Beş günə 2276 qadının və 2196

uşağın sonuna çıxan MART SOYQIRIMI

 

Bir neçə həftədən sonra erməni daşnakları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilən soyqırımın yüz ili tamam olacaq. Artıq ölkə prezidenti prezident İlham Əliyev də 31 Mart Azərbaycanlıların soyqırımı Gününün 100 illiyinin ölkə miqyasında keçirilməsi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

 

Soyqırım haqqında qısa arayış:

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı SovetiDaşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar – faktiki olaraq soyqırımlar törədilir. Rəsmi mənbələrə əsasən təkcə 5 gün ərzindəki soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilir. On minlərlə insan itkin düşür. Tarixçilər hesab edirlər ki, onların – itkin düşənlərin bir çoxu Hamazasp, Drobaşqa daşnak cəlladlarının əmri ilə kütləvi məzarlıqlarda basdırılıb. Quba rayonu ərazisində stadion tikilişi zamanı üzə çıxan toplu məzarlıq da bu fikirləri əyani şəkildə isbat edir.

 

Soyqırımın törədilmə səbəbi

 

Zaman-zaman erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

 

Soyqırımla bağlı ilk araşdırma-təhqiqat komissiyası

 

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günüelan edilib. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:

 

AXC Təhqiqat komissiyasının hesabatından:

“1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb. Əhalisi məhv edilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək öldürülüb. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini dağıdıb. 3257 kişi, 2276 qadın 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı soyqırıma məruz qalıb, yəni öldürülb. Bir çox insan şikəst edilib. 50000 azərbaycanlı qaçqın düşüb”.

 

29 aprel tarixli başqa bir hesabatdan çıxarış:

İrəvana yolladığımız təhqiqat qrupu oradan həyəcanlı xəbərlər gətirib. İstintaq materialları dəhşətli faktlarla doludur; İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib. Kəndlər isə yerlə yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb əhalisi ucdantutma, son nəfərinə qədər qurşuna düzülüb”.

 

Soyqırım öncəsi Azərbaycanda siyasi xaos...

 

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirir. Etnik erməni olan Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etməyə başlayır.

Elə bu sıralarda - 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlir. Milyonçunun oğlu Məhəmməd Tağıyev isə Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdi. Onun dəfn mərasimi 27 mart gününə təyin olunmuşdu.

General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdı:

31 Mart soyqırımın əsas təşkilatçılarından olan Stepan Şaumyan

 

Hörmətli yoldaş Şaumiyan!

 

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.

Çətinliklər gözlənilməzdir indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostalara xoş arzular və salamlar! Hörmətlə, V. Ulyanov (Lenin)”.

Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınırlar. Nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlayır. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam edir. Beləliklə, tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalır.

Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına böyük zərbə vurdu. Beləliklə, Azərbaycan Demokratik Respublikasının – Xalq Cümhuriyyətinin yaranması üçün, sosial-psixoloji zəmin yarandı.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi. Onu Rusiya İmperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə təhrik etdi. Daha doğrusu, başqa çıxış yolu qoymadı. Bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Onu da qeyd edək ki, bu soyqırım təkcə Bakı ilə əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

 

Hadisələrin gedişi

 

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladı. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar.

Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.

1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərir. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir.

 

İlk güllə və 5 günlük qırğın...

 

Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

 

Soyqırımın ən dəhşətli günü: 31 Mart...

 

Təkcə Bakıda 31 mart günü 900-1100 arası dinc sakin süngüdən keçirilir. Öldürülənlərin bir çoxu məhəllə məscidlərinə toplanılır, yandırılır və ya süngündən keçirilir. Çəmbərəkənd tərəfdə kütləvi məzarlıqlarda dəfn edilirlər. Sonradan onların bir qismi kütləvi məzarlıqlardan çıxarılır və müsəlman adət-ənənələrinə uyğun dəfn edilir.

Hadisələrin şahidi olmuş rus əslli fotoqraf Vasili Pavlov Bakı qırğınları haqqında yazarkən bunları qeyd edir:

“Mart ayının 31-i günü Bakının mərkəzi küçələri meydlərlə dolu idi. Erməni silahlı dəstələri və kommuna milisləri dinc sakinlərə belə aman verməmişdi. Çadralı qadınların meyidlərini görüncə heyrətdən tüklərim ürpəşirdi. Bəzilərinin cəsədləri qorxunc hala salınmışdı. Bir ananın dörd övladı ilə birgə öldürüldüyünün şahidi oldum. Onların cəsədlərini uzaqdan çəkdim. Yaxına getməyə ürək etmədim. Çünki çevrələri qan idi”.

1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayəndələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı Sovetinə, şəxsən Şaumyana müraciət edir və tam təslim əlaməti olaraq ağ bayraqlar qaldırdılar. Azərbaycanlıların təslim olması ilə kifayətlənməyən bolşeviklər və daşnaklar “Müsavata” və Müsəlman Milli Şurasına ultimatum təqdim edirlər. Ultimatumda müsəlmanlardan açıq şəkildə və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların “Vəhşi diviziya” adlanan hərbi hissəsini Bakı və onun ətraf kəndlərindən çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolunu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilir.

Bu sonuncu tələblər absurd xarakter daşımaqla azərbaycanlı milli qüvvələrin imkanları xaricində olsa da, qan tökülməsinin dayandırılması və şəhərin dinc azər-baycanlı əhalisinin həyatının mühafizəsi xətrinə ultimatum elə həmin gün “Müsavat” rəhbərliyi tərəfindən qəbul olunur. Lakin, elan edilmiş barışığa baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsinə son qoyulmur. Bakıdakı xarici missiyaların, xüsusilə İran konsulunun hadisələrin gedişinə müdaxilə etmək və sonradan məlum olduğu kimi, mart hadisələri zamanı çoxlu sayda İran vətəndaşlarının – etnik azərbaycanlıların həlak olduğu qırğınların qarşısını almaq səyləri də heç bir nəticə vermir.

Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir:

Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.

Tarixçilər hesab edir ki, milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdi. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-da və 31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.

 

Tural Turan

 

Həftə içi 2018.- 15 mart.- S.4.