Mənim şirin xatirələrim
III HİSSƏ
Nahardan sonra Əndican şəhərinin gözəlliklərini görüb-duymaq üçün gəzintiyə çıxdıq. Maşınımız Daşkəndlə müqayisədə avtomobillərin nisbətən seyrək olduğu küçələri şütüyərək şəhər kənarənda – dağ yamacında yerləşən böyük bir parkın qarşısında dayananda heyrətdən donub qaldım.
Havanın isti olmasına baxmayaraq, parkda qələbəlik vardı. İstirahət məkanının giriş qapısının qarşısı qırmızı-çəhrayı çiçəklərə qərq olub. Tən ortada isə Moğol imperiyasının böyük hökmdarı Babur şahın heykəli ucalır. Parkın giriş qapısı Şərq-Moğol memarlığında tikilməsi buranı sözün əsl mənasında açıq səma altında muzeyə çevirib.
Babur şahın hüzurunda
Bir-iki xatirə şəkli
çəkib qapıdan içəri keçdim.
Sərvinaz deyir ki, bu park Əndicanın ən
gözəl istirahət bölgələrindəndir, günün bütün
saatlarında burada adam
əlindən tərpənmək olmur.
Xüsusən də əndicanlılar bura
piknik üçün
gəlir, yeyib-içib şənlənirlər.
Qapıdan içəridə, üzüdağa yüksələn boyük meydanın ortasında Babur şahın taxtında oturmuş formada heykəli ucalır. Bir az yuxarıdakı terras sahədə qədimi üslübü ilə diqqət çəkən kiçik bina, daha yuxarıda isə sərdabə yerləşir. Dağın başına qalxmaq üçün isə sərdabənin hər iki tərəfindən daş pilləkənlər tikilib.
Yeri gəlmişkən, qədimi binada hazırda Babur şahın həyatına dair aksusearların sərgiləndiyi muzey fəaliyyət göstərir. Muzeydə Babur şahın hakimiyyəti zamanı mövcud olan dövlət bayrağı, o dövrə aid küp, vaza və sair məişət qabları, Moğol əsgərinin istifadə etdiyi qılınc, yay-ox və sair kimi silahların oxşarları, sikkələr, hətta Babur şahın adına təsis edilmiş medal sərgilənməkdədir. Mən orada olanda muzeyin sol tərəfində - iri ağaclarla əhatə olunmuş, Şərq memarlığı üslubunda tikilmiş daha bir binada şıdırğı təmir işləri aparılırdı. Sərvinaz deyir məsciddir, yaxın vaxtlarda təmir yekunlaşacaq, ibadətə açılacaq.
Pillələrlə təpənin zirvəsin qalxdıq. Buradakı ağ mərmərdən tikilmiş sərdabənin altında müasir sinədaşı və başdaşından ibarət məzar var – Babur şahın idi. Amma məzarda sadəcə böyük hökmdarın qəbrindən götürülmüş torpaq “dəfn olunub”. Şahın əsl məzarı Əfqanıstanda – kitabədə yazılanlara əsaslansaq, Herat yaxınlığındadır. Burada simvolik məzarın qazılması isə, bütövlükdə Babur şah arxitektur-istirahət kompleksinin tamamlanması üçün edilib...
“Titanik”ə doğru
Pilləkənlər sərdabənin yanında başa çatmır – yaşıllıqlara bürünmüş dağın daha yüksəkliklərinə doğru uzanmaqdadır. Yolumuza davam etdik. Bələdçi xanım bildirir ki, yuxarıda uşaqlar üçün pansionat, eləcə də sakinlərin istirahəti üçün kafe-çayxanalar, xeyli uzaqda isə məşhur “Titanik” gəmisinin silueti quraşdırılıb. Yüksəkliyə qalxarkən aşırı isti havada yorulacağımı bildirən Sərvinaz məsləhət görür ki, geri qayıdaq. Amma kimə deyəsən, haqqında eşitdiyim gəmini görmək üçün lap Tyan Şan dağının zirvəsinə də qalxardım. Beləcə, yol aldıq zirvəyə.
Zirvənin şərq yamacında betondan tikilmiş, amma istifadəsiz böyük amfiteatr var. Yamacın qarşı tərəfindəki dağın başında bayaqdan haqqında danışdığımız nəhəng, ağ gəmi silueti diqqətimi çəkdi. Onun yanında isə yaşıllıqlar arasında tikili vardı. Sərvinaz deyir oradakı restorandır, ətrafında isə istirahət parkı salınıb. Az qala Qırğızıstan sərhədində yerləşən bu istirahət mərkəzində ilin bütün vaxtlarında müştəri əlindən tərpənmək olmur. O da maraqlıdır ki, ərazisində olduğumuz Babur şah parkından həmin istirahət mərkəzinə kanat xətti çəkilib. İki kilometrdən artıq uzanan həmin kanatla gəzintiyə çıxan yerli və əcnəbi turistlər yamyaşıl dağların ecazkar gözəlliyini seyr edirlər...
Böyük hörmət
Restoranla, ağ rəngli “Titanik”lə, qısası, ətrafda gördüyüm hər şeylə bağlı bilmək istədiklərimin sualını verib, cavabını alandan sonra yorğun addımlarla pillələri enməyə başladıq.
Parkın sol tərəfindəki ağaclar arasında tikilmiş açıq pavilyonda bir şıdırğı rəqs havası çalınırdı ki, gəl görəsən. Qadınlı-kişili təxminən iki-üç yüz adam olardı, kimlər masa arxsanda oturub yeyib-içir, kimlər də rəqs edib şənlənirdi. Beş addım aralıda üzəri özbək milli ornamentləri ilə bəzənmiş nəhəng çaynik və qarşısında sanki çay süzülürmüş kimi, eyni naxışlarla bəzədilmiş iri kasanın maketi quraşdırılıb. Hə, azacıq aralıda – ağacların sıx yerində isə, gizlincə şənlənən adamlara baxan böyük bir maralın heykəli var. Bura gələn hər kəs bu çayniklə kasanın qarşısında mütləq xatirə şəkli çəkdirirdi.
Vaxt itirmədən soldakı talvara yaxınlaşdım – yanları açıq mətbəx idi. Beş-altı xanım buradakı kərpicdən tikilmiş sobalarda məşhur Əndican plovu bişirirdi. Mən yaxınlaşanda plov çoxdan hazır idi və ofissantlar orta ölçülü kasalarda müştərilərə yemək daşıyırdılar. Azərbaycandan gəldiyimi biləndə hər birinin üzündə sevinc, xoş təbəssüm parladı. Böyük israrla yemək təklif elədilər, ölkəmizi, xalqımızı çox sevdiklərini dedilər. Qısası, bu sadə əndicanlı aşpazların mənə münasibətinin timsalında əsl milli birliyi, əsl qardaşlığı hiss edib, yaşadım...
Gözəlləşən Əndican
Bir az olardı Babur şah parkından ayrılmışdım. Yolüstü bütöv bir küçənin hər iki tərəfində sıralanmış, özbək milli ənənəsinin bir hissəsi olan yorğan-döşək sırınan kiçik sexlərə də baş çəkdim. Küçəboyu hər yerdə məhz yorğan, döşək, döşəkçələr, müxtəlif ölçülü yastıqlar qalaqlanmışdı. Təmiz yuyulub-qurudulmuş, emal olunmuş pambıqla doldurulan həmin mitil çeşidləri hər kəsin cibinə də uyğun idi. Özü də şəxsi evlərdə - ailələrdə hazırlanan bu məhsulları üzləyərkən, Azərbaycan və digər bölgə ölkələrindəkindən fərqli parça növləri seçilir. Məsələn, döşəyin bir üzünə ipək örtük çəkilirsə, digər üzü mütləq məxmər olmalıdır. Səbəbi isə budur ki, kifayət qədər isti olan Əndicanda, yay vaxtı döşəyin ipək üzü adamı sərinlədir, məxmər üz isə əksinə, qışda bədənə məxsusi istilik verir....
Axşam Əndicanın mərkəzi kolxozbazarına da baş çəkdim. Özbəkistanın bütün şəhərlərində olduğu kimi, burada da çox böyük, müasir bazar inşa olunub. Genişliyi, hündür və işıqlı olması ilə fərqlənən bu bazarlarda piştaxtalar düz xətt üzrə sıralanıb, ayaq altı asfalt, özü də tərtəmizdir. Bazarların qarşısında avtomobillərin dayanması üçün mütləq meydançalar nəzərdə tutulur. Ona görə də Əndicanda və ümumiyyətlə, Özbəkistanda bizdəki kimi, ətraf küçələrdə maşın tıxaclarına rast gəlinmir.
Əndican bazarı ilə üzbəüzdə - küçənin qarşı tərəfində qədim milli üslübda tikilmiş nəhəng kompleks mövcuddur. Bura böyük məscid, muzey, eyni üslübda tikilmiş ticarət mərkəzi (tikintisi hələ başa çatmayıb), hücrələrində milli əl işləri satılan, günbəz və minarələrlə tamamlanmış karvansaray, tən ortalıqda isə yenicə salınmış iki böyük istirahət parkı daxildir...
İnsan əlinin möcüzəsi
Səhəri gün Əndicandan təxminən bir saatlıq məsafədə yerləşən qədim tarixə malik Mərhəmət şəhərinə yollandıq. Şəxsən mənim bu şəhərdə gördüklərim arasında 76 yaşlı Yunusəli babanın öz bağında yaratdığı möcüzənin tayı-bərabəri yoxdur. Deməli, bu ağsaqqal baba geniş həyətinə su arxı çəkdirib. Arxın dibindən yan divarlarınadək, ətraf cığır və meydançalaradək hər yeri saman qatılmış palçıqla, necə deyərlər, dədə-baba qaydasında suvayıb (şirələyib). Dərinliyi dizədək olan arxda yüzlərlə balıq saxlanılır ki, bəzilərinin çəkisi 1 kiloqrama çatır.
Qeyd edim ki, qışda donan suda talaf olmaq təhlükəsi ilə üzləşdiklərindən balıqlar payızın sonunda toplanaraq həm ailədə yeyilir, həm də satılır. Növbəti ilin yazqabağı isə yenidən kiçik balıqlar alınaraq həmin arxa buraxılır.
Arxın üzərində bir neçə yanıaçıq, amma üstü çardaqlı eyvan tukilib. Cığırların yanlarında isə sırayla əkilmiş “Cənnət” və “Ağ alma” ağacları, üstündəki barın ağırlığından budaqlarını yerə əyib. Meyvə ağaclarının dibində isə çiyələk kolları az qala dizə qalxır. Bundan əlavə, arxboyu sıralanmış tut və digər ağacların budaqları, Yunusəli babanın dediyi kimi, 9-10 il əvvəl xüsusi dizaynda əyilib bağlandığından, sanki çardağı xatırladır. Bu gün həmin ağacların budaqları arasında sözün əsl mənasında çardaqlar, müasir dillə desək, kabinetlər yaradılıb ki, gələn qonaqlar (bu möcüzə dolu cənnətə daxil olmaq üçün qonaqlar Yunusəli babaya sadəcə adambaşına 1000 som, yəni bizim pulla 25 qəpik ödəyirlər) orada oturub dincəlir.
Qonaqlardan söz düşmüşkən, bağın füsunkar gözəllikləri arasında yüzdən çox qonaq vardı. Ailəvi, dost-tanış dəstələri ilə gələn qonaqlar ağac budaqlarındakı yaradılmış və ya arxın üzərində tikilmiş çardaqlarda açdıqları yemək-içmək süfrəsi arxasında oturub, şənlənirdilər. Hətta azərbaycanlı qonaq olduğumu Yunusəli babadan eşidən kimi məni də israrla öz süfrələrinə dəvət elədilər.
Nimçədə uzadılan, özbəklərin “Samsa” adlandırdığı qeyri-adi peraşkidən birini ayaqüstü atışdırıb, ağacın dibindən qaynayan təbii bulağın barmaqdonduran suyundan da bir stəkan içib, insan əlinin yaratdığı bu cənnətin füsunkar gözəlliklərini dörd gözlə süzərək bağdan çıxmaq istədikdə, Yunusəli baba qonaqlar üçün əyləncə proqramı təşkil olunduğunu deyib, mənim də izləməyimi xahiş elədi. Çox maraqlı əyləncəydi: Təxminən 6-7 yaşlarında oğlan atası və özündən kiçik qardaşı ilə birlikdə 16 metr hündürlükdə çəkilmiş ip üzərində sərbəst gəzərək və hətta atılıb-düşərək qonaqları təşvişə salırdı. Beləcə, həyatımın unudulmaz anlarını yaşadığım, 76 yaşlı əllərin yaratdığı cənnətdən ayrılıb Mərhəmətdəki antik şəhərin xarabalıqlarına yollandım...
Vüsal Tağıbəyli
Bakı-Daşkənd-Əndican-Bakı
Həftə içi.- 2018.-
25-27 avqust.- S.4.