“Papaqçılıq sənətinin sirlərini
yəhudi ustadan öyrəndim”
Yaxşı yadımdadır, uşaq
idim. Rəhmətlik
babamın quzu dərisindən tikilən iki cür papağı
vardı. Toya gedəndə qəhvəyirəngli,
hüzr yerinə gedəndə isə
qararəngli papağını başına qoyardı. Babam axşamlar yatanda papağını üzüüstə
təmiz bir yerə qoyardı ki, şah durub
əzilməsin və çirklənməsin.O dövrlərdə
kəndimizdə ahıl adamların hamısının
başında papaq olardı.
Qədim dövrlərdə papaq kişinin qeyrəti, namusu sayılardı. Əgər bir kişinin
papağına toxunan olardısa, arada qan düşərdi.
Papaq toxunulmaz idi. Papağı da hər
adam tikə bilməzdi, hər quzu dərisindən papaq
tikilməzdi. Papaqçılıq milli
köklərimizə söykənir, mədəniyyətimizin bir qolu elə
papaqçılıq sənətidir.
Vaxtilə Ağdamda bu sənətlə məşğul olan məşhur “Papaqçı Şəmsi”, “Papaqçı Aydın” kimi ustalar olub. Bu gün haqqında söz açacağımız “Papaqçı Sabir” vaxtilə Ağdamın tanınmış ustalarından biri olub və indinin özündə də papaqçılıq sənətini yaşadır...
– Sizcə, sənət nədir, bunu necə başa düşürsünüz?
– Sənətə qarşı mənim böyük məhəbbətim olub. Əgər maraq varsa, sevdiyin sənətə yiyələnə bilərsən. Sənət həmin peşənin sirlərinə yiyələnmək və bizə məlum olmayan möcüzələrin arxasınca getmək, yenilik deməkdir. Neçə illərdir, papaqçılıq sənəti ilə məşğul oluram, hələ də yeniliklərin arxasınca gedirəm.
– Ustadınız kim olub və nə vaxtdan papaqçılıq sənəti ilə məşğul olursunuz?
– 1970-ci illərdə Latviyanın paytaxtı Riqa şəhərində hərbi xidmətdə idim. Hərbi hissəmiz tikinti işləri ilə məşğul olurdu və onun yerləşdiyi binanın yaxınlığında milliyyətcə yəhudi olan usta Abramla tanış oldum. Hələ uşaqlıq illərində mənim bu sənətə həvəsim olub.
Açığını deyim, Abram kişi çox yaxşı adam idi. O, papaqçılıq sənəti ilə məşğul olurdu və çörəyini də bu sənətdən çıxarırdı. Onun gözəl əl qabiliyyəti vardı. Dərinin aşılanmasını sənaye üsulu ilə çox gözəl bilirdi. Abram kişinin tikdiyi papağın qiyməti yox idi. Onun əl işlərini gördükcə, bu sənətə marağım get-gedə artırdı. Mənə deyirdi ki, gəl, bu sənəti sənə öyrədim. Sənət pas atmayan bir ləldir, səndən gözəl papaqçı çıxar. Mən Abram kişidən dərinin aşılanması üsulunu və papaqçılıq sənətinin sirlərini öyrəndim.
– “Papaq” sözünü necə
başa düşürsünüz?
– Papağı kişilər başlarına qoyub. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. İctimai yerlərdə başgeyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Ona görə də papaq həmişə qiymətli olub. Qədimlərdə papaqçılıqla məşğul olanların cəmiyyət arasında böyük hörməti var idi. Keçmişdə həm gənclər, həm də yaşlılar buxara papaqlardan istifadə ediblər. Papaq, əsasən, qəhvəyi, gümüşü və qararəngli quzu dərisindən tikilir. Təəssüflər olsun ki, ölkəmizdə həmin quzuların nəsli kəsilib. İndi o quzular ancaq Orta Asiya ölkələrində, eləcə də Türkmənistan və Özbəkistanda saxlanılır. Onların dərisi çox bahalıdır. Buxara şəhərindən gətirilən quzuların dərisindən tikilən papaqlar bahalıdır. Papaqlar rənginə görə müxtəlif adlanır – qəhvəyi, gümüşü,qara, çal papaqlar... Bunların hamısı dairəvi buxara papaqlardır ki, qəhvəyi, qara, boz, qırmızı, gümüşürəngli quzu dərisindən tikilir. Əfqanıstanın sabiq prezidenti Həmid Kərzayinin başındakı gümüşü papağın qiyməti 4 000 dollar idi. Həmin papaq doğulmamış ana bətnindən çıxarılmış 12 quzu dərisindən tikilmişdi.
Normal papaq 2 quzu dərisindən tikilir. Mən tikdiyim
papaqda yenilik etmişəm. Əvvəllər
papağın içərisinə
un kisələrinin materialından qoyardılar.
Pambıq yığılan xaralardan istifadə edərdik və onun üzərinə ipək üzlük çəkərdik. İndi papağın
içərisinə “xalça”
materialından kəsib
qoyuruq. Həmin materiallar havanı
yaxşı tənzimlədiyinə
görə insanın
başı tərləmir.
...Ağdam bazarının ətrafında bir sexim vardı. Ağdam köhnə papaqçıların
məskəni sayılıb.
Ona görə ki, əsl sənətkarlar adıçəkilən şəhərdə
olub. Zəngilan,
Cəbrayıl, Qubadlı,
Kəlbəcər, Laçın,
Tərtər, Bərdə,
Ağcabədi, Füzuli,
Beyləqan və sair ətraf rayonlardan Ağdama kişilər gəlib papaq sifariş verərdilər. Böyük sənətkarlar, tanınmış ziyalılar
gəlib papaqlarını
Ağdamda ustalara tikdirərdilər. Ən məşhur
adamların, tanınmış
seyidlərin papaqlarını
tikərdim. İndinin özündə
də sənətimi davam etdirirəm.
– Bu gün sizə hansı papaqları sifariş verirlər?
– Müasir dövrümüzdə
mühit dəyişib,
hamı yenilik axtarır. Hərə öz zövqünə
uyğun sifariş verir. Bir müştəri yaxınlaşıb
dedi ki, mənə “Süleymani” papaq tikərsənmi? Mən razılaşdım.
– “Süleymani”
papaq da var?
– Həmin papaq “Arşın mal alan”
filmində Süleyman
bəyin başında
olan papağın formasında olduğu üçün “Süleymani
papaq” adlanır. Bu ad bu gün
dəbdədir. “Süleymani” adı olsa daha yaxşıdır
və daha da millidir. Həmin papağı tikib müştəriyə verdim.
Müştəri razı qaldı.
”Bakılı oğlanlar”ın klubundakı
Bəhramın papağını
mən tikmişəm.
– Bəs bir papağı neçə
günə tikirsiniz?
– Açığını deyim
ki, papaq gəlir gətirən sahədir. Beş ay insan başına
qoyur.Yaxşı olardı
ki, bu sahəyə
dövlət qayğı
göstərəydi. Dərisi qiymətli
olan qoyun cinsləri gətirilib, ölkəmizdə saxlayıb
çoxaldılardı. Papağın dərisini 80-500 manat
civarında alırıq.
Qiymətlər dərinin keyfiyyətindən
asılıdır.
Papaq əl işidir. Ən azı, bir həftəyə başa gəlir. Ayda 6-7 müştərinin sifarişini qəbul edirəm. Əvvəlki illərdən fərqli
olaraq son vaxtlar milli kökə qayıdış var. Quzu dərisindən tikilən
milli papaqlara maraq artıb. Yaşından asılı
olmayaraq müştərilər
gəlib papaq sifarişi verirlər, hətta azyaşlı uşaqlara da...
– Papaq neçəyə başa
gəlir?
– Müştərilərin verdiyi
sifarişdən asılıdır.
Dəri baha olanda papağın
qiyməti də baha olur. Tikdiyim hər papaqdan 30 manat zəhməthaqqı alıram. Papağı baha tikmirəm.
Ona görə ki, əhalinin həm gücü çatsın,
həm də papağa marağı artsın.Təəssüflər olsun ki, bu
sənətə maraq
azalıb. Ağdamda olanda
şagirdlərim var idi. Gənclər gəlib bu sənəti öyrənirdilər.
İndi bu sənətə gələn
yoxdur, səbəbi çox çətin, əziyyətli və məsuliyyətli iş olmasıdır.
Papağı tikmək üçün
kamil usta olmalısan. Çoxları bu sənəti
adi bir şey
kimi qəbul edir. Elə bilirlər ki,
papaqçılıq çox
asan bir sənətdır. Heç də
onların düşündüyü
kimi deyil. Bu sənətlə məşğul olan ustanın böyük estetik zövqü olmalı, xüsusilə də rəssamlıq qabiliyyəti özünü
göstərməlidir; peşəkarlığı
da öz yerində.
Papağın üst qatındakı dərinin gülləri elə tikilməlidir ki, onlar bir-birinə
uyğun gəlsin. Papaq, həm
də rəmzi xarakter daşıyır, milli birlik deməkdir.
– Sənətinizlə bağlı yaddaqalan hansı xatirəniz var?
– Hacıqabuldan bir nəfər gəlib mənə papaq sifariş verdi.
Mən də papağı onun dediyi kimi
tikdim. Müştəri
papağı əlinə
alıb dedi ki, papaq yaman
yüngüldür. Dərhal papağı
onun əlindən aldım və emalatxanaya aparıb onun içərisinə ağır material qoyub, müştəriyə verdim.
İkinci dəfə müştəri başına
qoymaq əvəzinə,
papağı əlində
oynadıb dedi ki, papaq yenə
də yüngüldür.
Sonra da əlavə etdi ki, əgər
papağı atanda qız və qadın yıxılmırsa,
demək, yüngüldür.
Mən onun nə demək
istədiyini anladım.
Sual verdim ki, sənin
evdə o cür papağın var? Dedi, hə. Dedim, götür gəl, ona baxım
və həmin qaydada tikim.
Nə isə, papağı gətirib mənə verdi. Tərəzidə papağın çəkisi
460 qram gəldi.
Mən tənbəllik eləməyib,
papağın təpə
hissəsinə qaz plitəsinin üstünə
qoyulan qalın dəmirdən dairəvi kəsilmiş dəmir parçasını qoyub tikdim. Sonra tərəzidə çəkdim, papaq daha ağır – 490 qram gəldi. Papağı
aparıb müştəriyə
verdim. Əlinə
alıb dedi ki, usta, bu,
başqa məsələ...
Bu cür müştərilərimiz
də var...
Qələndər Xaçınçaylı
Həftə içi.- 2018.-
2 noyabr.- S.8.