Bu il Azərbaycan idmançıları

753 medal qazanıb

 

2018-ci ildə Azərbaycanda idman sahəsində gözlənilən nəticələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi idmanda da böyük uğurlar əldə olunub, ölkəmiz bu sahədə də beynəlxalq nüfuz qazanıb.

Bunu gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə deyib.

A.Rəhimov bildirib ki, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanmasına zəmin yaradır.

Nazir vurğulayıb ki, 2018-ci ildə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə Azərbaycan idmançıları 263 qızıl, 230 gümüş və 260 bürünc olmaqla ümumilikdə 753 medal qazanıb.

A.Rəhimov əlavə edib ki, Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək üçün idmançılarımız tərəfindən 17 lisenziya əldə edilib və 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümümi 7 medal qazanılıb.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan idman ölkəsi kimi tanınmaqla yanaşı, beynəlxalq federasiyalarda da seçim zamanı ölkəmizə böyük üstünlük verilir. Nazir əlavə edib ki, idmanın maddi texniki bazasının inkişaf etdirilməsi istiqamətində də nailiyyətlər əldə edilib:

"Respublikamızın şəhər və rayonlarında hazırda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. 2018-ci ildə Lənkəran şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilib. 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir. Beyləqan OİK isə artıq açılışa hazırdır. Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb. Günəşli qəsəbəsində yeni şahmat məktəbi, Buzovna qəsəbəsində isə idman zalı tikilib istifadəyə verilib. 8 idman zalının tikintisi davam etdirilir".

A.Rəhimov bildirib ki, növbəti ildə idmançılarımızı ciddi sınaqlar gözləyir: "Gələn il idmançılarımız 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda, o cümlədən digər bir sıra beyəlxalq yarışlarda iştirak edəcəklər. Ümid edirəm ki, idmançılarımız bütün bu vəzifələrin öhdəsindən layiqincə gələcək".

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, 2018-ci il Azərbaycan idmanı üçün uğurlu keçib, idmançılarımız beynəlxalq arenada böyük nailiyyətlər ediblər, ölkəmizdə nüfuzlu beynəlxalq yarışlar uğurla təşkil edilib. Ç.Hüseynzadə növbəti ildə də idman sahəsində ciddi nailiyyətlərin əldə ediləcəyinə inandığını qeyd edib.

 

Həftə içi.- 2018.- 27 dekabr.- S.8.