"Güllə işığında" yaxud ölüm

və qandan keçən azadlıq yolu...

 

Tanınmış şair, yazışı-publisist, 11 kitabın müəllifi Qələndər Xaçınçaylının “Güllə işığında” adlı yeni bir əsəri işıq üzü görüb. O bir jurnalist kimi aktual məqamlara, düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi dəyərləri qorumağa cəhd edir. Şeir yaradıcılığında da belədir! Həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələlərə toxunsun... Yazılarında səmimidir, milliruhludur, xəlqi təəssübkeşdir... Mənim fikrimcə, ilk növbədə, şair cəmiyyətin gözündə şair olmalı və insanların ürəyinə yol taparaq sevilməlidir və yenə də mənə elə gəlir ki, Qələndər Xaçınçaylı bunu bacarıb, bunu əldə edə bilib.

 

Qələndər qeyd etdiyim kimi, həm də istedadlı jurnalistdir, yaxşı publisistdir... Görünür, bu cəhət onu bir nasir kimi yazı masasına adaptasiya eləyib...

Povest Azərbaycan Respublikası Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilib. Hadisələr “20 Yanvar” qırğını günlərində və erməni işğalcıları ilə Qarabağda gedən döyüş bölgələrində cərəyan edir...

Tanınmış tənqidçi, ədəbiyyatşünas-alim Qurban Bayramov “Zəngəzur Kitab Evi”ndə nəşr olunmuş kitabın redaktoru olmaqla bərabər, həm də kitab haqqında bir tənqidçi-alim kimi “Ön söz” yazıb. “Ön söz”də bildirilir ki, "Şimaldan əsən külək Bakının üstünə çökmüş qara buludları ora-bura qovurdu. Amma bu buludlar səmada dövrə vurub, yenidən bir yerə toplanır, daha vahiməli şəkildə şəhərin üstünə çökürdü. Küçələrdə gəzişən, sərt şimal küləyindən gizlənmək üçün daldalanmağa yer axtaran şəhər sakinləri hərdən başlarını qaldırıb narahat-narahat ora-bura vurnuxan qara buludlara baxırdılar və onlardan heç birinin ağlına da gəlməzdi ki, bir azdan onları dəhşətli bir faciə gözləyir, elə bir faciə ki, tarixdə misli-bərabəri olmayıb... Bakı fırtınadan öncə sakitliyi ilə diqqət çəkən dənizi xatırladırdı. Ölüm qoxuyan bu gecənin bağrını yaran tonqalların ətrafına toplaşan azadlıq aşiqləri deyib-gülür, bir-biri ilə zarafatlaşır, şəhərdə gəzən şayiələrə inanmaq istəmirdilər. Şayiələr isə baş alıb gedirdi. Biri deyirdi ki, rus qoşunları şəhərə girəcək, heç kimə aman verməyəcəklər. O birisi deyirdi ki, yetmiş illik qocaman dövlətin tərkibində külüng çalmışıq, bir yeyib, bir içmişik, ən çətin günlərdə vətən deyib, torpaqlarını qorumuşuq, indi durub bizə gülləmi atacaqlar?.." -- povest bu həyəcan dolu bədii təsvirlə başlayır...

Povestin başlanğıcındaca müəllif qorxunc gecənin vahiməsini, rus ordusunun vəhşilik niyyətini və o dövrdə bizim əleyhimizə hökm sürən siyasi vəziyyəti təsvir etməklə oxucusunu daha sonrakı çətin, ağrılı, mübarizə və qanlarla, itgilərlə dolu hadisələrə hazırlayır...

Sonra əsərin süjetinə Rəhim kişi, oğlu Əli, qızı, məktəbli Səminə daxil olur. Səminə vasitəsilə onun sinif yoldaşı, Ermənistandan, dədə-baba Göyçə yurdundan qaçqın düşmüş Nərminlə tanış oluruq. Hadisələr davam etdikcə Səminə povestin baş qəhrəmanına çevrilir...

Müəllif Nərminin təhkiyyəsində onların ailəsinin başına gələn müsibəti təsvir edir. Süjetə yeni surətlər - Nərminin babası İsrafil kişi, onun kirvəsi Manucaryan, onun anası Hayqanuş, atası Mişa, arvadı Siranuş, Qəmər bacı, çeçen əsgərlər və s. daxil olur.

Səminənin anası Ballı xanım da təsirli obrazlardandır... Gecənin qanlı nəticələri, Səminənin yaralanması, Fədailin onu xəstəxanaya çatdırması süjetin gərginliyini daha da artırır.. Həkim İmran İmanov obrazı süjetə daxil olur. Səminənin xilaskarı cavan oğlan...Tərlan - Zemfira xətti, Səminənin xilaskarı Tuqayla tanış oluruq! Yaralı Səttarın ağrı dolu söhbəti təsirlidir...

Səminə Azərbaycanın Janna d`Arkı kimi təqdim edilir... Onun kiçik sinəsində vətənpərvərliklə böyük ürək döyünür. Xəstəxanadan çıxdığı gün evə getməmişdən öncə, "Şəhidlər xiyabanı"na ziyarətə gedir, bir gecənin düşüncələri min ilin düşüncəsinə dönür, ürəyi intiqam alovu ilə alışıb-yanır: "O dəhşətli gecəni necə unutmaq olardı? Yaxşı yadımdadır, istədim yerdən bir daş götürüb üzü o tərəfə dayanan hərbiçinin başına vuram. Bir də fikirləşdim ki, başında dəbilqə var. Daş dəbilqəyə dəyib yerə düşəcək, o da qayıdıb əlindəki avtomatın güllələrini sinəmə boşaldar. Elə o saat da ağlımdan bir fikir keçdi. Kaş o avtomat məndə olaydı. Qarşıma çıxan hərbiçilərin hamısını biçib yerə tökərdim, heç uf da deməzdim...".

"Tanrı insana istədiyini yox, lazım olduğunu verir!" Bizə isə azadlıq lazımdır, Azadlıq, Müstəqillik! Bu yol isə Səminələrin tinətindən, "Şəhidlər Xiyabanı"na gedən yollardan keçdi... Povestin ideya-estetik qayəsi, məna və mətləbi də bu tinətdən, bu yollardan keçir... ".

Səminə əlindəki qərənfilləri şəhid məzarlarının üstünə düzə-düzə gedirdi. Fikri isə o müdhiş gecədə baş verənləri çözməkdə idi. Özü-özünə elə hey sual verirdi: "Niyə belə oldu, axı niyə belə olmalıydı? Kimdi bizə bu əzabları yaşadan. Niyə bu dünyanın mizan-tərəzisi pozulub, haqq-ədalət öz yerini tapmır?..”.

Dediyimiz kimi, Səminə povestin əsas, baş qəhrəmanıdır, onun həyatı və mübarizəsi bugünkü gəncliyimizə örnəkdir... Hadisələr onun ətrafında cərəyan edir. Müəllif Səminəni oxucularına belə təqdim edir: "Səminə zahirən çox gözəl idi. Bəstəboy olmasına baxmayaraq, tələbə qızların içində ən gözəli, ən göyçəyi, ən yaraşıqlısı elə Səminə idi. Sevincindən al-çöhrəli yanaqları daha da nurlanırdı, çiyələk kimi qızarırdı, ahu kimi iri parlaq gözləri, fil sümüyünə bənzər ağ inci dişləri vardı. Hörülmüş qara saçları yeriyəndə topuğunu döyürdü. Həm də çox ağıllı, savadlı, geniş dünyagörüşə malik idi. Az da olsa, bütün dünya elmlərindən məlumatı vardi. Azərbaycan tarixinə və dünya tarixinə yaxından bələd idi. Ölkədə baş verən hadisələri doğru-dürüst şərh etməyi bacarırdı".

Bu təqdimat əsərboyu özünü bədii cəhətdən doğruldur... Povestin bir yerində məktəbdə keçirilən müsamirə təsvir edilir. Müsamirədə partiya təşkilat katibi, tarix müəllimi Musa Musayeviçlə şagird Səminə iki əks qütbdən çıxış edirlər! Burada iki dünyagörüş, iki ideologiya qarşı-qarşıya gəlir. Səminə XVIII əsr fransız inqilabının bayraqdarı Janna d`Ark kimi odlu-alovlu çıxış edir, sovet quruluşuna qarşı ittihamnamə nitqi söyləyir! Düzdür, bu nitq bir az pafosludur, bir az Səminənin yaş qrupunun təfəkkür tərzinə sığmır, amma dürüstdür, həqiqəti əks etdirir, "Ayfon" telefonlarının əsirinə çevrilmiş müasir gəncliyə örnəkdir...

Povestdə təsvir edilən bu müsamirənin olduqca maraqlı bir məqamını burada misal gətirmədən keçmək mümkün deyil. Səminə komsomolçudur. Döş cibində gəzdiriyi, komsomolu olduğu dövlətin əsgərinin atdığı güllə ilə qana bulaşmış bileti nifrətlə geri qaytarır və burada müəllif Səminənin dilindən V.Mayakovskiyə nəzirə yazdığı şeirini səsləndirir. Şeir mübarizə ruhu ilə doludur:

 

- Alın, a...

yana-yana qalın, a...

Qulaqlarınızı açın,

siz eşidin ha!

Artıq bu mən,

O mən deyiləm...

Vəzifə üçün,

var-dövlət,

şan-şöhrət üçün

İmperiyaya əyiləm.

Səhərə açılan

Sübhü danam mən.

Özünü dərk edən

Bir insanam mən.

Qabarıb, püskürən

Bir vulkanam mən.

Od almışam odundan,

Heç vaxt sönmərəm mən.

Sözümdən dönmərəm mən.

Artıq mən,

naşı deyiləm,

bu imperiyanın

robortlaşmış,

qara daşı deyiləm.

Kolə kimi yaşayan

sovet vətəndaşı deyiləm...

Azad yaşamaq istəyirəm,

Azadlıqdır amalım,

Azadlıqdır şüarım,

Müstəqillik bayrağım!

 

"Güllə işığında" povestinin üslubu bədii publisistik tərzində olsa da, povesti oxunaqlı və maraqlı edən cəhətlərdən biri də, Qələndərin məqamında bu cür şeir parçalarından istifadə etməsidir. Müəllif üslubi vasitə kimi elə edir ki, dərd, kədər və mübarizə, azdlıq eşqi gənc Səminənin sinəsində misra-misra puçurlayıb şeirə çevrilir... Bu, Səminənin dilindən söylənən azadlıq monoloqudur!.. Bu monoloq onun mübariz xarakterini səciyyələndirərək oxucunun gözündə ucaldır...

Povestin sonunda Səminə və onun sevgilisi Tuqayın Qarabağ cəbhəsində könüllü batalyonda döyüş yolu təsirli səhnələrlə təsvir edilir və Səminə böyük qəhramanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlir, Milli Qəhrəman olur. Lakin onun sevgilisi Tuqaya yazdığı son məktub-vəsiyyəti bu gənc qızın hər cür qəhrəmanlıqdan da uca olan mənəvi ucalığından, mənəvi qəhrəmanlığından xəbər verir, povestin təsirini daha da, artırır, qanlı 20 Yanvar hadisələrinin ilk qarabağlı qurbanlarından olan İlham və Fərizə məhəbbət faciəsi yada düşür...

Povestdə təsvir edilən bir çox məqamlar vətənpərvərlik hissi və duyğuları ilə oxucusunu ehtizaza gətirə bilər. Bunlardan biri də müstəqilliyin rəsmən elan edilən anın sevinc hissləridir: "Bu xəbərdən sonra məktəbdə böyük bir canlanma yarandı. Xəbəri eşidən Səminənin başının tükləri biz-biz oldu, yerə-göyə sığmayan sevincindən gözləri yaşardı. Tez çantasını açıb Bədəlovun ona verdiyi üstündə Ay və Ulduz əksi olan Azərbaycanın üçrəngli bayrağını götürüb hamıdan tez sinifdən çıxdı. Sonra bayrağı açaraq yuxarı qaldırdı və əlləri ilə onu yellədə-yellədə var-səsi ilə “Urra”, “Urra” deyib, məktəbin həyətınə çıxdı. Səminənin səsinə məktəbin bütün müəllim və şagirdləri səs verdilər. Məktəbin direktoru Vəlixan İsmayılov da şagirdlərin arasında idi. Səminənin əlindəki üç rəngli bayrağı görüb kövrəldi, sevindiyindən qəhər onu boğurdu. Səminənin göz yaşları, sanki ağ cicəyə dönmüşdü, Günəşin şəfəqləri düşdükcə şəfəq saçırdı".

Biz inanırıq ki, Qələndər Xaçınçaylının "Güllə işığı" povesti gənc oxuculrının qəlbində azadlq və müstəqillik illərinin şəfəqlərindən məşəl düzəldərək Qarabağın bəxtinə düşən qaranlıqları işıqlandıracaq... Çünki indiki məqamda Dövlətimizin müstəqilliyi Qarabağ dağlarının zirvəsində dalğalanan üçrəngli bayrağımızdan asılıdır...

 

Azad Əliyev

 

Həftə içi.- 2018.- 29 avqust.- S.8.