Mənim şirin xatirələrim
VII HİSSƏ
Səmərqənddən gedirdim. Hətta Mahmud da foyedə oturub, məni gözləyirdi. Beləcə, sağollaşıb otelin qarşısında bizi gözləyən minibusa otudum. Gözlərimi Səmərqəndin əsrarəngiz gözəlliklərindən ayırmadan minibusun sürətinə qarışıb üzüqərbə - ecazkar Buxaraya doğru uzaqlaşdım...
Əslində sürətli “Afrosiyob”la gedəcəkdik, amma səhərki reysə bilet qalmamışdı. Ona görə də Səmərqənd vilayəti Turizm İdarəsi məni yola salmaq üçün minibus göndərmişdi.
Evliyalar şəhərində
Səmərqənddən Buxaraya 300 kilometr yol getməliydim. Atabəy dedi 4 saatlıq yoldur, ona görə də yumşaq oturacaqdaca rahatca mürgüləyə bilərəm. Amma nəinki mürgüləmək, ilk dəfə ayaq basdığım bu qədim ölkənin gözəlliklərini görmək üçün günlərlə yatmamağa da hazırdım.
Buxaraya uzanan 280 kilometrlik yolun hər iki tərəfi yaşıllıqlara qərq olub. Baxmayaraq ki, qərbə - Buxaraya tərəf irəlilədikcə qızmar səhranın yeknəsək çöllərinə yaxınlaşırdıq, amma insan əli buraları möcüzəyə çevirmişdi. Zərəfşan çayından, hətta daha qərbdə, Aral gölünün qurumuş yatağına doğru sürünən Amudərya çayından çəkilmiş kanallarla suvarılan çöllər başdan-başa pambıq plantasiyalarına bürünüb. Fərqanə vadisində olduğu kimi bu yerlərdə də əkilə bilən torpaqlar boş qalmır: qarğıdalı, günəbaxan, bostan əkilir, meyvə və üzüm bağları salınır.
Yolu necə qətt etdiyimi bilmədim. Maşınımız Buxara ətrafındakı məhəllə küçələrini dolaşaraq əzəmətli bir darvazanın önündə dayananda, Atabəy “Bura Buxara əmirlərinin yay iqamətgahı olub. Yolumuzun üstüydü, düşündüm baş çəkək ki, sonra əlavə vaxt sərf etməyək” dedi. Bir söz demədən maşından enib, Səmərqənddə heyran qaldığım tarixi özbək memarlığı nümunəsinin eynisinin qarşısına gəldim. Eyni üslübda tikilmiş tağlı darvazanın ətrafındasa ərzaq və digər məhsullar satan dükanlar sıralanıb. Divara isə tikilinin daxili strukturunu göstərən və hər bir turistin diqqətlə baxdığı iri sxem-xəritə vurulub.
Ümumiyyətlə, aypara və ulduz formasında tikilmiş iqamətgah - “Sitoray Mohi Hossa” köhnə və yeni hissəyə bölünür. Köhnə tikililər XVIII- XIX əsrə aiddir. Yeni hissədəki bina isə 1912-1918-ci illər arasında əmir Mir Seyid Alimxan tərəfindən tikilib.
“Sitoray Mohi Hossa”nın tikintisi üçün yerin seçilməsinə dair maraqlı hekayə var. Deyilir ki, olduqca isti iqlimə malik Buxarada əmirlər üçün yay iqamətgahı tikilərkən bir neçə yer seçilib. Sonra qoyunlar kəsilir və soyulmuş cəmdək həmin fərli yerlərdə qoyulub, xarab olması gözlənilir. Ət ən gec məhz sarayın bu gün mövcud olduğu yerdə xarab olur deyə, bura da seçilir.
“Sitoray Mohi Hossa” xalq sənəti muzeyi olan kompleksin darvazasından içəri girirəm: böyük həyətdir. Ortalıqda yamyaşıl ağaclar, rəngarəng gül-çiçəklər əkilib. Həyətin divarları boyunca sıralanmış hücrələrdə isə təmiz əl işi olan geyim-kecimlər, rəsmlər, yaylıq və masa örtüklərindən tutmuş bəzək əşyalarınadək hər şey satılır. İpək sapla işlənmiş, həm eni, həm də uzunluğu 1,5 metr olan süfrələr 80 min soma (10 dollar), canamazlar isə 800 mindən 1 milyon somadək (100-130 dollar) qiymətə təklif edilir. Gümüş üzük və sırğalar, digər bəzək əşyaları isə 15-20 min soma (2-3 dollar) satılır. Maraqlıdır ki, bir dükana boylanan kimi satıcı adamı içəri çəkmək üçün dil töküb, malları tərifləməyə başlayır. Ona görə də nəsə almaq fikri olmayanlar ehtiyyatı əldən verməməlidir.
Dükanları gəzib, daha böyük olan ikinci, sonra da üçüncü həyətə keçirəm. Kompleksin tərkibində qəbul korpusu, mehmanxana, qadınlar üçün nəzərdə tutulmuş qonaq evi və sair var. İkinci həyətin ortasında isə usta Şirin Muradovun heykəli ucalır. Sonuncu həyətdə iri hovuz da var. Kompleksin ərazisi ilk vaxtlar 6,7 hektar olsa da, hazırda 1,2 hektardır. Həyət boyu bağ salınıb. Xüsusən də talvardan sallanan üzüm salxımları bura gələnləri özünə cəlb edir. Kimin boyu uzundursa, bəxti gətirir, salxımdan dərib, dadına baxır. Hə, həyətdə lovğa-lovğa gəzişən tovuzquşları ilə şəkil çəkdirmək də turistlərə əlavə zövq verir.
Teymura baş əydirən minarə
Maşına oturub şəhərin mərkəzinə - Bəhaəddin Nəqşibəndi prospektində yerləşən “Golubie kupola” (“Mavi səma”) gəldim. Otel üç qatlı olsa da, sözün əsl mənasında qədim sarayı xatırladır. Otaqlar, salonlar – hər yer qədim qəsrdə olduğumu hiss etdirir. Əlbəttə ki, təhcizatı tam müasirdi və hər bir turist burada qalmağı arzulayar.
Nahardan sonra qədim şəhəri gəzib-görməyə Buxarada olduğum müddətdə mənə bələdçilik edəcək Cahangirlə birlikdə yollandım. Birbaşa Registan meydanına gəldik. Səmərqənd Registanına bənzəyirdi, amma oradan daha qədim, daha fərqli görünüşü var: sağda Kolon məscidi, solda Mir Arab mədrəsəsi, ikisinin arasında – başda isə çox hündür olan Kolon minarəsi yerləşir. Təbii ki, Kolon minarəsi ilə Mir Arab mədrəsəsinin arasında da qədimdən üzübəri mövcudluğunu qoruyan qapalı bazar və sair mövcuddur.
Cahangir deyir ki, meydanda ən qədim olanı məhz Kolon minarəsidir. Onun 1127-ci ildə Qaraxanilərin hakimiyyəti dövründə tikildiyi məlumdur. 46 metr hünüdürlüyü olan minarə Böyük İpək Yolu üzərində mayak rolunu oynayıb, dəvə karvanlarının şəhəri görüb, bura yan alması üçün bir növ işarə verib. Cahangir bir maraqlı rəvayət də danışdı: “Çingiz xan ordusu ilə Buxaranı işğal edərkən Registan meydanına gəlib. Minarənin təpəsinə baxmaq üçün başını qaldıranda dəbilqəsi yerə düşür. O, dəbilqəsini götürmək üçün əyilir və bu zaman “Mən heç vaxt kiminsə qarşısında təzim eləmədim, yalnız bu minarənin önündə əyildim...” deyir.
Uşaqlar qılıncdan keçirilib
Sağdakı Kolon məscidinin geniş həyətinə
giririk. Lap başda möhtəşəm məscid binası,
sağ və sol yanlarda qarşısı sütunlu
artırmadan ibarət çox sayda hücrələr yürləşir.
Həyətin ortasında böyük bir ağac, ağacla məscidin
arasında isə hündür məqbərə tikilib. Cahangirin
dediklərindən: İslamdan öncə Zərdüştlərin
bu yerdə məbədi varmış. Amma Kutayba ibn Müslim məbədi
sökdürüb yerində gördüyümüz bu məscidi
tikdirib. XVI əsrdə isə Abdulla xan köhnənin yerində
məhz bu məscidi inşa etdirib. Məscid eyni anda 12 min
möminin namaz qıla biləcəyi qədər genişdir.
Yeri gəlmişkən, həyətdəki məqbərə
barədə də acınacaqlı tarixi məlumat aldım. Cahangir deyir
ki, Çingiz xan Buxaranı işğal edərkən atla məscidə
girir. Bu zaman məscidin imamı namaz
qılırmış. Çingiz xan
neçə dəfə imamı çağırır, amma
o, namazını pozub, reaksiya vermir. Bundan
qeyzlənən xan elə namaz üstündəcə
imamın başını vurur. Amma ürəyi
soyumur, üç min müsəlman uşağı məscidin
həyətinə toplayıb, qılıncdan keçirir.
Gördüyüm bu məqbərə də qətl
edilmiş həmin uşaqların xatirəsinə tikilib.
Məsciddən ayrılıb üzbəüzdəki Mir
Arab mədrəsəsinə gəldim. XI əsrdə
Buxaraya gələn yəmənli şeyxin adını
daşayan mədrəsənin həyəti
yamyaşıldır. Bu dini təhsil
ocağı indi də tələbələrinə islami elm
öyrətməkdə davam edir. Divarına vurulan şəkillər
və yazılı lövhələrdən də aydın
olur ki, burada dünya islam tarixində
olduqca məşhur insanlar təhsil alıb. O cümlədən,
Çeçenistan prezidenti Ramzan Kadırovun atası, hətta
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Hacı Allahşükür Paşazadə də
Mir Arab mədrəsəsinin yetirməsidir və hazırda
onların şəkli mədrəsənin daxili
divarını bəzəyən məşhurların şəkilləri
arasındadır.
Təxminən
üç hektar ərazisi olan bu ecazkar abidələr
kompleksini ziyarət edib, mədrəsənin arxasında yer alan böyük və olduqca qədim şəhərin
gəzintisinə çıxdım.
Mədrəsələr,
hovuzlar şəhəri
Bakıdakı İçərişəhər kimi, qədim
Buxara da turistlərin sevimli istirahət yeridir. Cahangir deyir ki, son iki il ərzində şəhərə gələn
turistlərin sayı sürətlə artmaqdadır. Məsələn,
ötən il şəhərə
yarım milyon turist gəldiyi halda, bu ilin 6 ayı ərzində
onların sayı 1 milyon nəfəri ötüb.
Təxminən 40 hektar ərazisi olan qədim Buxarada
15-16-cı yüzilliklərdən qalma çox sayda mədrəsə,
qapalı bazar və sair kimi iaşə binaları
mövcuddur. Məsələn, Mirzə Uluqbəy mədrəsəsi
1417-ci, Əbdüləli xan mədrəsəsi isə 1652-ci
ildə tikilib. XVI əsrdə tikilmiş
qapalı bazar və digər onlarla bina qədim tarixin
yadigarlarıdır.
Bundan əlavə, qədim Buxaranın bir özəlliyi
də çox sayda hovuzlarının olmasıdır. 1920-ci ildə
şəhərdə, bəziləri hətta 16-cə əsrdə
tikilmiş 114 hovuz olub. Amma rusların
bombardmanı zamanı drenaj sistemi dağılıb, duzlu su səthə
qalxaraq hovuzlara dolub. Buna görə də
onlardan 99-u ləğv edilib.
Hazırda turistlərin ixiyarına verilən bu qədim
mədrəsələrdən birinin hücrələrində,
eləcə də köhnə şəhərin küçə
və dalanlarında milli ornamentlərlə bəzədilmiş
əl işləri satılır. Rəhimə adlı dərzi
də onlardan biridir. Ayaqüstü bir-iki
ağız söhbətləşdim. Deyir kətandan, ipəkdən
kişi və qadın, hətta körpələr
üçün köynəklər tikir. Bundan əlavə,
üzəri əl toxuması olan yaylıqlar, yastıqüzləri,
süfrələr, yataq örtükləri də tikir və
kvadratı 200 min somdan (30 dollar) satılır. Ayda 800 min
som (100 dollar) maaş alan Rəhimə
xanım deyir ki, əksəri əcnəbi olan alıcılar
sarıdan da problemləri yoxdur.
Qumun
altında qorunan türbə
Qədim
Buxaradakı, Orta Asiyada tikilmiş ilk türbə olan
İsmayıl Samani türbəsi də məni çox
maraqlandırdı. Qapısı böyük bir
parka açılan türbə memarlıq xüsusiyyətlərinə
görə Buxaradakı digər bütün tikililərdən
fərqlidir. Divarlar, günbəz, hətta
pəncərənin çərçivəsi və
barmaqlıqları qırmızı kərpicdən elə məharətlə
hörülüb ki, baxmaqla doymaq olmur. Divarlar
sanki səbət hörgüsünü xatırladır.
IX əsrdə tikilən türbənin daxili
salonu kvadratşəkillidir və içəridə
İsmayıl Samaniyə məxsus məzar yerləşir.
Amma maraqlıdır ki, məzar qapının
girəcəyindədir, hansı ki, içəridə boş
yer çoxdur. Bu da deməyə əsas verir ki, burada
günümüzə gəlib çatmayan başqa məzarlar
da olub...
Türbə mövcud olduğu 11 əsr ərzində təmir
olunmayıb.
Səbəb isə budur ki, qədimdə səhradan qalxan qum fırtınası zamanı türbə
yüz illərlə qumun altında qalıb. Ona
görə də təbii şəkildə mühafizə
olunub.
Türbədən ayrılıb Buxaranın simvolu olan
Ark qalasına gedərkən yolumu “Bolo Hovuz” və ya el dilində
“Qırx sütun” deyilən məscidin yanından saldım. İbadət
evi 1713-cü ildə tikilib. Tavanı və
ağac sütunlarının bəzəyinə baxmaq
üçün adama dörd göz lazımdır. Məscidin qarşısındakı meydanın
solunda ayrıca minarə ucaldılıb. Meydanın
ortasında isə “Bolo Hovuz” yerləşir. Məscidə “qırx sütun” deyilməsinin səbəbi
də məntiqlidir. Deməli, məscidin
qarşısında 20 sütun var ki, günün müxtəlif
vaxtlarında hovuzun suyunda əks olunur və bu zaman hovuza baxana
elə gəlir ki, 40 sütun mövcuddur.
Ark
qalası
Məscidin qarşısındakı küçəni
keçib Buxaranın simvolu olan Ark qalasının əzəmətli
divarlarına yaxınlaşdım. Divara baxanda mənə
elə gəldi ki, olduqca nəhəng təndirlər
sırayla düzülüb. Görəsən
içərisi necədir, maraq götürdü və
qapıya yönəldim. Daş döşənmiş
düz yol qalanın içində yuxuşa
dırmanırdı. Yolun hər iki tərəfində
əl işləri satılan hücrələr yerləşir
ki, vaxtilə onlardan qaravulxana və zindan kimi istifadə edilib.
Qalanın ilk vaxtlarda daxili ərazisi 4 hektar olsa
da, bu gün cəmi 1 hektardır. Burada əmirin
sarayı, qarşısı meydan olan böyük qəbul
salonu, məscid (əvvəl üç məscid olub,
hazırda biri qalır), vəzirin, digər məmurların
evləri (ümumilikdə qalanın daxilində 3 min insan
yaşayıb), atlar üçün tövlə və sair
olub. Ruslar qalanı işğal edərkən
xəzinəni soyub-talayıb, təxminən 10 vaqun dolusu sərvəti
Moskvaya aparıblar.
Tarixi mənbələrə
görə, buranı 2500 il əvvəl İran şahzadəsi
Səyavuş tikdirib. Nağıl olunur ki, Səyavuş
o dövrün əfsanəvi hökmdarı Əfrasiyobun
qızı ilə evli olub. Xalq onu o qədər
sevirmiş ki, vəzirin buna paxıllığı tutur.
O, şah Əfrasiyoba deyir ki, Səyavuş onun arvadına
sataşıb, üstəlik də taxtı ələ
keçirmək istəyir. Şah inanır və kürəkənini
bu qalada amansız şəkildə edam
etdirir. O zamandan günümüzədək Baxara camaatı hər
il bayram günlərində Səyavuşun
xatirəsinə qurban kəsir.
Buxarada son baş çəkdiyim yer Bəhaəddin Nəqşibəndinin
şəhər ətrafında yerləşən Qəsri-Arifan
kəndindəki məscid-türbəsi oldu. 1318-1389-ci illərdə
yaşamış Şeyx Nəqşibəndi Sufizmin təbliğatçısıdır.
Onun fikrincə insanın ürəyi Allahla
olmalı, əməli isə yaxşı işlərlə
yadda qalmalıdır. Bənzər
arxitekturalı darvazadan girən kimi qarşıda böyük
həyət açılır. Həyətdə
gül-çiçək, reyhan ətri adamı valeh edir.
Əmir Müzəffər xanın zamanında
(1860-1885-ci illər) tikilmiş biri kişilər, digəri isə
qadınlar üçün olmaqla iki məscid var burada. Həyətin yuxarısında Şeyx Nəqşibəndinin
məzarı yerləşir.
Tarixə görə, Əmir Teymur Nəqşibəndini
pir kimi qəbul edib. XIV əsrdə məzar üzərində
türbə, XVI əsrdə isə məqbərə tikilib.
Burada böyük bir məzarlıq da var ki, orada əmirlər,
vəzirlər, saray əyanları dəfn olunub...
...Günortadan
sonra Buxaradan ayrılmaq məqamı yetişdi. Amma
tarixin sehrli yuxusundan ayılmaq istəmirdim. Maşına oturub 300 min sakini olan bu ecazkar şəhərin
küçələrindən şütüyüb bir andaca
dəmir yol voğzalına çatdım. Az sonra da şirin xatirələrimlə birlikdə
sürət qatarına oturub paytaxta – Daşkəndə
yollandım və beləcə, qardaş Özbəkistana,
builmirəm, bəlkə də heç vaxt təkrarlanmayacaq səfərim
başa çatdı...
Vüsal Tağıbəyli,
Bakı-Daşkənd-Buxara-Bakı
Həftə içi.-
2018.- 4 sentyabr.- S.4.