Elmi ixtiralar
İndiyədək Azərbaycan
alimlərinin 66 ixtirası ölkədən kənarda patent əldə
edib
Son 5 ildə Təhsil Nazirliyi sistemində olan
universitetlərin professor-müəllim heyəti tərəfindən
ixtiraların patentləşdirilməsinə dair
216 sifariş verilib. Təhsil
Nazirliyinin məlumatına görə, ixtiralara alınan patentlərin sayı 164 olub. Onlardan 98-i Azərbaycanda,
66-sı isə ölkə hüdudlarından kənarda
alınıb. Eyni zamanda,
hazırda Təhsil Nazirliyi, AMEA və
ölkəmizin 9, Avropa Birliyinin
isə 5 ali təhsil müəssisəsi
tərəfindən “Azərbaycanda doktorantura
təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının
tələblərinə uyğun
strukturlaşdırılması” NİZAMİ layihəsi həyata
keçirilir.
Bundan başqa 2018-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021- ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.Bu müqavilə “Web of Science” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elm fəaliyyətin əhatəli təhlilində imkan verən “İnCites” platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, təkcə ötən il müxtəlif sahələri özündə əks etdirən 49 yeni ixtira Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində patentləşdirilib. Patent sahibləri Tibb, neft və kimya sahəsi, dəniz suyunun şirinləşdirilməsi və digər sahələr üzrə öz ixtiralarını təqdim ediblər. Onların arasında nəinki Azərbaycanda, hətta dünya üzrə ilk dəfə patentləşdirilən təyyarə və digər nəqliyyat vasitələrində zərərverici bakteriyaların və virusların məhv edilməsi üçün nəzərdə tutulan ixtira da var.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin noyabrın 8-də "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" sərəncam imzalayıb. Sənədin imzalanmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
Sərəncamda bildirilir ki, Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
Yeri gəlmişkən, XXI əsrdə intellektual mülkiyyət beynəlxalq arenada özünəməxsus yerə malikdir. İnsan beyninin məhsulu olan ixtiralar, sənaye nümunələri, ticarət markaları dünyanın hər yerində istifadə olunur. Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (ÜİMT) da bütün dünyada məhz müəlliflik hüqularının qorunması nəticəsində bu ixtiralardan istifadəni daha faydalı edir, ixtira sahibinə isə öz əməyinə görə normal mənfəət əldə edilməsində köməklik göstərir. Belə ki, hər bir ixtira sahibi ona məxsus olan ticarət markasını və ya sənaye nümunəsini lokal və ya regional səviyyədə qeydiyyatdan keçirmək istədikdə, ilk növbədə bu ixtiranın həquiqətən də, yeni olduğunun və ya artıq kiminsə mülkiyyətində olduğunu müəyyənləşdirmək zərurəti meydana çıxır. Bunu dəqiqləşdirmək üçün iri həcmli informasiyalar massivində axtarış həyata keçirmək lazım gəlir. Mütəmadi olaraq təzələnən bu baza bir sıra dövlətlər, hətta qeyri-üzv ölkələr tərəfindən də istifadə olunur.
Ümumiyyətlə isə beynəlxalq təcrübədə innovasiyaların və elmi-texniki biliklərin qloballaşdırılması adətən üç formada həyata keçirilir. Birinci kateqoriya milli müəssisələr və trans milli korparasiyalar (TMK) fərdi olaraq öz ölkələrində təkmilləşdirilmiş texnologiyaların beynəlxalq kommersiyalaşdırılması ilə məşğul olur. İkinci kateqoriya yerli müəssisə və TMK-ları, elmi araşdırma mərkəzlərini özündə cəmləşdirən xüsusi və dövlət elmi institutlarının beynəlxalq əməkdaşlığı aiddir. Hazırda dünyada 63 min TMK ( ana şirkət ) fəaliyyər göstərir. Onların 79 faizi sənayecə inkişaf etmiş ölkələrdə yerləşib və dünyada birbaşa investisyaların əsas hərəkəti bu ölkələrdəki ana və filial şirkətlər arasında baş verir. Amma son illər ərzində tendensiya bir az dəyişmiş və yeni meyillər yaranıb. İndi Sinqapur, Tayvan, Cənubi Koreya, Malayziya, Argentina və Brazilyada da belə şirkətlər fəaliyyətdədir. Bu şirkətlərin 8 mindən çox filialı mövcuddur. Bunların 270 mini inkişaf etmiş, 360 mini inkişaf etməkdə olan və 170 mini keçid iqtisadiyyatlı ölkələrdə fəaliyyət göstərir.
Məlumat üçün onu da vurğulayaq ki, dünyada elmi ixtiraların kommersiyalaşdırılması üçün ən yaxşı təcrübə məkanı texnoloji parklar hesab olunur. Hazırda texnopark ideyası ən çox Şanxay və Honqkonq regionlarında reallaşdırılıb. Bu ideyanın başlıca prinsipi azsaylı personal və kiçik sahə tələb edən xırda istehsal sahələri təşkil etməkdir. Texnoparkın rentabelliyi ondadır ki, kifayət qədər bahalı və müasir avadanlığa malik belə biznes-inkubatorlar inkişafda olan kiçik biznesin gəlirlərində iştirak edərək fəaliyyət göstərir və özü də gəlir əldə edir. Belə bir fəaliyyəti dəstəkləmək məqsədilə texnoparklar üçün xüsusi iqtisadi zonalar yaradılır. Digər tərəfdən, texnopark axtarış məkanıdır. Finlandiyada innovasiya texnologiyaları axtarışı ideya-modelindən istifadə edilir. Bu modelə görə, layihələndirmənin ilk mərhələsində ancaq müəllif-ixtiraçı və müəyyən qədər də sərmayə tələb olunur. Bu ideyanı sənaye səviyyəsinə çatdırmağı tələb edən ikinci mərhələdə isə daha çox investisiya, müxtəlif texnika və texnologiya, müxtəlif ixtisaslı mütəxəssislər, tərəfdaşlar lazım gəlir. Hətta ən yaxşı ideyadan belə əlverişli biznesin alınacağını proqnozlaşdırmaq çox çətindir. Odur ki, xırda istehsal biznesində vençur maliyyələşdirilməsindən geniş istifadə edilir. Bunun mahiyyəti ondadır ki, reallaşdırılmaq üçün seçilmiş ideyalardan 15-20 faizinin tətbiq olunması çəkilmiş xərcləri ödəyir və müvafiq bank üçün hətta ən gəlirli investisiyalardan sayılır.
Mövzu ilə bağlı fikirlərini bildirən iqtisad elmləri doktoru Əli Əlirzayev deyib ki, texnoloji parklar elmi ixtiraların dəstəklənməsi üçün əlverişli məkandır və bu strukturlarda həm də sahibkarlığın inkişafı üçün hər şərait yaradılıb: “Texnoparklar resurslara, iş qüvvəsinə və bazara əsaslanır. Yerli resurslardan istifadə olunduğu üçün istehsal olunan məhsul kompleks şəkildə ucuz qiymətə başa gəlir. Müəyyən güzəştlər, dövlətin himayəçiliyi ilə bilavasitə bu sahə inkişaf etdirilir. Müasir bazar iqtisadiyyatı şəraitində texniki parkların yaradılması kiçik sahibkarlığın inkişafının əsas istiqamətidir. Kiçik sahibkarlığın inkişafı üçün bu problemin həlli regionlarda daha böyük əhəmiyyət kəsb edir. Regionlara axının olması cəhətdən əhəmiyyətlidir. İş qüvvəsi ehtiyatları çox olan, Azərbaycanın coğrafi şəraitində mühüm rol oynayan rayonlarda belə parklar yaradılır. Ona görə mənə elə gəlir ki, texnopark hansı sahədə yaranırsa, həmin sahənin kompleks inkişafı üçün təkan rolunu oynayır”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Şahlar Əsgərov isə deyib ki, ümumiyyətlə, XXI əsr elmə, biliyə söykənən əsrdir: “Cəmiyyət özü müəyyən etməlidir ki, ona hansı elmi məhsul lazımdır. Elmdə prioritet istiqamətlər yenidən araşdırılmalıdır. Yəni nəyi öyrənmək, nəyi öyrənməmək məsələsi yenidən müəyyənləşməlidir. Sovetlər dövründə fizika aparıcı olduğu üçün fizikanı daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha çox vacibdir”.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2018.-
27 dekabr.- S.6.