Kamil
Cəlilovun 80 illik yubiley gecəsi keçirilib
Beynəlxalq
Muğam Mərkəzində görkəmli qoboy
ifaçısı, Xalq Artisti, “Şərəf” və
“Şöhrət” ordenli Kamil Cəlilovun 80 illik yubiley gecəsi
keçirilib.
Hafta.az-ın Mədəniyyət və
Turizm Nazirliyinin saytına istinadən məlumatına görə,
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin
aparıcılığı ilə keçən tədbirdə
Kamil Cəlilovun ömür yolundan bəhs edən, həmçinin
dostlarının, tanınmış elm və mədəniyyət
xadimlərinin onun barədə fikirlərinin əks
olunduğu videoçarxlar nümayiş etdirilib.
Yubiley gecəsində
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev sənətkarın
Azərbaycan milli ifaçılıq sənətinin
inkişafı və təbliği istiqamətində
gördüyü işlərdən danışıb. Bildirib
ki, Bakıda dünyaya göz açan Kamil Cəlilov Azərbaycan
milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi,
özünəməxsus orijinal üslubu olan mahir qoboy
ifaçısıdır. Azərbaycan Dövlət
Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə
başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi
sayəsində qısa müddətdə xalq musiqi incilərini
dərindən öyrənib və ifaçılıq məharəti
ilə milli musiqimizi zənginləşdirib.
Qeyd edilib ki, istedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi dünyanın müxtəlif ölkələrində məharətlə təqdim etməklə musiqimizin təbliğində böyük xidmətlər göstərib.
Qoboy ifaçısının
pedaqoji fəaliyyətindən söz açan nazir müavini
bildirib ki, o, uzun illər İncəsənət
Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə
məşğul olub, milli ifaçılıq məktəbinin
ənənələri əsasında səy və
bacarığını gənc ifaçıların
yetişdirilməsinə sərf edib.
Diqqətə çatdırılıb ki, milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamil Cəlilov 1989-cu ildə Azərbaycanın Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, bu il fevralın 2-də isə 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Sonra Ədalət Vəliyev yubilyara “Şərəf” ordenini təqdim edib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev çıxış edərək sənətkarın bənzərsiz yaradıcılığından danışıblar. Qeyd edilib ki, adı kimi sənətinin mahir bilicisi olan sənətkarın yaradıcılığında iki keyfiyyət birləşib - biri istedad, digəri isə zəhmətkeşlikdir. O, repertuarında bəstəkar əsərləri, xalq mahnıları, muğamlarla yanaşı, dünya musiqisinə də müraciət edib. Sənətkarın ifa etdiyi "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və "Qarabağ şikəstəsi" muğamları musiqisevərlər tərəfindən hər zaman sevilərək dinlənilir.
Yubiley gecəsi konsert proqramı ilə davam edib. Gecədə
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri
Ansamblının müşayiəti
ilə bəstəkar
və xalq mahnıları ifa olunub.
Sonda çıxış edən
yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Həftə içi.-2018.-3-5 mart.-S.8.