Tədris proqramları sadələşdirilir
Hazırda aidiyyəti qurumlar tərəfindən
bu istiqamətdə müvafiq işlər aparılır
"Şagirdlər əlavə dərslərlə yüklənməməlidir. Məqsəd tədris proqramlarının sadələşdirilməsidir". "Report"un məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, şagirdlərin əlavə dərslərlə yüklənməməsi onların psixoloji durumuna və sağlamlığına yaxşı təsir göstərəcək:
"Təhsil Nazirliyi şagirdlərin
asudə vaxtlarını səmərəli keçirməsinə
xüsusi diqqət yetirir. Bu əsasən məktəbdənkənar
mərkəzlərdə həyata keçirilir. Həmin mərkəzlərdə
şagirdlərin istirahət etməsi və asudə
vaxtlarını səmərəli keçirmələri
üçün bütün şərait yaradılır.
Bakıda, digər şəhər və rayonlarda 145 belə mərkəz
fəaliyyət göstərir. Bu mərkəzlərdə
şagirdlər istedadlarını nümayiş etdirə və
gələcək peşə istiqamətlərini seçə
bilərlər. Burada ekoloji tərbiyyə, texniki
yaradıcılıq, incəsənət və mədəniyyət
sahələri üzrə şagirdlərin bilik və
bacarıqları müəyyən edilir".
Xatırladaq ki, Nazirlər Kabineti ötən il “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə dəyişiklik edib. Belə ki, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələr olacaq.
Qeyd edək ki, məkkəbdənkənar
müəssisə təhsil sisteminin tərkib hissəsi olub
uşaqların, yeniyetmələrin, gənclərin mənəvi
və fiziki inkişafını, onların müxtəlif
yaradıcılıq tələbatını təmin etmək
üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar
müəssisələr hərtərəfli inkişaf
üçün və asudə vaxtlarını düzgün
müəyyənləşdirməkdə uşaq və
yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar
müəssisələrin əsas vəzifəsi uşaq,
yeniyetmə və gənclərin maraq, meyl və
bacarıqlarının, intellektual səviyyəsi və
yaradıcılıq qabiliyyətinin inkişafı
üçün əlverişli şəraitin
yaradılması, onların istirahətlərinin, asudə
vaxtlarının, əyləncələrinin mənalı təşkilidir.
Məktəbdənkənar müəssisə həmin ərazidə
ictimai tələbatın olması nəzərə
alınmaqla və bunun üçün kadrlar, zəruri
maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan
Respublikası yuxarı dövlət idarəetmə
orqanları və Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı
ilə açılır. Şagird və tələbələrin
əsas fəaliyyəti, onların marağına görə
yaradılmış dərnək, bölmə, studiya, klub,
ansambl, teatr və sairə birliklərdə məşğələ,
eləcə də digər fəaliyyət növləri vasitəsi
ilə həyata keçirilir. Çətin profilli dərnəklər
- avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot
texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən
mürəkkəb idman növləri, habelə rəsm,
dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər
birliklər birinci tədris ilində ən azı 15 şagird,
sonrakı tədris illərində isə ən azı 12
şagirddən təşkil edilir.
Məşğələlərin
müddəti tədris yükü normasından, eləcə
də müəssisənin büdcəsinin imkanlarından irəli
gələrək müəyyənləşdirilir. İdman,
texniki-idman, turizm, xoreoqrafiya, birliklərinə qəbul
zamanı şagirdlərin sağlamlığı haqqında
həkim rəyi vacibdir. Dərnəklər proqramın tələblərindən
asılı olaraq bütün tədris ili boyu, eləcə də
daha qısa müddət üçün təşkil oluna
bilər. Dərnəklərin məşğələləri
sentyabr ayının 10-na qədər əsasən qurtarır.
Dərnəklərin məşğələləri
sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda
olaraq, növbəti ilin may ayının 31-də başa
çatdırılır.
Yaşayış yerlərində əlil
uşaqlarla fərdi iş aparılır və bunun
üçün dərnək rəhbərinə əmək
haqqı verilir. Müstəsna hallarda əlil və yaxud
xüsusi istedada malik uşaqlarla məşğul olan qruplara
daha az şagird cəlb olunmasına icazə verilir.
Eyni zamanda, birliklərin məşğələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planları və proqramları üzərində qurulur. Pedaqoji işçilər məktəbdənkənar müəssisənin müvafiq xalq təhsili orqanları ilə razılaşdırılmış, metodiki şurası tərəfindən təsdiq olunmuş müəllif proqramları hazırlaya bilərlər. Məşğələlərin başlanması və qurtarması müdiriyyət tərəfindən müəyyənləşdirilir. Birliklərin məşğələ cədvəlləri şagirdlərin əmək və istirahətlərinin ən əlverişli rejimi, onların yaş xüsusiyyətləri və müəyyənləşdirilmiş normalar nəzərə alınmaqla pedaqoji işçilərin təqdimatına əsasən müdiriyyət tərəfindən tərtib olunur. Təhsil alan gənclərlə istirahət, bayram və tətil günlərində həcmi artırmaqla bütün ili müddətində iş aparılır. Tətil müddətində məktəbdənkənar müəssisə şagirdlərlə kütləvi iş aparılır, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün malik olduğu bütün imkanlardan istifadə edərək şərait yaradır. Məktəbdənkənar müəssisə digər təlim-tərbiyə müəssisələrinin binalarında, müəssisələrində, uşaqların və gənclərin yaşayış yerlərində birliklər təşkil edə bilərlər. İmkan, şərait olduqda dərnəklərin və digər birliklərin yaradılmasına və şəbəkənin çoxalmasına heç bir məhdudiyyət qoyulmur. Sözügedən birliklər elmi-tədqiqat, yaradıcılıq təşkilatları ilə birgə iş aparır, bu məqsədlə həm özünün, həm də bu təşkilatların bazalarında şagirdlərin elmi birliklərini yaradır.
Bundan başqa məktəbdənkənar
müəssisələr təşkilatlardan xalq təsərrüfatına
vacib olan məmulatlar hazırlamaq üçün sifarişlər
qəbul edə bilərlər. Sifarişlərin mövzusu və
məzmunu birliklərin proqramında nəzərdə
tutulmuş bilik və bacarıqların təkmilləşdirilməsinə
imkan yaratmalıdır. Məktəbdənkənar müəssisə
həm də müəyyən peşə almaq
üçün birlik üzvlərinə vəsiqə-arayış
verir.
Digər tərəfdən sözügedən müəssisə respublika, bölgə, şəhər, rayon, qəsəbə, kənd miqyaslı kütləvi tədbirlər keçirir. Şagirdlərin və onların valideynlərinin istirahəti, əyləncəsi, ünsiyyəti üçün lazımi şərait yaradır. Kütləvi işdə məktəbdənkənar müəssisə ailə, ictimai təşkilatlar, tədris müəssisələri, digər məktəbdənkənar müəssisələr və müxtəlif təşkilatların mədəni-maarif müəssisələri ilə müştərək fəaliyyət göstərir, birliklərin forma və məzmununun təkmilləşdirilməsində, pedaqoji işçilərin ustalığının artırılmasında, təlim-tərbiyə müəssisələrində, uşaq və gənclər ictimai təşkilatlarına və hərəkatlarına kömək edir.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər barədə qərarı da mövcuddur. Belə ki, qərara əsasən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Respublika Texniki Yaradıcılıq Mərkəzi "Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, "Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi "Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi "Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.
Mövzu ilə bağlı fikirlərini
bildirən təhsil eksperti Kamran Əsədov da hesab edir ki,
ümumtəhsil məktəblərində tədris olunan
proqram olduqca ağır və akademik səviyyədədir. Onun
sözlərinə görə, hazırkı proqram şagirdlərin
yaş xüsusiyyətlərinə uyğun deyil: "Məsələn,
dünya təcrübəsinə müraciət etsək
görərik ki, Finlandiyada orta məktəblərdə
gün ərzində 4-dən artıq fənn keçilmir. Dərslər
arasında tənəffüs 75 dəqiqə davam edir. Biz də
isə tənəffüsün müddəti 10 dəqiqədən
artıq deyil ki, bu da şagirdlərin həddən artıq
yüklənməsinə səbəb olur. O cümlədən,
dərsliklər də həddindən artıq informasiya
yükünə malikdir. Yəni, dərsliklərdəki
tapşırıqlar o qədər ağır və çətindir
ki, məktəbli verilən tapşırığı yerinə
yetirə bilmir və valideynə müraciət edir. Valideyn o
tapşırığı ya özü edir, ya da
tapşırığı bilmədiyindən məcbur olub əlavə
müəllimə müraciət edir. Hər iki halda şagird
materialı mənimsəyə bilmir. Biz elə fikirləşirik
ki, orta məktəbdə akademik səviyyədə insan
yetişdirilməlidir. Bütün bilikləri şagirdə
orta məktəbdə veriləcəksə, ali məktəbdə
nə keçiləcək? Əslində orta məktəb
proqramları sadə olmalıdır. Şagirdimizi bezdirməli
deyilik. Onlara asudə vaxtlarını səmərəli
keçirmələri üçün imkan
yaratmalıyıq. Bu halda uşaqları həm də psixoloji
gərginlikdən xilas etmiş olacağıq”.
Sevinc
Həftə
içi.-2018.-28 fevral.-S.6.