Qədim mədəniyyətin möcüzələri

 

Bakıda İran Mədəniyyət Günlərinin açılışı olub. İyunun 30-dək davam edəcək, Muzey Mərkəzində təşkil edilmiş bu mədəniyyət tədbirində İranın ənənəvi mədəni irsinin müxtəlif elementləri ilə tanış olmaq mümkündür.

Adi geyim-kecimdən, rəsm əsərlərinə, nəqqaşlıqdan dəmir üstündə döyməyə, hər nə istəsən burada görüb, tanış ola bilərsən. Mən də sərgidə iştirak edib, aldığım təəssüratlarımı oxucularımızla bölüşmək istədim.

 

Xanımlara zövq

 

 Sərginin açılış mərasimi qeyd olunan dairəvi salondan başlayaq. Burada geyim və bəzək aksesuarlarından ibarət üç müəllifin aksesuarları sərgilənir. Bir tərəfdə isə İran mətbəxindən şirniyyatlar, çay və Məkkəgülü dəmləməsi sərgiyə gələnlərə ikram olunur.

Diqqətimi Zəhra Riginin işlərindən ibarət kolleksiya nümunələri çəkdi. Burada islam dəyərlərini də özündə cəmləyən şərq elementli, amma hətta Qərb geyim tərzinə də uyuşan, hər rəngdə müasir qadın geyimləri sərgilənir.

Qeyd edim ki, modelyer-dizayner, 38 yaşlı Zəhra Rigini İranın Zahedan şəhərini (Sistan və Bəlucestan əyaləti) təmsil edir.

Məlumat üçün deyim ki, Zəhra xanım beşillik geyimmoda kursunu bitirsə də, ixtisasca komputer mütəxəssisidir. Tikiş şirkəti quran bu xanım istehsal etdiyi geyimlərin satıldığı dükanlara da sahibdir. Özütikiş sahəsində əldə etdiyi uğurlar ona 9 mükafat qazandırıb.

Z.Rigininin bir uğuru da odur ki, onun kolleksiyasında paltarlara uyğun bəzək aksesuarları, hətta çantalar da mövcuddur. Əsasən müxtəlif çeşidli metal, muncuqlar, paltara uyğun rəngdə parçalardan istifadə edilərək hazırlanan bəzək aksesuarları və çantalar bir xanımın geyinib bəzənməsi üçün tam kompleks təşkil edir. Məncə məhz buna görə də Z.Rigininin kolleksiyası möhtəşəmdir.

Sepide Parsapurun geyim kolleksiyası da maraqlıdır. İsfahandan təşrif buyurmuş, 32 yaşlı bu modelyer xanımın kolleksiyasında əsasən qara rənglərin vəhdətini görmək mükündür. Burada kətan parçadan tikilən paltarlar, şarf və digər baş örtükləri, kostyumlar islam-şərq elementlərini özündə cəmləyir və hər bir ölkənin, o cümlədən Azərbaycan xanımlarının zövqünü oxşayan tərzdədir.

Yeri gəlmişkən, S.Parsapur da hər il İranda keçirilən Fəcr müsabiqəsinin qalibi olub.

Modelyer-dizayner Münirə Məlikinin geyim kolleksiyası isə demək olar ki, şərq-islam tərzində hazırlanır. Sənəndc şəhərini (Kürdüstan vilayəti) təmsil edən 54 yaşlı xanım Məliki Tehran İncəsənət Universitetini magistr dərəcəsi ilə bitırib. Bu xanım digər modelyer həmkarlarından ərsəyə gətirdiyi geyim tərzlərinin özünəməxsusluğuna görə fərqlənir. Onun kolleksiyası daha çox cavanorta yaşlı xanımların tərzinə uyğundur.

M.Məliki İran Milli GeyimModa Təşəkkülü müdirlər heyətinin üzvüdür.

 

Barmaqların yaratdığı möcüzə

 

Başqa bir maraqlı guşədə üzəri əl işləri ilə süstlənmiş gümüş qablaraksesuarlar sərgilənir. Bu guşədə İsa Fəxrinin simasında Təbriz mədəniyyətinin nümunələri ilə tanış olmaq olar. Məhz Təbrizdə doğulmuş 39 yaşlı İ.Fəxri gümüş materiallı çanaqlar, vazabardaqlar, güldanlar üzərində çox nəfis bəzəklər işləyir. İxtisasca komputer mütəxəssisi olan İ.Fəxri bu qədim və milli sənəti hələ 19 yaşındaykən qardaşından öyrənib. Nəticəsi də budur ki, artıq o, Təbriz, Məşhəd və sair şəhərlərdə keçirilmiş genişmiqyaslı sərgilərdə mükafatlara layiq görülüb.

Zeynəb Şahi isə qızıl üzərində əl işlərinə görə məşhurdur. Miniatür sənəti ilə ad qazanan 34 yaşlı Zeynəb Tehranda doğulub-böyüyüb. Bu incə və çətin sənəti hələ yeniyetməlik illərində İranın adlı-sanlı ustad sənətkarı Məhəmmədbağır Ağamirinin yanında öyrənən Z.Şahi Əl-Zəhra və Tehrandakı Pərdis universitetlərinin təşkil etdiyi kurslarda iştirak edib. İndiyədək onun əl işləri İranın iri şəhərləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş sərgilərdə nümayiş olunub.

 

Sehrli hərflər

 

Mehrnaz Qurbanpurun kufi və nəsx xətlərindən ibarət xəttatlıq işlərinin sərgiləndiyi guşədə isə xeyli qələbəlik vardı. Hər kəs bu xanıma öz adını qədim xəttatlıq üslubunda yazdırmaq üçün səbrsizlənirdi. Yəzd doğumlu, 44 yaşlı bu xanımın barmaqlarından süzülən bu zərif nəqşlər onu dünyada məşhur edib. İranın iri şəhərlərində, eləcə də İraqdaBelarusda keçirilən beynəlxalq sərgilərdə mükafatlandırılan M.Qurbanpur, eyni zamanda ölkə prezidentiparlamentin spikeri tərəfindən də təqdir edilib. Bir neçə əsəri çapdan çıxan xanım xəttatın 20 illik müəllimliyi dövründə çox sayda yetirmələri var.

Xəttatlıqdan söz düşəndə, əslən Qərvədən olan 58 yaşlı xəttat Əzizullah Gülkarzadənin əl işlərinin sərgiləndiyi guşəni görmədən keçmək mümkün deyil. Burda da xeyli insan toplaşıb - sərgilənən əl işlərinin gözəlliyinə tamaşa edənlər kim, adını xüsusi dəstxətlə yazdıranlar kim. Divarları bəzəyən, iri çərçivələrdəki xəttatlıq nümunələrinin sanki hər hərfi bir rəssam əsərini xatırladır.

Ə.Gülkarzadə Gözəl Xətlər təşkilatının müəllimidir və Təhsil Nazirliyində gözəl xətt tədrisinin əsasını qoyub. Mədəniyyət və İslami İrşad Nazirliyi tərəfindən 1-ci dərəcəli doktorluq dərəcəsi alıb. Çoxlu kitabları var. O cümlədən, “Rus və Azərbaycan dillərində olan fars xəttinin gözəl yazılış qaydaları” adlı kitabın müəllifidir. Azərbaycan, Tacikistan, Əfqanıstan, Almaniya, Kipr, Finlandiya, İngiltərə, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da keçirilən sərgilərdə iştirak edib.

 

Döymə sənətini yaşadanlar

 

Maraqlı sənət işlərinin sərgiləndiyi başqa bir guşədə isə Zöhrə Mirəhmədinin metal üstündə döymələrdən ibarət əsərləri göz oxşayır. Əslən Nəcəfabaddan olan 39 yaşlı bu xanımın digər iştirakçılardan fərqi odur ki, o, əslində kişilərin məşğul olduğu, daha çox fiziki qüvvə tələb edən qədim el sənətini yaşadır. İxtisasca komputer mütəxəssisi olan Z.Mirəhmədi İran Əl İşləri Sənayesi, Turizm və Mədəni İrs təşkilatından ustadlıq dərəcəsi alıb. Hazırda universitetlərdən birində dərs deyən xanım ustad bir çox daxilixarici müsabiqələrin iştirakçısıdır. Onun əl işləri Hindistan, Bolqarıstan, Niderland, Əlcəzair, Tunissair kimi ölkələrdə sərgilənib və böyük maraq doğurub.

Möhsün Qulami Məhyarinin sümük üzərində əl işlərinin sərgiləndiyi bölmə də çox maraqlı anlar yaşadır ziyarətçilərinə. Əslən İsfahandan olan, 58 yaşlı bu sənətkarın sümükdən hazırladığı qələmqabları, müxtəlif ölçülü və təyinatlı mücrülər, başqa əşyalara baxmaqla doymaq olmur. Onun əl işlərində sanki miniatür, rəsm və nəqqaşlıq sənəti bir araya gəlir. İran miniatür məktəbinin yetirməsi olan Məhyari artıq 20 ildir bu sahədə yaradır. Əvvəl Cahanbini və Dəlili kimi ustadların yanında çalışsa da, sonradan şəxsi emalatxanasını açıb. İndiyədək çox sayda ölkədaxili və xarici müsabiqələrdə iştirak edib, UNESCO tərəfindən mükafatlandırılıb.

 

Evlərimizin bəzəyi xalçalar

 

Sərgidə çox böyük və hər kəsi valeh edən başqa bir guşədə xalçakilim ustası Zəhra Kəmaninin əsərləri sərgilənir. Əslən Reydən olan 36 yaşlı bu xanım Kaşan Universitetinin iqtisadiyyat üzrə magistrıdır. Xalçaların qiymətləndirilməsi və hazırlanması üzrə mütəxəssisdir. Xalçaçılıqla bağlı bir çox kitabın müəllifidir.

Z.Kəmaninin əl işləri olan kiçik ölçülü xalça və kilimlərin sərgiləndiyi bu guşədə, eyni zamanda, bu qədim toxuculuq əsərlərini ərsəyə gətirmək üçün istifadə olunan mini xanalar quraşdırılıb ki, bu da ziyarətçiləri maraqlandırır. Kompazisiya elə qurulub ki, sanki indicə kimsə oturub xalça toxuyacaq...

Əlirza Hüseynzadənin əsərlərinin sərgiləndiyi guşə isə digərlərindən həm böyük, həm də diqqətçəkəndir. Turizm üzrə fotoqraf olan Hüseynzadənin əsərləri geniş ölçülərdə sərgiləndiyindən, mütləq hər bir ziyarətçini ayaq saxlamağa məcbur edir. Bu sənətkar fotoları elə dəqiqliklə, elə anında lentə alıb ki, sanki ona baxan adam rəsmdə əks olunan təbiətin içinə düşür.

Məlumat üçün deyim ki, əslən Abadan şəhərindən (Əhvaz vilayəti) olan 57 yaşlı fotoqraf həm də sənədli filmlərin hazırlanmasında iştirak edir. O, məhz bu cür gözəl fotolarına görə National Geographic müsabiqəsinin qalibi olub. Hazırda İsfaham meriyasının foto və təsvir şöbəsində çalışan Ə.Hüseynzadə 15-dən çox xarici və 30-dan artıq ölkədaxili sərginin iştirakçısıdır.

Qeyd edək ki, bayaqdan haqqında söz açdığımız mədəniyyət sərgisinin qapıları iyun ayının 30-dək Bakı sakinlərinin ziyarətinə açıq olacaq.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 30 iyun- 2 iyul.- S.4.