V Beynəlxalq Muğam
Festivalı başlayır
Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar
İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq
Muğam Festivalı keçiriləcək. Festivalın bədii
rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar
İttifaqının sədri, professor Firəngiz Əlizadədir.
Bəstəkarlar İttifaqından bildirilib ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq elmi simpozium və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və digər ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.
Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq. Tədbirdə tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə, Toğrul Əsədullayev və başqaları iştirak edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-10-da “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.
Azərbaycan Milli Konservatoriyasında mart 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.
Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.
Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası təqdim olunacaq. Tamaşa ilk dəfə 2017-ci il mayın 18-də Fransada, UNESCO-nun mənzil-qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr edilmiş tədbirdə nümayiş edilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.
Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.
Festivalın təntənəli
bağlanış mərasimi isə martın 14-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında təşkil
olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii
rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri
çıxış edəcəklər.
Naibə
Həftə içi.- 2018.- 1 mart.-
S.8.