Peyğəmbərlərin şəxsi
həyatından bildiklərimiz
Rəvayətlərə
görə tarixdə 124 min peyğəmbər yaşayıb,
amma onlardan çox az qisminin adı müasir insanlara bəllidir.
Maraqlıdır, bu müqəddəslər sadəcə
Allahla təmasda olmaqla ömürlərini başa vurublar,
yoxsa özəl yaşamlarında gündəlik məşğuliyyətləri
də olub? Elə bu suala cavab tapmaq üçün adları
hər birimizə daha çox tanış olan peyğəmbərlərin
həyatı ilə bağlı kiçik bir araşdırma
apardım. Gəlin nəzər yetirək:
Adəm peyğəmbər – Adəm peyğəmbərin özəl həyatının məşğuliyyəti çox yaxşı usta, müasir dillə desək tikinti üzrə mühəndis olması idi. O, eyni zamanda, həm də əkin-biçinlə də məşğul olub. Dini rəvayətlərə, xüsusilə də Tövrata görə 2 min il yaşayıb.
Şit peyğəmbər – Dövrünün peşəkar toxucusu kimi tarixə düşüb. Yundan sap əyirib, rəngləyib və sonra da parça toxumaqla həm dolanışığını təmin edib, həm də qəbiləsinin geyim təlabatının ödənməsinə yardımçı olub. O, toxuculuq sənayesinin banisi hesab edilir. Âdəm əleyhissəlamdan sonra, Kəbənin maketini daş və palçıqla hazırlayan da məhz Şit peyğəmbərdir.
İdris peyğəmbər – Bu müqəddəs tarixdə həm də iynəni kəşf etməsilə xatırlanır. O, biz kimi dəmirdə deşik açaraq, oradan iplik keçirib və tikişçilikdə böyük inqilab edib. Ona görə də dərzilərin piri sayılır. Həzrəti İdris Şit peyğəmbərin oğludur. İlk dəfə məhz onun zamanında insanlar heyvan dəriləri ilə bədənlərini örtməkdən xilas olub, qumaşa bürünüblər. Hətta o, insanlara yazı yazmağı da öyrədib. Antik yunan mifioligiyasına görə, İdris Hermes və antik Misir miflərində adı keçən Thotla eyni adamdır. Onun 16 min il əvvəl yaşadığı ehtimal olunur.
Nuh peyğəmbər – Antik layihəçi hesab edilir. Gəmiqayıranlar, dənizçilər onu özlərinə pis hesab edirlər. Nuh dünyavi dinlərin hamısında tufan peyğəmbəri kimi xarakterizə olunur. Tövrata görə, Nuh peyğəmbər 950 il yaşayıb. İnsanlığın Adəm əleyhissalamdan sonra ikinci atası sayılır.
Hud peyğəmbər – Həyatı boyu tacirlik edib, əməyi sayəsində az-çox sərvəti olub. İndi də tacir dünyasının piri hesab edilən Hud peyğəmbər Allah tərəfindən Ad qəbiləsinə göndərilib. Həzrəti Hudun Nuh peyğəmbərin oğlu Samın soyundan olduğu düşünülür. Bəzi mənbələr isə onun indiki Yəmən ərazisində doğulub böyüdüyünü yazır.
Salih peyğəmbər – Heyvançılıqla məşğul olub, sürülərlə dəvə bəsləyib. Qeydlərə görə, o, həm dəvənin südünü içər, həm də satıb digər ehtiyaclarını ödəyərmiş. Ona görə də “Salih peyğəmbərin dəvəsi” vurğusu dini rəvayətlərdə məşhurdur. O, da Samın soyundan olub, Adəm peyğəmbərin 19-cu nəslindən nəvəsi sayılır.
İbrahim peyğəmbər – Kəbəni yenidən inşa edib. Hətta buna görə Süleyman peyğəmbər hər zaman onu özünə örnək hesab edib. Həzrəti İbrahim, yaxud Abram və ya Abraham kimi tanınan bu peyğəmbərin 4 min il əvvəl yaşadığı ehtimal olunur. Dini inanclara əsasən həzrəti İbrahim peyğəmbərlər olan İshaq və İsmayılın atasıdır. Hansı ki, yəhudilərin İshaqın soyundan gəldiyinə, İsmayılın isə İslam peyğəmbəri Məhəmməd salavatullahın və ümumiyyətlə ərəblərin atalarından olduğuna inanılır. Həzrəti İbrahimin Abraham və Brahma ilə eyni adam olmasına diqqət çəkənlər də az deyil.
Lut peyğəmbər – Yazılı mənbələrə görə tarixçi olan bu müqəddəs səyyahların, evliyyaların mayakı hesab edilir. Onun indiki İsrail-İordaniya sərhədi yaxınlığındakı torpaqlarda yaşamış Lut qəbiləsinə peyğəmbər göndərildiyi güman olunur. İbrahim peyğəmbərin dostu olub və onun peyğəmbərliyini ilk olaraq o, qəbul edib. Lut peyğəmbərə qəbiləsinə bədbəxtlik üz verəcəyi xəbərini verməyə gələn üç mələk əvvəlcə İbrahim peyğəmbərin yanına gedib, ona bir övladının (İshaq həzərdə tutulur) olacağı müjdəsini çatdırıblar. Maraqlıdır ki, İslamdan fərqli olaraq Musəvilik və xristianlıq Lutu peyğəmbər kimi tanımır.
İsmayıl peyğəmbər – Yaxşı ovçu olan bu müqəddəs həm dağ-dərədə ov edər, həm də dənizə tor atıb balıq tutarmış. Bununla da ərzaqa olan tələbatını ödəyər, artıq qalanı satıb digər ehtiyaclarını qarşılayardı. Ovçuların piri hesab edilir. Rəvayətlərə əsasən, İsmayıl peyğəmbər 70 dil bilib və ona görə də tərcümanlıq edib və ya bu peşənin əsasını qoyub. Ona həm də "Allahın qurbanı" mənasına gələn "Zebihatullah" deyilir. İsmayıl Həzrəti İbrahimin Həcərdən olan böyük oğludur. Quranda on iki yerdə adı zikr edilib və eyni zamanda da Həzrəti İsmayıla vəhy endirildiyi bildirilib (əl-Bəqərə, 2/136; Ali İmran, 3/84; ən-Nisa, 4/163). Qurandan həzrəti İsmayılın atası həzrəti İbrahim və həzrəti İshaqla birlikdə Yaqub peyğəmbərin əcdadlarından biri olduğu (əl-Bəqərə, 2/133) və həzrəti İsmayılın atası İbrahim peyğəmbərlə birlikdə Kəbənin təməlini qoyan, onun təmizliyinə məsuliyyət daşıyan kəslərdən olduğu məlumdur (əl-Bəqərə, 2/125 və 127). Atasının vəfatından sonra həzrəti İsmayıl Hicaz xalqına peyğəmbər olub. O, atasının vəfatından 40 il sonra 137 yaşında dünyasını dəyişib və Həcərin Hicrdəki qəbirinin yanına dəfn edilib. İsmayıl peyğəmbərin qəbri Hərəmdəki Hicr deyilən yerdədir.
İshaq peyğəmbər – Çoban olub, sürü ilə qoyun-keçi saxlayıb. İshaq peyğəmbər İbrahim peyğəmbərin Qurani-Kərimdə adı çəkilən başqa bir oğludur. Rəvayətlərə əsasən həzrəti İshaq İsmayıl peyğəmbərdən 5 il sonra Şamda doğulub. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. Həzrəti İshaqın 180 il yaşadığı yazılır. Dəfn olduğu yer isə anası Saranın torpağa tapşırıldığı o vaxtkı "Hebrun", hazırda isə "Xəlilur-rəhman" (Əl-Xəlil) adlanan şəhərdir. Anası Sara vəfat edərkən 127 yaşı varmış.
Yaqub peyğəmbər – Çoban olub. İbrani dinin atası sayılır. Atası İshaq, əmisi İsmayıl, babası İbrahim peyğəmbərdir. Yusif' peyğəmbərin atasıdır. Yaqub peyğəmbərə Allah tərəfindən İsrail adının verildiyinə inanılır (Yaratılış 32:28). Bu səbəbdən də Yaqubun 12 oğlunun soyundan gələnlərə “İsrailoğulları” deyilir. Yaqub peyğəmbər oğulların nəsihətlərini tam verib qurtarandan sonra 147 yaşında vəfat edib. Tarixi rəvayətlərə görə, Yaqub peyğəmbərin cəsədinin mumiyalanması 40 gün sürüb. Hətta Yusif peyğəmbər atasını dəfn etmək üçün Kənan ölkəsinə getmək məqsədilə Firondan icazə alıb və Misirin əksər saray əyanları onunla gedərək dəfndə iştirak ediblər. Yaqub peyğəmbər öz vəsiyyəti üzərinə “Makpela tarlası”ndakı mağarada dəfn edilib.
Yusif peyğəmbər – Saatı ilk dəfə bu müqəddəs icad edib. Üstəlik, topraq məhsulları ofisini ilk dəfə quran, bolluq zamanı məhsulu toplamağı, qıtlıq dönəmində xalqa paylamağı düşünən peyğəmbərdir. Quranda adı çəkilən İsrail peyğəmbərlərindəndir. Yaqub peyğəmbərin oğuludur. Qurani-Kərimdə öz adı ilə adlanan bir surə var. Hamısı 111 ayə olan bu surənin 98 ayəsi (4-101) məhz həzrəti Yusifdən bəhs edir. Rəvayətə görə, Yusif peyğəmbərin qəbri İbrahim peyğəmbərin dəfn olunduğu Qüds yaxınlarındakı Halilür-Rahman qəsəbəsindədir.
Əyyub peyğəmbər – Kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olub. Onun İbrahim peyğəmbərin nəslindən olduğu deyilsə də, bir çoxları Əyyub əleyhissəlamın hətta İbrahim peyğəmbərdən 100 il əvvəl yaşadığını bildirir. Qurani-Kərimin 4 surəsində həzrəti Əyyubun adı çəkilib. O, Allahın səbr və dözümlülükdə tayı-bərabəri olmayan peyğəmbərlərindən sayılır. Ümumiyyətlə, deyilənə görə o, ağır xəstəliklə imtahana çəkildiyi zaman 70 yaşında olub. Amma sağalır və daha 20 il yaşayır (bəzi mənbələrə görə sağalandan sonra daha 70 il yaşayır).
Şuayb peyğəmbər – Əkinçilik və maldarlıqla məşğul olub. Musa peyğəmbərin qayınatası olan Şuayb əleyhissəlam Tövratda adı çəkilən "Jethro" (İbranicə Yitro) ilə eyni adamdır. Türkiyənin Urfa vilayətindəyerləşən Şuayb şəhəri, yerli sakinlərin inancına görə, Şuayb peyğəmbərin yaşayıb vəfat etdiyi yerdir.
Musa peyğəmbər – Məşğuliyyəti çobanlıq olan Musa əleyhissəlam ömrünün xeyli hissəsini Şuayb peyğəmbərə xidmət edib. Musa İmranın oğludur, Bir zamanlar Fironun əmri ilə Misirdə hər iki ildən bir doğulan bütün uşaqlar öldürülürmüş. Musa məhz uşaqlar öldürülən il doğulub. Valideynləri İmranla Yoçeved ona üç ay baxa biliblər. Sonra onu səbətdə Nil çayının suyuna atırlar və axaraq şahzadənin yanına gəlir. O, Fironun sarayında böyüyür. Qurani-Kərimin 34 surəsində Musa peyğəmbərdən bəhs olunur. Musa əleyhissəlamın 120 yaşında vəfat etdiyi bildirilir.
Harun peyğəmbər – İşi sarayda vəzirlik etmək olan Harun əleyhissəlam Qurani-Kərimdə yazıldığına görə, Musa peyğəmbərin qardaşıdır. Allah Musa əleyhissalama kömək etsin deyə onu “İsrailoğulları”na peyğəmbər göndərir. Həzrəti Harun Tiyh səhrasında 123 yaşındaykən, Musa əleyhissəlamdan üç il əvvəl dünyasını dəyişib. Qəbrinin Mürran dağındakı bir mağarada olduğuna inanılır.
Davud peyğəmbər – Sənəti dəmirçilik olan bu müqəddəs çox keyfiyyətli zirehlər hazırlamaqla məşhurlaşıb. Məhz bu üstünlüyü ilə də ordusunu gücləndirib, Calutun ordularını məğlub edə bilib. Davud peyğəmbər İsrailoğullarının qurduğu İsrail krallığının üçüncü kralı olub. Onun hakimiyyəti eramızdan əvvəl 1000 - 962-ci illər arasında (38 il) olub. Davud əleyhissəlam Qüds şəhərinin qurucusu sayılır. Qurani-Kərimə görə Zəbur Davud peyğəmbər üçün Allah tərəfindən göndərilib.
Süleyman peyğəmbər – Dövrünün çox qüdrətli, həm də müqayisəsiz dərəcədə adil hökmdarı olub. Daşdan zənbil düzəltəyi bacarıb. Mis mədənləri tarixdə ilk dəfə onun zamanında işə salınıb. Tarixi mənbələrə əsasən onun eramızdan əvvəl 970 – 928-ci illər arasında yaşadığı bildirilir. Qurani-Kərimdə yazılır ki, Süleyman peyğəmbər əsasına söykənmiş şəkildə vəfat edib, amma bu səbəbdən uzun müddət heç kim onun öldüyünü anlamayıb. Ancaq canavarlar onu gəmirdiyində əsası aşıb və insanlar duyuq düşərək Süleyman peyğəmbəri dəfn ediblər.
Zülkifl peyğəmbər – Çörəkçi olan bu müqəddəs müasir təndirlərin yaradıcısı hesab edilir. “İsrailoğullarına” göndərilən peyğəmbərlərdən sayılır. Əsl adı Bişr olub, ləqəbi Zülkifldir. Tövratı oxuyub hökmlərini yerinə yetirib. Təbliğat prosesini başa çatdırandan sonra Dəməşq yaxınlığında vəfat edib.
İlyas peyğəmbər – Əla toxucu olan bu müəqəddəs toxucu və sap əyirənlərin piri hüsab olunur. Hər üç səmavi din onu peyğəmbər olaraq qəbul edir. Təxminən 2900 il əvvəl yaşadığı bildirilir. Musa peyğəmbərin oğlu həzrəti Harunun soyundan olduğuna inanılır. Adı Qurani-Kərimdə göstərilən İlyas əleyhissəlam “İsrailoğullarına” peyğəmbər göndərilib.
Yunis peyğəmbər – Balıqçı olub və indi də balıqçıların piri hesab edilir. “İsrailoğulları” soyundan gəlmiş peyğəmbərdir. Assuriyalıları doğru yola dəvət eləmək üçün Ninevaya peyğəmbər göndərilib. Həzrəti Yunis 33 il ərzində insanları doğru yola qaytara bilməyib və 83 yaşında ibadət edərkən dünyasını dəyişib.
Üzeyr peyğəmbər – Bağban olan bu müqəddəs öz bağçasında füsunkar gözəllik yarada bilibmiş. Meyvə ağaclarını ilk dəfə məhz o, calaq edib və insanlara öyrədib. “İsrailoğullarına” göndərilən peyğəmbərlərdən biridir. Atasının adı Şureyha olub Harun əleyhissəlamın nəslindəndir.Qüdsdə doğulub və orada da dəfn olunub.
Loğman peyğəmbər – Həkim və əczaçı olan bu müqəddəs indi də tibb işçilərinin piridir. Davud peyğəmbərin dövründə yaşayan bu zəka sahibinin peyğşmbərliyi bütün dinlər tərəfindən tam qəbul olunmur. Qurani-Kərimdə Loğman surəsi mövcuddur. Rəvayətlərə görə, Loğman peyğəmbər ölümsüzlüyün dərmanını tapıb, amma Allah Cəbrail əleyhissəlamı göndərərək həmin çıxış yolunu yox etdirib.
Zəkəriyyə peyğəmbər – Dülgər olan bu müqəddəs öz dövründə məşhur olub. Amma onun zamanında İsa peyğəmbərin atasın doğulması söz-söhbətlərə yol açdığından, bu müqəddəsə də toxunulub. Çünki Zəkəriyyə peyğəmbər həzrəti Məryəmin otağını yeganə ziyarət edən insan olduğundan İsa doğularkən ondan şübhələnirlər. Ona görə də cahil insanlar onu qətlə yetirirlər. Deyilənə görə, Zəkəriyyə peyğəmbər qətlə yetirilərkən 100 yaşı varmış.
İsa peyğəmbər – Dövrünün dülgəri və ovçusu olan İsa əleyhissəlam gündəlik dolanışığını da bu yolla təmin edib. O, eraməzdan əvvəl 4-cü ildə doğulub, ölümü isə eramızın 30-33-cü illərinə təsadüf edir (Müasir təqvimdə İsa peyğəmbərin doğulduğu il Milat tarixinin başlandığı ildir). Xristianlığa görə, İsa Allahın oğlu və gözlənilən Məsihdir. Onu öldükdən həmən sonra dirildiyinə inanılır. İsa əleyhissəlamın formal atası Yusifdir. İsa peyğəmbərin möcüzələri arasında xəstələrə şəfa verməsi, korların gözlərini açması, ölüləri diriltməsi, suyu şəraba döndərməsi, su üstündə gəzməsi, tufanı ram etməsi, beş min adamın beş və ya yeddi çörəklə doydurması, adamdan cinlərin qovulması və sairdir.
Məhəmməd peyğəmbər 570-ci ildə Məkkədə doğulub. Kiçik yaşlarında çobanlıq edib, daha sonra karvanlara qatılaraq ticarətlə məşğul olub. Əslində onun uşaqlıq və gənclik illəri haqqında məlumat çox azdır. Dəqiq məlum olan budur ki, o, erkən yetim qalıb: atası Abdulla o, doğulmazdan əvvəl vəfat edib, anası Əminə isə Məhəmməd altı yaşında olarkən dünyasını dəyişib, iki il sonra isə himayədarı olan babası Əbdül Mütalib də vəfat edib. Bundan sonra ona əmisi Əbu Talib qayğı göstərməyə başlayıb. Məhəmməd salavatullah onu sevən babasına və əmisinə ömrü boyu minnətdar olub. 632-ci ilin mart ayında Məhəmməd salavatullah bütün ailəsinin müşayiəti ilə Məkkənin müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollanıb. Bu "Böyük Həcc" (əl-Həcc əl-əkbər) tarixə Hiccət əl-Vida (Vidalaşma Həcci) adı ilə daxil olub. Həmin vaxtdan sonra Məkkə bütün qeyri-müsəlmanlar üçün haram sayılan müqəddəs şəhərə, müsəlmanların həcc mərasimi yerinə çevrilib. Vidalaşma həccindən üç ay sonra, 632-ci ilin iyun ayında Məhəmməd peyğəmbər vəfat edib. Onun müqəddəs nəşi Mədinədəki evində dəfn olunub…
Vüsal
Tağıbəyli
Həftə içi.- 2018.- 13
dekabr.- S.8.