Türkiyədə AXC-yə dair unikal nəşrlər
Avropa Azərbaycan Cəmiyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə
İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət
dörd toplu və “Yeni Kafkasya” dərgisinin bütün
saylarını əhatə edən dörd kitab nəşr
edib. “Qafqazinfo”nun məlumatına görə, “Azerbaycan
Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri” adlanan sənədlər
toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə
bağlı mindən çox nadir sənəd yer alıb.
Bütün sənədlər transkripsiya edilərək iki
yüzdən çox adda qruplaşdırılıb və
xülasələr yazılıb.
Burada
toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan
Cümhuriyyəti arasındakı münasibətləri və
dövrün bir sıra aktual problemlərini hərtərəfli
nəzərdən keçirməyə imkan verir.
“Azerbaycan
Cümhuriyyeti Osmanlı basınında” toplusunda Türkiyədə
həmin dövrdə nəşr olunan qırx dövri mətbuat
orqanının, o cümlədən
“Tasviri-Efkar” (1864-1925), “Sabah” (1875-1922), “Tercüman-i
Hakikat”(1878-1921), “İkdam” (1894-1931), “Tanin” (1908-1947), “Alemdar” (1912-1922)
qəzetləri, “Sebilürreşad” (1908-1925) dərgisi və
b. materialları verilib. Bununla eyni zamanda, topluda dövrün ən mühüm problemlərinə
dair Əhməd Ağaoğlunun, Yunus Nadinin, İbrahim Hilmi Tüccarzadənin, Fuad Köprülüzadənin,
Əhməd Nəbizadənin,
Ruşen Əşrəfin,
Refi Cavadın, Süleyman Nazifin və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri
var. Bu materiallarda Qafqazda
və bilavasitə, Azərbaycanda cərəyan
edən siyasi proseslər, İstanbulda keçirilməsi nəzərdə
tutulan konfrans, Bakının azad edilməsi, Paris sülh konfransı tərəfindən
Cümhuriyyətin de-fakto
tanınmasının Türkiyədə
yaratdığı ruh
yüksəkliyi və
digər problemlərə
dair indiyədək elmə məlum olmayan dəyərli informasiyalar yer alıb.
“Birinci
Dünya savaşı
və Azerbaycan. Osmanlı arşiv belgeleri” adlı digər sənədlər toplusu isə Azərbaycanın I
Dünya müharibəsi
dövründəki vəziyyətini
əks etdirir. Topludakı sənədlərin böyük
bir qismi Cənubi Azərbaycanda baş verən hadisləri əks etdirir. Bunun nəticəsində Azərbaycan tarixşünaslığında
ilk dəfə olaraq həm Şimali, həm də Cənubi Azərbaycanın
I Dünya müharibəsi
dövrü tarixini paralel şəkildə izləmək mümkün
olur.
“Kafkasyada
“ermeni meselesi”. 1895-1912. Osmanlı arşiv belgeleri” adlanan toplu xronoloji
cəhətdən əvvəlki
illərə aid olsa da Azərbaycan Xalq Cümhuriyyətinə
aparan yola işıq salır.
Qafqazda “erməni məsələsi”nin mahiyyəti, ermənilərin
Şimali və Cənubi Azərbaycanda azərbaycanlılara qarşı
törətdikləri qətliamlara
dair yeni arxiv sənədləri problemin indiyədək məlum olmayan bir sıra ciddi
məsələlərini müəyyən
etməyə imkan verir.
Toplulara daxil edilən sənədlər Türkiyə
Cümhuriyyəti Başbakanlık
Dövlət Arxivləri
Genel Müdürlüyü
Osmanlı Arxivi Dairə Başkanlığı
(BOA) və Baş Qərargahın Əsgəri
Tarix və Strateji Etüt Dairə Başkanlığı
Arxivindən (ATASE) toplanmışdır. Tarix üzrə
fəlsəfə doktorları
Vasif Qafarov və Qiyas Şükürovun
nəşrə hazırladığı
sənədlər toplusuna
tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov
geniş ön söz yazıb.
“Yeni Kafkasya. 1923-1927”
dərgisi Məmməd
Əmin Rəsulzadənin
rəhbərliyi ilə
İstanbulda çap olunub. Dərginin materialları uzun
müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz
hesab olunurdu. Avropa Azərbaycan Cəmiyyətinin layihəsi
əsasında bu dərginin də bütün
sayları latın əlifbasına transkripsiya
edilmiş və bir araya gətirilərək
dörd kitabda nəşr edilib. Dərgini nəşrə Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlayıb. Professor Yavuz
Akpınar nəşrə
ön söz və “Yeni Kafkasya”nın nəşri tarixi, müəllifləri,
məqalələri və
və s. haqqında oxucunu maraqlandıran suallara cavab verən geniş məqalə yazıb.
Bu kitablar Azərbaycan
Xalq Cümhuriyyəti
tarixinə dair
fundamental mənbə bazası
olub, tələbələr,
müəllimlər, tarixçi
tədqiqatçılar və
geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Həftə içi.- 2018.- 26-29
may.- S.8.