İbtidai siniflərin
oxu bacarıqları
Beynəlxalq
sorğunun nəticələrinə
görə, Azərbaycan
məktəblilərinin göstəricisi
2011-ci illə müqayisədə
10 bal artıb
“Oxu bacarığının
inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə
görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə
oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə
müqayisədə, 462 baldan 472 bala yüksəlib və ya 10
bal artıb”. Bu fikirləri Təhsil Nazirliyinin Təhsilin
inkişafı proqramları şöbəsinin müdiri Emin
Əmrullayev Azərbaycanın oxu bacarığının
inkişafı üzrə beynəlxalq tədqiqatın - PIRLS
2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin
nəticələrinin ictimaiyyətə təqdimat mərasimində
bildirib. O deyib ki, ibtidai təhsil səviyyəsinin sonunda
şagirdlərin oxu bacarıqlarını qiymətləndirən
beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən
başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan
bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin
şagirdlərinin iştirak
etdiyi bu qiymətləndirmə tədqiqatında
ölkələr üzrə
orta bal 500 bal olaraq müəyyən
edilir.
E.Əmrullayev qeyd edib ki, Azərbaycan
PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə
Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq
Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq
qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq
qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin
qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə
ölkədə təhsil prosesi haqqında məlumat əldə
etməyə, həlli tələb olunan əhəmiyyətli
problemləri araşdırmağa, nəticələrin beynəlxalq
təcrübə ilə müqayisəsinə imkan yaradır.
Onun sözlərinə görə, PIRLS 2011 tədqiqatının
nəticələri ilə müqayisədə azərbaycanlı
şagirdlərin “mükəmməl” səviyyəyə daxil
olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər
artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il
ilə müqayisədə
9 faizdən 2016-cı ildə
16 faizə yüksəlib.
Başqa sözlə,
ölkə üzrə
son 5 ildə “mükəmməl” və
“yüksək” səviyyəyə
uyğun nəticə
göstərmiş ibtidai
sinif şagirdlərinin
sayı 2 dəfə artıb. “Aşağı”
səviyyəyə uyğun
nəticə göstərmiş
şagirdlərin payı
37 faizdən 27 faizə
enib və ya 10 faiz azalıb.
E.Əmrullayev bildirib ki, PIRLS 2016
proqramına ümumilikdə 60 iştirakçı ölkə
(ştat, zona və s.) üzrə 340.000-dən çox
şagird, 330 000 valideyn, 16 000 müəllim, 12 000 məktəb
cəlb olunub. Azərbaycan
üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil
məktəbi, 6000-dən çox
4-cü sinif şagirdi,
340 müəllim və
6000-dən çox valideyn
iştirak edib.
Şöbə müdiri həmçinin
deyib ki, aparılan sorğuların nəticələrinə
görə, Azərbaycanda şagirdlərin dərsə həvəslə
gəldiyi məlum olub.
Onun sözlərinə görə,
adıçəkilən tədqiqata cəlb olunan 6000-ə
yaxın 4-cü sinif şagirdinin dərsə davamiyyəti
yüksək səviyyədə olub. Bu
şagirdlərin 55 faizi
həmişə dərsə
gəlib. Şagirdlərin
24 faizi ayda bir dəfə, 6 faizi 2 həftədə bir dəfə, 15 faizi isə həftədə bir dəfə və çox dərs buraxıb. Azərbaycanda həftədə bir dəfə, yaxud 2 həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə
gündəlik dərsə
gələn şagirdlərin
göstəriciləri arasında
40 bala qədər fərq var.
E.Əmrullayev əlavə edib ki tədqiqata
cəlb olunan şagirdlərin 88 faizi özünü məktəbə
bağlı hiss edir. Bu,
ümumi PIRLS orta göstəricisindən yuxarıdır.
Yeri gəlmişkən, Azərbaycanın
təhsil sektoru bu il daha bir beynəlxalq səviyyəli tədqiqat
proqramında iştirak etməyə hazırlaşır. Belə ki, 2018-ci ildə ölkəmiz PISA (The Programme
for International Student Assessment) beynəlxalq
qiymətləndirmə tədqiqatında
iştirak edəcək. Qeyd edək
ki, bu məsələ
“Azərbaycan Respublikasında
biznes mühitinin əlverişliliyinin artırılması
və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata
keçirilməsinə dair
Tədbirlər Planında
öz əksini tapıb.
Xatırladaq ki, təhsil nailiyyətlərinin qiymətləndirilməsi
üzrə tədqiqat
- TİMSS, PIRLS kimi beynəlxalq
tədqiqat proqramları
orta məktəblərdə
aparılan ən perspektivli araşdırmalardan
hesab olunur. Beynəlxalq proqramın əsası
2008-ci ildə 50 yaşı
tamam olan Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi
Mərkəzində hazırlanıb.
Hazırda 60-dan çox ölkə
TİMSS, PIRLS, PISA və s. müxtəlif beynəlxalq
müqayisəli tədqiqatlarda
iştirak edir.
TİMSS, PIRLS beynəlxalq qiymətləndirilməsi
zamanı ibtidai təhsilin IV və orta təhsilin VIII sinif şagirdlərinin təhsil nailiyyətləri
qiymətləndirilir, riyaziyyat
və təbiətşünaslıq
fənlərinin tədrisi,
oxuyub təhliletmə
bacarığı, təhsil
müəssisələri, müəllimlər,
şagird və valideynlər, onların əhatə olunduğu mühit və digər faktorlar öyrənilir. Tədqiqatın
bu şəkildə aparılması müxtəlif
ölkələrdə şagird
nailiyyətlərinin müqayisəli
şəkildə qiymətləndirilməsinin
həyata keçirilməsinə,
riyaziyyat və təbiətşünaslıq fənlərinin
tədrisində keyfiyyət
dəyişmələrinin tendensiyasının üzə
çıxarılmasına, ibtidai təhsildən sonrakı səviyyədə
riyaziyyat və təbiətşünaslıq fənlərinin
tədrisində baş
verən dəyişikliklərin,
oxuma-təhliletmə bacarığının
inkişafının izlənilməsinə
(4 ildən sonra IV sinif şagirdləri VIII sinifdə oxuyacaqlar, bu səbəbdən şagirdlərin sonrakı
göstəriciləri də
tədqiq olunur), riyaziyyat və təbiətşünaslıq fənn
proqramlarının, eyni
zamanda müxtəlif ölkələrin təhsil
prosesinin təşkilinin
əsasları haqqında
məlumatların toplanılmasına
imkan verir. TİMSS, PIRLS testləri əksər iştirakçı
ölkələr üçün
tədrisin keyfiyyətinin
qiymətləndirilməsi baxımından
müasir dövrün
standartlarına cavab verən suallardır.
Bununla yanaşı, araşdırmalarda
bir çox ölkələrin təhsil
proqramlarının çərçivəsindən
kənara çıxan,
lakin mütəxəssislərin
fikrincə, çağdaş
zamanda həyat üçün önəmli
sayılan suallara da rast gəlinir. TİMSS, PIRLS layihəsinin həyata keçirilməsində
dünyanın bir çox elmi-tədqiqat mərkəzləri və
peşəkar təşkilatları
iştirak edib. Məsələn, Təhsil
Sahəsində Testləşdirmə
Xidməti (ETS - Educational Testing Servise, ABŞ), Kanada Statistika Mərkəzi
(Statistics Canada), Təhsil Nailiyyətlərinin
Qiymətləndirilməsi Beynəlxalq
Birliyinin katibliyi
(İEA, Hollandiya), Təhsil
Nailiyyətlərinin Qiymətləndirilməsi
Beynəlxalq Birliyinin Məlumatların Emal olunması Mərkəzi
(DPC İEA-DATA Processing Center İEA, Almaniya)
və s. adıçəkilən
mərkəzlərlə yanaşı,
50 ölkənin aparıcı
mütəxəssisləri də həmin prosesdə iştirak edib. Bu, nəinki
aparılan tədqiqatı
yüksək keyfiyyətlə
təmin edir, eyni zamanda təhsil
nailiyyətlərinin qiymətləndirilməsində
istifadə olunan, təcrübədə beynəlxalq
standartların əsasında
yoxlanılmış yeni
yanaşmaların formalaşmasına
da imkan yaradır.
PIRLS beynəlxalq qiymətləndirməsinə gəldikdə
isə bu, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən
beynəlxalq tədqiqat
proqramıdır. PIRLS tədqiqatı Şagirdlərin
Təhsil Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə
Beynəlxalq Assosiasiya
tərəfindən 2001-ci ildən
başlayaraq hər beş ildən
bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin
şagirdlərinin iştirak
etdiyi bu qiymətləndirmə tədqiqatında
ölkələr üzrə
orta bal
500 bal olaraq müəyyən edilir.
Mövzu ilə bağlı fikirləni bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, son illər
beynəlxalq təcrübədə
təhsilin keyfiyyətini
ölçmək məqsədilə
müxtəlif məzmunlu
qiymətləndirmə proqramlarının
nəticələrindən istifadə daha da aktuallaşıb: “Müasir
dövrdə 15 yaşlı
şagirdlərin həyati
bacarıqlarını qiymətləndirən
PISA (Beynəlxalq Şagird
Qiymətləndirilməsi Proqramı),
şagird nailiyyətlərini
kurikulum üzrə ölçən TIMSS (Riyaziyyat
və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə
Proqramı) və
PIRLS (Oxu Bacarıqlarının
keyfiyyətini tədqiq
edən Beynəlxalq Qiymətləndirmə Proqramı)
proqramlarının nəticələri
təhsildə beynəlxalq
keyfiyyət indikatorları
kimi qəbul olunur. Beynəlxalq qiymətləndirmənin nəticələri əsasında
aparılan təhlillər
göstərir ki, hər bir ölkənin
iqtisadi artımı ilə həmin ölkədə təhsilin
keyfiyyəti arasında
sıx bağlılıq mövcuddur.
Məsələn, PISA üzrə nəticələrin
15 faiz yüksəlməsi
ÜDM-nin iki faiz artmasını şərtləndirir. Yəni,beynəlxalq qiymətləndirmə
ölkənin təhsil
səviyyəsini digər
dövlətlərlə müqayisə
etmək imkanı yaradır. Bu baxımdan
belə sorğularda iştirak etmək və əldə olunan nəticələrə
uyğun addımlar atmaq vacibdir”.
Sevinc
Həftə
içi.-2018.-6 mart.-S.6.