Mənim qəhrəman qardaşım

 

Məlum Qarabağ döyüşlərində Azərbaycan polisinin misilsiz xidmətləri olub. O polislərin ki, ilk Qarabağ hadisələri zamanı gecəsi-gündüzü olmadan isti yay və qışın soyuq-şaxtalı günlərində polad kimi möhkəm tunc sinələrini düşmən güllələrinin qabağına verərək, torpaqlarımızı kişi kimi qoruyublar. Qarabağın o qanlı-qadalı döyüşlərində onlarca polis əməkdaşı qəhrəmanlıqla döyüşərək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub.

 

Xocalı və Kəlbəcər kimi Azərbaycanın müqəddəs, səfalı yerlərini ananda hər dəfə polis polkovnikləri, Azərbaycanın Milli Qəhrəmanları Əlfi Qasımov və Şahlar Şükürov kimi Vətənin ölməz igid oğullarının əfsanəvi qəhrəmanlıqları yada düşür. Bəli, Qarabağ savaşında çiyinlərində polis paqonu gəzdirən bu cür oğullarımız az olmayıb. Onlar heç vaxt ölümlərini göz önünə gətirməyiblər. Torpaqlarımızın hər qarışını şərəflə müdafiə ediblər.

Vətənimizin o ağır, qanlı-qadalı illərində Ağdamın yüzlərlə igid oğlu silaha sarılaraq, torpaqlarımızın müdafiəsinə qoşuldu. Onların arasında Azərbaycan polisinin adını şərəflə qoruyan, cəsur döyüşçü, polis leytenantı Səməndər İslam oğlu Əhmədov da var idi. Səməndər Əhmədov 1961-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində dünyaya göz açıb. Avtomobilin istismarı fakültəsini bitirib. İxtisasca mühəndis idi. 1983-1988-ci illərə kimi Kəlbəcər rayonunun Zülfüqarlı kəndində fəaliyyət göstərən Texniki Peşə Məktəbində müəllim işləyib və avtomobilin istismarından şagirdlərə dərs deyib.

1988-ci illərdə, artıq Qarabağ hadisəsi başlanmışdı. Xankəndidə, eləcə də Ağdərə rayonunda ermənilər getdikcə azğınlaşırdılar. Torpaq iddiasına düşən mənfur qonşularımız, artıq müasirtripli silahlarla silahlanırdılar. İrəvandan və xarici ölkələrdən Qarabağa gələn əlisilahlı, xüsusi təlim keçmış saqqallı dəstələrin sayı gün-gündən artırdı. Daşnaksütyun partiyasının liderləri Zori Balayanlar, Aqanbekyanlar Xankəndinə axışıb-gələrək, Qarabağın Azərbaycanın tərkibindən ayrılması tələbi ilə mitinqlər keçirir və yerli əhalini azərbaycanlılara qarşı qaldırırdılar. Bu isə hər gün qanlı hadisələrlə nəticələnirdi. Təəssüflər olsun ki, sovet imperiyasının başında duran və əlləri xalqımızın günahsız qanına batmış M.S. Qorbaçov, Yazov və Primakovlar bu qanlı hadisələrə və erməni vəhşiliklərinə göz yumurdular. Hətta sülhsevər “Qızıl Ordu” əsgərləri erməniləri açıq şəkildə müdafiə edirdilər.

1988-ci il ilin ortaları olardı. Səməndər Əhmədov Kəlbəcər rayonu Zülfüqar kəndində fəaliyyət göstərən Texniki Peşə Məktəbində sürücülük kursunda təhsil alan şagirdlərə avtomobilin istismarından dərs deyirdi. Hadisələrlə əlaqədar olaraq, Kəlbəcərdən Ağdama gələn yollar təhlükəli idi, demək olar ki, rayona gediş-gəliş çətinləşmişdi. Kəlbəcərə gedən avtobusları, yük maşınlarını ermənilər daşqalaq edirdilər, atəşə tuturdular. Hətta elə gün olmurdu ki, saqqallı erməni yaraqlılarının hücumlarına məruz qalmasınlar. Hər gün qanlı faciələr baş verirdi, onlarca günahsız insan qətlə yetirilirdi. Artıq yollar bağlandığından, Səməndər məcbur olub müəllimlik fəaliyyətini öz doğma Kolanı elində, Ağdamın Əlimədədli kəndində yerləşən 136 saylı rayon Texniki Peşə Məktəbində davam etdirirdi.

Çox təəssüflər olsun ki, Səməndərin müəllimlik fəaliyyəti uzun sürmür. Ağdərə rayonunun Qazançı, Canyataq və Gülyataq kəndlərinə sərhəd Ağdamın kəndləri və eləcə də Səməndərin doğulub ərsəyə gəldiyi Qalayçılar kəndi hər gün erməni yaraqlılarının hücumlarına məruz qalırdı. Kolanı elinin igid oğulları kimi, Səməndər də erməni vəhşiliklərinə dözməyib, torpaqlarımızın müdafiəsinə qoşulmaq istəyir. O illərdə Daxili İşlər Nazirliyi tərəfindən Ağdam Rayon Polis İdarəsinin nəzdində ilk dəfə olaraq, polislərdən ibarət könüllü “OMON” özünümüdafiə silahlı batalyonu yaradılırdı. Bunu eşidən Səməndər könüllü şəkildə gedib, həmin batalyona üzv yazılmaq üçün Ağdam Rayon Polis İdarəsinə müraciət edir. Peşə məktəbində avtomobilin istismarından dərs dediyinə görə, əvvəlcə onu OMON-a götürmək istəmirdlər. Lakin Səməndər sözündən geri çəkilmir, çox tərəddüd edir və deyir ki, Almaniyada təlim keçmiş Sovet Ordusu sıralarında iki il xidmət edib: ”Bütün silah növlərindən, hərbi texnikalardan davranma qaydalarını bilirəm. Gəlmişəm ki, əlimə silah götürüb kəndlərimizi qoruyam. Ermənilər kəndlərimizə hücum etsinlər və camaatın qoyun və mal-qara sürülərini qarət edib aparsınlar. Biz isə kənardan bu hadisələri seyr edək? Axı ölkəmizdə gün-gündən vəziyyət pisləşir. Mənfur düşmənimiz olan ermənilər get-gedə silahlanıb, öz ordusunu yaradır. Biz isə oturub nəyisə gözləməliyik? Bu gün Vətənimiz dardadır, igid oğullarını haraya çağırır? Elə bizim kimi təlim keçmiş, hərbin sirlərini bilən insanlar hərbi dəstənin tərkibində erməni yaraqlılarının qabağına çıxaraq torpaqlarımızı müdafiə etməlidir”.

RPİ-nin rəisi Səməndərin bu cür alovlu və qorxmaz oğul olduğunu görüb, onu “OMON” silahlı polis dəstəsinə qəbul edir.

1989-cu illərdə Qalayçılar kəndi Ağdamın mərkəzindən çox aralıda yerləşirdi. Hər tərəfdən üzük qaşı kimi Ağdərə rayonunun ermənilər yaşayan kəndləri ilə əhatələnmişdi. Erməni yaraqlıları elə gün olmurdu ki, kəndə basqılar etməsin. Kəndi isə əlində avtomat Səməndər gecəli-gündüzlü təkbaşına müdafiə edirdi.

1991-ci ilin, təxminən, oktyabr ayı olardı. Qalayçılar kəndinin 3 nəfər sakini Nizami Hüseyn oğlu Cəfərov və Ramiz İsmayıl oğlu Muradov traktorla əkin sahələrini şumlayırdı. Kənd sakini, Qalayçılar kənd orta məktəbinin kimiya-biologiya müəllimi Ədil Qədir oğlu Əhmədov da traktorçuların yanında idi. Günorta radələrində onlar qəfildən erməni yaraqlılarının hücumuna məruz qalırlar. Saqqallı erməni yaraqlıları əkin sahəsinə yaxınlaşıb, adları çəkilən 3 nəfər kənd sakinini əsir götürmək istəyəndə kəndə hay düşür. Bunu eşidən Səməndər cəld özünü hadisə yerinə çatdırır. Sürünə-sürünə traktorçulara yaxınlaşır və əli ilə işarə edir ki, traktorun altına girib gizlənsinlər. Sakinlər traktorun altına girirlər. Səməndər tez istiqamətini dəyişərək özünə döyüş üçün münasib yer seçir və erməni yaraqlılarını atəşə tutur. Erməni yaraqlıları istiqamətini dəyişəndə, Səməndər tez Ədil müəllimgilə papağı ilə işarə edir ki, traktorun altından çıxıb kəndə sarı, təhlükəsiz yerə qaçsınlar. Belə də olur. Həmin gün traktorçular və kənd müəllimi azad edilir. Səməndərin sərrast atdığı avtomat gülləsinin qabağında erməni yaraqlıları tab gətirə bilməyib geri çəkilərək, hadisə yerindən uzaqlaşırlar. Hadisə Ağdam RPİ-ə çatır. RPİ-nin rəisi, polis serjantı Səməndər Əhmədovu Polis İdarəsinə çağırıb, ona təşəkkür elan edir.

Bu cür hadisələr dəfələrlə baş verib. 1991-ci ilin payızı, təxminən, noyabr ayının əvvəlləri olardı. Hay düşür ki, ermənilər Canyataq istiqamətindən hücum edərək, kəndin qoyun sürüsünü qarət edib, çobanqarışıq aparıblar. Səməndər cəld hadisə yerinə gəlir. Peşəkar döyüşçü qoyun sürüsünə kimi yaxınlaşır və özünə müdafiə mövqeyi seçir. Avtomatdan sərrast atəş açaraq, erməni yaraqlısının birini yaralayır. Bunu görən ermənilər tez yaralını götürüb hadisə yerindən qaçırlar. Səməndər kəndin qoyun sürüsü ilə bərabər, çoban Yolçu kişini də girovluqdan qurtarır.

Qorxudan dili tutulan Yolçu dayı özünə gəlib deyir:

- A bala, sən Səməndər deyilsən?

Səməndər cavab verir:

- Hə. Yolçu dayı, mənəm, dayın nəvəsi Səməndər.

- Sənin başına dönüm a bala, məni ermənilərin əlindən qurtardın. Tanrı səni qorusun. Yoxsa ermənilər məni əsir götürüb aparırdılar. Bu ahıl yaşımda mənə işgəncələr verərdilər. Allah dayağında dursun, ay oğul! Əgər sən olmasaydın, görən biz nə edərdik.

Xəbəri eşidib dövlət mətbuatından gələn jurnalistlərə verdiyi müsahibədə Yolçu dayı demişdi ki, əgər Səməndər olmasaydı, erməni yaraqlıları məni əsir götürüb və qoyun sürülərini də qabağına qatıb aparacaqdılar.

Səməndər Boyəhmədli kəndi ilə Qalayçılar kəndinin arasında yerləşən fermanı da qoruyurdu.

Ferma müdiri Yaqub Cəfərovun dediklərindən: “Səməndər çox qorxmaz oğul idi. Allah-Təala bu cür oğulları tək-tək halda dünyaya gətirir. Ölümün nə olduğunu bilməzdi. Artıq müharibə onun üçün adi bir şeyə çevrilmişdi. Çox sərrast atırdı, gözündən quş da yayınmazdı. Bir gün gecə, təxminən, bir-iki iradələrində bir neçə erməni yaraqlısı fermaya basqın edir. Səməndər həmişə oyaq qalardı, gözünə yuxu getməzdi. Fermaya uzaqdan düşən maşın işığına ayılır. Tək silah onda var idi. Ailəmlə birlikdə fermada qalırdıq. Uşaqlarım körpə idilər. Səməndər erməni yaraqlılarının gəldiyini hiss etmişdi. Tez məni oyadıb dedi:

– Yaqub, elə et ki, uşaqlar yerindən qalxmasınlar. Yoxsa, Allah eləməsin, ermənilərin atdıqları gülləyə tuş gələ bilərlər.

Mən o deyən kimi etdim. Otağın işığını yandırmadım. Qaranlıqda 1 saatdan çox döyüş getdi. Səməndər yerini dəyişərək, müxtəlif istiqamətlərdən avtomatı ilə erməni hərbçilərini aramsız atəşə tuturdu. Hətta Ağdərə istiqamətindən gələn erməninin “Niva” markalı maşınının arxa və qabaq şüşələri Səməndərin atdığı gülləyə tuş gələrək çilik-çilik olmuşdu.

Səhər bunu gözlərimizlə gördük. Hətta yerə qan da tökülmüşdü. Səməndər əfsanəvi bir qəhrəman idi. Təkbaşına kəndi qoruyurdu.

Səməndərin yaddaqalan döyüş səhnələri çox olub. Onlardan biri də Xocalının işğalından bir gün sonra, 1992-ci il fevral ayının 27-si günü idi. Həmin gün 7 erməni tankı Ağdərənin Manik kəndi istiqamətindən Qalayçılar kəndinə tərəf irəliləyirdi. İgid oğullarımız post qurub, kəndin keşiyini çəksələr də, silahları yox idi. Onlar erməni tanklarının üstünə ov tüfəngi, daş-kəsəklə gəlmişdilər. Səməndər hadisə yerində idi. O, döyüş təcrübəsinə arxalanaraq hamıya “Dayanın, qabağa əliyalın getməyin”, – dedi. Kəndin igid oğullarının arasında Qırımxan, İsmixan Muradov kimi əkiz, qorxmaz qardaşlar da var idi. Təkcə Qırımxanın əlində bir qranatatan var idi. Onun dediyinə görə, bu silahı qorxmaz döyüşçü olduğuna görə, Daxili işlər nazirinin müavini bağışlamışdı. Qranatatanın da təkcə bir gülləsi var idi. Səməndər Qırımxana göstəriş verdi ki, hamı kənara çəkilsin, tək ondan başqa:

“Çünki ikimizdə silah var. Sən mənim işarəmi gözləyərsən. Ona görə də əvvəlcə mən sürünə-sürünə qabağa gedib, əlimdəki qranatla qabaqdakı tankı partladacam. Sonra mən özümə mövqe seçib, papaqla sənə işarə edəcəyəm ki, arxadakı tankı dəqiq nişan alıb vurarsan. Mənə görə qorxma, bu, mənim son döyüşüm də ola bilər. Bax ha, əlin əsməsin, mütləq arxadakı tankı dəqiq nişan al. Bu gün kəndin müdafiəsi bizdən asılıdır. Çünki yuxarıların və ordunun erməni tanklarının qəfil hücumundan xəbəri yoxdur. Əgər biz erməni tanklarının qarşısını ala bilməsək, onlar Kürə kimi gedib çıxa bilərlər. Mənim ölümümü gözlərinin qabağına gətirmə. Mən ölsəm də eybi yoxdur. Təki kəndimizə ermənilər girməsin. Yenə də deyirəm: kənd camaatının bugünkü taleyi səndən və məndən asılıdır. Arxanı ermənilər minalayıb. Minalanmış zonanın yerini dəqiq bilirəm. Erməni tankını həmin istiqamətə yönəltməyə çalışacam. Əgər biz qabaqdan və arxadan gələn tankları məhv edə bilsək, yerdə qalanları geri çəkilərək özlərinin basdırdıqları minaya düşə bilərlər. Belə də oldu. Səməndər dərənin içi ilə yan tərəfdən sürünə-sürünə birinci tanka yaxınlaşır və əlindəki qranatı tankın üstünə ataraq onu sıradan çıxarır. Tankdan qopan qəlpənin biri Səməndərin üstünə düşərək, onun sağ ayağının diz qapağını yaralayır. Dizindən qan süzülüb axsa da, Səməndər buna əhəmiyyət verməyib tez təhlükəsiz yerdə gizlənir və Qırımxana işarə edir ki, arxadan gələn tankı dəqiq nişan alsın. Qırımxan özünə təhlükəsiz yer seçib, Səməndərin işarəsini gözləyirdi. Gələn tanklar isə onu görmürdü. Səməndər uzaqdan başından papağı çıxarıb əli ilə işarə edir. Qırımxan Səməndərin işarəsindən sonra, qranatatanı çiyninə alıb sərrast nişan alaraq arxadan gələn tankı məhv edir. Yerdə qalan tanklar elə bilir ki, güclü ordumuz var. Onlar geri çəkilib, Səməndər olan tərəfə yan alır. Və gəldikləri əks-istiqamətdə geriyə minalanmış zonaya qayıdan zaman, yerdə qalan 5 erməni tankı da minaya düşüb məhv oldu. Beləliklə, həmin gün Səməndər kimi təcrübəli polis serjantının şücaəti nəticəsində, 7 erməni tankının hücumunun qarşısı alındı. Səməndər həmin gün rayon xəstəxanasına gətirilir, ona tibb yardım göstərilir. Hətta Azərbaycan Dövlət Televiziyası da Səməndərin igidliyi barədə məlumat verir. Səməndər canlı yayımla hadisənin gedişatını şərh eləmişdi. Səməndərin göstərdiyi igidliyə görə, ona leytenant rütbəsi verilir.

Səməndər yaralı-yaralı yenidən döyüş meydanına qayıdır. O, Şirin Mirzəyevin batalyonunun tərkibində bir sıra döyüşlərdə olub. Ağdərə rayonunun Qazançı, Canyataq, Gülyataq və eləcə də Fərrux kəndlərinin erməni daşnaklarından təmizlənməsi uğrunda gedən döyüşlərdə Səməndər Əhmədov yaxından iştirak edib.

Səməndərin yaddaqalan döyüşlərindən biri də Ağdamın Yeddi Xırman yüksəkliyinin müdafiəsi uğrunda gedən qanlı döyüşlər idi. Yaxşı yadımdadır. 1993-cü ilin iyun ayının 15-də Ağdamın Kolanı elinin 7 kəndi Əliağalı, Əlimədətli, Cinli, Xaçındörbənd, Mollalar, Kürdlər və Qalayçılar kəndləri erməni və rus hərbi birləşmələrinin hücumuna məruz qalaraq işğal edilir. Rota komandiri olan Səməndər 12 nəfər polislə Yeddi Xırman postunda dayanmışdı. Onlar 3 gün mühasirədə qalır. Onda atamgil Nəmirli kəndində qohumlarının yanına gəlib, orada məskunlaşdılar. Üç gün onlardan xəbərimiz olmadı. Hara getdiksə, onların yerini bilən olmadı. Hətta RPİ-dən onlar haqqında heç bir məlumatın olmadığını dedilər. Atam çöllərə düşüb, köçkünlərin arasında qardaşımı axtarırdı. Artıq əlimizi hər yerdən üzmüşdük. Ailəmiz yasa batmışdı. Aradan üç gün keçəndən sonra, Səməndər üst-başı torpaq içində atamgilin məskunlaşdığı yerə gəldi. Onlar döyüş bölgəsində və mühasirədə üç gün ac-susuz qalmışdılar.

Dedi ki, iyunun 15-də ermənilər kəndlərimizi yandıra-yandıra bizə tərəf gəlirdilər. Yüksəklikdə olduğumuza görə, kəndlərimiz açıq-aydın görünürdü. Ermənilər Xaçındörbənd kəndindəki evlərə artıq od vurub yandırmışdılar. Yanan evlərdən tüstü ərşə qalxırdı. On iki nəfər polis əməkdaşı ilə tək qalmışdıq. Düşmənin atdığı qrad mərmilərinə tuş gəlməyək deyə, erməni piyada ordusunun arxasına keçdik. Qanlı döyüşlər getdi. Hava telefonu ilə qərargaha məlumat verdik ki, təpədən-dırnağa kimi müasir silahlarla silahlanmış erməni ordusu böyük texnika və canlı qüvvə ilə işğal etdikləri kəndləri yandıra-yandıra üstümüzə gəlir. Bizə deyirdilər ki, möhkəm olun, sizə kömək gələcək. Təəssüflər olsun ki, kömək gəlmədi. Artıq avtomatın lüləsi qızaraq şişmişdi, avtomatdan atəş açmaq olmurdu. Uşaqlara əmr etdim ki, tez köynəklərini əyinlərindən çıxarıb, avtomatın içini təmizləsinlər. Bir yeşik gülləmiz vardı. Avtomatı təmizləyib atəş açdıq. Düz, bir saat döyüş getdi. Yenə də avtomat işləmədi. Artıq avtomatdan atəş açmaq olmurdu. Uşaqlara əmr etdim ki, düşmən ordusunun qarşısını kəsəcəm, döyüş meydanını tez tərk edin. Qoçaq uşaqlar idi. Onlar mənə “müəllim” deyə müraciət edirdilər. Dedilər: komandir, biz sizi burada, döyüş meydanında tək qoyub gedə bilmərik. Çox igid uşaqlar idi. Çox götür-qoy etdikdən sonra, təxminən, 50 metr açıq məsafə vardı. Oradan qaçıb canımızı qurtara bilərdik. Başqa yolumuz yox idi. Ya erməniyə əsir düməliydik, ya da geri çəkilməliydik. Ancaq ermənilər həmin yeri hədəfdə saxlayırdı. Papağı açıqlığa atdım. Ermənilər dərhal qrad mərmisi ilə həmin yeri nişan aldılar. Onlarla aramızda 500 metrdən də az məsafə qalmışdı. Uşaqlara göstəriş verdim ki, yeganə bir yolumuz qalıb, yerə uzanmaq və avtomatın lüləsi ilə arx qazıb onun içi ilə sürünə-sürünə mühasirədən çıxmaq. Yer çox yumşaq olduğundan, dərin arx qaza-qaza qarış-qarış sürünərək həmin ərazini tərk edirdik. Ermənilərin atdığı güllələrdən döyüşçü dostlarımın biri yaralandı.

Atəşkəs rejimində də Səməndərin bir taqım komandiri kimi gecəsi-gündüzü yox idi. Bütün günü soyuq postlarda dayanıb keşik çəkirdi.

...1995-ci il noyabr ayının 15-də verilən mühüm əhəmiyyətli tapşırığı yerinə yetirmək üçün qəhrəman döyüşçü Bakıya, Daxili İşlər Nazirliyinə gəlməliydi. Təəssüflər olsun ki, yolda Səməndər iki nəfər döyüşçü yoldaşı ilə avtomobil qəzasına düşür, Səməndər həmin qəzada həlak olur.

Ağdam RPİ-nin nəzdində yaradımış polkun komandiri, polis polkovniki Səyyaf Hətəmovun Səməndərin dəfn mərasimində ürəkağrısı ilə dediyi sözlər bu gün də yadımda qalıb: “Biz igid bir döyüşçümüzü itirmişik, başımızı necə uca tuta bilərik axı?! Hələ qarşıda nə qədər qanlı döyüş bizi gözləyir. Səməndər kimi qorxmaz və peşəkar zabitlərimiz çox azdır. O, bu 7 il ərzində çox döyüşlərdən çıxıb. Hər bir döyüşdə də igidlik göstərib. Onun döyüş şücaəti qiymətləndirilməlidir”.

Hətta Ağdam RPŞ-dən Səməndərin şücaəti barədə nazirliyə təqdimat yazılıb göndərildi. Amma cavabları bu oldu ki, Səməndər Əhmədov avtomobil qəzasına düşüb. Bizə elə gəlir ki, çox hörmətli nazirimiz Ramil Usubov Səməndərin keçdiyi döyüş yolunun qiymətləndirilməsində öz köməkliyini əsirgəməyəcək.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2018.- 22 may.- S.7.