Londonda kral
sarayında Qarabağ
atının heykəlinin
açılışı olub
Dekabrın 19-da Londonda start
götürən Olimpiya Beynəlxalq Atçılıq
Şousu çərçivəsində “Hampton Court” Kral
Sarayının ərazisindəki atçılıq mərkəzində
“Alxan” ləqəbli Qarabağ atının tuncdan
hazırlanmış heykəlinin açılışı
olub.
Azərbaycan
Respublikası Atçılıq Federasiyasından (ARAF) Trend-ə
verilən məlumata görə, mərasimdə
Federasiyanın prezidenti Elçin Quliyev, Kral sarayının rəhbəri
Lord Vestey, Kraliça atçılıq mərkəzinin rəhbəri
Tobi Brouni, Vindzor At Şousunun direktoru Simon Bruks Vard, Şounun
departament müdiri Sara Ruterford Couns və digər şəxslər
iştirak ediblər.
Lord Vestey 2012-ci, 2016-cı və 2018-ci illərdəki Vindzor Kral At şoularına böyük dəstəyinə görə Azərbaycana hökumətinə minnətdarlığını bildirib. Eyni zamanda, Kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq, heykəlin yerinin məhz Kraliça tərəfindən seçildiyini qeyd edib.
ARAF-ın prezidenti Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində son illər Qarabağ atlarının dünyada şöhrətinin və nüfuzunun artdığını, Böyük Britaniya ilə respublikamız arasında müvafiq sahədə əməkdaşlığın beynəlxalq miqyasda atçılıq idmanının inkişafına ciddi töhfə verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.
Xatırladaq ki, Qarabağ atlarının cari il mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanıb. ARAF-ın nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi Ülyahəzrət Kraliça II Elizabetin doğum günü münasibətilə “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib.
Dekabrın 21-də Azərbaycan nümayəndə heyəti Olimpiya Beynəlxalq At Şousunda möhtəşəm proqramla çıxış edəcək. ARAF-ın hazırladığı proqram “Odlar Yurdu Azərbaycan və Qarabağ atı” adlanır. Həyəcanverici bu proqram Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində nümunəvi hərəkətlər yerinə yetirən süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaq.
London Mərkəzindən
19 kilometr məsafədə yerləşən
“Hampton Court” Kral sarayının inşasına 1515-ci ildə
başlanılıb. Saray Kral VIII Henrinin yaxın əyanlarından
olan kardinal Tomas Volsi üçün tikilib. Bu möhtəşəm
imarət Böyük
Britaniyanın qədim
saraylarından biridır.
Britaniyanın ən qədim
atçılıq mərkəzi
məhz bu sarayın ərazisində
yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin
keçirilməsi və
saxlanması üçün
fəaliyyət göstərir.
ARAF Böyük Britaniyanın
ən məşhur atçılıq tədbirlərindən
olan Vindzor At şoularının 2012-ci ildən
etibarən iştirakçısı
olub. Həmin il üç Qarabağ atı və rəqs qrupu ilə çıxış edən
heyət 1956-cı ildən
sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə
heyəti olub. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya Kraliçası
II Elizabetin doğum günü münasibətilə
ona hədiyyə edilib. Gözəlliyi və hərəkətləri
ilə hamını valeh edən Qarabağ atları son illər Kraliçanın
doğum günü tədbirlərinin mütləq
iştirakçısına çevrilib.
ARAF-ın təşkilatçılığı
ilə Qarabağ atları 2016-cı ildə
Kraliça II Elizabetin
90 illik yubiley tədbirlərində möhtəşəm
şou proqramla dünyanı bir daha heyran edib.
Həftə içi.- 2018.-
21 dekabr.- S.8.