Oğlumun başını kəsib, qanını alnıma sürtdülər

 

Sona Ələkbərova 26 ildir ki, sinəsində Xocalı dağı gəzdirir. Fevralın 25-dən 26-a keçən gecə həyat yoldaşı Eldarı itirir. Üç uşaqla Kətik kəndində ermənilərə əsir düşür. 13 gün əsir həyatından sonra onu və iki övladını əsirlikdən azad edirlər. Daha doğrusu, erməni meyitləri ilə dəyişdirilirlər. Buna qədər isə 10 yaşlı oğlunu – Elgizi itirir. Ermənilər onun övladının başını anasının və azyaşlı körpələrinin qarşısında kəsirlər. Sona Ələkbərova hafta.az-a müsahibəsində 26 il əvvəl başına gələn müsibətləri göz yaşları içərisində danışır:

Sona xanım, faciə günü yaşadığınız dəhşətlərin başlanğıcına qayıdaq. Fevralın 25-də hücum başlayanda yəqin ki, evdə idiniz?

Hə, evdə idim. Qonşularla həyətdə durmuşduq. Söhbət edirdik. Həmin gün, daha doğrusu, ayın 24-dən sakitlik idi. Yoldaşım dedi ki, ermənilər atmır. Qorxuram bu sakitliyin arxasında böyük təhlükə ola. Mən də dedim ki, yəqin meyidlərini basdırmağa başları qarışıb. Bundan əvvəl də bizimkilər Xocalıya girmək istəyən bir “Nivanı” vurmuşdular. Dörd-beş erməni “boevik”i ölmüşdü. Ermənilər onları “təmtaraqla” dəfn ediblərmiş. Ratsiya ilə Xocalı batalyonunun uşaqlarına da deyiblər ki, həmin şəxslərin intiqamını sizdə qoymayacağıq. 25-i səhər də heç nə yox idi. Sakitlik hökm sürürdü. Amma Xocalıda hamı danışırdı ki, ermənilər hücum edəcək. Çünki biz mühasirədə idik. Əsgəran yolu da bağlanmışdı. Çörək, ərzaq da vertolyotlarla göndərilirdi. Belə müsibəti gözləmirdik. 25-i axşam saat on radələri idi. Qiyamət başladı. Hər yerdən atırdılar. Camaat evlərin arxası ilə iki-üç istiqamətdə dağılışmağa başladı. Bir az pulumuz vardı. Bir də toy vaxtı alınan qızıllarımız. Onları götürüb çıxdıq.

Camaat əsasən hansı istiqamətdə qaçırdı?

Kətik deyilən yer var. Biz o istiqamətdə qaçmağa başladıq. Çığırtı, qışqırıq aləmi götürmüşdü. Qaraqaya, Şelli və Dəhraz kəndi istiqamətində də qaçanlar çox idi. Kətiyə çathaçatda yoldaşım Eldarı vurdular. Ayağından yaralandı. Mənə dedi ki, uşaqları da götür get, məni arxadan gətirərlər. Əvvəl razı olmadım. Uşaqlara görə məcbur qaldım. Başındakı papağı da böyük oğlumun – Elgizin başına keçirdi. Uşaqların üzündən öpdü – di gedin- dedi. Ağlaşa-ağlaşa getdik. Dedik ki, arxadan batalyonun uşaqlarından kimsə rastına çıxsa gətirəcək. Sonra əsirlikdə eşitdim ki, elə oradaca bir az süründükdən sonra ermənilər onu və Əsgər adlı bir oğlanı “deşeka” ilə vurublar. Həmin əsgər adlı oğlan da ahıska türkü idi. Yoldaşımı tanıyırdı, kömək etmək istəyəndə ermənilər atıb. İkisi də ölmüşdü.

Bəs hansı şəraitdə əsir düşdünüz?

Kətiyə qədər kolun, ağacın dibində gizlənə -gizlənə gəlmişdik. Kətik kəndinin girişində pusquya düşdük. Arxamızca ermənilər gəlirdi. Uşaqlar da qorxmuşdu, özüm də. Adam yol boyu nə qədər uşaq, qoca meyidi görər. Əksəriyyətini də tanıyırdım. Geri qayıda bilməzdik. Bir qədər sonra ermənilər gizləndiyimiz kolun dalından bizi çıxardılar. Avtomatın qundağı ilə məni vurdular. Uşaqlar ağlamağa başlayanda gördüm ki, o qədər qışqırıblar ki, səsləri çıxmır. Bizi bir tövləyə doldurdular. Qonşularımı, poçt idarəsində işləyənləri, fin evləri tərəfdə yaşayan rəfiqələrimi, onların yoldaşlarını, övladlarını gördüm. Bir qədər toxtaqladım. Bir kənarda qalıb baxırdıq.

Hansı işgəncələrin şahidi oldunuz?

Qızıl dişi olanları çıxarırdılar. Biri dedi ki, mənim qızıl dişim yoxdur, amma oğlumun var. Ona dəyməyin, 5000 rubl pulum var, onu götürün. Ermənilər də dedi ki, 10000 rubl olsaydı bəlkə bağışlaya bilərdik. Pulu götürdülər, sonra da oğlanın dişini sökdülər. Özü də kəlbətinlə. Ağzı-burnu qan içində idi. Mən yazıq oğlanın o halını görüb uşaqları bərk-bərk qucaqladım. İki gün sonra oğlum Elgizin müsibətini gördüm.

Oğlunuzu niyə öldürdülər?

- Gündə bir dəfə ovuc boyda quru və qara çörək verirdilər. Elgizin on yaşı vardı. Gördüklərindən dəhşətə gəlmişdi. Uşaqdı, verilən çörəyi erməninin əlindən vurub saldı. Bundan sonra saqqallı bir erməni Elgizə əsəbləşdi. Onu döyməyə başladı. Mən key-key durub baxırdım. Birdən ayıldım ki, mənim oğlumu döyürlər. Xocalıdan olan qonşularım mənə dedilər ki, dəymə, döyüb rahatlaşacaqlar. Yoxsa daha da əsəbləşib öldürə bilərlər. Amma erməni dığası sakitləşmədi. Bizi çölə çıxardılar. Uşağın başını kəsdilər. Qanını alnıma sürtdülər (ağlayır). Gülüşdülər. Meyit elə tövlənin yanındakı peyin təpəsinin üzərində qaldı. Sonra başqa bir oğlanı çıxardılar. Bu hardasa bizim dəyişdirilməyimizə yaxın olmuşdu. Hardasa iki-üç gün əvvəl. Dedilər ki, sən milli ordunun əsgərisən. Dedi ki, yox, mən müəllim işləyirəm. Həqiqətən müəllim idi. Adını unutmuşam. Ayaz idi, ya da Əsəd. Güllələdilər. Meyitindən xəbərim olmadı.

Bəs sizi necə dəyişdirdilər?

- Ağdamda iki erməni əsir tutmuşdular. Bizi, oğlumun meyidini iki yaşlı kişini həmin meyidlərlə dəyişdilər. Bizdən sonra saxlanıldığımız yerdən daha üç nəfəri Ağdamda gördüm. Onlar dedilər ki, həmin tövlədən cəmi 14 nəfər sağ qalmışdı. Halbuki 34-35 nəfər var idi. Hamısını ya öldürmüşdülər, ya da Xankəndinə aparmışdılar.

Yoldaşınızın meyitini ala bildinizmi?        

 Allahverdi Bağırova Allah rəhmət etsin. Biz dəyişdirilməmişdən iki gün əvvəl onun meyiti alınmışdı. Məsciddə idi. Gedib baxdıq. Elə Ağdamda dəfn etdik. İndi iki uşaqla Ağcakənddə yaşayırıq. Gözüm çox şey görüb. Yenidən o anlara qayıdanda hirs hikkə məni boğur, hadisələr yadımdan çıxır, ya da boğazımda düyünlənir. Baldızımın yoldaşı itkin düşüb. Hələ ondan bir xəbər yoxdur. Qonşumuzda Telman kişi var idi. Qaçaqaçda bizimlə bir yerdə idi. Sonra qızına ov tüfəngi verib bizə qoşdu. Özü arxada qaldı. Ondan bir xəbər tuta bilmədik. Aeroport tərəfdən tanıdığım bir ailə var idi. Meşədə hamısını qırdılar. Bir nəfər sağ qalmadı. Böyük dəhşətlər idi. Allah ölənlərə rəhmət etsin, heç kimə göstərməsin.

Xocalıya qayıdacağınıza inanırsınızmı?

Əlbəttə inanıram. Gec-tez qayıdacağıq. Allah da bu haqsızlığı götürməz, bəndə . Hər dəfə Xocalı yuxuma  girir. Bir dəfə qaçaqaç vaxtını yuxuda görməmişəm. Həmişə o xoş çağlarımızı görürəm yuxuda. Ümidliyəm ki, qayıdacağıq. 

Tural Turan

 

Həftə içi.-2018.-27 fevral.-S.3.