Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
beynəlxalq iqtisadi
münasibətlər
Bir neçə gündən sonra, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulmasının
100 illiyini qeyd edəcəyik.
Bu
möhtəşəm tarix
yaxınlaşdıqca, "Mən azərbaycanlıyam", –
deyən hər bir kəsin qəlbi qürur hissi ilə
dolub-daşır. Çünki bir çox millətlərdən
fərqli olaraq, Cümhuriyyəti yaratmaqla dünyada bir çox ilklərə
məhz Azərbaycan xalqı olaraq biz imza atmışıq.
Bu səbəbdən, həmin dövrün hər bir anının ciddi şəkildə araşdırılmasının, gənc nəsillərə çatdırılmasının müstəsna əhəmiyyəti vardır. 1918-1920-ci illər ərzində cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaddaşlarda dərin iz buraxdı. Bu dəfə həmin dövrün iqtisadi durumuna nəzər salacağıq. Daha doğrusu, AXC-nin çox çətin siyasi durumda qurduğu və qurmağa çalışdığı beynəlxalq iqtisadi münasibətlərin qısa təhlilini aparacağıq.
Məlum olduğu kimi, AXC-nin yaradılması tək yeni siyasi sistemin qurulmasını deyil, həm də yeni iqtisadiyyatın əsasının qoyulmasını nəzərdə tuturdu. Xüsusi olaraq vurğulanmalıdır ki, 1918-ci ilin mayında Cümhuriyyət elan edilərkən, ona miras olaraq tamamilə dağıdılmış iqtisadiyyat, iflasa uğrayan iqtisadi əlaqələr qalmışdı. Bu səbəbdən, gənc respublika qarşısında dayanan ən başlıca vəzifələrdən biri tək dağılmış iqtisadiyyatın bərpası yox, həm də yeni iqtisadi sistemin prinsiplərini formalaşdırmaq idi. Dünya tərəfindən müstəqil subyekt kimi tanınaraq, bərabərhüquqlu şəkildə beynəlxalq iqtisadi əlaqələrin qurulması isə məhz bu vəzifənin prioritet istiqamətlərindən sayılırdı.
XX əsrin əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi olduğundan, onun iqtisadi həyatı bilavasitə Rusiya ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən, Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını , əsasən, Rusiyadan əldə edirdi. Bu illərdə Azərbaycandan Rusiyaya, əsasən, neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, meşə tikinti materialları, sement, aptek, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq, Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən, dənizlə Həştərxana daşınırdı. Azərbaycanı dünya ilə əlaqələndirən əsas yol-nəqliyyat xətləri - Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmir yolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. 1917-ci ilin oktyabrında baş vermiş siyasi dəyişikliklərdən sonra, Rusiya ilə yeni əlaqələrin, o cümlədən iqtisadi-ticarət əlaqələrinin yaradılmasında bir çox problemlər yarandı.
Azərbaycan Respublikası Ərzaq Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli “Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində qeyd edirdi: “Hazırkı mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır. Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam edilmişdilər. Öz növbəsində həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur".
Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdi. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla isə xaricə pambıq, ipək, yun, metal, malqara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu.
Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib-hazırlanaraq Azərbaycan Respublikasının Ticarət və sənaye nazirliyinin 16 mart 1919-cu il tarixli qərarı ilə təsdiq edilmişdi. Əmtəə məhsulları daxil olduğu qrupundan asılı olmayaraq gömrük qaydalarına ciddi riayət olunmaqla ixrac edilirdi.
1919-cu ilin əvvəllərində Şimali Qafqaz hərbi əməliyyatlar meydanına çevrildi. Şimali Qafqazda gedən hərbi əməliyyatlar nəticəsində Denikinin qoşunları tərəfindən Vladiqafqaz dəmir yolu dağıdıldı və öz fəaliyyətini demək olar ki, dayandırdı. Xəzər dənizi vasitəsilə daşınan, ixrac və idxal edilən yüklərin həcmi minimum həddə endi. Azərbaycan Respublikasının xarici aləmlə iqtisadi əlaqələrinin yaradılmasında Zaqafqaziya istiqaməti -Zaqafqaziya dəmiryolu xətti ölkəmiz üçün həyati əhəmiyyət kəsb etməyə başladı. 1919-cu il aprelin 6-da Azərbaycan Respublikası Ərzaq Nazirliyinin tədarük şöbəsi tərəfindən “Əmtəə mübadiləsi Komitəsi”nə göndərilmiş 4190¹li məktubda qeyd edilirdi: ”Ölkənin ümumi siyasi və iqtisadi vəziyyəti tələb edir ki, Ərzaq Nazirliyi Azərbaycanın hüdudlarından kənarda tədarük fəaliyyətini genişləndirsin. Hazırki vaxtda ticarət əməliyyatlarının aparılma məntəqəsi Batum şəhəridir. Buraya yaxın və uzaq ölkələrdən əmtəə malları gətirilir. Öz növbəsində bizim əmtəə malları da bu məntəqədən dünya bazarlarına daxil ola bilər... Dənizlə Batum şəhərinə daxil olan əmtəə mallarına böyük tələbat olduğundan dərhal realizə olunur. Odur ki, bizə tələb olunan əmtəə mallarını vaxtında əldə etməkdən ötrü yubanmadan Batumda güclü tədarük müəssisəmizi yaratmalıyıq. ”
Cümhuriyyətin beynəlxalq iqtisadi münasibətlərin inkişafı konsepsiyasının ən mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə ikitərəfli ticari-iqtisadi əlaqələrin genişləndirilməsi idi.
Regional iqtisadi əməkdaşlıqda Gürcüstanla münasibətlər ADR-in dünyaya çıxışı baxımından müstəsna yer tuturdu. Azərbaycanın o zamankı rəh¬bərlərindən biri olan M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Hər iki dövlətin rəhbərliyi mövcud beynəlxalq və regional vəziyyəti dəyərləndirərkən çox yaxşı başa düşürdülər ki, müstəqillik əldə etmələrinə baxmayaraq bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyil. İki ölkə arasında iqtisadi münasibətlərin qurulmasının başlanğıcı Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələrinin artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağlaması hesab olunur.
İki respublika arasında yükdaşımaları tənzimləmək üçün aparılan danışıqların nəticəsi olaraq, 1918-ci ilin dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında mü¬qavilə bağlandı. Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşirin, Gürcüstan tərəfindən həmin ölkənin Azərbaycan hökuməti yanındakı diplomatik nümayəndəsi Nikolay Kartsivadzenin imzaladıqları bu sənədə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verdilər. Azərbaycan tərəfi Gürcüstan əhalisinin və dəmir yollarının ehtiyaclarını ödəmək üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan tərəfi isə Azərbaycan dəmir yollarının ehtiyacını ödəmək üçün zəruri materiallar və daş kömür göndərməyi öhdəsinə götürdü .
1920-ci il fevralın 5-də isə Bakıda Azərbaycanla Gürcüstan arasında tranzit yüklər haqqında müqavilə imzalandı. Müqaviləyə görə, tərəflər hər iki ölkə arasında tranzit yüklərin dəmir yolu ilə 1 il müddətində azad, yəni heç bir gömrük rüsumu ödəmədən daşınmasını təmin etməyi öhdələrinə götürdülər. Azərbaycan hökuməti bir il ərzində Gür¬cüstan əhalisinin və dəmir yolunun ehtiyacını ödəmək üçün ixrac ediləcək neft və neft məhsullarının 16 milyon puda qədər olan həcmindən gömrük rüsumu tutulmamasına icazə verdi. Gürcüstan hökuməti də Azərbaycandan aldığı neft və neft məhsullarını öz ərazisindən kənara göndərməməyi öhdəsinə götürdü. Həmçinin Azərbaycan dəmir yolunun ehtiyacını ödəmək üçün lazım olan texniki avadanlığın, daş kömür və meşə materialının gömrük rüsumu ödənmədən daşınmasına razılıq verdi.
1918-1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında qarşılıqlı fay¬dalı iqtisadi əməkdaşlığın çox önəmli sahələrindən biri Batum limanından istifadə ilə bağlı idi. Bəhs olunan dövrdə Azərbaycan Xalq Cüm¬huriyyəti Türkiyə və Avropa dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini Batum vasitəsilə həyata keçirirdi. Ona görə də, Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Av¬ropaya çıxış məntəqəsi olan Batumda nümayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyət göstərərkən bildirmişdi.
Azərbaycan hökuməti Batumun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə əlaqələr qurmaq baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, 1918-ci il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. Doktor Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumda konsulu tə¬yin edildi.
Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklərin Batum limanında qəbul edilməsi və yola salınması, nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama salınması sahəsində mühüm rol oynamışdı.
1918-1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında imzalanmış bu sənədlər hər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə, dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməyə imkan verdi.
AXC, Rusiya ilə iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirdi. O, Rusiya bazarından məhrum olmağa mənfi münasibət bəsləyirdi. Neft, pambıq və başqa ixrac məhsulları üçün rus bazarlarının böyük əhəmiyyətini nəzərə alırdı. M.Ə.Rəsulzadə “bolşevik hökuməti ilə birbaşa əlaqələrin yaradılmasını” tələb edir, N.Yusifbəylinin təşkil etdiyi hökumət isə öz iqtisadi proqramında bu məsələyə xüsusi yer ayırırdı. Lakin qarşı tərəfin Azərbaycanı müstəqil dövlət kimi tanımasını açıq bildirməməsi və bir sıra qəbuledilməz tələblər irəli sürməsi Rusiya ilə beynəlxalq səviyyədə bərabərhüquqlu ikitərəfli iqtisvadi münasibətlərin qurulmasını imkansız etdi.
AXC ilk yarandığı zamanlarda Osmanlı dövləti ilə də sıx iqtisadi əlaqələr qurur. Maliyyə çətinliklərinin aradan qaldırılmasında Osmanlı ilə ilə qurulmuş iqtisadi əlaqələr qısa zaman kəsiyində də olsa özünün müsbət nəticələrini verir.
Belə ki, 1918-ci ilin yayında dövriyyədə olan pul kütləsi çatışmırdı. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski M.Ə.Rəsulzadəyə ünvanlandığı 11 iyul 1918-ci il tarixli direktivində bildirdi ki, Azərbaycan Cümhuriyyəti çox kəskin şəkildə maliyyə vəsaiti sıxıntısı yaşayır. Hazırda ölkədə dövriyyədə olan Cənubi Qafqaz bon¬ları azdır və yeni bon buraxılması haqqında gürcü və erməni nümayəndələri ilə aparı-lan danışıqlar hələlik bir nəticə verməyib. Ona görə də, Azərbaycan hökuməti adından təcili surətdə Türkiyədən 1,5-3 milyon lirə həcmində borc alınması məsələ¬sini qaldırdı. Azərbaycan tərəfi həmin vəsaiti 1-1,5 il ərzində geri qaytarmağı öhdəsinə götürürdü .
Cümhuriyyətin iqtisadi platformasında respublikanın mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda mövcud olan xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixində qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtıbitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı.
Ümumiyyətlə, Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərinin nümayəndəsi Manronun fikrincə, xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inkişafını təmin edər. Xarici kapitalın respublikaya hansı şəkildə tətbiqinə gəldikdə isə fransız kapitalistinin fikrincə, bu aşağıdakı formalarda ola bilər:
1. İngiltərə, Almaniya, Fransa, Hollandiya və ABŞ-da olduğu kimi müəyyən sənaye sahəsinin sadəcə, maliyyələşdirilməsi yolu ilə;
2. Konsessiya formasında.
Fransız kapital sahibləri ikinci yola üstünlük verirdilər. Manronun fikrincə, Azərbaycanda konsessiya obyekti nəqliyyat, meşə sərvətinin istehsalı, liman avadanlıqları istehsalı, neft rayonlarının elektrikləşdirilməsi, soyuducu işi və s. ola bilər.
AXC parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov yeni kabinetin bəyannaməsini elan etdi. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilirdi. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulurdu. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu.
Qeyd edək ki, AXC-nin xarici iqtisadi fəaliyyətində başlıca vəzifələrdən biri əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilirdi. Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına köçürülsün.
AXC-nin Avropa dövlətləri ilə qurmağa çalışdığı beynəlxalq iqtisadi əlaqələr maraq doğurur. Bu xüsusda İngiltərə və İtaliya ilə qurulan münasibətləri xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, İngiltərəni Azərbaycanda ən çox maraqlandıran neft idi. Bu səbəbdən özünün Bakıdakı emsissarlarına verdiyi göstərişlərdə məhz bu amili xüsusi olaraq qabartmaq tapşırılmışdı.
AXC rəhbərliyi isə İngiltərədən daha çox İtaliya ilə iqtisadi əlaqələrin qurulmasında maraqlı idi. Hmin dövrün diplomatik yazışmalarına nəzər salsaq İtaliyanın Azərbaycandan neft və neft məhsulları aldığını, əvəzində isə ordunun təchizatı ilə bağlı zəruri materiallar və digər avadanlıqlar göndərməyi planlaşdırdığını görərik. Hətta İtaliya Xarici İşlər Nazirliyi özünün bölgəyə cavabdeh olan emissarına göndərdiyi gizli teleqramda Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verməyi tapşırırdı.
Qeyd etdiklərimiz 23 ay ərzində beynəlxalq iqtisvdi münasibətlər sahəsində görülən işlərin kiçik bir qismi idi. 28 aprel işğalı AXC-nin bir çox gələcək iqtisadi layihələrinin reallaşmasına imkan vermədi. İlk müstəqil dövlətimizin qurucularının arzuları yalnız 70 ildən sonra Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində mümkün oldu. Memarı Ulu Öndərin olduğu müstəqil Azərbaycan qısa zaman kəsiyində Bakı-Tbilisi Ceyhan, TANAP, TAP, Şimal-Cənub Nəqliyyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu kimi meqa layişhələrə imza atdı. Bu gün valyuta ehtiyatlarımız 44,2 milyard dollara bərabərdir. Dünya İqtisadi Forumunun dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycan 35-ci yerdə qərarlaşıb.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Cümhuriyyət haqqında fikirlərini xatırlatmaq yerinə düşərdi: "Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".
Biz xalq olaraq keçmişimizi heç bir zaman unutmadıq. Hər zaman tarixin bizə miras qoyduqlarına sahib çıxmağı bacardıq. Məşhur filosoflardan birinin söylədiyi kimi - keçmişinə sahib ol, çünki gələcək keçmişin mirası üzərində qurulur. Bu gün Azərbaycan bu mirasa layiq olduğunu bütün dünyaya isbatladı. Güclü dövləti, güclü iqtisadiyyat, xalqın öz liderinə olan sonsuz məhəbbəti ilə...
Azad Əliyev
İqtisadiyyat Nazirliyi tərəfindən
KİV nümayəndələri arasında elan
edilmiş “Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün
iqtisadiyyatı” mövzusunda müsabiqəyə
təqdim edilir
Həftə içi .- 2018.- 24
may.- S.7.