Novruz – ölkələr

arasında sülh körpüsü

 

Uşaqlıq illərindən həyatımızın ən sevincli günü hesab etdiyimiz Novruz Azərbaycanda və bütövlükdə bölgəmizin digər dövlətlərində tarix boyu ən müqəddəs bayram sayılıb. İslam şərqində yeni ilin gəlişini, eləcə də baharın müjdəsini verən Novruz çoxlu müsbət cəhətləri, insanlıq üçün xeyirli məziyyətləri ilə hamının ürəyində yer tutub.

Amma bir məqam var ki, bəziləri bu günə dini, bəziləri müasirlik, digərləri isə elmi baxımdan rəng qatır. Eyni zamanda, ziddiyyətli siyasət yürüdən bölgə xalqlarının hər biri Novruzu özününkü hesab edir. Əslində isə Novruzun iki mənası var. Birincisi, yatan təbiətin oyanması nəticəsində dəyişən iqlimlə birlikdə təbiətdə yaranan gözəlliklər, ikincisi isə bütün canlılarla birlikdə insanların da hislərinin canlandığı, təzələndiyi, rəngləndiyi və coşquya çevrildiyi andır. Novruz fars sözü olub, yeni gün mənasını verir. Novruz ilin ilk günüdür. Neçə min ildir ki, türk millətimiz bu günü bayram olaraq qeyd edir. İkincisi - dini mənası isə həzrət Adəmin cənnətdən çıxarıldıqdan sonra Həvva ilə görüşməsinə bağlıdır. Yəni deyirlər onlar məhz bu gün görüşüblər. Yenə Nuh peyğəmbərin tufandan, İbrahim peyğəmbərin atəşdən, Musa peyğəmbərin dəniz sularından nicat tapması, firon ordusunun isə dalğalara qərq olması məhz bu günə təsadüf etməkdədir. Bir məsələ də var ki, adlarını çəkdiyimiz peyğəmbərlərin xilası məhz insanlığın qurtuluşu sayılmalıdır. Bunlar isə təbii ki, yalnız alqışlanmağa, bayram kimi qeyd olunmağa layiq hadisələrdir. Bəlkə də türk millətimiz Novruzu həmin səmavi dinlərdən götürərək indiyədək özünün müqəddəs bayramına çevirib.

Yeri gəlmişkən, Novruzu həm türk, həm də farsdilli xalqlar, eyni zamanda ərəb ölkələrində də milli bayram olaraq qeyd edirlər. Maraqlıdır, bu halda Novruz türk millətinin bayramıdır, farslarınmı, yoxsa ərəblərinmi? Qeyd edək ki, Novruz Türkiyədə el şənliyi formasında, digər türk dövlətlərində isə rəsmi bayram olaraq qeyd edilir. Baharın gəlişini, təbiətin oyanışını insanlara müjdə verir Novruz. Ümumilikdə götürsək, Novruz türk tayfaları arasında eramızdan əvvəl VIII əsrdən başlayaraq bugünki günədək hər ilin 21 mart tarixində bayram olaraq qeyd edilir. Onu da qeyd edək ki, on iki heyvanı əks etdirən türk təqvimində, eləcə də Məlik şahın Cəlali təqvimində yeni ilin başlanğıcı olaraq göstərilən 21 mart tarixi, Divanü Lüğətit-türkdə də yazın gəlişi kimi diqqətə çatdırılır. Hətta Novruz türk ədəbiyyatı və musiqisinə də Novruzi Əsl, Novruzi Ərab, Novruzi Bəyati, Novruzi Hicaz, Novruzi Əcəm və Novruzi Səba kimi daxil olub. Eyni zamanda, Novruz həm də tarix boyu bir çox dövlət tərəfindən bayram və el şənliyi olaraq qeyd edilib. Bunlardan ən əsasları Anadolu bəylikləri, qədim Misir, İran, Səfəvilər, Sasanilər, Moğollar, Səlcuq və nəhayət Osmanlı dövlətidir. Onu da bidirim ki, Səlcuq və Osmanlı dövlətlərində milli bayram kimi qeyd edilən Novruz, Novruziyyə adlı şeir və şənliklərlə, ziyafətlərlə qarşılanırdı. Xüsusi olaraq hazırlanan Novruziyyə adlı məcun Osmanlı zamanından qalan bir mədəniyyət ünsürü kimi bu gün də, Manisada 21 Martda Məsir məcunu şənlikləri keçirilməkdədir.

Bu yerdə onu da deyək ki, Novruzu milli, yaxud da dini baxımdan incələməkdənsə, ona hər iki tərəfi birləşdirərək vahid prizmadan yanaşmaq daha düzgün olardı. Bu halda bayramın mahiyyətini daha asan başa düşmək mümkündür. Çünki hər iki vəziyyət insana birliyi, əməkdaşlığı, sülhü, qardaşlığı, təbiəti sevməyi və qorumağı yaradılışın qayə və məqsədlərinə uyğun, məsuliyyətlə davranmağı aşılamaqdadır. Novruzla bağlı xalqların yaddaşında yaşayan bir sıra inancların özü fəlsəfədir. Məəslən, bayramda yeddi çeşit meyvənin alınmasının xüsusi mənası var. Göy qurşağını xatırlatsın deyə biz ona "Fatma ana qurşağı" da deyirik. Bu bizim üçün bolluğun və bərəkətin, eyni zamanda, qışın tək rəngliliyindən xilas olub, baharın çox rəngliliyinə keçidin göstəricisidir. Bilmək lazımdır ki, çoxnövlülük insan övladı üçün böyük bir zənginlik qaynağıdır. İnsanlar, güllər, yeməklər və sair nemətlər, necə ki, hər biri təklikdə cəlbedici deyil, amma onlar bir yerdə vəhdət yaradarsa, bu halda insanın diqqətini o qədər çox çəkəcək. Yaxud da, göyərtdiyimiz səmənilərdən aş bişirərik. Bugünkü tibb elmi bunun insanın sağlığına çox böyük fayda verdiyini isbatlayır.

Əslində Novruza dini müstəvidə yanaşanda da ancaq xeyir görürük. Novruz zamanı Ramazan ayında olduğu kimi, zənginlər kasıblara əl tutur, acların qarnını doyurur, sədəyə paylayır və sair. Novruz bayramı günlərində həm də ölülər yad edilir. Hansı ki, dünyada çox şeylər üçün bayramlar və ya anım günləri elan edilib, amma ölülər üçün belə bir tarix müəyyən olunmayıb. Bizdə isə Novruz bayramından öncə hamılıqla qəbiristanlığa gedilir, Quran oxunur, ehsanlar paylanılır.

İstər-istəməz Novruzun mənəvi baxımdan bölgə xalqlarını bir araya gətirdiyinin də şahidi oluruq. İndi qalır bu bayramı qeyd edən ölkələr arasında siyasi bağ qurmaq. Əslində Novruz dünyəvi mahiyyət daşıdığına, sülh, qardaşlıq bayramı olduğuna görə, ölkələrin siyasi müstəvidə bir araya gəlməsi üçün güclü rol oynaması mümkündür. Hazırda bütün yer üzündə böyük bir problemə çevrilən ekoloji məsələlər hansısa bir zirvə toplantısında müzakirəyə çıxarıla bilər. Bax, Novruz bunlar üçün ələdüşməz fürsətdir. Bəlkə də Novruzun ikinci adı dünyada sülh günü olmalıdır.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 20-27 mart.- S.7.