“Leninqraddan Avstriyayadək
döyüş yolu
keçmişəm”
9 May Qələbə Gününə
sayılı günlər qalıb. Hər il olduğu kimi, bu
il də ölkəmizdə Qələbə Günü təntənə
ilə qeyd olunacaq. 1941-1945-ci illər Böyük Vətən
müharibəsinin ağrı-acılarını, tarixi qələbənin
şirinliyi bir daha xatırlanacaq, veteranların keşməkeşli
döyüş yollarını gənc nəsilə
çatdıracaq. Böyük Vətən müharibəsində
döyüşən kişilər çox az qalıb.
Onlardan biri də Suraxanı rayonu
Qaraçuxur qəsəbəsində yaşayan həmyerlimiz
Balahəsən Həmid oğlu Əmirovdur...
Onun
yaşadığı ünvana getdim. Balahəsən kişi
balaca həyət evində köhnə, nimdaş divanın
üstündə əyləşib fikrə getmişdi. Onunla
görüşüb mətbuatdan gəldiyimi dedim.
Veteranın qulaqları ağır eşitsə də, bədənində,
uşaq baxışlarında gümrahlıq hiss olunurdu. Balahəsən
Həmidov Bakıdan Berlinə, hətta Avstriyayadək
şanlı döyüş yolu keçib. Hazırda
ömrünün 98-ci baharını arxada qoyan Balahəsən
Həmidov 1920-ci ildə Lerik rayonunda doğulub. Cəmi 20
yaşında, 1940-ci ildə ön cəbhədə hərbi
xidmətə çağırılıb. Zəngin, həm də
olduqca maraqlı döyüş yolu keçən ahıl
veteran odlu-alovlu müharibənin ilk dövrlərini belə
xatırlayır:
“1940-cı
ildə Leninqrad şəhərində hərbi xidmətdə
oldum. Həmin il SSRİ Pribaltika respublikalarını zəbt
etdi. Bu, həmin dövr idi ki, almanlar Avropa ölkələrini
işğal edə-edə gəlirdilər. Faşistlər
artıq Polşada mövqe tutub möhkəmlənmişdilər.
1941-ci il iyun ayının 22-də Böyük Vətən
müharibəsi başladı və Latviya, Litva, Estoniya
işğal olunduqdan sonra bizi müharibəyə apardılar.
Artıq almanlar Ukraynanı da işğal etmişdilər. Mən
müharibə illərində 4 ayrı diviziyanın tərkibində
döyüşmüşəm, odun-alovun içindən
çıxmışam. Yadımda yuxusuz qalmaq, qorxuluq,
bombaların səsi, qaçaqaç, aclıq qalıb.
Döyüşdə hər iki tərəfdən
böyük tələfat olurdu.”
Balahəsən
kişi deyir ki, 108-ci diviziyada 2 il qulluq edib: “Həmin diviziyada
tank-pulemyotçu idim. Diviziyamız yerlə-yeksan oldu,
canlı qüvvə məhv edildi və sonra, 264 saylı
diviziyanın tərkibində döyüşdük. Daha sonra
989 saylı diviziyanın tərkibində oldum. Diviziyamız
Ukrayna cəbhəsi açdı. Sonra Polşanı azad etdik.
Almaniyayadək gedib çıxdıq. Yaddaşım itdiyindən,
Almaniyaya daxil olduğumuz günü dəqiq
xatırlamıram. Amma bilirəm ki, 1944-cü ilin son
ayının axırlarında Almaniyanın ərazisinə
daxil olduq və Berlini aldıq. 1945-ci ilin mayın 2-də Elba
çayını keçib, Çexo-Slovakiyanı azad etdik.
Çexo-Slovakiyada, təxminən, bir il qaldıq. Sonra bizi
Avstriyaya apardılar...
Artıq
müharibə qurtarmışdı. 1946-cı ilin may
ayında bizi evə buraxmırdılar. Ona görə ki,
Avstriyadan atları Rusiyaya biz gətirməliydik. Nəhayət,
1946-cı ilin mayın 25-də bizi buraxdılar. Atları
arabalara qoşub Rumıniyanı, Macarıstanı keçib,
Qərbi Ukraynanın Kalamey şəhərinə gətirdik.
O vaxt kişilər qalmamışdı, çox az
olduğundan, atları qadınlar gəlib aparırdılar”.
“25 min almanı Qubern şəhərində
əsr götürdük”
Balahəsən
Həmidov Berlini necə tutduqlarını xatırlayaraq deyir
ki, “1945-ci ilin aprel ayı idi. Hitler 27 diviziya
saxlamışdı. Almanlar möhkəm müdafiə
olunurdular. Ona görə də sovet qoşunlarının
Berlin istiqamətində irəliyə getməsi mümkün
deyildi. Hər dəfə böyük itkilərlə üzləşirdik.
Amma həmin vilayəti mühasirəyə aldıq. Ordumuz iki
tərəfdən “Katyuşa” ilə oranı
parçaladı və mühasirədə qalan almanlar məğlub
olub, ağ bayraq qaldırdılar. Təxminən, 25 min
almanı Quben şəhərində əsr
götürdük. Ondan sonra almanlar məğlub oldular. Həmin
döyüşdə bizim diviziyaya general Konyev
başçılıq edirdi. Diviziyamız Berlinin sol tərəfi
ilə marşal Yakovun rəhbərliyi altında olan diviziya isə
Berlinin sağ tərəfi ilə hücuma keçdi. Berlin
alman faşistlərindən azad edildi”.
“Bayrağı taxan adamı
gördüm”
Müharibə
veteranı deyir ki, Berlinə bayrağı taxan adamı
aralıdan görüb: “Belarusiya cəbhəsindən gəlmiş
əslən lerikli olan soydaşımız Əli Hüseynov
idi. O, ilk dəfə olaraq Berlinə SSRİ-nin Qələbə
Bayrağını sancdı. Çünki Əli Hüseynov
taxdığı bayrağa öz adı və soyadını
yazmışdı”.
Balahəsən
kişi söyləyir ki, o vaxtlar çox cavan olub. Onun
sözlərinə görə, Leninqrad ətrafında
qanlı döyüşlər gedirdi: “Onda sağ çiyin
nahiyəmdən yaralandım. Amma yaram yüngül
olduğundan, hospitala getmədim. Elə çiynim
sarğılı-sarğılı döyüş yolumu davam
etdirdim. Təəssüflər olsun ki, müharibədən
sonra döyüşçü dostlarımla əlaqəm
olmadı. Amma Ağcabədi rayonundan Ağamir İsmayılov
adlı bir həmyerlimiz mənimlə birlikdə döyüşürdü.
Cəbhədə onunla yaxın dost olmuşuq. Ağamir
topçu olmaqla yanaşı, həm də top
artilleriyasının komandiri idi. Yaşı çox
olduğuna görə onu evə tez buraxdılar. Ondan sonra
onunla əlaqəmiz kəsildi. O vaxt rus diviziyalarında 2-5 nəfər
azərbaycanlı var idi. Döyüşlər zamanı
yanımda ölən azərbaycanlı çox olub, amma
adları yadımda qalmayıb. Söz düşmüşkən
qeyd edim ki, müharibədən sonrakı 73 il ərzində
Moskvada, Ukraynada, digər ölkələrdə keçirilən
hərbi paradlarda iştirak etməmişəm.
Açığını deyim ki, bu günə kimi məni
heç bir parada dəvət etməyiblər.
Döyüş fəaliyyətimlə bağlı olaraq,
Ukrayna, Çexo-Slovakiya, Yuqoslaviya, Pribaltika ölkələri,
Polşa, eləcə də Almaniya və Avstriya uğrunda gedən
döyüşlərdə göstərdiyim şücaətimə
görə çoxlu sayda orden və medal almışam.
Birinci və ikinci dərəcəli Böyük Vətən
müharibəsi ordenləri və döyüş medalları
ilə təltif edilmişəm. Qeyd edim ki, bu orden və
medallar indi bazarlarda, yarmarkalarda da rast gəlinir. Amma mən
bundan çox təəssüflənirəm”.
“Qızıl əşyaları olan
kisəni mənə bağışladı”
Müsahibim
deyir ki, 1946-cı ildə 8 aya qədər Avstriyanın
Holeşdan şəhərində milliyyətrcə alman olan
Roza adlı bir qadının evində qalırdı: “Bir
gün qorxulu bir yuxu gördüm. Səhəri gün sədəqə
pul çıxarıb həmin qadına verdim ki, ən
kasıb adama versin. Roza bunu nə üçün etdiyimi
soruşdu. Cavab verdim ki, sədəqədir. O isə
almanların nəzir götürmədiyini söylədi.
Dedim ki, biz türklərdə belə adətlər var. Ondan
sonra qadın aparıb nəziri kasıb bir adama verdi. Bir
müddət sonra Roza ilə şəhərə
çıxıb, 900 şillinqə (Avstriya pulu – red.)
özümə bir kostyum alıb evə qayıtdıq.
Əlimə bir qızıl boyunbağı
düşmüşdü. Həmin boyunbağını
Rozanın Liza adlı tək qızına hədiyyə etdim.
Roza da öz qızıl və pul əşyalarını
qoyduğu kisəni mənə bağışlayıb dedi ki,
bizim ailəmiz adından bacına hədiyyə edərsən.
Müharibədən qayıdanda bu kisəni Azərbaycana gətirdim,
düz, 73 ildir ki, həmin hədiyyəni evimdə
saxlayıram. Bu, müharibədən gətirdiyim ən qiymətli
hədiyyədir. Qeyd edim ki, müharibədən sonra 2 il
Lerikdə kolxozçu kimi işə başladım. 1949-cu ildə
Bakıya gəldim. 1980-ci ilədək neft mədənlərində
fəhlə işləmişəm. 1950-ci ildə, subay
vaxtlarımda təsadüfən Bülbülə qəsəbəsinə
gəlmişdim.O vaxt adamlar çörək növbəsinə
dayanıb saatlarla çörək alardilar. İndi həyat
yoldaşım olan Güllünü də o vaxt çörək
növbəsində gördüm. Çox gözəl qız
idi, elə ilk baxışdan ona vuruldum. Arxasınca
düşüb elə həmin gün ona eşq elan etdim.
Qız razı olmayıb dedi ki, atam bilsə, məni
öldürər. Əlqərəz, onun arxasınca çox
düşdüm. Axırda ona kiçik bir qızıl hədiyyə
etdim və nəhayət, qızın
razılığını aldıqdan sonra elçi getdik. Həyat
yoldaşım da əslən Lerik rayonundandır.Əvvəlcə
atası onu mənə vermək istəmirdi. Bakı şəhərində
Yavər adlı çox hörmətli bir kişi elçi
düşdükdən sonra, atası Güllünü mənə
verdi. 66 ildən çoxdur ki, bir yerdə
yaşamışıq. Bu illər ərzində bir-birimizə
güldən ağır söz deməmişik. Güllü əmək
veteranıydı. Həm də çoxuşaqlı ana olub.
Onun da kifayət qədər medalı var...
Baxmayaraq, 98 yaşım var, bugünədək xəstəliyin nə olduğunu bilməmişəm. Həmişə özümü gümrah hiss etmişəm. Amma son vaxtlar bir gözüm görmür. O biri gözüm isə zəif görür. Dizlərim hərəkətsiz kimidir. Görünür qocalıq əlamətidir, ancaq qapıya, həyətə sərbəst çıxa bilirəm. İndi 1962-ci ildən tikdirdiyimiz bir köhnə evim var. Beş övladım, 10 nəvəm və 8 nəticəm var. Sağ olsun Prezidentimizi, onun sərəncamı ilə hər il 9 May Qələbə Günündə birdəfəlik mənə 1 000 manat məbləğində pul mükafatı verilir. İndi isə 400 manat təqaüd alıram. Mənim dövlət malında gözüm olmayıb. İstəsəydim, müharibədən külli miqdarda qızıl-zinət əşyaları gətirərdim. Ölmüş almanların cibindən qızıllar yerə tökülürdü. Mən tamah salıb onların heç birini götürməzdim. Bəlkə də elə məni salamat saxlayan gözütoxluğum olub”.
Biz də ömrünün 98-ci baharını yaşay an müharibə veteranına cansağlığı arzulayıb bir daha vətən uğrunda, Qarabağ uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsini hörmətlə yad edirik. Həqiqətən də qəhrəmanlar heç bir zaman unudulmur. Onlar qanları və canları hesabına yazdıqları şanlı tarixlə daima xatirələrdə yaşayırlar.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2018.- 5-7
may.- S.5.