Mikayıl Müşfiqin anadan
olmasının 110 illiyi qeyd edilib
Rəşid Behbudov adına
Azərbaycan Dövlət
Mahnı Teatrında görkəmli şair Mikayıl Müşfiqin
110 illiyinə həsr
edilmiş tədbir keçirilib.Tədbir Mədəniyyət
Nazirliyin, “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi,
“Könüllülər kitabxana”
İctimai Birliyinin, Cabir Novruz Mədəniyyət
Fondunun, Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli orta məktəbin birgə təşkilatçılığı
ilə reallaşıb.
Prezident
İlham Əliyevin “Mikayıl Müşfiqin
110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına
əsasən keçirilən
tədbirdə Əməkdar
jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru Qafar Əsgərzadə XX əsr
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.
Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı,
yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hislərinin tərbiyəsində
əvəzsiz xəzinədir. Qeyd edib ki, Müşfiq
1908-ci il iyunun 5-də Bakının
Dağlı məhəlləsində,
ziyalı ailəsində
dünyaya göz açıb. Atası müəllimlik edib,
“Vüsuqi” təxəllüsü
ilə şeirlər yazıb. O, 1902-ci ildə
Xızıdan Bakıya
köçüb. Çox körpə
ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının
himayəsində böyüyüb.
Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan
küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl
təhsil alıb.
1915-1920-ci illərdə rus-Azərbaycan
məktəbində, 1920-1927-ci illərdə əvvəlcə
Bakı Darülmüəllimində,
sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə,
1927-1931-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub.
Əmək fəaliyyətinə
müəllimliklə başlayıb,
Bakı məktəblərində
yeddi il
dərs deyib. Mikayıl Müşfiqin
ilk mətbu əsəri
olan “Bu gün” şeiri 1926-cı ildə
“Gənc işçi”
qəzetində, “Duyğu
yarpaqları” adlı
son şeiri isə
1937-ci ildə “Ədəbiyyat
qəzeti”ndə dərc
edilib. Məhsuldar yaradıcılığı sayəsində
1930-cu ildən başlayaraq
onun “Küləklər”,
“Günün səsləri”,
“Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”,
“Şəngül, Şüngül,
Məngül”, “Qaya”,
“Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”,
“Əsərləri”, “Duyğu
yarpaqları”, “Əbədiyyət
nəğməsi”, “Könlümün
dedikləri”, “Həyat
sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı
Dilbər Axundzadənin
1968-ci ildə “Müşfiqli
günlərim” adlı
xatirələr kitabı
nəşr olunub, kitabın son genişləndirilmiş
nəşri 2005-ci ildə
işıq üzü
görüb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə və digərləri unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.
Sonra Müşfiq irsini
yaşatdıqlarına və təbliğ etdiklərinə
görə Xalq artisti
Zeynəb Xanlarovaya, Sənan Talıbova, Ofeliya Babayevaya, Firudin Qurbansoya, Qafar Əsgərzadəyə Cabir
Novruz Mədəniyyət Fondu
tərəfindən təsis olunmuş “Oxu tar” Müşfiq
mükafatı təqdim olunub. Tədbir konsert proqramı ilə davam
edib.
Həftə içi.- 2018.-
3 oktyabr.- S.8.