Azərbaycanda tarix yazan cəsur qadınlarımız

 

Bir ilin söhbətidir, Bağdada uçurdum. Təyyarədə yanımda oturan sərnişinlə söhbətim zamanı azərbaycanlı jurnalist olduğumu, bu ölkənin hərbi-siyasi vəziyyətini əks etdirəcək reportaj hazırlamağa gəldiyimi dedim. Eniş zamanı gənc bir xanım yaxınlaşdı – azərbaycanlımız idi. Sərhəd-gömrük xidmətində yoxlanış prosesi bir az uzandığı üçün söhbətləşməyə vaxtımız da oldu.

Adı Ləman olan bu gənc soydaşımız dedi ki, Bakıda özəl turizm şirkətlərindən birində işləyir. Bağdada gəlməkdə məqsədi buradakı turoperatorlarla sövdələşmək, üstəlik, internet üzərindən müəyyənləşdirdiyi bəzi otellərin sahibləri ilə danışıq aparıb, razılığa gəlməkdir. Yəni İraqdan Azərbaycana turistlər cəlb eləmək, Azərbaycandan da bu ölkəyə gətirəcəyi turistləri vaxtında və rahat yerləşdirmək üçün əlaqələr yaradırdı. Ona son vaxtlar Bağdadda vəziyyətin yenidən ağırlaşdığını, tez-tez gözlənilməz terror aktlarının törədildiyini, əcnəbi xanımların küçəyə tək çıxmasının çox risqli olduğunu xatırlatdım. Sakitcə məni dinlədi və sadəcə gülümsədi...

Yazıma bu qızla bağlı xatırlatma verərək başlamağımın özəl səbəbi var. İŞİD terrorundan söz düşəndə insanlar qorxudan qapı-pəncərəni bağladığı halda, bu qorxmaz, necə deyərlər şir ürəkli qız İraqa iş qurmaq, ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək, Azərbaycana daha çox turist gətirməklə büdcəyə əlavə vəsait qazandırmaq üçün məhz terrorun tüğyan etdiyi bir ölkəyə səfər etmişdi. Bu, Azərbaycan qadının tarixən necə qorxmaz, qəhrəman olduğunu isbatlayan bir nümunədir. Necə ki, qadınlarımız tarixin bütün etaplarında siyasətdə, diplomatiyada, lap elə iqtisadiyyatda, mədəniyyətdə böyük uğurlar qazanaraq, dünyanı mat qoya biliblər.

 

Qüdrət sahibləri

 

Qədim tariximizə nəzər salaq: haqqında rəvayətlər dolaşan Massaget hökmdarı Tomris hakimiyyəti boyunca dövrünün ən qüdrətli dövlətlərindən olan İranın təcavüzlərinə qarşı dayanıb, şah Kirin ordularını Azərbaycan torpaqlarına girməyə qoymayıb. Qədim yunan tarixçisi Herodot yazır ki, sitat: Massagetlər çoxsaylı və cəsurdurlar. Onlar issedonlarla qarşı-qarşıya, Araz çayının arxasında yaşayırlar…

Bu qədim tariximizin qadınlarından yazılacaq yeganə fakt deyil. Məsələn, XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına sığındığı halda, onun xanımı Mehrican xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə düşmənə qarşı məqrd-mərdanə döyüşüb, Təbriz, Xoy və Naxçıvanı müdafiə edib.  Yaxud da, Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub. Hansı ki, bu gün onun türbəsi Naxçıvanın az qala etiketinə çevrilməkdədir.

Azərbaycanın tarixi qadın şəxsiyyətlərindən söz açarkən Sara xatunu unutmaq mümkün deyil. XV yüzillikdə yaşayan və fəaliyyət göstərən Sara xatun Ağqoyunlu hökmdarı, tarixdə iz qoymuş Uzun Həsənin anasıdır. O, bir müddət Harput şəhərinin hakimi olub, amma bütövlükdə dövrünün mahir diplomatı kimi tanınıb. Məmlüklərdən Venesiyaya, Osmanlıdan Teymurilərədək bütün dövlətlərlə ən vacib danışıqları məhz Sara xatun aparıb və uğur əldə edib.

Başqa bir sitat: 1776-cı ildə Dərbəndi idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb.

Məhsəti, Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir-Məmmədquluzadə və sair də hər biri öz dövründə Azərbaycanın adını şərəfləndirən xanımlar olublar.

Azərbaycan qadınlarına şəxsiyyət olaraq yanaşdıqda, onlar zərif cinsin nümayəndəsi olmalarına baxmayaraq, tarixin bütün etaplarında ictimai-siyasi müstəvidə rol aldıqlarını görürük. Məntiq bunu deməyə əsas verir. Sübutu da odur ki, böyük Nizamidən üzübəri bütün dahilər qadınlarımızın obrazını yaradıb, onların göstərdiyi hünəri vəsf edib. Məsələn, dünyanı fəth edən əfsanəvi Makedoniyalı İsgəndəri Azərbaycanda, öz ağlı, bacarığı, diplomatik gedişləri ilə qılıncını qınından çıxarmağa qoymayan məhz Bərdə hökmdarı Nüşabədir. Hansı ki, Nizami “İsgəndərnamə”də bu obrazı təxəyyülünün məhsulu olaraq təqdim edib. Əslində bu kişi obrazı da ola bilərdi, amma dahi Nizami qadının ağıl və bacarığına daha yüksək dəyər verib, məhz Nüşabəyə yer ayırıb.

 

Dövrümüzün ledisi

 

Müasir dövrümüzdə də Azərbaycan siyasi-ictimai arenasında Mehriban Əliyeva şəxsiyyəti uğur üstündən uğur qazanmaqdadır. Millət vəkili və Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyeva bu gün artıq ölkənin 1-ci Vitse prezidenti postunu tutur. O, həm də UNESCO və İSESCO-nun xoşməramlı səfiri mandatını almış azərbaycanlı xanımdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri olduğu müddətdə Azərbaycanda milli müstəvidə olduqca vacib uğurlar əldə edən Mehriban xanımın gərgin əməyi sayəsində muğam sənəti, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, çövkən oyunu, kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Hələ İranın dahi Nizami Gəncəvinin kimliyinə iddiasını demirəm. İran tərəfi Nizamini fars şairi hesab edir və bunu dünya qarşısında isbatlamağa çalışırdı. Amma Mehriban Əliyevanın sayəsində iranlıların bu istəyi ürəklərində qaldı. Heydər Əliyev Fondunun maddi vəsaiti hesabına Romanın mərkəzində ucaldılan Nizami Gəncəvinin heykəlinin postamentinin üzərinə “Azərbaycan şairi” sözlərinin yazılması məhz bu xanımın böyük bir ölkə üzərində qələbəsinin təcəssümüdür.

Yeri gəlmişkən, bu gün İtaliyada, Vatikanda, Almaniyada, Rusiyada, Fransada, Pakistanda, Misirdə və sair uşaqdan böyüyə hər kəs Mehriban Əliyevanın gördüyü işlərdən danışır. Dini ibadət yerlərinin, kitabxana və digər mədəniyyət mərkəzləri binalarının təmir və yenidənqurmasını həyata keçirən, müxtəlif ölkələrdə xəstəxanalar tikən, Pakistan, Misir. Gürcüstan, Rumıniya, Rusiya, Niderland və sair ölkələrdə məktəblər inşa edərək oxuyub-yazmaq arzusunda olan uşaqlara sevinc bəxs edən, Heydər Əliyev Fondunun timsalında məhz Mehriban Əliyevadır.

 

100 il əvvəl

 

Ümumiyyətlə, Azərbaycan qadınının zirvəyə can atma istəyi hər zaman müsbət nəticə verib. Bilirsiniz, bu il Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100-cü ilidir. Məhz Azərbaycanda qadınlar seçki hüququnu 100 il əvvəl – 1918-ci ildə alıblar. Hansı ki, Azərbaycandan əvvəl yalnız Yeni Zelandiyada qadınlaın seçib-seçilmək hüququ tanınıb (1893-cü ildə). Təssəvvür edin, bu gün dünyaya ədalətdən, insan haqlarından dərs keçən ABŞ-da qadınlar bu status azərbaycanlı həmcinslərindən 2 il sonra - 1920-ci ildə alıblar. Özünü dünya mədəniyyətinin beşiyi hesab edən Fransada xanımlar 1944-cü ildə, çoxlarının təbirincə desək, xoşbəxtlər ölkəsi İsveçrədə isə 1971-ci ildə seçib-seçilmək haqqı əldə ediblər. Yəni bu sahədə də Azərbaycan qadını dünyaya örnəkdir.

Bu yerdə qeyd edək ki, 100 il əvvəl Azərbaycan qadını nəinki seçib-seçilmək haqqı alıb, hətta qanunvericilik sahəsində çalışıb. Belə ki, 1918-ci ildə Xalq Cümhuriyyəti parlamentinin dəftərxana rəsinin müavini Şəfiqə Əfəndizadə olub. Hansı ki, bu dövrdə İngiltərə parlamentində qadınların seçki hüququnun tanınıb-tanınmaması məsələsi qaldırılanda lordların çoxu qəzəblənərək salonu tərk etmişdilər.

 

Dahi qadınlar

 

Təbii ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, Rusiya kommunizm donuna girərək müstəqil Azərbaycanı işğal etdi. Amma insafən, sovetlər dönəmində nəinki Azərbaycan qadının hüquqları əlindən alınmadı, əksinə, özünü dövlət və ictimaiyyətin bütün sahələrində inkişaf etdirib, tanıtdırmasına şərait yaratdı. İslam Şərqinin bir parçası olan Azərbaycanda qadınlar özlərində cəsarət tapıb incəsənət sahəsində, elmdə-təhsildə addımlar atmağa başladılar. Məsələn, Xurşid Ağayeva, Şövkət Məmmədova, pedaqoq və dramaturq Səkinə Axundzadə, Məziyyə Davudova, Hökumə Qurbanova, Fatma Muxtarova, Həqiqət Rzayeva, Qəmər Almaszadə, Leyla Vəkilova, Yavər və münəvvər Kələntərli bacıları, Fatma Mehralıyeva və sair məhz sovet dövründə SSRİ-də və dünyanın bir çox ölkəsində Azərbaycanın adını tanıtdırıb. Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundova dünya musiqisinin incisidir. Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, hazırda Azərbaycanın canlı korifeyi olan Zeynəb Xanlarova Azərbaycan qadınının simvollarıdır.

Elm və təhsil sahəsində də Azərbaycanda və dünyada böyük işlər görmüş xanımlarımız çox olub. Bunlardan professor Sara Aşurbəyli, professor Elmira Abbasova, geoloq Dünya Ağalarova, akademik Püstəxanım Əzizbəyova, professor Umnisə Musəbəyova, professor Əzizə Cəfərzadə, professor Mina Davatdarova, pofessor Sayalı Tağıyeva, akademik Zərifə Əliyeva, professor Zəhra Quliyeva, professor Kübra Fərəcova və başqalarının adını çəkə bilərik.

Yeri gəlmişkən, bu gün də Hicran Hüseynovanın simasında komitə sədri, Bahar Muradovanın simasında vitse-spiker, Sevinc Həsənovanın simasında nazir müavini və sair olan xanımlarımız var.

 

Bizi heyran edən xanım

 

Bir məsələni də qeyd edim ki, kişilər bəzən qadınlara sadəcə gözəlliyinə deyil, məhz istedadına, bacarıq və göstərdiyi hünərinə görə valeh olurlar. Adicə bir misal çəkim: 1989-1990-cı tədris ilində indiki Bakı Dövlət Universitetinin (o vaxtlar Azərbaycan Dövlət Universiteti – red.) İdman kafedrasında idim. Bu vaxt ora hansısa işi ilə bağlı gənc və yaraşıqlı bir qız gəldi. Yadımdan çıxmaz: mən də daxil, qrupumuzun uşaqları ona elə heyranlıqla baxırdı ki… Bu gözəl qız o vaxtlar Azərbaycanın adını dünyaya yayan şahmatçı Aynur Sofiyeva idi. SSRİ-nin can üstə olduğu o vaxtlar biz Aynur Sofiyavı ancaq efirdən görə bilirdik. Ona görə də bu xanımın yanında olmaq bizə möcüzə kimi gəlirdi. Hətta deyərdim ki, onun bacarıq və istedadı çox-çox gənclərə stimul verib. Bu gün Aynur Sofiyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir.

Qeyd edim ki, bu günlərdə Özbəkistanda səfərdə olarkən, Əndicanda söhbət əsnasında bələdçimiz məndən Zeynəb Xanlarova ilə Aynur Sofiyevanı soruşdu. Bildirdi ki, Zeynəb Xanlarovanı bu ölkədə hər kəs tanıyır. Aynur Sofiyeva haqda isə həvəskar şahmatçı olan bacısı danışıb…

 

Qəhrəmanlarımız

 

 Azərbaycan qadınının uğurundan söz açanda qəhrəmanlıq göstərib, şəhidlik mərtəbəsinə yüksəlmiş xanımlarımızı yada salmamaq günah olardı. Müasir Azərbaycanda milli qəhrəman səviyyəsinə yüksəlmiş qadınlarımız var ki, xalq onların şərəfinə ürəklərində, yaddaşlarında heykəllər qoyub. Bunlar Gültəkin Əsgərova, Salatın Əsgərova, Məleykə Əhmədova, Qaratel Hacımahmudova, Vəfa Mansurova və sairdir.

Ümumiyyətlə, bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadın izi görünməsin. Müəllimindən həkiminə, iqtisadçısına, hakiminə, millət vəkilinə, idarə və təşkilat rəhbərlərinə, diplomatlarına, polisinə, hərbçisinədək – hər bir sahədə böyük uğurlara imza atmış xanımlarımız var. Məhz bu gün Azərbaycan qadını dövlətimizi səfir olaraq Bolqarıstanda (səfir Nərgiz Qurbanova), İsveçrə və Lüksemburqda (səfir Xanım İbrahimova), konsul olaraq uzaq Avstraliyanın Pert şəhərində (Aydan Rzayeva) və sair təmsil edir.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2018.- 27 sentyabr.-  S.7.