Azərbaycanın müstəqillik tarixinə

qızıl hərflərlə yazılan 15 ilin uğurları

 

Azərbaycanın yeni əsrdə yeni lideri olan Prezident İlham Əliyevin doğum günüdür. 1961-ci il dekabrın 24-də dünyaya gələn dövlət başçısının 57 yaşı tamam olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətinin məhz 15 ili Azərbaycan xalqına xidmət etməklə keçib və hazırda onun apardığı uzaqgörən siyasət nəticəsində ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, öz siyasətini diktə edən, müstəqil siyasət yürüdən, iqtisadi asılılığı olmayan, enerji və nəqliyyat qovşağı rolunu oynayan bir ölkəyə çevirib. Belə ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi və sosial sahədə də ciddi uğurlar əldə olunub. Onun rəhbərliyi ilə son 15 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötüb, makroiqtisadi sabitlik möhkəmləndirilib, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.

Ötən dövr ərzində qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilib, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülüb. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları, Balaxanıda məişət tullantılarının təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə, Naxçıvan və Neftçalada avtomobil zavodları, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı, kənd təsərrüfatı texnikası zavodları və digər sənaye müəssisələri həmin illərdə istifadəyə verilərək ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır.

Bundan başqa, aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına imkan yaradıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb.

Nəticədə 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Əgər Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildə 1,8 milyard dollar olmuşdusa , 2018-ci ildə bu rəqəm 46 milyard dollara çatdırılıb.

Eyni zamanda, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həm də nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib. Məsələn, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə aparılıb və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcək. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.

Son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülüb. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı baş tutub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Nəticədə Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

Bu illər ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində də ciddi tədbirlər həyata keçirilib. Bu məqsədlə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.

Bu illər ərzində diqqətçəkən məqamlardan biri də ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatların aparılması olub. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılıb. Dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq edilir. Eyni zamanda, Prezident İlham Əliyev 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"ni (DOST) yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə də daim xüsusi qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Eyni zamanda, bu ilin aprel ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların hər birinin vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirilir. Bu, ölkə prezidentinin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu fərman, həmçinin, dövlət başçısı İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Həmçinin, sözügedən qərar Azərbaycan prezidentinin bəyan etdiyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Ölkə başçısı bununla bir daha təsdiq edib ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Çünki Azərbaycan Prezidenti və dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllinə prioritet vəzifə kimi baxır.

 

Sevinc

 

Həftə içi.- 2018.- 25 dekabr.- S.5.