Azərbaycanlı aktyor
beynəlxalq
festivalın birincisi olub
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyoru, Əməkdar
artist Şövqi Hüseynov İranın Təbriz şəhərində
keçirilən “Əlif” beynəlxalq teatr festivalında
“Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub. Teatrın
mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor
festivalda ölkəmizi “Dəlinin qeydləri”
monotamaşası ilə təmsil edib.
Festivalda
böyük uğur qazanan Əməkdar artist
mükafatların yaradıcı adam üçün stimul
olduğunu qeyd edib: “Səhnə əsəri bu günə
kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna,
Belarus, Moldova, İran, Türkiyə, Orta Asiya ölkələrində
beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə
də müxtəlif zövqlü insanların, fərqli
xalqlara xas tamaşaçıların, sənət bilicilərinin
müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə,
Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın
rejissor yozumunda son dərəcə aktualdır. “Kiçik
adam” problemi sənəti hər zaman
düşündürüb. Görünür həm də
mövzunun aktuallığı bu səhnə əsərinin
uğurudur. Bu cür uğurlar isə hər şeydən
öncə vətənpərvərlik duyğusu ilə
bağlıdır. Azərbaycan sənətinin ölkə
hüdudlarından kənarda təmsil və təqdir
olunması sevindiricidir. Bu mənada son illərdə müxtəlif
teatrlarımızın simasında qazanılan bu cür nailiyyətlər
biz sənət adamları üçün stimuldur. Mən
tamaşanın festivala qatılması üçün
göstərdiyi köməkliyə, dəstəyə görə
Mədəniyyət Nazirliyinə və Gənc
Tamaşaçılar Teatrı rəhbərliyinə minnətdarlığımı
bildirirəm”.
Qeyd edək
ki, “Dəlinin qeydləri” monotamaşası gələn il
fevral ayında İranda keçiriləcək növbəti
“Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.
Həftə içi.- 2018.- 29 noyabr.-
S.8.