Daşkənddə Qara Qarayev adına Mədəniyyəti və İncəsənəti Mərkəzi açılıb

 

 

Daşkənddəki Sənət və Mədəniyyət İnstitutunda (SMİ) Azərbaycan mədəniyyəti günü keçirilib və Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı və layihəsi ilə yaradılan mərkəzə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyim və milli musiqi alətlərimiz hədiyyə edilib.

Mərkəzdə Azərbaycan mədəniyyətinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər yerləşdirilib.

Açılış mərasimində məlumat verilib ki, mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsünü daha da genişləndirəcək. Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimizə, musiqimizə dair görüşlər və tədbirlər keçiriləcək.

Azərbaycan mədəniyyəti günü çərçivəsində AMM ilə SMİ arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, təcrübə mübadiləsi aparılacaq.

Mədəniyyəti gününün açılışında institutun prorektoru, professor Davlat Mullacanov dost Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığı üçün AMM-nə öz təşəkkürünü bildirib. O, xarici ölkənin institutlarında ilk mədəniyyət gününün keçirildiyini, bunun iki ölkə arasında mədəni əlaqələr sahəsində yeni imkanlar açacağını bildirib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd və Səmərqənd şəhərlərində dəfələrlə Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini qeyd edib, əsas məqsədin milli mədəniyyətimizin təbliğindən ibarət olduğunu vurğulayıb. Samir Abbasov son zamanlar ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə böyük inkişaf əldə etdiyini, mədəniyyət, turizm sahəsində də uğurlar qazandığını qeyd edib.

O, Bakının mədəni həyatının olduqca zəngin olduğunu, gün ərzində mədəniyyət sahəsində çoxsaylı və rəngarəng tədbirlərin keçirildiyini, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanına çevrildiyini vurğulayıb. O, erməni işğalı nəticəsində Azərbaycan mədəniyyətinə dəyən ziyan və milli mədəni irsimizin dağıdılması haqqında da məlumat verib.

Sonra S. Abbasov iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə institutun rektoru, professor İbrahim Yuldaşova Mədəniyyət Mərkəzinin fəxri diplomunu və öz unikallığı ilə seçilən Azərbaycan xalça sənətini özündə əks etdirən “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində və digər işğal olunmuş torpaqlarda tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.

Bədii hissədə institutunun tələbələri Qarabağın milli geyimlərini nümayiş etdirib. Qeyd edək ki, “Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilən geyimlər AMM-nin kolleksiyasına aiddir.

Tədbirdə böyük Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən səhnələr nümayiş olunub, AMM-nin nəzdindəki “Azərbaycan qızları” və oğlanlardan ibarət “Süvari” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən instituta göndərilən nəşrlər kitabxanaya təqdim edilib.

 

Həftə içi.-2018.-2 mart.-S.8.