"Ermənilər başımı kəsmək
istəyəndə "Qızıl xaç"ın
nümayəndələri gəldi"
Bu gün Xocalı soyqrımından
26 il ötür. Erməni vandalizminin “əl işi” olan və tarixdə misli görülməmiş
bu soyqırım
aktının qurbanları yaşadıqca və
danışdıqca Xocalı yarası qərtmək bağlamayacaq. Öldürülən
Xocalı sakinlərindən
başqa erməni əsirliyində işgəncələr
görmüş soydaşlarımız
da az deyil.
Qısa
arayış: Məhəmməd Tağıyev Xocalı sakinidir. Bu şəhərdə anadan olub. 1992-ci ilin fevralın 25-dən
26-a keçən gecə XX əsrin ən
dəhşətli qətliamlarından
olan Xocalı soyqrımının canlı
şahididir. İxtisasca
həkiməm deyir. Uzun müddət – 1979-cu
ildən 1989-cu ilə qədər Xankəndində həkim kimi fəaliyyət göstərib. Özü
də ermənilərin
içərisində - xəstəxanada
çalışıb. Soyqırım baş verən dəqiqələrdə Xocalıda
olub. Yaralılara yardım göstərmək
üçün əlimdən
gələni edirdim- deyir. Ermənilərin Xocalını dörd
bir tərəfdən
atəşə tutmasından
sonra əlli nəfərlik bir
dəstə ilə Xocalını tərk
etməyə məcbur
olduğunu söyləyir.
Məhəmməd Tağıyev hafta.az-a müsahibəsində
soyqırım dəhşətlərindən, əsirlikdə
başına gələn dəhşətlərdən
danışır:
Bildiyimizə görə, Xocalıdan çıxarkən
ermənilər sizi də əsir götürüb...
Bəli, faciə zamanı mən də əsir
düşdüm. Orada başımıza minbir müsibət
gətirdilər. Artıq gecədən keçirdi. Ayın
26-ı idi. Dəhraz kəndinə çatanda
ermənilərin pusqusuna düşdük. Onlar bizi əsir
aldılar.
Əsir götürüləndən sonra hansı
hadisələrlə qarşılaşdınız?
Əsir götürüləndən təxminən
yarım saat sonra ermənilər ciblərimizdəki pulları
çıxardılar. Üzərimizdə olan
qızıl-zinət əşyalarını da aldılar.
Üst başımızda nə vardısa, hamısını
götürdülər. Bununla da
kifayətlənmədilər. Əllərindəki
kəlbətinlərlə bizimlə bərabər kim
vardısa ağızlarımızı
açmağımızı istədilər. Kimin
ağzında qızıl dişi vardısa
kəlbətinlə vəşhicəsinə
çıxarırdılar. Mən belə vəhşilik
görməmişdim. Dişlərini
çıxardığı adamlar
çığırıb-bağırırdı. Buna
baxmayaraq, ermənilərin heç vecinə də deyildi.
Öz “işlərini” görürdülər.
Yanınızda əsir düşən insanların
öldürülməsinin şahidi oldunuzmu?
Hə, əlbəttə. Dişlərimizi çıxarandan
sonra bizi bir otağa yığdılar. Heç yarım saat
keçməmişdi ki, bizim içərimizdən 13
nəfər cavan adam seçdilər. Bizi saxladıqları
yerdən təxminən 20 metr aralıda həmin
gəncləri güllələdilər. Sonra meyitlərini
“Kamaz”lara yığıb harasa apardılar. Yenidən başqa
bir dəstə gəldi. Əli silahlı “boevik”lər idi.
Avtomatın qundağı ilə qadın, uşaq,
böyük, qoca-cavan demədən hamımızı
vururdular. İçərimizdə 20-25 yaşlarında
Əhməd adlı bir ahıska türkü var idi. Onu bizim
içimizdən çıxardılar.
Gözümüzün qabağında başını
kəsdilər. Sonra Əhmədin kəsilmiş
başını götürərək futbol topu kimi
oynatmağa başladılar.
Ermənilər sizin özünüzə qarşı
hansı işgəncələr etdilər?
Əhmədin
başını kəsəndən bir saat sonra mənim
özümü çıxardılar. Məni
dəstədən ayıran erməni bizimkilərdən kimdəsə
pulemyotun olmasını soruşdu. Mən də cavab verdim ki,
həkim adamam, bilmirəm. Onlar mənim sözümə
inanmadılar. Avtomatın qundağı ilə vurub məni
yerə yıxdılar. İki nəfər idi. Onlardan birinin
əlində iri bıçaq vardı. Sinəmə
çöküb başımı kəsmək
istədilər. Elə bu an ermənilərdən iki mülki
şəxs gəldi. Öz aralarında danışdılar.
Onlar gələndən sonra məni yerdən
qaldırdılar. Sonradan məlum oldu ki, həmin iki
nəfər Qızıl Xaç Komitəsinin üzvləri
imiş. Əks halda qanım getmişdi və mən sizin
qarşınızda müsahibə vermirdim.
Xocalı faciəsinin əsl səbəbi nə idi?
Xocalı soyqırımı bizim torpaqlarımız
uğrunda apardığımız azadlıq
mübarizəsini gözü götürməyənlərin,
buna mane olmaq istəyənlərin bir planı idi. Bizim
suçumuz müsəlman və türk olmağımız
idi. Məhz bu iki amilə görə ermənilər bizi,
Xocalı camaatını son nəfərinə qədər
qətlə yetirmək niyyətində idi. Onlar bir şeyi
unudur ki, bizim işimiz haqq işidir. Biz o torpaqlara yenidən
qayıdacağıq.
Məhəmməd müəllim, hər yerdə
Xocalı soyqırımı qurbanlarının, daha
doğrusu, həmin qətliamda öldürülənlərin
sayı 613 göstərilir.
Öldürülənlərdən başqa 150 nəfərin
taleyi indi də məlum deyil. Bundan başqa 1275 nəfər
əsir götürülüb. Onların da bir çoxu
əsirlikdə öldürülüb. Həmin
şəxslərin adları isə qətliam
qurbanlarının siyahısında itkin kimi verilir. Sizcə
dəqiq rəqəm 613-dür, yoxsa bundan daha
böyükdür?
Sözsüz ki, bu 613 nəfərin
öldürülməsi rəsmi rəqəmdir. Xocalıda
613 nəfərdən qat-qat çox insan
öldürülüb. İtkin düşən 150
nəfərdən bir xeylisini bizim içərimizdən
seçib apardılar. Avtomatdan atəş səsləri
eşitdik. Onların
öldürülüb-öldürülmədiyini
gözümlə görməmişəm. Harasa
aparıldıqlarını öyrəndik. Meyidlərinimi, ya
sağ şəkildə aparılmalarından xəbərimiz
olmadı. Hətta öz gözlərimlə
gördüyüm 13 nəfər də həmin 150
nəfər itkin düşmüş şəxslərin siyahısındadır.
Çünki onların cəsədlərindən, hara
aparılmalarından xəbərimiz yoxdur. Ermənilər
həmin 13 nəfərin cəsədini vermədi. Qonşuluğumuzda
yaşayan bir ailənin üç-dörd üzvü on
dəqiqənin içərisində öldürüldü.
Bir nəfər yaşlı adamı da içimizdən
ayırıb apardılar. Öldürülüb
–öldürülmədiyindən xəbərimiz olmadı.
Mən azad edilən gün bir qrup Xocalını
Xankəndinə apardılar. Onların arasında qadınlar
və uşaqlar da var idi.
Bir çox hadisə şahidləri deyir ki,
ermənilər əsir götürdükləri
şəxsləri qul kimi işlədiblər. Əsrlikdə
bu cür hallarla rastlaşmısınızmı?
Bizi xeyir-şər evi deyilən qapalı bir otaqda
saxlayırdılar. Orada qaldığımız
müddətdə içimizdən seçdikləri
adamları qul kimi işlədirdilər. Odun doğratdırırdılar,
su daşıtdırırdılar. Bu fakt idi. Sonrakı
dövrlərdə onların qul kimi
işlədilmələrini mən də uzun müddət
əsirlikdə olanlardan eşitmişəm. Özüm
görməmişəm. Çünki bizi
dəyişdilər. Çox qalmadıq. Qısa müddət
ərzində gördüklərim də çox böyük
dəhşətlər idi. İndi
də yadıma düşəndə özümü
çox pis hiss edirəm.
Həftə içi.-2018.-
27 fevral.-S.3.