Türk dünyasının 78 yaşlı
əfsanəsi:
Nursultan Nazarbayev
Bu gün Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin doğum günüdür. Qardaş
ölkənin rəhbəri 78 yaşını tamamlayır.
1940-cı il, iyulun 6-da Almatının Qaskelən rayonunun
Şamalğan kəndində doğulan N.Nazarbayev orta təhsilini
yerli məktəbdə tamamladıqdan sonra, 1962-ci ildə
Qaraqanda Universitetinin metallurgiya fakültəsinə daxil olur və
1967-ci ildə oranı qiyabi yolla başa vurur.
1965-ci
ildən başlayaraq Qaraqanda Metallurgiya zavodunda fəhlə,
yüksək istilikli sobaların qaz mütəxəssisi və
nəhayət briqadir olaraq çalışıb.
Nazarbayev 1971-ci ilin iyun ayında Qazaxıstan Kommunist Partiyasının Temirtau (Dəmirdağ) şöbəsi sədrinin 2-ci müavini seçilir. 1973-cü ilin oktyabrında isə Qaraqanda Metallurgiya zavodunun direktor müavini, 1977-ci ilin martından Qazaxıstan Kommunist Partiyasının Qaraqanda şöbəsi sədrinin müavini, 1979-cu ilin dekabrından isə sədri seçilir. Bundan sonra da Nazarbayevin şöhrəti durmadan artmaqda davam edir və daha yüksək vəzifələrə irəli çəkilir. 1984-cü ilin martında Qazaxıstan SSR Nazirlər Komitəsinin sədri, 1989-cu ilin iyununda Qazaxıstan Kommunist Partiyası sədrinin 1-ci müavini, az sonra isə Qazaxıstan Kommunist partiyasının 1-ci katibi seçilir.
24 aprel 1990-cı ildə Qazax Ali Şurası Nazarbayevi Qazaxıstanın ilk prezidenti seçir. 1 dekabr 1991-ci ildə isə, o, səslərin 98,7 faizini alaraq xalq tərəfindən ilk seçilən prezidenti olur. Bundan sonrakı hər dönəm seçkilərdə səslərin əksəriyyətini toplayan Nazarbayev günümüzədək dövlət başçısıdır. Son prezident seçkilərində (2015-ci ilin apreli) o, 97,5 faiz səs toplayaraq daha 5 il müddətinə prezident postuna seçilib.
Nazarbayev hakimiyyətdə olduğu bu uzun illər ərzində dövlətinin və xalqının inkişafına çalışmaqla yanaşı, eyni zamanda, türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, birlik yaratması üçün də böyük səylər göstərib. Məsələn, 2-3 oktyabr 2009-cu il tarixlərində N.Nazarbayev Naxçıvanda keçirilən Türk Dilində Danışan Dövlətlərin Zirvə toplantısında təklif edib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılsın. Təbii ki, digər iştirakçı ölkələr bu gözəl təklifi qəbul edirlər.
Həmin Zirvədə Qazaxıstan prezidenti daha bir maraqlı və vacib təkliflə də çıxış edib. O, türk ölkələrinin liderlərinə Qazaxıstanda Türk Dünyası Akademiyasının qurulmasını təklif edir və bu iştirakçı ölkələrin rəhbərləri tərəfindən alqışla qarşılanır.
N.Nazarbayev
1962-ci ildən Sara Nazarbayeva ilə evlidir. Dariga, Dinara və
Aliya adlı 3 qızı və 9 nəvəsi var.
Nazarbayev
Türk Dünyasının birliyi müstəvisində xidmətləri
danılmazdır. O, son illər, məsələn,
Rusiya-Türkiyə münasibətlərinin
yaxşılaşmasında vasitəçilik edib,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli məsələsində səylər göstərib,
türk ölkələrinin daha sıx inteqrasiyası
üçün böyük addımlar atıb. Bundan əlavə,
Suriya böhranında Türkiyənin və suriyalı
türkmənlərin böyük maraqlarını nəzərə
alaraq, Nazarbayev məlum Astana danışıqları prosesini
başladıb. Eləcə də öz ölkəsinə -
Qazaxıstana müasir və güclü inkişaf müstəvisi
seçib, bölgədə tarazlı və
sayğılı bir siyasət yürüdüb.
Yuxarıda
da qeyd etdiyimiz kimi, N.Nazarbayev Qazaxıstanla Azərbaycan
arasında münasibətlərin qardaşlıq müstəvisində
inkişafına nail olub. Onun vaxtilə söylədiyi bir fikri
diqqətə çatdırıram: “Hesab edirəm ki, ölkələrimiz
müstəqilliyin əldə edilməsi dövrünü
layiqli şəkildə keçirdi. Bu illər bizdən
öncəki nəsillərin müstəqillik
arzularının gerçək olduğu illərdir”.
Nazarbayev
çıxışlarında da vurğulayıb ki, ölkəsi
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli üçün əlindən gələni edir:
“Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və
Gürcüstanla da mehriban münasibətlər saxlayır.
Biz istərdik ki, burada sülh olsun və məsələ
sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni
edirik, necə deyərlər, hamıya məsələnin
sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri
gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan
xalqlarının, eləcə də, bizim hamımızın
maraqlarına cavab verir. Hamımız bir yerdə
yaşayırıq. Biz ticarət etməli, yaşamalı və
inkişaf etməliyik”.
Qeyd edək
ki, vaxtilə ümummilli lider Heydər Əliyev də bu
böyük siyasətçi haqqında yüksək fikirlər
səsləndirib. O, vaxtilə “Nusrultan Nazarbayev böyük təcrübəyə
malik, xalq tərəfindən sevilən siyasətçi və
dövlət xadimidir” demişdi.
Yeri gəlmişkən,
N.Nazarbayevin Azərbaycana səmimi dostluq münasibətlərini
təsdiqləyən bir neçə tarixi faktı
xatırlamaq yerinə düşərdi. 1991-cı ildə məhz
Nazarbayevin təşəbbüsü ilə Rusiya prezidenti
Boris Yeltsin Azərbaycana, eləcə də Dağlıq
Qarabağa səfər etmişdi ki, bu zaman onu müşayiət
edən Nazarbayev bütün görüşlərdə
separatizmin, qanunsuz silahlı dəstələrin fəaliyyətinin
təhlükəli olduğunu dönə-dönə
vurğulayırdı.
Başqa
bir fakt: N.Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında Ermənistan
prezidenti Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına
qoşulacağı təqdirdə BMT-nin rəsmən
tanınmış sərhədlərlə bağlı
prinsiplərinə riayət olunması ilə bağlı
müraciət edib: "Ermənistanın lideri bir məsələni
həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan
sərhədləri çərçivəsində
Gömrük İttifaqına daxil olursunuz". Yəni Ermənistan
Gömrük İttifaqına bir şərtlə daxil ola bilər
ki, Ümumdünya Ticarət Təşkilatının və
Gömrük İttifaqının əsasnamələri
ölkənin beynəlxalq qanunlarla nəzərdə
tutulmuş sərhədləri daxilində qüvvədə
olsun.
Azərbaycanda
N.Nazarbayevə böyük sevgi və ehtiram mövcuddur. Bunun
nəticəsidir ki, ölkəmizdə onun haqqında kitab və
məqalələr nəşr edilir. Buna yeni misal olaraq,
“Nursultan Nazarbayev. Həyat yolu” və “Avrasiyanın ürəyində”
kitablarını göstərə bilərik.
Vüsal Tağıbəyli
Həftə içi.- 2018.- 7-9 iyul.-
S.4.