərparasını ağladığını, körpə balaların analarından ayrı düşdüklərini, cani-ciyərin bir-birindən ayrılmasını ürək ağrısı ilə şeirinə daxil etmış, onu qərib bir durna kimi təsvir etmişdir:

 

Kimiler bağlamış yarasın ağlar

Kimiler de ciğer paresin ağlar.

Alem gam gün oldu çaresin ağlar

Arşa çıkdı ahü zarı bu nasın.

 

Şair tarlaları xəzan basdığını, quşların artıq uçmadığını, bülbüllərin susduğunu təsvir edərkən sanki təbiətin da bu dərdə, bu faciəyə yas tutduğunu anlatmışdır.

 

Garib turna gibi olmuşum helek

Şahbaz şahan vurdu üzuldü telek

Hıfzı deer yetmezmi ey kanlı felek

Nice bin kez karabağrım bölesin

 

Böyük şair Kağızmanın qurtuluş günlərində isə qalibiyyət sevincini, zəfər ümidini tərənnüm edən şeirlər yazmışdır.

 

Kara günler geçer açılır eyyam

Kars ile Kağızman kurtulur tamam

Şad olur sevinir hep ehl-i İslam

Albayrak elinde aslandır gelen.

 

Həmin hadisələr Hıfzının dili ilə dastanlaşıb. Şair "Ali osmandır gələn" şeirində qəhrəman Osmanlı ordusuna böyük ümidlərini əks etdirib. "Artıq alları geyindik, qaradan çıxdıq" deyən şair gələn ordunu "Şahi-mərdan", "Şir-i yəzdan" deyə adlandırıbdır.

"1915-ci il gələn orduya" adlı şeirində əsarət altındakı Qars torpaqlarını qurtarmağa gələn Osmanlı ordusuna təriflər yağdırmış, onların düşmənə qarşı əzmkar mübarizələrindən, qəhrəmanlıq cəsarətlərindən bəhs edir:

 

 

Bu gelene derler şanlı Al Osman

Önünde düşmanı olur perişan.

Sayesinde necat bulur mazluman

Ehl-i İslam derdine dermandır bugün.

 

Gördüyümüz kimi, şair Türk ordusunun əhli-islama dərman, kafirin qətlinə fərman olacağına böyük ümid göstərir. Onları gözəl bahara bənzədir. Şair şəhidliyin zirvəsinə çatanları cənnətə mehman olacaqlarını söyləyir.

Hıfzının şeirlərini araşdırarkən, Qars xalq ədəbiyyatının fərqli bir tərzə, fərqli bir ruha malik olduğunu anlayırıq. Onun bəzi şeirlərində din qəhrəmanlıq ruhu sərgiləyən Karslı Kağızmanlı şairlərdən söyləmələr yer alır. Hıfzı nadir bir ədəbi şəxsiyyət idi.

Şairin yaradıcılığı haqda onu soyləmək istərdik ki, tədqiqatçılar Hıfzının yazdığı şeirlərin əksəriyyətinin itdiyini iddia edirlər. Əlyazma, şeir dəftərinin bir xeyli qalın olduğunu oxunaraq cırıldığını beləliklə, dəftərin kiçik bir hissəsinin qaldığını söyləyirlər. Şairin daha sonra nəşr olunmayan "Bu dünya" adlı uzun bir şeirinin tapılması bunu bir daha təsdiqləyir. Bəlkə bu şeir kimi bir çox nümunələr itib-batmışdır. Hıfzının əldə qalan şeirlərini Türk ədəbiyyatının mərhum tarixçi professoru M.Fahrettin Kırzıoğlu tərtib etmişdir. Mustafa Turan da, "Kağızman Aşık Hıfzı" adlı kitabında Hıfzının bütün əsərlərini toplamış, günümüzədək çatdırmış gələcək tədqiqatçılara yararlı bir iz qoymuşdur. Araşdırıcı yazar Sait Küçük, "Kağızmanlı Hıfzı" adlı kitabında Hıfzıyıyı ən doğru şəkildə tanıtmışdır. Sait Küçük bu kitabı Hıfzı ilə birlikdə Gamir şəhidlərinin xatirəsinə həsr etmişdir. Ümid edirik ki, böyük şair Kağızmanlı Hıfzı gələcək nəsil tərəfindən dəfələrlə araşdırılacaq.

Şərqi Anadoluda doğulan, Qars əyalətinin Kağızman bölgəsində boya-başa çatan qüdrətli xalq ozanı, söz sənətkarı Kağızmanlı Hıfzı 1918-ci ilin 8 aprel günündə erməni vəhşiliyinin qurbanı olmuşdur. Belə ki, Kağızmanda da amansız qətliama başlayan ermənilər tərəfindən Gamir Damı deyilən həbsxanaya doldurulub mərhəmətsiz bir şəkildə öldürülənlər arasında o da - gənc Hıfzı da vardı. Üç süngü yarası ilə ağır yaralanan şair 1918-ci ilin 9 aprelində vəfat edərək şəhidlik mərtəbəsinə yüksəlmiş Kağızman şəhid qəbiristanlığında dəfn edilmişdir. 25 illik ömrünə 10 illik sənət həyatı sığdıran, ədəbiyyat tarixində xüsusi iz buraxa bilən, ozan-şairin "əgər yaşasaydı daha neçə mükəmməl sənət nümunələri yarada bilərdi" sualının cavabını təxmin etmək o qədər çətin deyil.

Biz öz adımızdan böyük türk millət şairi ozanı şəhid Hıfzını hörmətlə xatırlayır, ölümünün 100 ilində şəhidimizə Allahdan rəhmət diləyirik.

Bütün şəhidlərimizin məkanları cənnət, yerləri behişt olsun!” - deyirik.

 

Kəminə Həvilqızı,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

Həftə içi.- 2018.- 3 aprel.- S.7.