“Bahalı işlərin alıcısı az olur

 

Hafta.az-ın suallarını dünyada bir ilkə imza ataraq ipək üzərində yazılmış “Qurani-Kərim”in müəllifi, rəssam Tünzalə Məmmədzadə cavablandırır. Qeyd edək ki, o, həmin əl işini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etməsi ilə dünya mediasının gündəmində geniş yer almışdı.

- Tünzalə xanım, əvvəlcə özünüzdən danışaq, sizi daha yaxından tanıyaq.

- Şəkidə anadan olmuşam. Bakı Pedaqoji Kollecini bitirdim, sonra təhsilimi Dövlət Rəssamlıq Akademiyasında reklam işidizayn ixtisası üzrə davam etdirdim, Qərb Universitetində isə modeleyer-rəssam kimi magistr dərəcəsi aldım, daha sonra Rəssamlıq Akademiyasında təkəlduz sənətinin tarixi araşdırması mövzusu üzrə doktorontura təhsili aldım, hazırda isə Mərmərə Universitetində sənət tarixi üzrə doktoranturada oxuyuram, eyni zamanda rəssamlıqla məşğul oluram.

- Doğulduğunuz məkan Şəkidir. Sənətin, ələlxüsus da təkəlduz sənətinin beşiyi sayılan bir bölgədir. Ümumiyyətlə, insanın uğurlu həyat formulunda doğulduğu məkanın önəmi varmı?

- Heç şübhəsiz ətraf mühitin yaradıcı olmağa təsiri var. Anam sənətdə olan biridir. O, modelyerdir, məndən əvvəl təkəlduz sənəti ilə məşğul olub. Gözümü açandan ətrafımda sənət görmüşəm, ona görə də mən sənətlə məşğul olmasaydım daha təəccüblü olardı. Bacım da təkəlduzla məşğuldur. Mən rəsmləri şəffaf ipək üzərində çəkdiyim kimi, o da ipək üzərində toxuyur. Kökümüz budur, yəni Amerikada doğulsaq da, ailəmiz belə olacaqdı və mən rəssam olmalıydım.

- İpək həssas material olduğu üçün onunla işləmək çox çətindir. Hətta dərzilər belə ipək parçalardan paltar tikməyin çətin olduğunu deyirlər. Siz isə bir qədər də irəli gedərək şəffaf ipək üzərində rəsm çəkirsiniz...

- Həddindən artıq çətindir. Kağız üzərinə çəkiləni silmək olur, amma ipəyi silmək olmur. Ən çətini isə səbr və insandan psixoloji olaraq sakitlik, gigiyenik baxımdan təmizlik, səliqə-sahman tələb edir. Məsələn, mən bir kiloqramdan artıq əşya götürə bilmərəm. Sonra əllərim əsə bilər. Uzun illərdir mən ağır götürmürəm və yaxud harasa tələsirəmsə sonra bir müddət istirahət etməliyəm, sakitləşməliyəm. Tam sakit olduqdan sonra işə başlaya bilərəm. Əllərimizi nə qədər təmiz yusaq da, dəridə yağlar olur və dərinin özünəməxsusluğu belə ipəklə işləməyə mane ola bilər.

- Dünyada sizdən başqa ipək üzərində rəsm çəkən varmı?

- Bu bir ilkdir, rəssamlıqda yeni tərzdir. Bunun müəlliflik hüququnu da aldım. Həm ideya, həm də sənət olaraq bu mənə məxsusdur. Texnikasını bildiyim üçün rahat olsa da, tələblər çoxdur.

- Rəssamlığın bu tərzini biznesə çevirməyi düşünürsünüzmü? Çünki nə qədər texnolgiya inkişaf etsə də, əl əməyi hər zaman qiymətli sayılıb.

- Bu biznes olaraq pul qazanmaq baxımından sərfəli deyil. Məsələn, bir əl işini yüz manata istəyirlər, amma bu həmin əziyyətə verilən qiymətə dəymir. Belə bahalı işlərin alıcısı az olur.

- Əsərlərinizdə Quran ayələrinə tez-tez rast gəlinir. İnanclı olmağınızdan irəli gəlir?

- İnanclı insanam, Allaha inanıram. Bir insan və müsəlman olaraq dinə münasibətim təbii ki, yüksəkdir. İnsan öz dinini sevməyə bilməz. Amma burada ərəb əlifbasına olan marağım xüsusi önəm daşıyır. Ərəb əlifbasının, ərəb hərflərinin görünüşü, estetik gözəlliyi diqqətimi çəkirdi. Ümumiyyətlə, abstrakt əsərlərlə yanaşı, kaliqrafiya əsərləri də işləyirdim. Ayələr, hədislər ipək üzərinə köçürtmüşəm.

- Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ipək üzərində yazılmış “Qurani-Kərim” hədiyyə etməklə dünya mediasının da gündəmində oldunuz. Bu ideya ağlınıza haradan gəlmişdi?

- Bayaq da qeyd etdiyim kimi, əvvəllər tablo üzərində “Ayətül-kürsü” işləyirdim. Bu formada bir neçə rəsmim də var. Sonra “Qurani-Kərim”i bütünlüklə ipək üzərinə çəkmək istədim, araşdırdım gördüm ki, dünyada belə bir yoxdur. Səhv etmirəmsə, suriyalı bir rəssam buna oxşar görüb, amma o ipək üzərində deyil. Bu işin çətin olduğunu bilirdimanam mənə çox dəstək oldu. O müddət ərzində demək olar ki, başqa bir işlə məşğul olmadım.

- Hansısa sahədə ilk olmaq necə hissdir?

- Çox qürurvericidir, əlbəttə. Heç vaxt özü ilə öyünən insan olmamışam. Amma burada təvazökarlıq etməyəcəm, çünki, bu, dünyada ilk dəfə hazırlanıb. Təbii ki, ilkə imza atmaq çox gözəl duyğudur.

- Düşündünüzmü ki, birdən alınmasa, yarımçıq qalsa

- Əvvəl çox tərəddüd etdim. Qərar verə bilmirdim. Əmin idim ki, məndən əvvəl heç kim bunu etməyib. Ancaq istər-istəməz məsuliyyətli işdir. Bir anlıq düşündüm ki, bunun öhdəsindən gələcəm. Anam mənim bütün sosial məsuliyyətdən uzaq qalmağıma yardımçı oldu. Diqqətimi yalnız bu işin üzərində topladım. Yarımçıq qalmasından, mənəvi itkidən çox ehtiyatlanırdım. Bilirsiniz ki, ipək kitabın eni 29, uzunluğu isə 33 santimetrə yaxındır. Kitabın ərsəyə gəlməsində 50 metrdən çox ipək parça istifadə olunub. Üç ilə başa gələn kitab ümumilikdə 614 səhifədən ibarətdir. Kitab həm Türkiyə, həm də Azərbaycanda yazılıb.

- Hədiyyənin ünvanı niyə məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu?

- Bu, əslində düşünülmüş bir hədiyyə deyildi. Yəni “Qurani-Kərim”i işləməyə başlayanda məqsədli şəkildə hədiyyə edəcəm deyə düşünməmişdim. Amma Türkiyəyə təhsil almaq üçün gəldiyimdə mənim bütün maddi ehtiyaclarımı bu ölkə qarşılayıb. İçimdə özümü onlara borclu hiss edirdimbu borcdan necə çıxmaq olar deyə düşünürdüm. Kitabı demək olar ki, yarılamışdım. Öz-özümə dedim ki, bu işimi yekunlaşdırım və minnətdarlıq əlaməti olaraq Türkiyə prezidentinə hədiyyə edim. Valideynlərim hər zaman deyir ki, yaxşılığı qarşılıqsız qoymaq olmaz. Beləliklə, müraciət etdim təhsil aldığım müəssisənin rəhbərliyinə. Onların köməkliyilə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə vermək istəyim bildirildi və Mərmərə Universitetinin 135-ci il dönümünə həsr olunmuş tədbirdə iştirak edərkən, məni kürsüyə çağıdılar və bu hədiyyəni ona təqdim etdim.

- Türkiyə prezidenti hədiyyəni necə qarşıladı və onunla hansısa söhbətiniz oldumu?

- Hədiyyə onu çox təəccübləndirdi. Qürur hissi duyduğunu bildirdi. Mənə təşəkkür edərək, işlərimdə uğurlar arzuladı.

- Bu addımınızdan sonra xarici ölkələrdən təklifləri almısınızmı?

- İş təklifi gəldi, amma qəbul etmədim. Çünki memarlıqla bağlı daha böyük ideyalarım var. Sərgi üçün müraciət edənlər də oldu . 2014-cü ildə Türkiyəyə təhsil almağa gələndə, özümə söz verdim ki, Azərbaycanın adını ucaltmaq üçün əlimdən gələni edəcəm. Harada olmağımdan asılı olmayaraq azərbaycanlıyam. Vətənimi də hər yerdə layiqli şəkildə təmsil edəcəm...

- Səudiyyə Ərəbistanı Kralı ilə görüşünüz necə oldu?

- Azərbaycanda ilk dəfə kitabımın təqdimatını keçirdikdən sonra, Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri mənimlə əlaqə saxladı. Düzdür, artıq mən Türkiyəyə qayıtmışdım. Lakin ölkəyə gəldiyimdə məni səfirliyə çağırdılar və kral ailəsinin məni öz ölkələrinə dəvət etdiklərini dedilər. Anamla birgə oraya səfər etdik. Həcc naziri bizi ailəsi ilə tanış etdi və bizimlə çox yaxından maraqlandı. Bizi Kəbənin örtüyü hazırlandığı fabrikə apardılar. Hətta mən özüm orada bir neçə tikiş də atdım. Mənim üçün çox maraqlı səfər idi. Hazırladığım “Qurani-Kərim”in burada da kiçik bir videotəqdimatı oldu.

- “Qurani-Kərim”in hazırlanmasında istifadə edilən ipəyi hansı ölkədən almışdınız? Ümumiyyətlə, materialları haradan əldə edirsiniz?

- Ilk dəfə yapon ipəyi ilə işə başladım, sonra digər ipəklərindən də istifadə etdim. Fərqli qiymətlərə olur. 10 dolardan başlayaraq. Hansı ölkəyə səfər edirəmsə ilk getdiyim yer ipək və boyalar satılan mağazalar olur. Bu kitabda istifadə etdiyim məhsulları, ipəyi Türkiyədən əldə etmişdim. Kitabın yazılmasında da Türkiyədə nəşr olunan “Qurani-Kərim” nüsxələrindən istifadə etmişəm.

- Hazırda memarlıq üzrə təhsil alırsınız, amma sizə uğur qazandıran ipək üzərində rəsm çəkmə bacarığınız olub. Bu sahə üzrə davamçılarınız olacaqmı?

- Artıq var. Hətta tələbələrmlə bir neçə dəfə sərgilərimiz də olub. İnsanlar da rəssamlığın bu növünə maraq yaranıb, adətən sərgilərdən sonra müraciət edənlər çox olur. Onu da qeyd edim ki, dünyanın hansı ölkəsində olur olsun, bizim sərgilər “İpəkdə yaşayan izlər” adı ilə təqdim olunur.

- Əsərləriniz zəhmətinə görə çox qiymətlidir. Bu onun maddi “yükü”ndə də özünü göstərirmi?

- Dəqiq sayını bilmirəm, amma indiyə qədər çox əsərimi satmışam. Qiymətlərə gəlincə, bu min manatdan yüz min manata qədər ola bilər. Sərgi təbii ki, satış üçündür. Amma mən elə əsərlərim var ki, bilərəkdən onlara baha qiymət qoyuram ki, alınmasın (gülür). Məsələn, anamın 55 illiyinə həsr elədiyim əsər var ki, ona görə milyonlar da versələr satmaram. Məsələn, mənim bir əsəərim var – “Yaranış”. İkitərəfli əsərdir. Bir tərəfdən baxanda ana bətnində uşaq görünür, digər tərəfdən baxdıqda isə səcdədə olan adam görmək olur. Mənim tanınmağımda o əsərin rolu böyükdür. Ona görə o əsərə çox böyük qiymət qoymuşam – 100 min dollar. Satılmamağını daha çox istəyirəm.

- Bu qısqanclıdqır, yoxsa əsərdən doymadığınız anlamına gəlir?

- Xeyr. İstəyirəm həmin əsəri daha çox nümayiş etdirim, daha çox ölkələrdə sərgilənsin deyə. Satdıqdan sonra əsərlərimlə rastlaşanda canlı bir doğmamı gördüyüm kimi qarşılayıram, görəndə görüşmək istəyirəm.

- Karyeranızı xarici ölkələrdə davam etdirmək şansınız olsa, həmişəlik gedərdinizmi?

- Hazırda təhsilim davam edir. Diqqətimi çəkəcək xüsusi təklifləri də yoxdur. Bilmək olmaz. Həyat sürprizlərlə doludur. Həm də Türkiyə mənim üçün xarici ölkə statusunda deyil. Burada özümü vətənimdə kimi hiss edirəm.Gələcək üçün planlarımın gedişatını isə zaman göstərəcək.

- Bir dizaynerin turizmin inkişafı üçün edə biləcəyi əsas faəliyyət istiqaməti nə ola bilər? Hansı ki, bundan həm ölkəsi qazanacaq, həm o özü...

- İndi insanları təəccübləndirmək çox çətindir. Yenilik etmək lazımdır. İstənilən yaradıcı insan işini mükəmməl şəkildə görərsə, ən əsası təkrarçılıq etməzsə tanınma şansı çoxalar. Sənət, idman, kino industriyası... Bunlarla həm özün qazana bilərsən, həm ölkəni qazandıra bilərsən. Əgər bir mənə estetik zövq vermirsə, mən onu saymıram. Tamaaşaçı baxanda anlamasa belə xoş bir hiss keçirməlidir. Sənət hamı üçündür, hamı baxdığından mənəvi qida almalıdır. Mənim layihələrim var - turistlərin ən çox baş çəkdiyi yerlərdə qalereyaların quraşdırılması ilə bağlı. Götürək elə “Alov qüllələri” kompleksiniyaxud Qız Qalası abidəsini. Bütün turistlər bunları və digər brendləşmiş abidələrimizi görmək istəyir. Bunların maketinin olduğu qalereyalar yaratmaq istərdim. Bizdə sənət əlçatandır. Teatrlara, tamaşalara, sərgi salonlarına biletlər çox ucuzdur. Bundan yararlanmaq lazımdır. Çünki formalaşmağımızda ətraf mühitin, gördüklərimizin rolu böyükdür. Parklarda qalereyalar qurmaq və sənət abidələrini təqdim etməklə turist cəlb etmək olar. Bundan başqa, artıq brendləşmiş mağazalar ki var, onların binasını loqosu formasında tikmək maraqlı ola bilər. Bizdə menecerlik fəaliyyəti xaricdəki kimi populyar olmadığı üçün sənət adamının mütləq savadlı olması lazımdır. İnsan istedadlı rəsam ola bilər, amma onun savadı yoxdursa, özünü təqdim etməkdə çətinliyi olacaq həmişə. Rəssam özü özünün həm də meneceri, sözçüsü, təbliğatçısı olmalıdır.

- Xaricdən gələn qonaqlaraya xaricə səfər etdiyimiz zaman sevə-sevə etdiyimiz hədiyyələrdən biri də Azərbaycan kələğayısıdır. Kələğayı ilə və ümumiyyətlə, parçadan hazırlanan milli hədiyyələrimizlə bağlı hansısa ideyalarınız ola bilərmi?

- Kələğayı artıq brendləşmiş məhsulumuz sayılır. Ona hər hansı müdaxilə etməyi düşünmürəm. Amma baş örtüyündə müəyyən yeniliklər etmişəm. Xüsusən də hicab geyinən xanımlarımız üçün müxtəlif formalı baş örtüyü kolleksiyam var.

- Məşğul olduğunuz sahənin gələcəyini necə görürsünüz, hansı istiqamətdə inkişaf etdirilməlidir? Azərbaycanda bununla bağlı müsbət təcrübələr varmı?

- Bizdə əl əməyi ilə bağlı istehsal zəifdir. Texnoloji yeniliklər, bazarları Çin istehsalı məhsulların doldurması həvəssiz edir adamları. Maraq azdır. Bizdə ucuz işçi qüvvəsi də yoxdur, hamısı əl əməyidir və əziyyətlə başa gələn əl əməyini ucuz satmaq bir qədər sərfəli deyil. Mənim bacım da təkəlduzla məşğuldur. O məndən fərqli olaraq ipək üzərində çəkmir, toxuyur.Amma heç vaxt əsərlərini satmır, çünki əziyyətinə dəymir.

- Hazırda fəaliyyətinizi memarlıq üzrə istiqamətəndirmisiz. Planlarınız nədir?

- Memarlıqla bağlı ideyalarım çoxdurbu məni İstanbula gedəndən sonra daha çox cəlb etdi. İstanbul memarlığın tam mənası ilə oturuşduğu bir məkandır. Təvazökarlıqdan uzaq da olsa, düşünürəm ki, rəssamlıqda edə biləcəyimi etdim, indi isə memarlıqda hansısa yenilik etməliyəm.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2018.- 16-20 avqust.- S.8.