Duz-çörəkli, zurna-qaballı,

“mehmonpərvər” özbəklər

 

Bu dəfə yolumuz ata yurda – türklərin böyük köçünün başlandığı yerə, Orta Asiyanın ən bərəkəli torpağına – Özbəkistanadır. Daha da dəqiqləşdirsək, Özbəkistanın tarixi və qədim mədəniyyət mərkəzlərindən olan Səmərqənd şəhərində "Səmərqənd Poeziya Axşamları" Türkdilli Gənclər Konfransında iştirak etmək üçün Bakıdan Səmərqəndə yol alırıq.

Ölkəmizi qardaş ölkədə iki yazar – Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri – Tural Turan (yəni, mən-red.) və İntiqam Yaşar təmsil edir. Yolumuz uzun, səfərimizin müddəti isə dörd gündür.

 

Bakı – Moskva – Daşkənd...

 

İlka olaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanından Moskvanın Şeremetyev aeroportuna istiqamətlənirik. Oradan da Daşkəndə gedəcəyik. Yanımızda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun əməkdaşı Aydın Əlizadə əyləşib. Məlum olur ki, o da Bişkekə - Qırğızıstana gedir. Mövzuları isə MDB regionunda müasir İslam dini ilə bağlı müzakirələrdir.

Göy üzündə üç saat havadan asılı qaldıqdan sonra Moskvaya yetişirik. Vaxt az olduğundan təngnəfəs şəkildə “D” terminalına doğru qaçırıq ki, Moskva-Daşkənd reysinə çataq. Yolda yadımıza düşür ki, tələsdiyimizdən Aydın müəllimlə də sağollaşmadıq. Yarı rusca, yarı ingiliscə soruşa-soruşa birtəhər gəlib terminalı tapırıq. Yanımızda dayanan gənc özbək əkələr və ükələr isə Moskvadan Daşkəndə dönürlər. Bu arada qeyd edim ki, özbək türkcəsində “əkə” böyük, “ükə” isə kiçik qardaş deməkdir. Onların arasında tələbə olanı da var, rus torpağında fəhləlik edərək ailəsinə çörəkpulu qazananı da... Nə başınızı ağrıdım, yazı dili yüyrək olar – deyiblər, 4 saat göy üzündə qanad çaldıqdan sonra təyyarəmiz Daşkənd hava limanına qonur. Daşkənd saatı ilə gecə üçün yarısında özbək torpağına ayaq basırıq...

 

“Gözəl qarşıladı xoş iqbal bizi...”

 

...Biz Daşkəndə çatanda hava dumanlı idi. Göz gözü görmürdü. Bir gün əvvəl isə buralara qar yağdığından Bakıdan hazırlıqlı getmişdik. Altdan geyinib üstdən qıfıllanmışdıq. Bizi 19 yaşlı gənc özbək tərcüməçi Mirzohid Müzəffər və onun Xarəzmdən olan yoldaşları qarşıladı. Özü də nə qarşılamaq, sanki illərin görüşü idi, qucaqlaşdıq, sarıldıq, bir-birimizi qoxuladıq. Sanki Şah İsmayılla Əmir Teymurun, Şeybani xanının ruhu görüşürdü. Daşkəndin kənar məhəllələrinin birinə yollandıq. Yol boyu gah öz ləhcələrimizdə, gah da Türkiyə türkcəsində ortaq dil tapmağa çalışırdıq. Mirzohidlə virtual tanışlığımız vardı. 2018-ci ilin ilk günlərində Şahista Artikovanın tərcüməsində mənim özbək dilində ilk şeirlər kitabım – “Qaranlığın aydınlıq adı” çapdan çıxandan sonra sosial şəbəkələrdə çox söhbətləşmişdik. Ortaq dilimiz isə gah Türkiyə, gah Özbəkistan, gah da Azərbaycan türkcəsi olmuşdu...

 

Behrudinin diyarından sizə kitab gətirmişik...”

 

Mirzohidgilin evinə yerləşər-yerləşməz özbək mətbəxindən təamlar stolun üstünə düzlüdü. Meyvələr tanış olsa da, təamlar xarici görünüşcə bir o qədər də gözümüzün öyrəşdiklərinə oxşamırdı. Dadlı yeməklər idi. Təxminən on saatlıq aclığın acısını çıxardıqdan sonra çantamıza əl atdıq. Azərbaycandan apardığımız kitabları qonaq yerləşdiyimiz stolun süfrəsinə düzdük. Kitabları görüb onlar da doyduqlarını hiss etdirdilər. Kimləri aparmamışdıq ki, Rüstəm Behrudinin, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Vaqif Bayatlı Odərin, Aqşin Yeniseyin kitablarını, “Dörd şair – 40 dua”nı... Bu yerdə yadıma Rüstəm Behrudi düşür. Gorəmirdə Əmir Teymurun qəbri önündə “Salam, dar ağacı” deyib ondan salam alan şairi deyirəm...

Dediklərinə görə özbək gənclər ilk dəfə Azərbaycan ədəbiyyatını orijinaldan oxuyacaqdılar. Yerli filmlərimizdən hazırlanan əlfəcinləri görüncə - “sizdə ədəbiyyat, oxumaq üçün çox işlər görülür” – dedi – Mirzohid. “Qaranlığın aydınlıq adı” kitabını görüncə isə ev sahibləri elə süfrə başında avtoqraf almadan – sizi buraxmarıq dedilər. İntiqam bəylə bir-birimizin üzə baxdıq. O, müəllifi olduğu iki kitabı mən də özbək türkcəsində çıxan kitabımı imzaladıq...

 

Su səpilmiş Daşkənd küçələri...

 

Səhər saat səkkiz radələrində Səmərqəndə yola düşmək üçün avtovağzala doğru yol alırıq. Daşkəndin küçələri səhər saatlarında çox sakit görünür. Sanki küçələrə su səpilib. Bakıdan fərqli olaraq 6 milyon insanın yaşadığı şəhərin yollarında avtomobil sıxlığı yoxdur. Şəhər çox təmizdir. İnsanların üzündə təbəssüm var. Hətta geyimindən, üst-başından kasıb görünən insanların da üzündə təbəssüm var.

Evlərin əksəriyyəti isə beş ya da yeddi mərtəbəlidir. Əksər binalar sovet dövrünün, yaxud da müstəqilliyin ilk illərinin yadigarlarıdır. Elanların, afişaların əksəriyyəti isə özbək dilindədir. Hətta “Aptek” adına da nadir hallarda rast gələ bilərsiniz, əgər “dorıxona”nın nə olduğunu bilməsəniz aptek üzünə həsrət qalacaqsınız...

Ara-sıra yeni tikilən hündürmərətəbəli binalar, ofislər üçün nəzərdə tutulmuş 20-25 mərtəbəli göydələnlər diqqətimizi çəkir. Insanlar isə beş-yeddi mərtəbəli binalarda yaşayır.

Yol boyu səyyar “obmen-valyuta” maşınları şütüyür. Özbək qardaşlarımız deyir ki, əgər təcili kartdan pul çıxarmaq istəyirsənsə, o zaman qurbağaya oxşayan bu maşınlara yaxınlaşıb pul çıxara bilərsən. Amma böyük məbləğdə deyil, birgünlük cibxərcliyin nə qədərdirsə, o qədər çıxarmaq mümkündür. Bu da bizim pulla 35-50 manatdan çox deyil. Üstəlik, səyyar pul maşınları növbəli rejimlə işləyirlər. Şəhərin əsas prospektlərində o qədər də yüksək olmayan sürət həddi ilə şütüyürlər.

 

Sürət qatarı ilə Səmərqəndə...

 

Təkcə Daşkəndin deyil, bütövlükdə Orta Asiyanın ən böyük dəmiryolu stansiyasına yollanırıq. Deyirlər ki, sürət qatarı bir müddət əvvəl istifadəyə verilib. 2 saata Səmərqəndə çatır. Dəmiryolu vağzalında konfransda iştirak edən özbəkistanlı qardaş və bacılarımızla görüşdük. Ortaq dil olaraq Türkiyə türcəsində anlaşırıq. Hal-əhvaldan sonra Əmir Teymurun uyuduğu şəhərə - dünyanın incisi olan Səmərqəndə üz tuturuq. Yol boyu bozqır çöllər bizi müşaiyət edir. Sanki ağaclar arxamızca qaçır. Yol boyu kənd evlərinə baxıram. İlahi, necə də bizim evlərin quruluşuna bənzəyirlər. Hətta xırda yaşayış məntəqələrində sovet dövründən qalan minzavod, zavod və fabriklərin damından tüstü çıxdığını görürük. Dostlarımız deyir ki, sovet dövründən sonra sahibkarlar bu zavodların fəaliyyətini yenidən bərpa etdilər. Özü də dövlətin maliyyə yardımı ilə... Yol boyu Cizzəni və başqa yaşayış məntəqələrinə salam verib Səmərqəndə varırıq.

 

Duz-çörəkli, zurna-qaballı,

seir ruhlu, “mehmonpərvər” özbəklər...

 

Qatardan düşəndə gözlərimizə inanmadıq. Ayağımızın altına xalça sərilmişdi. Zurna-qabal səsləri ərşə bülənd olurdu. Məktəbli qızlar, oğlanların “Özbəkistana xoş gəldiniz!”, “Səmərqəndə xoş gəldiniz!” ifadələrini xorla eşitmək nağıllar aləminə düşmək kimi bir şey idi. Açığını deyəcəyəm, ilk dəfə özümü şair kimi hiss edirdim. Özbəkistanda şairə, sözə necə hörmət qoyulduğunu görmək necə də xoş idi. Həm də çaşmışdıq. Şair İntiqam Yaşarla göz-gözə gəldik, təbəssüm etdik. Nə ona, nə də mənə ölkəmizdə bu cür sayğı göstərilməyib. Şair kimi bu səviyyədə qiymət verilməyib. Doğrudur, kitablarımız satılır, hərəmizin öz oxucu kütləmiz var, oxucularımızla görüşlərimiz də baş tutub, amma öz adıma deyirəm ki, Bakıda belə hörmət və izzətlə qarşılandığım yadıma gəlmir. Tərcüməçi qardaşım Mirzohid deyir ki, duz çörək kəs, sonra otelə gedək (özü də kişmişi-kişmişi gülür). Duz-çörək kəsdikdən avtobuslarımıza minib yerli şairlərlə - konfrans iştirakçıları ilə “Registon” otelə gedirik. Otelə yerləşər-yerləşməz, hər kəs yaxınlaşıb şəkil çəkdirir. Şeirlərimizdən xəbərdar olduqlarını, burada bizdən xəbərsiz şeirlərimizin tərcümə olunduğunu söyləyirlər. Yenə də şokdayıq. Hətta Xorəzmdən olan yazarlardan biri “Bir nəfəslik ölüm” şeiriniz çox möhtəşəmdir-deyir. Kitabımı oxuduğunu söyləyir. Yol boyu yorulub-yorulmadığımızı, nə istəklərimizi, təssüratlarımızı soruşurlar. Azərbaycanı xəbər alırlar. Ağız dolusu danışırıq. Hərçənd biz bəyənməsək də, özbəklər bizim ədəbi prosesi izlədiklərini və yüksək qiymətləndirdiklərini söyləyirlər. Ramiz Rövşəni, Rüstəm Behrudini, gənclərdən Aqşin Yeniseyi, Qisməti, İntiqam Yaşarı, Şahanə Müşfiqi, Mansur Həsənzadəni və bəndənizi – yəni, Tural Turanı oxuduqlarını deyirlər.

 

Otel otağında imza törəni...

 

İntiqam bəylə otağımıza yenicə daxil olmuşduq ki, beş-altı gənc özbək şair qapımızı döydülər. Qapıdaca boynumuza sarılıb qucaqladılar. İçəri keçdilər. Kitab istədilər. İntiqam Yaşar Azərbaycan türkcəsində, mən də Özbəkistan şivəsində çıxan kitabımı onlara hədiyyə etdim. Azərbaycanda çıxan kitabın dizaynını, vərəqlərinin keyfiyyətini yüksək qiymətləndirdilər. Xarəzmdən, Termizdən, Qaşqadəryadan, Daşkənddən olan bu şairlərin ərinmədən avtoqraf üçün otağımıza gəlmələri məni daha da duyğulandırdı. Yenə də açığını deyəcəyəm, bizdə heç şair yaşıdı olan, özündən bir neçə yaş kiçik və böyük şairin qapısını döyüb kitab imzalamağı xahiş etməz. Çünki uğuru, sözümüzün orijinallığı, dəyəri bir-birimizin boğazımızdan keçmir. Bizdə üzdə olan bəzi yazar və şairlərin özünə istedadlıyam- dediyi halda onlar həya edib, utanarlar. Şairsinizmi?deyəndə qızarıb əstağfurillah-deyirlər. Bunları özümüz üçün deyirəm, narahat olmayın, orada hamınızdan ağız dolusu danışmışam...

Keçək imza törəninə, özbək qardaşlarımız qulaqlarımızın öyrəşmədiyi adlarını söyləyirlər. Hərəsi də fərqli cümləli avtoqraf istəyir. İmzalayıb təqdim edirik. Çarpayı üstündə əyləşən kim, balaca stulu altına çəkib İntiqamı, məni dinləyən kim... Ədəbiyyat söhbətləri edirik. Səmərqəndin bizim Gəncəyə oxşadığını deyirəm. Onlar da Azərbaycanda olmaq istədiklərini söyləyirlər. Hətta Xarəzmdə olan özbək qardaşlarımız isə deyir ki, biz də oğuz türküyük. Biz Azərbaycan türkcəsində danışanda başa düşdüklərini dilə gətirirlər.

 

Registanda açılış törəni...

 

"Səmərqənd Poeziya Axşamları" Türkdilli Gənclər Konfransı özbək memarlığının incisi sayılan Registanda baş tutdu. Açılışı tədbirin bütün ağırlığını çəkən gənc xanım (həm də şair-red.) Mehrinoz Abbasova açdı. 6 ölkədən 25 nümayəndənin iştirak etdiyini söylədi. Konfransda özbək şeiriyyatının sultanlarından olan Usman Azim və başqa xalq şairləri, eləcə də Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və ev sahibi olan Özbəkistandan nümayəndələr, poeziya adamları, alimlər iştirak edirdi. Mən də açılış nitqini özbək və azərbaycan türkcələrində etdim. Gözlərim isə divarlardakı naxışlarda idi. Altı əsr əvvəl ulu babalarımızın belə gözəllik nümunələri yaratdığını görmək, gözlərimdə fəxarət hisslərini daha da işıldadırdı... Tədbirdə türk dövlətlərindən gələn nümayəndələr ölkələrindəki müasir ədəbi prosesdən, dövlətin yazarlara qayğısından danışırdı. Bizdə söylədik ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə hər il 20 gənc, 30 yaşlı şairə prezident təqaüdü verilir...

Açılışdan sonra axşamın iliyə işləyən soyuğunda özbək qardaşlarımızın isti ürəyinə bürünüb Registan haqqında məlumat alırıq. Həm də özbək qardaşlarımızın əl işlərindən olan suvinirləri əldə etmək üçün dükanlara baş çəkirik. Qiymətlər çox ucuzdur. 5000 soma (bizim pulla 1 manat) da suvinir tapmaq olar, 500 min soma da... Ceyran və dəvə dərilərindən divar rəsmləri, tüppələr, göz oxşayan qadın bər-bəzək əşyaları... Əl işləmələrinə baxmaqdan gözümüz doymur...

 

İmam Buxari türbəsi...

 

Gəzdiyimiz yerlərdən biri də İmam Buxarinin türbəsi idi. Səhih Buxari adı ilə tanınan bu müqəddəs mevki sahibinin türbəsi sovet dövründə pambıq xaşalarının toplandığı ambar olub. Müstəqillik illərində xalqın iradəsi və keçmiş prezident İslam Kəroimovun sərəncamı ilə altı aya kompleks halına gətirilir. Burada dünyanın bir çox dövlət başçıları, o cümlədən Azərbaycan prezidentləri də baş çəkib. Muzeylə tanışlıq əsnasında məlumat verilir ki, buranı ancaq müsəlman dövlət başçıları ziyarət edə bilərlər. Vitrinlərdə isə dünyanın müxtəlif ölkələrindən olan siyasi xadimlərinin özbəkistanlı həmkarlarına hədiyyə etdikləri Qurani-Kərimlər nümayiş edilir. Hətta Azərbaycan Prezidentinin hədiyyə etdiyi Qurani-Kərimdə “İmam Buxari Muzeyi”ndə sərgilənir.

 

Özbəkistan Yazıçılar Birliyində...

 

Özbəkistan Yazıçılar Birliyinin sədri Seyid Siracəddinin dəvəti ilə buranı da ziyarət etdik. Yazıçılar Birliyinin yeni binası ilə tanış olduq. Dedilər ki, prezident Şöhkət Mirziyoyevin əmri ilə bir il əvvəl salınıb. Özbək ədəbiyyatının incilərinin, klassiklərin və müasirlərin heykəlləri qoyulub. Birliyin geniş həyətində bağ salınıb. Sonra özbək oxucularla görüşdük. Təmsil etdiyimiz ölkələrdən isti salamları çatdırdıq. Tədbirdən sonra yaxınlaşan boynumuza sarılırdı. Hətta repressiya qurbanı, Azərbaycanın işıqlı ziyalılarından olan maqsud Şeyxzadənin özbək ədəbiyyatındakı izi və cığırından ağız dolu danışan qardaşlarımız bizi də kövrəltməyi bacardılar. Fotolar çəkdirir, avtoqraf imzalayırdıq. “Gənclik” jurnalında çap edilən Azərbaycan şairlərinin şeirlərini görmək doğrudan da qürurverici idi...

 

Kitab dünyası”nın redaksiyasında...

 

Özbəkistanda Azərbaycan ədəbiyyatının əsas təbliğatçılarından biri də “Kitab dünyası” qəzetidir. Redaktoru Xasiyyat Rüstəmova olan qəzetdə mütəmadi olaraq Əkbər Qoşalının, İntiqam Yaşarın, Taleh Mansurun, Şəhanə Müşfiqin, Tural Turanın və başqalarının şeirləri yayımlanır. Xasiyyat xanım bizi redaksiyaya dəvət etdi. Qəzetin əməkdaşları ilə söhbətləşib hal-əhval tutduq. Dərdləşdik. Nəfis tərtibatla çıxan “Kitab dünyası”nda modern dünya poeziyasında və nəşrində gedən inkişaf prosesləri ilə yanaşı, klassik ədəbiyyat nümunələri də yer alır. Azərbaycanlı şairlərin şeirlərini tərcümə edən Mirzohid Müzəffər deyir ki, Azərbaycan ədəbiyyatındakı yenilikçi proseslər özbək ədəbiyyatına da birbaşa təsir etməkdədir. Qəzetdən bir neçə nümunə götürərək vətənə geri qayıdırıq.

 

Daşkənd, salamat qal...

 

Təyyarəmiz Daşkənd vaxtilə gecə saat 4-də havaya qalxacağından rahat deyib-gülməyə, dərdləşməyə vaxtımız vardı. Otelə yerləşdik. Yükümüzü, ver-veşimizi rahatladıq. Burada da otelləri ərəblər “işğal” edib. Hər tərəf ərəblərlə doludur.

Daşkənddə sonuncu axşam yeməyimiz də maraqlı oldu. Özbək yazıçılarla şam yeməyini yemək üçün, restorana 10 dəqiqəlik məsafədə yerləşən restoranların birinə yollandıq. At ətindən qazı, özbək mətbəxinin şahı – plov... Bir sözlə, quş iliyi, can dərmanı... Diqqətimi iki məqam cəlb etdi, rus rəqqasələr və araq içən qadınlar. Dörd gün ərzində dinə-imana, adət-ənənəyə sıx bağlı olan Özbəkistanda belə bir mənzərə ilə ilk dəfə qarşılaşırdım.

...Qızıldiş, yaşlı qadınlar isə araq badələrini bir-birinə toqquşdurub bizim kişilərin bacarmadığı tərzdə sağlıq deyir, şeir söyləyir və birnəfəsə başlarına çəkirdilər. Hiss etdim ki, yaşlı qadınlardan hansınınsa 70 illiyidir. Ortada “7” və “0” rəqəmlərinin qoşa dayanğı tort da vardı.

Birdən yan stoldan xəbər tutdular ki, Azərbaycanlı şairlər gəlib. Daşkəndin yüksək rütbəli polislərindən biri özünün 50 illiyini qeyd edirdi. Səməd Vurğundan şeir dedi. Biz də ardını gətirdik. Dedi ki, Azərbaycandan çoxlu dostları var. Hamısı da vəfalı olub. Azərbaycan muğamlarının, aşıq sənətinin “xəstəsi” olduğunu elə bizim dildə söylədi. Qələbəlik bir məclisdə ad günü olan polis yaddan çıxdı. Manşetdə biz idik. Hamı bizimlə danışır, hal-əhval tuturdu... Kimisi meyvə doğrayır, kimisi vino ilə içməyə ağzımıza at ətindən qazı dürtüşdürür. Belə qonaqpərvər mühitdən ayrılmaq da çətin idi... Amma hələ ki, Daşkənddəyik –deyib özümüzə təsəlli verirdik. Səbəbkarla şəkil çəkdirir, deyib gülürdük...

Bir tərəfdə isə rus rəqqasələr qadın olmayan stullara yaxınlaşır, göbək atır, digər tərəfdə isə müasir özbək anaları oriental rəqsi oynayırdılar. Bunları görən ailələr isə yavaş-yavaş restoranı tərk etməyə başladılar.

Yanımdakı özbək şair cibindən iki min som çıxarıb rəqqasənin sinəsinə basdı. Rus qızı əl çəkmədi. Düz qənşərimdə dayandı. Beş min somu əlinə vermək istəyirdim ki, sinəsini əydi... Sonra? Sonra heç nə rus qızı da yoxa çıxdı, biz də...

 

Tural Turan

 

Həftə içi.- 2018.- 22 noyabr.- S.4.