Xaricdə təhsil almış məzunlar
Hazırda həmin
məzunların 60 faizi özəl sektorda, 40 faizi isə
dövlət sektorunda
çalışır
"Azərbaycan
Respublikası gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı məzunlarının 60 faizi
özəl sektorda, 40 faizi
isə dövlət sektorunda
çalışır". Bunu təhsil
naziri Ceyhun Bayramov keçirdiyi mətbuat
konfransında deyib. O bildirib
ki, həmin məzunların çox hissəsi ali təhsil
sistemində öz töhvələrini
verirlər: "Universitetlərdə dövlət
proqramının tələbələri olan
məzunlarımızın çoxu
müəllim və digər vəzifələrdə
çalışırlar". Nazir qeyd edib ki, ilk
dövlət proqramının nəticəsində əldə
edilən əldə edilən uğurlar yeni proqramın həyata
keçirilməsinə imkan verib: "Ümüd edirik ki,
daha çox gənclərimizə gələcəkdə ikili
diplomlar alacaq, daha çox tələbəyə
dünyanın aparıcı universitetlərində təhsil
almaq hüququ yarada biləcəyik.
Bu həm
də birgə tədqiqatların həyata keçirilməsinə
öz tövbəsini verəcək. Dövlət
proqramının yüksəl səviyyədə icra olunması üçün
əlimizdən gələni edəcəyik. Azərbaycanlı
tələbələrin gələcəkdə xarici universitetlərin doktoranturalara
daxil olmağını görəcəyik".
C.Bayramovun sözlərinə görə, dövlət proqramının qəbul edilməsindən bir neçə gün keçməsinə baxmayaraq, artıq kifayət qədər müraciət daxil olub.
Nazir həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir: "Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək".
Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək".
O həmçinin qeyd edib ki, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il oktyabrın 1-dək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf edib.
Fondun məlumatına görə, Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 210 milyon 758,3 min manat, o cümlədən bu ilin 3 rübü üzrə 5 milyon 312,5 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 16 min manat), təhsil haqqı (1 milyon 937,7 min manat), yol (244,8 min manat), sığorta (111,9 min manat), viza və qeydiyyat (2,1 min manat) xərclərinin ödənilməsinə yönəldilib.
Dövlət proqramı çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79 faiz) magistratura və bakalavr pillələrində təhsillərini davam etdirirlər. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində oxuyurlar.
Xarici ölkələrin universitetlərində magistratura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq (120 nəfər) informasiya və kommunikasiya texnologiyaları (118 nəfər) sahələrində oxuyurlar. Bakalavr pilləsində tələbələrin əksəriyyəti magistratura pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (320 nəfər) sahəsində təhsil alırlar.
Bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin bir qismi (692 nəfər və ya 21 faiz) təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alırlar. Bu pillələrdə oxuyan tələbələrin əksəriyyəti (587 nəfər) tibb sahəsində təhsil alır. Eyni zamanda, onlar arasında elm sahəsində (27 nəfər), iqtisadiyyat və idarəetmə (22 nəfər), hüquq (17 nəfər), sənaye (14 nəfər) və sair (25 nəfər)sahələrdə təhsil alanlar vardır.
Dövlət proqramı çərçivəsində Təhsil Nazirliyi ilə Fransanın Dövlət Orta və Ali Təhsilin Təşkili Mərkəzi (CNOUS), Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Fulbright və Rusiyanın Avrasiya Tədqiqatlar İnstitutu ilə bağlanmış sazişlər əsasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili təşkil edilir. Bu cür tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfər Fransa (49 nəfər), Almaniya (175 nəfər), ABŞ (19 nəfər) və Rusiyanın (4 nəfər) universitetlərində təhsil alırlar.
Oktyabrın 1-nə olan məlumata görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1912 nəfər təşkil edir. Məzunların əksər hissəsi - 733 nəfəri Böyük Britaniya, 294 nəfəri Türkiyə, 149 nəfəri Almaniya, 110 nəfəri Niderland, 98 nəfəri Rusiya, 73 nəfəri ABŞ-da təhsillərini uğurla bitiriblər.
Yeri gəlmişkən, ötən ildən dövlət vəsaiti hesabına xaricdə təhsil alan gənclərin işlə təminatı xeyli asanlaşıb. Belə ki, Milli Məclis Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişikliyi qəbul edib. Həmin əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir) tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2018.- 22
noyabr.- S.6.