Xalq Cümhuriyyəti dövründə

Azərbaycanın vergi siyasəti

 

Azərbaycan xoşbəxt ölkələrdəndir ki, dərin dövlətçilik ənənələri mövcuddur və Xalq Cümhuriyyəti də bu şərəfli tarixin bir hissəsidir. I Dünya müharibəsinin yenicə başa çatdığı, Çar Rusiyasının daxilində və ətrafında baş verən silahlı toqquşmaların, Osmanlı dövlətində qanlı hadisələrin yaşandığı bir dövrdə özünü Şərqdə ilk Demokratik Cümhuriyyət elan etmək, doğrudan da, böyük cəsarət tələb edirdi ki, ulu babalarımız bunu bacarmışdı.

Həm də dövlətçiliyin bütün sahələrində böyük nailiyyətlər qazanmaqla. Bu yazımızda məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa dövrdə yürüdülən maliyyə-iqtisadi siyasətdən söz açacağıq.

 

Büdcənin təsisi

 

Bildiyimiz kimi, dövlətin ayaqda durması üçün normal büdcəsi olmalııdr. Çünki bütün sahələrdə proqramlar məhz büdcədən ayrılmalar hesabına icra olunur. Büdcənin formalaşmasında isə başlıca rolu vergidən daxilolmalar oynayır. AXC hökuməti də dövrünün tələblərinə uyğun olaraq büdcəni formalaşdırmaq üçün şəffaf və ədalətli vergi siyasəti həyata keçirib. Bunun nəticəsidir ki, məsələn, 1919-cu üçün nəzərdə tutulan dövlət büdcəsi 665 milyon manat həcmində təsdiqlənmişdi.

Onu da qeyd edək ki, istər AXC, istərsə də bu günki Azərbaycan dövlətinin büdcəsinin formalaşmasında başlıca rol neft sektorunun və gəlirə görə alınan vergilərin üzərinə düşüb.

Tələbatının 30 faizini (təxminən 200 milyon manat) neft sektorunun gəlirləri ilə qarşılayan AXC büdcəsinə əlavə olaraq 100 milyon manat (ümumi büdcənin 15 faizi ) da yenicə yaradılmış gömrük xidmətindən daxil olurdu. Üstəlik, azad ticarət, yüklərin və sərnişinlərin daşınmaları üçün alınan rüsumlar da əlavə 15 faiz təşkil edirdi. Büdcədə toplanan vəsait isə il ərzində ölkənin hərbi təhlükəsizliyinin təmini (80 milyon manat), fəhlələrin maaşlarının verilməsinə və təhsilin dirçəldilməsinə (30 milyon manat) sərf olunurdu.

İqtisadçı alim Xosrov Kərimovun araşdırmasında bildirilir ki, ötən əsrin əvvəllərində dövlətin iqtisadi mexanizmini gücləndirmək üçün, o zaman mövcud olmuş inhisarların fəaliyyətinə dövlətin ciddi şəkildə müdaxiləsini tələb edilirdi. Bunun üçün isə dolu dövlət xəzinəsinə ehtiyac vardı. Büdcə eyni zamanda, yenicə təşəkkül tapmış Cümhuriyyətin siyasi mənada istiqlalını qoruyub saxlamaq üçün əhəmiyyətli idi. Bütün bunları nəzərə alan AXC hökuməti büdcənin təşkilinə məhz vergi işindən başlayıb və bu yönümdə Maliyyə Nazirliyinə xüsusi tapşırıqlar verilib.

 

Vergi – büdcənin təminatçısı

 

1918-ci il oktyabrın 8-də dərc olunan nömrəsində yazırdı ki, AXC-nin bu yönümdə ilk tədbirlərindən biri Bakı və Gəncə quberniyalarında, eləcə də Zaqatala mahalında aksiz idarələrinin yaradılması oldu. Eləcə də Maliyyə Nazirliyinin nəzdində mərkəzi nəzarətçi orqan olaraq vergi müfəttişliyi təsis edildisair. Amma bunlar maliyyə sistemini qaydaya salmaq üçün yetərsiz idi. Çünki əsas gəlir mənbəyi olan xam neftin Rusiyada bazarları məhdudlaşmışdı, daxildə də tələb xeyli aşağı düşmüşdü. Həm də neftin satışından gələn vəsaitlə nəinki ordunu gücləndirmək, sosial-iqtisadi layihələri icra etmək mümkün deyildi, heç fəhlələrin maaşını verməyə çatmırdı. O vaxt hökumətə vergi dərəcələrini artırmaq təklif edilsə də, qəbul olunmur. Əksinə, hökumət bank fəaliyyətini canlandırmaqla, banklara etibarı artırmaqla həm onların etimadını doğrultmaq, həm də dolyasıyla evlərdə saxlanılan 100 milyonlarla rubl pulu iqtisadiyyata və ticarətə cəlb etmək vəzifəsini qarşısına məqsəd qoyur.

AXC parlamentinin 17 mart 1919-cu il tarixdə təsdiqlədiyi qanunla yerlərdə gəlir vergisini yığmaq hüququ quberniya və qəza idarələrinə verilir, 22 dekabr 1919-cu il tarixli iclasında Balaxanı-Sabunçu rayonlarının vergi polisinin təsisi haqqında qanun müzakirəyə çıxarılır. 15 may 1919-cu il tarixli qanunla isə kapital vergisinin, müstəqim vergilərin dərəcələri təsdiqlənir. Məsələn, kapital üçün vergi müəssisələrin əsas kapitalının hər 1 manatına 30 qəpik müəyyənləşdirilirdi.

23 iyul 1919-cu ildə parlament tərəfindən torpaq, sənət, əmlak vergilərinin, həmçinin neft və kənd təsərrüfatına qoyulan aksizlərin artırılması dövlət büdcəsinə daxilolmaları artırsa da, onların tam müsbət nəticə verdiyini söyləmək olmazdı.

 

Əsas vergi kanalları

 

AXC hökuməti bütüb çətinlikləri yenərək 1919-cu il üçün dövlət büdcəsini formalaşdıra bilmişdi. Dövlət büdcəsinin gəlir hissəsi müstəqim və qeyri-müstəqim vergilərdən, gömrük haqqından, dövlətin inhisarı, mədənlərin istismarı haqqı (mədən vergisi), dövlət dəmir yolunun xalis gəlirindən ibarət olmaqla 6 əsas hissəyə bölünmüşdü. Müstəqim vergilərə torpaq, əmlak, gəlir, hərbi mükəlləfiyyət və notarial vergiləri aid idi. Qeyri-müstəqim vergilər isə neft, benzin, sürtgü yağları, kerosin, neftdən alınan digər məhsullar, həmçinin tütün, siqaret kağızları, şəkər və çaydan alınan vergilərdən ibarət idi. Hökumət inhisarına aid vergilərə bunlar daxil idi: mədən, poçt-teleqraf, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gələn gəlirlər. Bu vergilər hesabına 1919-cu il üçün dövlət büdcəsinin gəlirlərini 665 milyon manata çatdırmaq nəzərdə tutulmuşdu ki, bu da az məbləğ deyildi (Azərbaycan Demokratik Respublikası, Bakı. Azərnəşr 1992).

O vaxt dövlət büdcəsinin gəlirlərinin strukturu 17,3 faiz müstəqim vergilər, 18 faiz qeyri müstəqim vergilər, 15 faiz gömrük haqqı, 1,1 faiz dövlət inhisarı vergisi, 34 faiz neft mədənlərindən, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan istismar haqqı, 7,5 faiz dövlət dəmir yolunun xalis gəlirindən ibarət idi. Ümymiyyətlə, o dövrdə iqtisadiyyatın əsasını təşkil edən neft sektorundan toplanan qeyri-müstəqim vergilər və neft mədənlərindən alınan istismar haqqı büdcə gəlirlərinin 52,3 faizini təşkil edirdi. Bu səbəbdən də AXC hökuməti büdcədə neft sektorunun payını qeyri-neft sahələrindən gələn vergilər hesabına azaltmaq istəyib. 1919-cu il dekabrın 11-də parlamentdə qəbul edilən “Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında” qanununa görə, ixrac olunan məhsulların dəyərinin 25 faizinin xəzinəyə verilməsi nəzərdə tutulurdu. Parlamentin təsdiqlədiyi “Dövlət gəlir vergisinə cəlb olunmayan yaşayış minimumu gəlirlərinin artırılmasına dair” 23 iyun 1919-cu il tarixli qanunu AXC-də vergi işinin daim təkmilləşdirildiyini göstərirdi.

 

Son anadək ...

 

Təəssüf ki, böyük məqsəd və arzuları olan AXC-nin qısa ömrü dövlətçiliyi gücləndirmək üçün daha çox addımlar atmağa imkan vermirdi. Siyasi-hərbi vəziyyət o qədər kəskinləşmişdi ki, dünyanı idarə edən imperiyaların arasında olduqca kiçik və zəif görünən Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Buna baxmayaraq, son anadək dövlətçilik və xalq üçün çalışan AXC hökumətinin timsalında Maliyyə Nazirliyi 1920-ci il aprelin 5-də parlamentə göndərdiyi məktubunda 1920-ci il üçün yaşayış minimumun artırılmasını və gəlir vergisi dərəcələrinin dəyişdirilməsi haqqında qanun layihəsinin təsdiqləməyi xahiş edirdi. Həmin qanun layihəsində də deyilirdi ki, kəskin bahalaşma fonunda 1920-ci ildə vergi tutulmayan yaşayış minimumunu yenidən artırmaq, gəlir vergisi tutulmayan əvvəlki imkanları dəyişmək lazımdır. Deməli, hökumət qiymət və gəlirlərin artması ilə həyat səviyyəsinin tənzimlənməsinin ənənəvi qaydalarından istifadə edirdi. Əhalidən tutulan gəlir vergisini sosial ədalət prinsipləri əsasında tənzimləməyə xüsusi diqqət yetirilirdi.

AXC-nin vergi siyasətində parlamentin 2 oktyabr 1919-cu il tarixli qanunu da mühüm rol oynadı ki, bu da 1915-ci ildən orduya çağırışdan azad olunanlara tətbiq edilmiş hərbi verginin ləğvi idi.

 

Hokumətin bir maraqlı addımı da 1920-ci il üçün birdəfəlik fövqəladə vergi tətbiqi ilə bağlı idi. Bununla bağlı Maliyyə Nazirliyi 1920-ci il martın 10-da hökumətə “1920-ci il üçün fövqəladə birdəfəlik dövlət vergisi haqqında qanun layihəsi”ni təqdim edib. Hökumət layihəni bəyənir və təsdiqlənməsi üçün parlamentə göndərir. Fövqəladə verginin əmlak, kapital, gəlir və əmək haqqına qoyulması nəzərdə tutulurdu. Qanunda göstərilirdi ki, əmlakı, kapitalı və kapitallaşmış gəlirləri, əmək haqqı 300 min manatdan az olanlar vergidən azaddır.

AXC torpağın məhsuldarlığının artırmaqla torpaq vergisinin yüksəldilməsi siyasətini yeridirdi. Maliyyə Nazirliyinin hazırladığı məruzədə göstərilirdi ki, ayrı-ayrı qəzalar üzrə 1918-ci ilin normaları ilə torpağın gəlirliliyinin ümumi məbləği vergiyə cəlb olunan gəlirlilik səviyyəsini 36-72 dəfə ötüb keçir. Ona görə də torpaqdan əldə edilən dövlət gəlirlərini artırmaq zəruridir. Maliyyə Nazirliyi bunu həyata keçirməyin iki yolunu göstərir: yeni rüsum və vergilər tətbiq etməklə, mövcud vergi dərəcələrini artırmaqla.

 

Nəticə

 

Ümumiyyətlə, AXC-nin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini 2 hissəyə ayırmaq olar: 1.Cari dövr üçün maliyyə siyasəti. Bu halda AXC mövcud maliyyə resurslarından tamdüzgün istifadə etməyə çalışır. 2.Cümhuriyyət bütün imkanlarını müəyyən etdikdən sonra həyata keçirməli olduğu strateji maliyyə siyasəti. Bu halda vergilərin artırılması deyil, əhalinin tədiyə qabiliyyətinin yüksəldilməsi məqsədilə bu vergilərin tədricən azaldılmasına üstünlük verilməsi nəzərdə tutulurdu.

Cümhuriyyətin ilk yarandığı dövrlərdən başlayaraq mütərəqqi gəlir vergisinin üstün tutulacağı göstərilirdi. Bu, baş nazir Fətəli Xan Xoyskinin təqdim etdiyiparlamentin 1918-ci il 26 dekabr tarixli iclasında baxılan hökumət proqramında əksini tapmışdı. F.X.Xoyskinin baş nazir olduğu müddətdə vergi dərəcələrinin azaldılması və mütərəqqi gəlir vergisinə üstünlük verilməsi nəzərdə tutulurdusa, N.B.Yusifbəylinin baş nazir olduğu dövrdə (22 dekabr 1919-cu ildən) müstəqim vergilərin artırılması, qeyri-müstəqim vergilərin (neft, şərab və tütünü çıxmaqla) azaldılması planlaşdırılırdı.

Dövlət büdcəsini artırmaq, 1920-ci il üçün daha etibarlı büdcə formalaşdırmaq məqsədilə parlament neft məhsullarına tətbiq olunan aksizlərin dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyir. Nəticədə büdcəyə əlavə 130 milyon rubl daxil olursair.

Nəticə etibarı ilə öz mövcudluğu dövründə AXC parlamentı keçirdiyi 145 iclasda 270 qanun layihəsini müzakirəyə çıxarıb və onlardan 230-nu qəbul edib. Bu qanunların 82-si sırf iqtisadi-maliyyə məsələlərinə aid olub. Təəssüf ki, o vaxt Rusiyanın ölkəmizi istila etməsi AXC-nin dövlətçilik yolunda həyata keçirmək istədiyi proqramlara da son qoyur.

Bu günPrezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikası AXC-nin varisi olaraq, yuxarıda qeyd etdiyimiz maliyyə-iqtisadi siyasəti bir az daha təkmil dormada davam etdirməkdədir.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 15 may.- S.6.