Sevgi də bir
dünyadır...
Bir dostumla oturub söhbət edirdim. Onun masasının
üstündə bir kitab gördüm. Adı beləydi: “Sevgi də bir
dünyadı”. Alıb vərəqlədim.
Elə adından da göründüyü kimi, bu kitab
ilk baxışdan mənə
xoş təəssürat
bağışladı. Adıçəkilən kitabın müəllifi şair Əjdər Əlizadə idi. Əjdər Əlizadə 1953-cü ildə
Ağdam rayonunda doğulub, boya-başa çatıb. İxtisaca
jurnalist, mühəndisdir.
“Tiber” Şərq Təbabəti (nəbzlə
diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir.
Yazıları “Trud”, “İnşaatçı”,
“Xalq”, “Azərbaycan gəncləri”, Ağdamın
“Lenin yolu” və sair qəzetlərdə işıq üzü görüb. Oçerk və reportajları
Ağdam yerli Radio Verilişləri redaksiyasında
mütəmadi olaraq səsləndirilirdi. Gündəlik çıxan “İki sahil” qəzetində işləyib.
2001-ci ildən “Kirpi”
jurnalında felyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər
İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür.
Həsən bəy Zərdabi adına
diplom, "Qızıl
Qələm” Fəxri
media mükafatı laureatıdır.
Kitabda şairin
müxtəlif illərdə
yazdığı qəzəl
və şeirləri toplanılıb. Şair kitabının Ön Sözündə yazır:
- Sözə hörmət, ona ilahi gözlə
yanaşmaq və onun hikmətini, böyüklüyünü duymaq,
onu süzgəcindən
bişirə-bişirə keçirib,
misraya çevirib, şeir yazmaq qabiliyyəti bizdə, demək olar, ailəlikcə olub. Ona görə ki, atam Cəbrayıl Əliyev Ağdam və Qarabağ məclislərinin, toy şənliklərinin
yaraşığı olmaqla,
bədahətən şeirlər
deyərdi. Qardaşlarım və bacılarım gözəl şeirlər
yazardı. Məndə yazmaq
həvəsi elə gənc yaşlarımdan başlayıb. Əvvəlcə sevgi şeirlərimi çap elətdirmək fikrinə düşdüm.
Bu sevgi şeirlərimin
böyük əksəriyyətini
gənc yaşlarında,
1970-ci illərdə qələmə
almışam. Ardıcıl olaraq Vətən, ana və gündəlik
həyata həsr edilmiş, ardınca isə satirik şeir və təmsillərimi çap
etdirməyi planlaşdırmışam.
Kitab “Mənə
şair demə, qağa” qəzəli ilə başlayır. Çox sadə
və bəsit dildə yazılan bu şeirdə böyük hikmət və fəlsəfi məna var. Həqiqətən
də, Əjdər Əlizadə uzun illərdir ki, ədəbiyyata gəlməsinə
və şeir yazmasına baxmayaraq, hələ də bu ahıl çağında
özünü şair
adlandırmır. Azərbaycanın
klassik və ustad şairlərinin yanında “şair” sözündən çox
ehtiyatlanır və şeirin bir yerində deyildiyi kimi:
Mənə şair demə
qardaş, o ada layiq deyiləm,
Min yazanlardan biriyəm,
bizi “Arazbar” bitirir.
Bu gün alaqotu kimi, yaşından və başından asılı olmayaraq, dırnaqarası desək,
yazarlar, özlərini
şair adlandıranlar
çoxalıb. Əndazələrinə sığmayan, keçmişinə
təpik atan, heç kəsi bəyənməyib özünü
öyən və “mənəm -mənəmlik”
xəstəliyinə tutulanların
əlindən tərpənmək
olmur. Bu yabançı şairlər,
artıq ədəbiyyatımızı
da yabançı günə qoyublar. Amma Əjdər Əlizadə
kimi istedadlı qələm sahibləri isə arına, ismətinə bükülüb,
öz yaradıcılıqları
ilə məşğul
olurlar. Sadə həyat tərzi
sürərək, bir-birindən
təsirli və hikmətdolu şeirlər
yazırlar. O şeirlərdən
ki, çağdaş
ədəbiyyatımız doğulur.
Mən Əjdər
müəllimi həqiqi
mənada, sözünü
deyən bir şair və felyetonçu jurnalist kimi tanıyıram. Sənət çətin
şeydir. Sənətə gəlmək ondan da çətindir. Əgər sənətə gəldinsə,
gərək, bu bu ağır yükü çiyinlərində
daşımağı bacarasan.
Onun hər bir əzab-əziyyətinə
dözəsən, onun
sənətkarına çevrilə
biləsən. Bir sözlə,
sənətdə öz
yolun, öz cığırın olmalıdır,
hər bir kəlməndə, sözündə
özün olasan gərək. Əjdər Əlizadə
nə yazıbsa, özünü yazıb.
Həmişə onun yaradıcılığında
dilimizin saflığı
və təmizliyi özünü göstərib.
Çox
sadə dillə fikirini ifadə etməyi bacaran şairdir, Əjdər Əlizadə. Onun böyüklüyü
ondadır ki, heç vaxt özündənrazı və
boğazdanyuxarı danışmır.
Yazanda təntimir, bədii obrazları bir-birindən canlıdır. Nizamiləri, Füzuliləri və Səməd Vurğunları,
Sabirləri, Əliağa
Vahidləri özünə
ustad, müdrik, söz sərrafı sayır. Onlardan qidalanıram, onların
ruhlarından mayalanıram,
deyir.
Dahi şairimiz
S.Vurğun “Deyilən
söz yadigardır” şeirindən misal çəkərək, mən
də şeirlərimi
övlad və nəvələrim üçün
bir yadigar qalsın deyə çap etdirdim, deyir. Nə gözəl etiraf,
ustadlarına məhəbbətdir
bu.
Əjdər Əlizadə vaxtını
boş və mənasız yerə keçirib, bir qrup bayağı cızma-qara şeir yazan boz axınlara
üz tutub, şeiri babaların ayaq izinə bənzədərək söyləyir:
Siz ey bekarlığın daşın atanlar,
Şeir
yazmaq ilə başın qatanlar,
Düşünmə, milçəyin
vızıltısıdır,
Şeir ürəklərin sızıltısıdır.
Şeir
söz gölüdür,
söz dənizidir,
Şeir babaların ayaq izidir.
Olduqca gözəl deyimdir. Çox təəssüflər
olsun ki, bu gün o ulu
babaların nəinki ayaq izləri, hətta özləri də unudulur.
Şairin
“Könül sarayımı
yıxma, nə olar”, “Sevgi sarayının
daşına dönüm”,
“Xəyala dalmışam
yenə bu gecə”, “Hər nə oldu, mənə
oldu”, “Çıxıb
yollarına baxan deyiləm”, “Məni ağladanda özün gülmüsən”, “Qadın
həm anadır, həm də bacı” kimi şeirləri ilə məhəbbət adlı
bir qala hörüb. O qaladan isə keçmişə
boylanıb baxanda, əbədi bir məhəbbət, gəncliyin
özü görünür.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2018.- 21
iyun.- S.8.