"Məhəbbət əfsanəsi"ndən bir parça

Latviya Milli Opera Teatrının səhnəsində

 

Latviya Milli Opera teatrının səhnəsində XX əsrin ən görkəmli balet ustalarından olan Mayya Plisetskayanın şərəfinə iki hissədən ibarət “Mariinski teatrının solistləri. M.Plisetskayaya ithafqala- tamaşası göstərilib.

 

Hafta.az yazır ki, tamaşada Plisetskayanın yaradıcılıq həyatında önəmli yer tutan Bize-Şedrinin “Karmen-süitası”, habelə onun sevimli baletlərindən, məsələn, ÇaykovskininQu gölü”ndən fraqmentlər Sankt-Peterburq baletinin ulduzlarının ifasında sərgilənib. Fərəhlidir ki, həmin proqramda Azərbaycanın ünlü bəstəkarı, xalq artisti Arif Məlikovun Nazım Hikmətin dramı əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” (baletmeyster Y.Qriqoroviç) baletindən də bir parça – Məhmənə Banunun monoloqu tamaşaçılara təqdim olunub. Bu da təsadüfi deyil. M.Plisetskaya dəfələrfə “Məhəbbət əfsanəsi”ndə yaradığı obrazı özünün ən sevimli partiyaları sırasında qeyd edirdi. Bu gözəl sənətkarı Arif Məlikovla illərin dostluğu, yaradıcılıq əməkdaşlığı birləşdirir. Məhmənə Banu kimi mürəkkəb, ziddiyyətli, güclü xarakteri balet səhnəsində müxtəlif illərdə balet sənətinin ən tanınmış ustaları - N.Timofeyeva, N.Semizorova, M.Leonova, U.Lopatkina. S.Zaxarova – siyahını davam etdirmək olar - canlandırıblar. Riqa səhnəsində Məhmənə Banu Sankt-Peterburqun Mariinski OperaBalet teatrının aparıcı solisti Aleksandra İosifidinin çox ekspressiv təfsirində təqdim edilib.

Qeyd edək ki, “XX əsrin ən görkəmli baleti” (C.Noymayer) kimi qiymətləndirilən “Məhəbbət əfsanəsi”nin premyerası uzaq 1961-ci ildə məhz bu teatrın səhnəsində gerçəkləşdirilib. Tamaşadan sonra Ü.Hacıbəyli adına BMA-nın professoru Zümrüd Dadaşzadə A.İosifidini təbrik edərək, onunla qısaca söhbətləşib. Aleksandra “Məhəbbət əfsanəsi” baletinin bütün truppanın ən sevimli sənət əsərlərindən biri olduğunu söyləyib. Vurğulayıb ki, Məhmənə Banu obrazı onu öz dərinliyi, qeyri-adi dolğunluğu, musiqi təcəssümünün parlaqlığı ilə həmişə cəlb edir. “Məhəbbət əfsanəsi”, şübhəsiz, teatrımızın repertuarının yarasığıdır”,- deyə o bildirib. Söhbət əsnasında Mariinski teatrın bədii rəhbəri və baş direktoru Valeri Gergiyevin Arif Məlikovla sənət dostluğundan da söz açılıb, onun 2008-ci ildə Bakıda A.Məlikovun yubiley tədbirlərində heyrətamiz çıxışları xatırlanıb.

Onu da deyək ki, qastrol səfərini daim tamaşaçıları maraqlı layihələri ilə sevindirən “Art-Forte” kompaniyası ( idarə heyətinin sədri Y.Loçmele) təşkil edib.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 28 dekabr.- S.8.