Bakıda X Beynəlxalq
Musiqi Festivalı keçiriləcək
Hər il olduğu kimi, bu il də
sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə
görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr
olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət
Nazirliyindən AZƏRTAC-a bildirilib ki, builki festivalda Türkiyə,
Rusiya, ABŞ, İtaliya və Slovakiyadan olan
tanınmış musiqi kollektivlərinin iştirakı ilə
30-dək tədbirin keçirilməsi nəzərdə
tutulub.
Festivalın
təntənəli açılış mərasimi
sentyabrın 18-də saat 19.00-da Azərbaycan Dövlət
Akademik Filarmoniyasında gerçəkləşəcək. Tədbirdə
Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi
ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər
Gülbacı İmanova) çıxış edəcək.
Açılış mərasimində görkəmli Azərbaycan
bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun
85 illiyi münasibətilə fortepiano və orkestr
üçün konserti səslənəcək.
Festival
çərçivəsində görkəmli müğənni,
SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə
həsr olunmuş “Azərbaycan opera səhnəmizin Nigarı”
adlı tədbir də təşkil olunacaq.
Bundan
başqa, sentyabrın 22-də saat 19.00-da Azərbaycan Dövlət
Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar
Murad Kajlayevin müəllif gecəsi təşkil olunacaq. Gecədə
Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi
ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası
çıxış edəcək.
Həmçinin
festival çərçivəsində Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət
Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrı, Üzeyir Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti
Dövlət Muzeyi və Ağcabədi rayonu “Qarabağ
Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və
sərgilərin təşkili də nəzərdə tutulur.
Sentyabrın
23-də, saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir
Hacıbəylinin “Arşın mal alan” marionet
tamaşasının premyerası reallaşacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı
Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Sentyabrın
26-sı, saat 19.00-da Azərbaycan Dövlət Akademik
Filarmoniyasında festivala yekun vurulacaq. Yekun konsertdə Əməkdar
artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel
ifaçısı Sergey Roldugin və P.Çaykovski adına
beynəlxalq müsabiqənin laureatı, skripkaçı
Pavel Milyukov çıxış edəcəklər.
Həftə içi.- 2018.-
30 avqust.- 3 sentyabr.-
S.8