“İordaniya açıq səma
altında muzeydir”
İordaniyanın
ölkəmizdəki səfiri cənab Nassar İbrahim Məhəmməd
əl-Habaşnehlə əvvəllər də
görüşüb, söhbətləşmişdim.
Yurnalist olaraq onun xətrini əziz tutur, özümə dost
bilirəm. Bəlkə də bu səbəbdəndir ki, onunla
danışanda çox sərbəst, rahat oluram. Elə bu dəfəki
görüşdə də eyni cür...
Öz evimizdəyəm kimi, çay süfrəsi arxasında ordan-burdan danışdıq, ölkələrimizə və dünyaya aid çox məsələni müzakirə etdik. Sonda da beləcə, danışdıqlarımızı misralara çevirib siz oxucuların diqqətinə çatdırıram. Buyurun, oxuyun:
- Səfir olaraq artıq dörd ildir Azərbaycanda çalışıram. Bir ilim qalıb, sonra yəqin ki. ölkəmə qayıdacağam. Hesab edirəm burada olduğum dörd il ərzində çox böyük işlər görə bilmişik. Bu müddətdə çox sayda qarşılıqlı səfərlər həyata keçirilib. İordaniyanın ən tanınmış şəxsləri müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə Bakıya gəliblər. Bunlar öz-özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasına sübutdur. Onu da qeyd edim ki. dünya miqyaslı tədbirlərin, konfransların Azərbaycanda keçirilməsi dövlətinizin yürütdüyü siyasətin nəticəsidir və bunu ancaq alqışlamaq lazımdır. Mən deyərdim ki. hər il mütləq İordaniyanın hansısa indiki və ya eks dövlət rəsmisi Bakıya səfər edir. Məsələn, ötən il İordaniya Nümayəndələr Palatasının rəhbəri, ondan bir müddət sonra isə Senatın sədri Azərbaycana gəlib. Eləcə də Əmman şəhər bələdiyyəsinin sədri Azərbaycanda səfərdə olub və sair. Bunlar göstərir ki, ölkələrimiz arasında qarşılıqlı və hərtərəfli əlaqələr ən yüksək səviyyədədir. Hesab edirəm ki, məhz bu kimi səfərlər dövlətlərarası əlaqələri inkişaf etdirir, daha da irəli aparır.
- Səhv etmirəmsə,
bu ilin əvvəllərində dövlətlərarası
komissiyanın iclası da keçirilmişdi...
- Hə, mən deyərdim ki, bu ilin ən əhəmiyyətli tədbiri fevral ayında Əmmanda keçirilmiş Azərbaycan - İordaniya birgə komissiyasının sayca 3-cü iclasıdır. Orada ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan bir çox faktlar səsləndirildi, yeni planların olduğu deyildi və sair. Birgə komissiyanın iclasının baş tutması müsbət hadisədir. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunmuşdu. Məlumdur ki, indiyədək ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək yönümüdə çox sayda qərarlara imza atılıb. Birgə komissiyanın iclasında qərara alınıb ki, imzalanmış sazişlərin icrasına ciddi nəzarət edilsin. Bütün bunlar İordaniya-Azərbaycan münasibətlərinin gələcəkdə daha yaxşı olacağına əminlik yaradır.
- İordaniyada
hökumət dəyişikliyi oldu, bu ölkənizdə vəziyyəti
dəyişə bilibmi?
- Hökumət dəyişikliyi ötən il olub və əlbəttə ki, nəticə etibarı ilə çox böyük dəyişikik baş verib. Regionun başqa ölkələri ilə müqayisədə İordaniyada insanlar sərbəstdirlər, öz fikir və mövqelərini azad şəkildə ortaya qoya bilirlər. O cümlədən, ötən il də vətəndaşlar dinc şəkildə küçələrə axışıb istəklərini səsləndirdilər. Proses o qədər dinc, demokratik şəkildə keçdi ki, heç bir xoşagəlməz hadisə, təhlükəsizlik qüvvələri ilə xalq arasında hər hansı qarşıdurma yaşanmadı.
- İnsanlar nə
istəyirdi? Ümumiyyətlə, tələblərində
haqlı idilərmi sizcə?
- Əlbəttə, haqlı tələblər səsləndirirdilər. Elə ona görə də əlahəzrət Kral onların istək və arzularını eşidib, qəbul etdi və hökumətin dəyişdirilməsinə qərar verdi. Bu gün yeni hökumət islahatlar keçirir, ölkə iqtisadiyyatını gücləndirmək üçün addımlar atır. İordaniyanın ünvanına böyük çağırışlar da eşidilir ki, onlardan ən böyüyü iqtisadiyyatla bağlıdır. Yeri gəlmişkən, qlobal dünyamızda böhran davam etsə də, İordaniya iqtisadiyyatı güclü və kənar təsirlərə davamlıdır. Yəni daxili problemlərini özü həll etməyə qadirdir. Baxmayaraq ki, çətinliklərimizi qaçqın problemi bir az da ağırlaşdırdı, amma dövlət öhdəsindən gəlməyə çalışdı...
- Bizə məlumdur ki, ölkənizdə uzun illərdir çox sayda fələstinli qaçqınlar məskunlaşıb. Bu halda suriyalı qaçqınların yükünü necə qaldıra bilirsiniz?
- İordaniyada əvvəldən mövcud olan qaçqınların sayı Suriya böhranı ilə əlaqədar ölkəmizə sığınan 1,3 milyon insanın hesabına ikiqat artıb. Amma hesab edirik ki, Suriyada vəziyyət tədricən normallaşacaq və qaçqın qardaş-bacılarımız öz torpaqlarına qayıdıb, ölkələrinin yenidən qurulmasına kömək edəcəklər. Təbii ki, İordaniya dövləti də Suriyanın yenidən qurulmasında öz töhfəsini verməyə hazırdır. Bunlar ötüb keçəcək haldır.
- Suriyadan söz
düşmüşkən, Yaxın Şərq müharibələrin,
şiddətli terror aktlarının meydanına çevrilib.
Bu qarmaqarışıq bölgənin mərkəzində
yerləşən İordaniya özünü necə qoruyur,
necə kənar saxlaya bilir qanlı-qadalı təsirlərdən?
- Bu gün dünyanın ən ağrılı problemlərindən biri məhz terrordur. Bir vaxtlar İordaniya da mövcud olan bir qrup terrorçu Salt şəhərində terror akktları törətməyə səy göstərdi. Ancaq təhlükəsizlik qüvvələri vaxtında və çevik hərəkətə keçməklə mümkün faciələrin qarşısını aldı. Əgər almasaydı, bəlkə də yüzlərlə insan öldürülərdi. Amma təəssüf ki, antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin beş üzvü həlak oldu. Terrorun nə dili var, nə dini, nə milləti, nə də siması. O elə böyük dəhşətdir ki, istənilən an üzərinizə gələ bilər. Şükürlər olsun ki, İordaniya dövləti hər zaman terrorun qarşısını almağa qadir olub və gələcəkdə də olacaq. İordaniyanın təhlükəsizlik qüvvələri dünyanın bir çox ölkəsinin anoloji qüvvələri ilə müqayisədə daha mütəşəkkil, güclü və çevikdir. Yeganə məqsədləri də öz ölkələrində asayişi, təhlükəsizliyi təmin eləməkdir. Bunun nəticəsidir ki, günümüzdə İordaniyadakı sabit daxili ictimai-siyasi vəziyyət dünyanın hər yerindən turistləri özünə cəlb etməkdədir.
- Ölkələrimizin turizm sektorunda əlaqələr nə yerdədir? Son bir ilin yekununu götürsək, qarşılıqlı qəbul edilmiş turistlərin sayını açıqlaya bilərsiniz?
- Hələlik o qədər də
böyük rəqəm söyləmək mümkün deyil.
Təxmini götürsək
cəmi iki min turistə viza verilib. Hansı ki, istər
İordaniyada, istərsə də Azərbaycanda bunun
üçün böyük potensial mövcuddur.
- Birbaşa hava reysinin
açılması ilk şərtdir...
- Bəli,
həm hava reysinin açılması, həm də vizanın
aradan qaldırılması yaxşı effekt verərdi.
Hazırda bu müstəvidə işlər aparılır.
Amma öncə buradakı bəzi texniki problemlər aradan
qaldırılmalıdır. Birbaşa reysin
açılması üçün əvvəla təyyarə
lazımdır, o tapıldığı təqdirdə də
sərnişin. Çünki istənilən aviaşirkət
rentabelli reys açmaq istəyər ki, xərclədiyinin
müqabilində gəlir götürsün. Hazırda masada bəzi
təkliflər var. Məsələn, təklif olunur ki,
Əmman-Tiflis-Bakı reysi açılsın. Məncə bu
səmərə vəd edən təklifdir.
- Mən əminliklə deyə bilərəm
ki, Azərbaycan insanı dünyanı gəzib-görməyə
meyllidir və İordaniyanın qədim tarixi və dini abidələri
burada tanıdıla bilsə, uzaq Amerikaya, Avstraliyaya gedən
azərbaycanlılar sizin ölkəni də həvəslə
ziyarət edəcəklər...
-
İordaniya açıq səma altında muzeydir. Qayalardan
yonulmuş antik Petra şəhəri, bir sıra peyğəmbərlərin
yaxınlarının məzarları İordaniyadadır.
İsa peyğəmbərin xaç suyuna
salındığı kilsə ölkəmizdədir. Orda Cəbəl
Nebu adlı bir dağ var, vaxtilə Musa peyğəmbər
onun zirvəsində dayanıb Allah tərəfindən vəd
olunmuş torpaqlara – indiki İsrailə baxıb. Elə Musa
peyğəmbərin qardaşı olan Harunun qəbri də məhz
o dağdadır. Bütün bu məkanlar tarixən
insanların böyük maraqla ziyarət etdiyi yerlərdir.
- Turizm sektorunda əməkdaşlığın
genişlənməsi, eyni zamanda, turistlərin gediş-gəlişinin
fonunda ölkələrimizin reklamı sürətlənəcək
və sonda iqtisadi-ticarət münasibətlərinin həcmi
genişlənəcək...
-
İqtisadi əlaqələr, çox təəssüf ki,
hazırda ürəkaçan səviyyədə deyil. Təxmini
hesablara əsasən deyə bilərəm ki, illik ticarətin
həcmi 15 milyon dollar civarında tərəddüd edir. Nəzərə
alsaq ki, ölkələrimiz bir-birindən coğrafi
baxımdan çox da uzaqda deyillər, üstəlik, dövlətlərimiz
arasında bütün səviyyələrdə əla
münasibətlər mövcuddur, 15 milyon dollar ticarət həcmi
bizi qane edə bilməz. Çalışıb ölkələrimizin
geniş potensialından maksimum yararlanıb, ticarəti
artırmalıyıq.
- Siz bayaq qaçqın problemindən
söz açdınız. Yeri gəlmişkən, ABŞ deyəsən
qaçqınlara yardımı dayandırıb. Bu məsələyə
münasibətiniz necədir?
-
Düzdür, Tramp Fələstin Qaçqınlarına
Yardım Təşkilatına vəsait ödəməyəcəyini
bildirib. Təbii ki, bir sıra ölkələr kimi,
İordaniya da dövləti Ağ Evin bu addımına kəskin
etirazını bildirib. Bu təşkilat fərqli ölkələrdə
yaşayan beş milyondan artıq fələstinli
qaçqına yardım göstərir ki, onların da
yarısı məhz İordaniyada məskunlaşıb. Bu
gün ölkəmizdə 2 milyondan artıq fələstinli
qaçqın var ki, bunlar ancaq status alanlardır. Böyük
hissəsi isə status almadan məskunlaşıb
İordaniyada. Baş hərfləri ilə qısaca ONARWA
adlanan bu təşkilat 1967-ci ildən – məşhur 6
günlük müharibədən sonra yaradılıb.
İndi İordaniya hökuməti istəyir ki, bu məsələylə
bağlı beynəlxalq konfrans çağırsın. Dəqiq
vaxt bəlli olmasa da, tədbir çox güman ki,
sentyabrın sonu və ya oktyabrın əvvəllərində
keçiriləcək. Bu yerdə vurğulayım ki, Azərbaycan
da bir müsəlman ölkəsi olaraq hər zaman Fələstin
xalqının ağrı-acılarına şərik olub,
onlara imkan daxilində dəstiyini verib.
- Yeri gəlmişkən, ABŞ Fələstinin
konfederasiya şəklində İordaniyaya birləşdirilməsini
də təklif edib...
- Bu
sualı ABŞ-ın həmin təklifinə
İordaniyanın əlahəzrət Kralının verdiyi
cavabla cavablandırmaq istəyirəm. Kral demişdi ki,
konfederasiyada müstəqil dövlətlər birləşir.
Fələstin ərazisində isə dövlət yoxdur.
Öncə Fələstin öz sərhədləri daxilində
müstəqil dövlət olaraq tanınsın, paytaxtı da
Şərqi Qüds olsun, ondan sonra birləşmə məsələsinə
baxıla bilər...
Vüsal Tağıbəyli
Həftə içi.- 2018.- 14
sentyabr.- S.4.