95 yaşlı Türkiyə Cümhuriyyəti
Qardaş Türkiyə Cümhuriyyətinin
yaradılmasından 95 il ötür. Bu məqsədlə
Türkiyənin ölkəmizdəki səfirliyi dövlət
və hökumət rəsmilərinin, diplomatik korpusun, millət
vəkilləri və ictimaiyyətin müxtəlif sahələrinin
nümayəndələrinin iştirakı ilə rəsmi qəbul
təşkil edib. Əvvəlcə hər iki dövlətin
himni səsləndirilib. Bundan sonra çıxış edən
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral
prezident Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə
təbrik mesajını oxuyub.
Müraciətdə
Türkiyə xalqını Cümhuriyyət bayramı
münasibətilə təbrik edən prezident müstəqilliyin
qazanılması yolunda qəhrəmanlıqlar göstərən
hər bir türk övladının xatirəsinin ehtiramla
anıldığını bildirir. Qeyd edilir ki,
2016-cı il 15 iyun dövlət çevrilişinə cəhd
və terrorla mübarizə zamanı canlarından
keçmiş bütün qəhrəman vətən
övladlarının əziz xatirəsi hər zaman qəlblərdə
yaşayacaq.
Türkiyə prezidenti müraciətində güclü demokratiya və iqtisadiyyat yolunda atılan hər addımı ölkənin parlaq gələcəyi üçün yandırılan bir işıq kimi dəyərləndirdiyini bildirərək İstanbulda istifadəyə verilən yeni hava limanının da bu işıqlardan biri olduğunu vurğulayıb. “Məhz bu səbəbdəndir ki, ölkəmizin iqtisadiyyatı dünyanın 17 ən böyük iqtisadiyyatından biri olduğu halda, humanitar yardımlar məsələsində ilk sıradadır. Hər kəsin qapısını bağladığı qaçqınlara evini, ürəyini açan Türkiyə olub".
Türkiyə dövlətini və türk xalqını bu bayram münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov deyib ki, Türkiyə bu gün bayram çərçivəsində ikinci bayrama səbəb olan böyük bir layihənin - üçüncü hava limanının açılışını edib. Tam işə düşdükdə 200 milyon yolçu daşıyacaq bu hava limanının dünyada ən böyük olduğunu vurğulayan Baş nazir uğurlarından dolayısı qardaş ölkəni bir daha təbrik edib. Cümhuriyyətin çox çətin şəraitdə elan edilməsinə diqqət çəkən Baş nazir geridə buraxdığı 95 il ərzində Türkiyənin daim dünyada öz sözünü deyə bildiyini qeyd edib. "Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanımaqla qardaş sevgisini bir daha göstərdi. Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində xalqımızın yanında olub. Bu da dostluğumuzu, qardaşlığımızı nümayiş etdirir", – deyən N.Məmmədov bildirib ki, tarixən olduğu kimi, Türkiyə-Azərbaycan qardaşlığı daim var olacaq.
Baş nazir vurğulayıb ki, bu gün Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: “Münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Əminəm ki, Azərbaycanla Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq”.Bir az da qardaş Türkiyə haqqında qısaca məlumatla tanış olaq.
Türkiyənin ərazisi 784 min kvadrat-kilometr, əhalisinin sayı 82 milyon nəfər, paytaxtı Ankara şəhəridir. Ölkə torpaqlarının 97 faizi Asiyada, 3 faizi isə Avropada yerləşir. Türkiyə inzibati baxımdan 7 bölgəyə, 81 vilayətə və 957 rayona ayrılır.
Türkiyənin ərazisi tarixən fərqli sivilizasiyaların mərkəzi olub. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlar paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoyublar. XIII əsrin sonlarında səlcuqların zəifləməsi fonunda, Anadolunun şimal-qərbində qərar tutan osmanoğulları güclənməyə başlayıb. 1299-cu ildə başlayan proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması - Osmanlı Dövləti qurulub. Ərazilərin genişlənməsi ilə sonradan paytaxt Ədirnəyə köçürülüb. Amma 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirilib və paytaxt İstanbul elan edilib. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (üç qitədə torpaqları olub) biri hesab olunur. Osmanlı İmperiyası mövcud olduğu 623 il ərzində 36 sultan tərəfindən idarə edilib.
XIX əsrin sonlarında zəifləməkdə olan Osmanlı İmperiyası Birinci Dünya müharibəsi başa çatanda tənəzzül edib. Müharibədənsonrakı dövrdə vəziyyətdən yararlanan Avropa dövlətləri Osmanlı Türkiyəsinin bölüşdürməyə başlayıblar. Yunanıstan ordusu 1919-cu il mayın 15-də İzmirə girəndən sonra peşəkar hərbçi olan Mustafa Kamal Paşanın başçılğı ilə azadlıq hərəkatı başlayıb və nəticədə bütün yadelli qüvvələr ölkə ərazisindən çıxarılıb və 1923-cü ildə Türkiyə cümhuriyyət elan olunub.
Dövlət başçısı prezidentdir. O konstitusiyaya 2007-ci il oktyabrın 21-də edilmiş düzəlişə əsasən, xalq tərəfindən 5 il müddətinə və iki dəfədən çox olmamaqla seçilir. Qanunvericilik hakimiyyəti birpalatalı Parlament – Böyük Millət Məclisi tərəfindən həyata keçirilir. Parlament 550 deputat tərkibi ilə 4 il müddətinə, partiya siyahıları üzrə proporsional sistem ilə seçilirlər. İcraedici hakimiyyət isə baş nazirin başçılıq etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Türkiyə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Statistik qurumların məlumatına görə, ölkə dünyanın nəhəng iqtisadiyyatları arasında 18-ci pillədə qərarlaşıb, “G-20”nin üzvüdür. Ölkədə ümumdaxili məhsul istehsalı ortalama 900 milyard dollardır.
Avropanın 6-cı güclü iqtisadiyyatı olan ölkənin illik ixrac gücü 170 milyard, idxalda payı isə 250 milyard dollardır. Ən çox məhsul ixrac etdiyi ölkələr Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa, ən çox məhsul idxal etdiyi dövlətlər isə Çin, Almaniya, Rusiya və ABŞ-dır.
Türkiyədə maşınqayırma sənayesi həndəsi sürətlə inkişaf etməkdədir. Bunun nəticəsidir ki, ölkə ən çox avtomobil istehsal edən (yığma) dövlətlər siyahısında 17-ci sırada yer alır. Bundan əlavə, ölkədə gəmiqayırma sənayesi də sürətlə inkişaf etməkdədir. Bu gün Türkiyə istehsal elədiyi gəmiləri Malta, Norveç, İngiltərə və Marşall adalarına satır. Ölkədə 87 gəmi tərsanəsi fəaliyyətdədir. Tuzla, Yalova və İzmit gəmiqayırma sənayesinin mərkəzləri sayılır.
Türkiyədə, həmçinin hərbi sənaye sürətlə inkişaf etməkdədir. Hazırda qardaş ölkə hər il milyardlarla dollar həcmində silah-sursat ixrac etməkdədir. Yeni istehsal sahələrindən zərbə helikopterlərinin, zirehli texnikalar, silahlı və silahsız insansız hava vasitələri, döyüş gəmiləri, müxtəlif mənzilli və təyinatlı raketlər istehsal edir, ən son texnologiyaya əsaslanan döyüş təyyarələri və tankların istehsalına isə hazırlıq görməkdədir.
Türkiyədə, eləcə də kimya və neft-kimya, elektrotexnika, sənaye və məişət avadanlığı, elektron, polad istehsalı, inşaat materialları, toxuculuq, hazır geyimlər, qida və dərman istehsalı güclü inkişaf edib.
Türkiyə, həmçinin dünyanın ən qabaqcıl turizm mərkəzlərindəndir. Hazırda ölkə əcnəbi turistləri cəlb etmə baxımından dünyada 6-cı, Avropada isə 4-cü yerdədir. Bura ən çox əcnəbi turist 2014-cü ildə gəlib – 40 milyon nəfərə yaxın. Amma son iki ildə Rusiya ilə münasibətlərdə keçici soyuqluq və yaxın bölgədə baş verən hərbi-siyasi olaylar səbəbindən turistlərin sayında azalma baş verməkdədir; məsələn: ötənilki statistikaya görə, bu rəqəm 24 milyon nəfərədək geriləyib. Ümumiyyətlə, Türkiyə turizm sənayesindən hər il 30 milyard dollardan çox vəsait qazanır.
Son məlumatlara əsasən, ümumdaxili məhsul istehsalının 8 faizdən artığı kənd təsərrüfatının (yeri gəlmişkən, Türkiyə dünyanın ən iri taxıl, pambıq, qarğıdalı, tərəvəz və bostan məhsulları istehsalçılarındandır), 28 faizi sənayenin, 64 faizə qədəri isə xidmət sektorunun payına düşür.
Quruluş illərində ölkədə yaşayan 12 milyon əhalinin çox hissəsi yazıb-oxuya bilməsə də, bu gün əksinə, yazıb-oxuya bilənlər 97 faizdən artıqdır. Ölkənin təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır və daha sonra, 4 illik orta təhsil sisteminə keçir.
Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet – İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb (104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi) fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb.
Əhalisinin əksəriyyəti müsəlmanlardır. Əhalinin 80 faizi türklər, qalanları isə kürdlər və digər etnik xalqların nümayəndələridir.
Türkiyə rəsmi dini olmayan dövlətdir və bu, konstitusiyasında da təsbit olunub. Ölkə ərazisində 80 mindən çox məscid, 236 kilsə fəaliyyət göstərir.
Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixi çox qədimdir. Bu iki ölkənin xalqını ortaq soykök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr birləşdirir. Ümummilli Lider Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik və bu səbəbdən, ölkələrimiz arasında tarixi əlaqələri əsaslandırmağa cəhd etməyəcəyik. Sadəcə onu qeyd edək ki, SSRİ dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət məhz Türkiyədir.
1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”.
Vüsal
Tağıbəyli
P.S. “Həftə
içi” qəzetinin kollektivi olaraq, Türkiyənin ölkəmizdəki
səfirliyinin, başda səfir Erkan Özoral olmaqla
bütün diplomatlarını, eləcə də Azərbaycandakı
bütün türk icmasını təbrik edirik
Həftə içi.- 2018.- 30
oktyabr.- S.4.