ABŞ-da keçirilən beynəlxalq konfransda
Qarabağ xalçalarından
danışılıb
Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli
Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Şirin
Məlikova ABŞ-da keçirilən XIV
Beynəlxalq Şərq Xalçaları Konfransında (ICOC)
ölkəmizi təmsil edib.
Muzeydən
AZƏRTAC-a bildirilib ki, konfransın sessiyalarında məşhur
xalça tədqiqatçılarının tərcümeyi-hallarına,
Kopt tekstil kolleksiyasına, bəzi ornamentlərin mənşəyinə,
Alberto Boralevin təqdim etdiyi qiymətli xalçanın tarixinə
həsr olunmuş məqalələr, həmçinin
Şirin Məlikovanın məruzəsi böyük maraq
doğurub.
Şirin
Məlikova “Azərbaycan Xalça Muzeyinin kolleksiyasının
zənginləşmə mənbələri” mövzusunda məruzə
ilə çıxış edib. O, muzeyin yeni nadir
xalçaları, tikmələri, reallaşdırılan
maraqlı layihələri haqqında geniş məlumat verib.
Vurğulayıb ki, Azərbaycanda ölkə rəhbərliyi
tərəfindən xalçaçılıq infrastrukturunun
bərpa edilməsi istiqamətində ciddi addımlar
atılır. “Xalça mövzusu bu gün təkcə ənənələrin
dirçəlişindən ibarət deyil.
Xalçaçılığın texniki imkanları və hədsiz
məna kateqoriyaları gənc konseptualist rəssamları cəlb
edir. Xalçanı bu gün əminliklə ölkəmizin əsas
rəmzlərindən biri saymaq olar”, - deyə o, əlavə
edib.
Əsrlərboyu Azərbaycandan çıxarılmış nadir xalçalarımızdan danışan Şirin Məlikova Qarabağın “Bağçada güllər” xalçasının taleyindən də söz açıb. Bildirib ki, onu San-Fransiskoda “qədimi erməni xalçası” adı altında satırdılar. Şirin Məlikova qeyd edib ki, Qarabağın ürəyi olan Şuşa 26 ildir Ermənistan tərəfindən işğal edilib. “İşğal olunmuş ərazidə çoxlu sayda muzeylər, talan edilmiş və erməniləşdirilmiş artefaktlar qalıb. “Bağçada güllər” xalçası dünya “səyahətindən” sonra Vətənə qayıtmış ilk nümunədir”, – deyə Ş.Məlikova vurğulayıb.
Muzeyin kolleksiyasının zənginləşmə mənbələrindən söz açan direktor rəhbərlik etdiyi mədəniyyət ocağının 50 illiyi ərəfəsində Vyanadan XVII əsrin sonlarına aid “Şamaxı” xalçasının əldə edildiyini, Heydər Əliyev Fondu tərəfindən “Sotheby's” hərracında əldə olunan, XVIII əsrə aid tikmənin muzeyə hədiyyə edildiyini deyib. Uzun müddət xarici ölkələrdə şəxsi kolleksiyada olmuş Qarabağa aid “Əjdahalı” xalçasının da muzeyə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilməsini vurğulayıb. Bildirib ki, “Xətai” kompozisiyalı “Əjdahalı” xalçalar Azərbaycan xalça sənətinin çox maraqlı bir qoludur.
Bu yaxınlarda muzeyin aldığı, XIX əsrə aid iki ədəd xalçanın – Bakı qrupuna aid “Xilə buta” və Quba qrupuna aid “Sırt-çiçi” xalçalarının təqdimatından danışan direktor xalçanın keçmiş sahibi, kolleksiyaçı, xalça üzrə ekspert, məxsusi olaraq xalçanın təqdimetmə mərasiminə və muzeyə bir neçə kitab hədiyyə etmək üçün Bakıya gəlmiş Stefano İoneskunun da bu işdə yardımını qeyd edib.
Şirin Məlikova bir neçə yüzillik ərzində Azərbaycan xalçalarının müxtəlif səbəblərdən ölkədən çıxarıldığını diqqətə çatdıraraq deyib: “Biz xalqımızın estetik təsəvvürlərinin toplandığı xalçalarımızın bütün dünyada bu cür yüksək qiymətləndirilməsinə qarşı deyilik. Bu ölkəmiz və mədəniyyətimiz üçün ən yaxşı təbliğat, reklamdır. Biz bunu anlayırıq. Ancaq kifayət qədər uzun müddət digər ölkələrdə qonaq olmuş unikal və nadir Azərbaycan xalçalarının əldə edilməsi zəruridir. Onların bu gün doğma evinə qayıtmaq vaxtıdır”.
Şirin Məlikova müxtəlif muzey toplularına amerikalı kolleksiyaçılar tərəfindən hədiyyə edilmiş Azərbaycan xalçalarının siyahısını da təqdim edib. Onların sırasında kolleksiyaların ən qiymətli eksponatları sayılan unikal nümunələr var.
Konfrans çərçivəsində sərgi də açılıb. Sərgidə nümayiş olunan eksponatlar arasında dünyanın fərqli bölgələrinin qədim xalçaları, gözəl tikmələri, eləcə də Azərbaycan xalçaları, müxtəlif texnikalarda işlənmiş dərviş papaqları və nadir tikmələr nümayiş olunub.
Həftə içi.- 2018.- 23-25
iyun.- S.8.