Qara Qarayevin xatirəsi anılıb

 

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan F.Əlizadə dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb. “Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.

Tədbirdə Xalq Artisti Fərhad Bədəlbəyli Qara Qarayevin Azərbaycan musiqisi tarixinə verdiyi töhfələrdən danışıb: “Düşünürəm ki, Qara Qarayev az yaşayıb. 63 yaş nədir ki? Amma buna baxmayaraq o, bizə zəngin musiqi əsərləri miras qoyub. Əgər ömür vəfa etsəydi Qara Qarayev daha da gözəl əsərlər yarada bilərdi. Görkəmli bəstəkarın əsərləri bu gündünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir”.

Fərhad Bədəlbəyli qeyd edib ki, Prezident İlham Əliyevin “Qara Qarayevin 100 illik yubileyi haqqında” Sərəncamı çərçivəsində böyük musiqiçinin yubileyi silsilə tədbirlərlə qeyd edilməkdədir.

Bildirilib ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, YaponiyaAlmaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

 

Həftə içi.- 2018.- 6 fevral.- S.8.