AYB-də Gəncə yaşantısı

 

Azərbaycan Yazıçılar Birliyi Natavan klubunda tanınmış şair Mikayıl Yanarın “Gəncənin dastanı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri AYB-nin üzvü, kitabın redaktoru, şair İslam Sadıq açdı. Bildirdi ki, şairin özü səhhəti ilə əlaqədar olaraq bu tədbirdə iştirak edə bilmir. Və bu kitabın da adı təsadüfən qoyulmayıb: “Nizami Gəncəvinin “Xəmsə”si ayrı-ayrı dastan idi.

Səməd Vurğun Bakının dastanını yazdı. Vaxt gələcək, Borçalının, Dərbəndin, Qarabağın, eləcə də digər bölgələrimizin dastanı yazılacaq. Bir sözlə, Azərbaycanın eposu yazılacaq. Şair Mikayıl Yanar Gəncənin keçmişinə nəzər salıb və onun tarixini yazıb. Bu kitab qədim türk dastanı ilə üst-üstə düşür. “Korğolu” dastanı şeirlə başlayıb və “Gəncənin dastanı” da bu sahədə özünü doğruldur. Şair “Gəncənin dastanı” kitabında şeirlə qədim Gəncənin keçmişini və bugününü məhəbbətlə sevə-sevə tərənüm edib. Xatırladım ki, adıçəkilən kitabda Gəncənin çinarları ilə yanaşı, onun tanınmış şairləri, yazıçıları, rəssamları, bəstəkarları, müğənniləri, heykəltəraşları, aktyorları, elm və təhsil işçiləri, partiya və dövlət xadimləri haqqında maraqlı yazılar toplanılıb”.

Tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru Vaqif Yusifli qeyd etdi ki, Mikayıl Yanarı ömründə bir dəfə görüb: “Bu gün arzum o idi ki, onu ikinci dəfə görüm, amma təəssüf ki, görə bilmədim. 1980-ci ildə yaxın dostum Sabirin dəvəti ilə Gəncədə oldum və Mikayılla tanış oldum. Onda onun hardasa, təxminən, 44 yaşı olardı. Necə oldu ki, mən onun haqqında söz demişəm? Xatırladım ki, Mikayıl Yanar Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. Bu yaxınlarda hörmətli professor Qəzənfər Paşayev onun dörd kitabını mənə verdi. Ona görə ki, mənim bölgələrdə yaşayan şairlərin yaradıcılığına xüsusi maraq göstərdiyimi Qəzənfər müəllim çox gözəl bilir. O, “Bölgələrdə ədəbi həyat” kitabıma maddi dəstək göstərib. O kitabın tərtibçisi də elə Qəzənfər müəllimdir. Mikayıl Yanarın kitablarını oxudum və böyük bir məqalə yazdım, İslam Sadıq bu kitaba həmin məqaləni əlavə edib. Qeyd edim ki, Qədim Gəncə və Yeni Gəncə bizim şeirimizdə az vəsf olunmayıb. Mikayıl Yanar “Gəncənin dastanı” və “Qədim Gəncə”, “Yeni Gəncə” şeir kitablarında yaşadığı doğma şəhərinə poeziya dili ilə sevgisiini izah edib. Janrına görə poema-dastan kimi səciyələndirmək olar “Gəncənin dastanı”nı.”Tarixi qəhrəmanlıq səhfələri”, “Azadlıq və qəhrəmanlıq mübarizləri”, “Hünər dərsliyi”, “Gəncə söz meydanıdır”, “Telli sazın ustadları”, “Qüvvət elmdədir”,”Mahnı qanadlarında”,”Səhnədən gələn səslər”, “Rənglərdə, daşlarda yaşayanlar”, “Sənət inciləri”, “Xeyirxahlıq üstə köklənib Gəncəm”, “Təbiətin şah əsərləri”, “İdman aləminin cəngavərləri” - on üç bölmədən ibarət olan bu kitab poema-dastanda Gəncənin keçmişi və bugünü, onun Azərbaycana və dünyaya bəxş eydiyi dahi sənətkarlar, tarixi abidələr, Gəncənin küçələri, orada yaşayan insanların özünəməxsus adət-ənənələri, gözəl təbiət mənzərələri bir-bir gözümün önündən keçir. Poemanı oxuduqca özünü Gəncədə hiss edirsən. Mikayıl Yanar Gəncənin tarixində yazdığı kitabı ilə yaşayacaq”.

Tanınmış rejissor Əlfaim Əziz, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, folklorşünas-alim Şakir Albalıyev, yazıçı-publisist Fariz Çobanoğlu, şair Aygün Hüseyn kitab haqqında öz fikirlərini söylədilər. Qeyd etdilər ki, bizim aləmimizdə bir Gəncə sevgisi var, bu, regionçuluq deyil, Gəncə özü kiçik bir vətəndir. “Gəncənin dastanı” adlanan bu kitabda dastana xas olan ruh var. Burada kişilik ruhu var. Bu kitab, sadəcə, dastan deyil, bəlkə də bunun dastan şəklində olan bir endsiklopediyasıdır.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2018.- 5 iyun.- S.8.