Bal Sərgi-Satış

Yarmarkasının açılışı oldu

 

Bal Satış-Sərgi Yarmarkasının açılışı olub. Açılışda media nümayəndələri də iştirak ediblər. Yarmarka çadırlarda fəaliyyət göstərirdi. Qeyd edək ki, bu dəfə çadırlar möhkəm qurulub, küləyə qarşı davamlıdır. Bütün bölgələrdən arıçılar gəlib, satış yarmarkasında iştirak edirdilər.Hər bir satıcı üçün nomrələnmiş yerlər təşkil edilib.

 Satıcıların bal məhsulları xüsusi anbarlarda təhlükəsiz yerdə saxlanılır. Yarmarkaya isə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidməti, məsul işçiləri, baytar həkimləri və Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyi tərəfindən nəzarət edilirdi. İlk baxışdan hiss olunurdu ki, yarmarkaya nəzarət daha da güclənib. Hər tərəf qapalı olduğu üçün standartlara cavab verməyən mal yarmarkaya daxil ola bilmirdi.

Səməd Mürsəlov Şəki rayonunun Baş Küncüt kəndindən gəldiyini və arıçılıqla məşğul olduğunu dedi. Bildirdi ki, uzun illərdir, sahibkarlıqla məşğul olur: «Sərgiyə 500 kiloqram bal gətirmişəm. Satdığım akasiya, qaratikan və qanqaldan çəkilmiş xalis baldır. Qanqal balı keyfiyyətinə görə daha üstündür. Çünki qanqal balı qaraciyərin müalicəsi üçün daha xeyirlidir. Balın 1 kiloqramının qiyməti 25-30 manatdır. Yarmarka olduğuna görə, eləcə də paytaxt əhalisinin maddi durumunu nəzərə alıb baha qiymətə satmırıq. Yarmarkada hər cür şərait yaradılıb. Balın keyfiyyəti arıların sortundan yox, şirə çəkdiyi çiçəklərdən asılıdır. Amma “Boz Qafqaz” arılarının xortumu uzun olduğuna görə, çiçəklərin dərin qatına gedib daha çox şirə çəkərək bal istehsal edirlər.

Diqqətə çatdırım ki, sahibkarlara dövlət qayğısı artıb. Belə ki, dövlət tərəfindən hər arı ailəsinə 10 manat subsidiya verilib. Eləcə də aşağı faizlə kredit almışıq. Hətta “Aqrolizinq” tərəfindən texnika ilə də təmin olunuruq. Bu da öz bəhrəsini verir. Bizə göstərilən qayğıya görə ölkə başçısına, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Əsabəli İbrahimov Astara rayonunun Maşkan kəndindən gəldiyini, satışa 500 kiloqram bal çıxartdığını söylədi. Onun sözlərinə görə, gətirdiyi balın 35 faizini may, 45 faizini cökə, qalanlarını isə qanqal balı təşkil edir: «Hər il sərgidə iştirak edirəm. Əvvəlki illərdən fərqli olaraq, bu il nəzarət daha da güclənib. Satdığım bal laboratoriya analizindən keçib. Diastazı yüksəkdir, yəni 16-18 arasındadır. Balın bir kiloqramını 20-30 manat arasında, alıcıların ciblərinə uyğun satıram. Açılış bu gün olub, xeyli miqdarda bal satmışam. Artıq alıcılar bizi tanıyır. Özləri gəlib bizdən bal alırlar. Bu həm də bizim üçün sərfəlidir. Hər şey insafla olmalıdır. Çünki elə xəstə adam var ki, çox imkansızdır. Biz onları da nəzərə alırıq. Burada bizim üçün hər cür şərait yaradılıb. Sağ olsunlar”.

Nahid Məmmədov Astara rayonunun Şüvü kəndindən gəlib, satışa 300 kiloqram xalis bal gətirib. Bildirdi ki, gətirdiyi bal təmiz və dərmansızdır: «Arılarda göbələk və gənə xəstəlikləri olur. Lakin arılar meşədən bal toplayan ərəfədə dərmandan istifadə etmirəm. Onda bal keyfiyyətli olur və tərkibində dərman olmur. Balın kilosunu 20-25 manat arası satıram. Yarmarkada biz sahibkarlar üçün hər cür şərait yaradılıb”.

Akif adlı alıcı hər il yarmarkaya gəlib bal aldığını söylədi. Onun sözlərinə görə, bu il yarmarka yüksək səviyyədə təşkil olunub: «Mən bal tanıyanam. Bu il satış sərgi yarmarkasına daha keyfiyyətli bal gətirilib. Qiymətlər də bizi qane edir. Sağ olsun dövlətimizi və onun rəhbərini ki, bizə bu cür qayğı göstərir. Biz satıcılar, artıq mənşəyi məlum olmayan yox, təmiz bal alıb aparırıq”. Bir sözlə, alan da, satan da razıdır.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirdi ki, Arıçılar Assosiasiyası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Bal Sərgi-Satış Yarmarkasını təşkil edib. Onun sözlərinə görə, bu, paytaxtda 19-cu sərgidir ki, təşkil olunur: “İldə bir dəfə bütün bölgələrdən arı məhsulları yarmarkaya gətirilir. Artıq alıcılarla-satıcılar təmasda olaraq, bir-birlərini tanıyırlar. Qiymətlər sərbəstdir, 25 manatdan başlayır. Adam var ki, balın kilosunu 50 manata satır. Orta qiymət 25-30 manatdır.

Qeyd edim ki, 371 arıçı yarmarkaya qatılıb. Yarmarkaya 150 ton bal daxil olub. Qida Təhlükəsizliyi Angetliyi tərəfindən balın tərkibi laborator analizindən yoxlanılıb. Ondan 120 tonunun satışına razılıq verilib. 30 ton bal sərgiyə buraxılmayıb. Yarmarkada ən çox cənub bölgəsindən olan arıçılar iştirak edir. Yarmarkanın müddəti oktyabrın 28-nə kimi nəzərdə tutulsa da, satıcıların istəyi ilə vaxt müddəti artırıla bilər. Arıçılara yerlər püşkatma yolu ilə verilib. Hamı yerlə təmin olunub. Yarmarkanı burada təşkil etməyin üstünlüyü ondadır ki, şəhərin mərkəzidir, həm satıcılara, həm də şəhər sakinlərinə sərf edir”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2018.- 9 oktyabr.- S.7.