Tarix, mətbəx, turist

baxımından zəngin məkan - Şəki

 

Qırmızıkirəmitli damları, daşdöşəməli küçələri, hətta qoxusu ilə Şuşaya bənzəyir Şəki. Zəngin, isti, qonaq-qaralı, çal-çağırlı... Qədim şəhər bayram günlərində bir başqa doğmadır. Hər yerdən ədviyyat, şirinlik qoxusu gəlir. Təkcə ona görə yox ki, şəhərin başından-ayağına küçələrində məşhur Şəki şirniyyatları - bamiyə, burma, paxlava satılan şirniyyat mağazaları ilə zəngindir.

Həm də ona görə ki, Şəki insanları, təbiəti, ləhcəsi ilə doğmadır. Bura Azərbaycanın az rayonlarındandır ki, artıq turist qəbul etməyə öyrəşib. Odur ki, qonağa yol göstərmək, kömək etmək, taksi çağırmaq burada həyat tərzinə çevrilib. Qonağa Şəkini tanımaq “əziyyətini” də çəkməyə qoymurlar. Küçədə nabələd adam gördülərsə tez başlayırlar tarixi abidələridən söz açmağa, görmək istəyib-istəmədikləri ilə maraqlanmağa. Və... sən qərar verənə qədər taksini qarşında hazır görürsən. Bu da müştəri tapmağın Şəki üsuludur.

Biz də elə bu üsulla Şəkinin tarixi məkanı – Kiş kəndindəki qədim alban məbədini görmək qismət oldu. Təsadüfən tanış olduğumuz misgər mütləq Kişə getməli olduğumuzu məsləhət gördü və onda gördük taksi qarşımızdadır.

 

 “Kiş çayı qudurğan çaydır, coşdusa, yuyub-aparır”

 

Kiş kəndi Şəkidən cəmi ondəqiqəlik uzaqlıqdadır. Taksi sürücümüz Cəlil dayı deyir ki, burada onun daimi müştəriləri var. O, Bakıdan gələn qonaqlara da münasib qiymətə xidmət göstərir.

Sonra bir kağız parçasına yazılmış nömrəsini verib deyir: "Nə vaxt Şəkiyə gəlsəniz, sizi gəzdirməyə hazıram. Özü də məni burada hamı tanıyır. Hər yerə də münasib aparacağam sizi. Təhlükəsizliyinizə də mən zəmanət verirəm. Mənim yanımda kimsə sizə bir söz deyə bilməz".

Cəlil dayı ilə söhbət zamanı məlum olur ki, Şəkiyə Bakıdan və dünyanın başqa ölkələrindən də turistlər gəlir və qiymətlər də insanların büdcəsinə uyğun hesablanıb: "Məsələn, burada gecəsi 150-200 manata da otel var, 70 manata da. Gecəsi 200 manatlıq olan oteldə xidmətlərə hər şey daxildir. Yemək-içmək, əyləncə. 70 manatlıq otellərdə isə təkcə səhər yeməyi verirlər".

"Yox, əgər belə hotellərdə qalmaq istəmirsinizsə, gecəsi 10-20 manata olan evlərimiz də var. Orada hər şey təmizdir. Şərait var. Bircə sənə samovar çayı verirlər. Qalan hər şeyi özün edirsən. Yeməyini al, bişir, çayını qaynat, iç. Heç kim sənə heç nə demir. Əgər yataqlardan xoşun gəlməsə, özünlə yataq üzlükləri gətir. Tər-təmiz və münasib", — sürücü deyir.

O, Kiş çayının üzərindən keçəndə "Kiş çayı qudurğan çaydır, coşdusa, yuyub-aparır", - deyir.

 

Turistlərin Kiş sevgisi

 

Dolanbac yollarla gəlib Kiş kəndindəki qədim Alban məbədinə çatırıq. Öyrənirik ki, bura ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir.

Ötən il məbədi 16 min 125 turist ziyarət edib. Turistlərin sayı əvvəlki illə müqayisədə 3 min nəfərdən çox artıb. İl ərzində Kiş məbədinə dünyanın 64 ölkəsindən turist gəlib.

Bunu isə bizə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova dedi. Direktorun bildirdiyinə görə, ötən il məbədi ziyarət edənlərin 7 min 200 nəfəri xarici turistlər olub. 2016-cı ildə isə məbədi 4 min 700 nəfərə yaxın xarici turist ziyarət etmişdi.

Ümumiyyətlə, 2017-ci il ərzində Kiş alban məbədini ziyarət edən xarici turistlər arasında Rusiyadan gələnlər üstünlük təşkil edib – 1190 nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Birləşmiş Ərəb Əmirliyindən 860 nəfər, Almaniyadan 722 nəfər, Cənubi Koreyadan 580 nəfər, İsraildən 506 nəfər, Polşadan 390 nəfər, ABŞ-dan isə 380 nəfər ziyarət edib. İl ərzində Fransa, İtaliya və Çin Xalq Respublikasından da Kiş məbədinə xeyli sayda turist gəlib.

 

Boyu iki metrdən uzun insan skeleti

 

Məbədin içərisinə daxil olarkən, sanki tamamilə başqa bir auraya düşürsən. Buradakı ruhaniyyat havası istər-istəməz insanın ruhunu ağuşuna alır. Elə bu ovqatda alban qəbirlərini, muzey eksponatlarını gözdən keçiririk. Bələdçinin dediyinə görə, məbəd kilsənin qülləsi, qülləyə bitişik divarlar yerli materialla - şırım daşla hörülüb və kirəclə suvanıb. Məbəd ərazisini əhatə edən divarların qalıqları indi də qalmaqdadır. Divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir.

Bütün bunlar bu məkanın sadə bir ibadətgah yox, bölgədə tanınmış müqəddəs dini mərkəz olmasından xəbər verir. Qafqaz Albaniyasının ən möhtəşəm abidələrindən sayılan bu məbədin ərazisində aparılan arxeoloji qazıntılar zamanı bir sıra qəbirlər aşkar edilib. Tədqiqatların gedişində sübut olunub ki, bu qəbirlərin tarixi tunc dövründən başlayaraq son orta əsrlərə qədər böyük bir zamanı əhatə edir. Buradakı sərdabələr və içərisində olan skeletlər insanda daha böyük maraq oyadır. Sərdabələr haqda məlumat verən bələdçi məbəddəki sərdabələrdə üst-üstə 7 nəfərin dəfn olunduğunu dedi: “Sərdabə bir neçə insanın dəfn olunduğu yerə deyirlər. Əgər İslama görə bir yerə yalnız bir müddət sonra yeddi insanı dəfn etmək mümkün idisə, sərdabə haqqında eynisini demək mümkün deyil. İstər bir insanın dəfnindən 3 gün, istərsə də 1 ay keçsin, həmin sərdabə açılır və digər insan onun üstündən dəfn olunur. Bu sərdabədə dəfn olunan insan sümükləri hələ də qalmaqdadır. İlk sərdabədə basdırılan insanın boyu 2 metr, 2 metr 20 santimetr olub”.

 

Əhalinin müqəddəs məbədi

 

Məbədin divarının qırağında olan qəpiklər də diqqətimizdən yayınmır. Öyrənirik ki, məbədin qülləsinin divarlarına dəmir pul yapışdırmaq adəti var. Bura gələn insanlar ürəklərində niyyət tutur və əllərindəki qəpikləri divara doğru atırlar. Əgər pul divara yapışsa, demək, həmin adamın niyyəti həyata keçəcək. Ürəyində tutduğun niyyət reallaşarsa, təkrar bura qayıtmalı və yenidən pul qoymalısan. Dəmir pulların divara yapışmasının səbəbinə gəlincə isə, bu qüllənin divarlarının üç tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malik olması ilə əlaqədardır. Pulların divara yapışmasını nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi və qüllə daxilində hava cərəyanı ilə izah edirlər.

Belə magik xüsusiyyətlərinə görə məbəd-kilsə ocaq, pir, ziyarət kimi müqəddəs yerlərdən hesab olunur. Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş var. Yeriməyən, dil açmayan və ya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün oturtmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.

 

Səkkiz saata bişən yemək

 

Şəkini məşhur edən təkcə tarixi deyil, həm də mətbəxidir – şirniyyatı və ən əsası Şəki pitisidir. O Şəki pitisi ki, bundan zövq almaq üçün təkcə yeməyin qaydasında bişirilməyi deyil, həm də yeyilmə qaydası şərtdir. Necə ki, biz bu formulu öyrəndik.

Şəkidə demək olar ki, bütün yeməkxanalarda, restoranlarda piti satılır. Çox da baha deyil – adambaşına cəmi 5 manat.

Aşpaz Cəlalət xanım deyir ki, pitinin hazırlanma müddəti 8 saat çəkir: "Əvvəlcə noxud suda isladılır, yumşaldıqdan sonra qablara yığılır. Üzərinə 4-5 tikə ət ilə 2 tikə quyruq və soyuq su əlavə edilib, ocağa qoyulur. Kəf çıxdıqca yığılır. Sonra xırda-xırda doğranmış soğanlar qaba tökülür, duz əlavə edilib, asta odda bişirilir. Mövsümdən asılı olaraq, pitiyə təmizlənmiş şabalıd da atmaq olar. Piti 8 saata hazır olur”.

Süfrəyə veriləndə isə mütləq pitinin yanında soğan və sumax olmalıdır. Aşbaz deyir ki, pit həm birinci, həm də ikinci yemək hesab edilir: "Belə ki, birinci yemək kimi onun suyu süzülür, içinə çörək doğranır, sumax vurulub yeyilir. Ətlə noxud isə əzilib, püre halına gətirildikdən sonra ikinci yemək kimi yeyilir. Yeməkdə quyruq olduğu üçün onu əzib qarışdırmadan yemək mümkün olmur".

 

Şəki şirniyyatı

 

Piti kimi Şəkinin halvası, bamiyəsi də məhşurdur. Şəkidə şirniyyat, halva satışı ilə məşğul olan bir çox mağaza var. Amma alıcı hər zaman gözü önündə bişən şirniyyata üstünlük verir.

Biz də şirniyyatın həm bişirilib, həm də satıldığı mazağalardan birinə daxil oluruq. Qiymətlər çox da baha deyil. Hətta deyərdim ki, Bakı ilə müqayisədə çox ucuzdur. Bir qab bamiyə 2-3 manata satılır. Halvanın kilosu 7 manat, paxlavanın kilosu qoz, fındıq və badamdan hazırlanamasından asılı olaraq 5-6-7 manatdır.

Bir də Şəkidə belə bir adət var - mağaza, ev, obyekt sahibinin səhər açılar-açılmaz ilk işi qapısının ağzını sulayıb, süpürməsidir. Elə buna görə də Şəki küçələri səliqə-sahmanlı, təmiz olur.

 

Naibə Qurbanova

Bakı-Şəki-Bakı

 

Həftə içi.- 2018.- 29 mart.- S.7.