Los-Anceles
Universitetinin (UCLA)
kitabxanası ilə memorandum imzalanıb
ABŞ-ın və dünyanın ən
nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles
Universitetinin (UCLA) kitabxanasında yanvarın 9-da Azərbaycan
Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana
arasında Anlaşma Memorandumunun imzalanma mərasimi
keçirilib.
Azərbaycanın
Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən
məlumata görə, Şimali Amerikanın 10 ən
böyük akademik kitabxanasından biri olan UCLA
Kitabxanasında 9 milyonadək kitab saxlanılır.
UCLA Kitabxanasının Yəhudi,
Yaxın Şərq və Mərkəzi
Asiya üzrə əməkdaşı Deyvid Hörş (David
Hirsch) çıxışında Azərbaycana səfərləri
zamanı ölkəmizdə
kitabxanaçılığın inkişafı barədə
əldə etdiyi təəssüratlarını
bölüşərək, Azərbaycan ilə UCLA
Kitabxanası arasında əməkdaşlığın gələcəyinə
böyük ümidlərlə yanaşdığını
qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası
arasında qarşılıqlı əməkdaşlığa
dair memorandumun imzalanmasının hər iki kitabxana arasında
mütəmadi olaraq kitab, informasiya və təcrübə
mübadilələrinin həyata keçirilməsinə imkan
yaradacağını, oxucuların zəngin informasiya
resurslarından istifadə imkanlarını xeyli
artıracağını qeyd edib. O, bu memorandumun
imzalanmasının eyni zamanda qısa bir müddət ərzində
həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA
Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin,
elminin, adət və ənənələrinin təbliğində
və öyrənilməsində əhəmiyyətli rol
oynayacaq informasiya və elektron resursları fondunun
formalaşmasına və oxucuların istifadəsinə verilməsinə
imkan yaradacağını vurğulayıb. K.Tahirov,
həmçinin, UCLA Kİtabxanası ilə əlaqələrin
yaradılmasında göstərdiyi dəstəyə görə
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü
ifadə edib.
UCLA Kitabxanasının direktoru Virciniya Stil
(Virginia Steel) Azərbaycan Milli Kitabxanasının UCLA
kitabxanasının beynəlxalq tərəfdaşlarından
birinə çevrilməsindən məmnunluq hissi duyduğunu
bildirib. O,
UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı
və birgə həyata keçirəcəyi layihələr
vasitəsilə bütün dünyada alim və tələbələrə
hər iki ölkə haqqında biliklərin daha geniş və
asan şəkildə çatdırılacağına əminliyini
söyləyib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə
çıxış edərək, bu gün UCLA
Kitabxanasının Azərbaycan Milli Kitabxanasının
ABŞ-da rəsmi əməkdaşlığa
başladığı ilk universitet kitabxanası olduğunu
deyib və bu tarixi mərasimdə iştirakından məmnun
olduğunu bildirib. O, AMK və UCLA Kitabxanası arasında Anlaşma
Memorandumunun imzalanmasının iki kitabxana arasında
qarşılıqlı faydalı əməkdaşlığa,
eləcə də hər iki xalqın daha da
yaxınlaşmasına güclü zəmin yaradacağına
inandığını qeyd edib.
Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti
və uğurlarını əks etdirən qısa film
nümayiş etdirilib. Daha sonra iki kitabxana arasında Anlaşma
Memorandumu imzalanıb. Memorandumu Azərbaycan
Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA
Kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.
Sonra K.Tahirov
Azərbaycan Milli
Ensiklopediyasının artıq nəşr olunmuş cildlərini
və Azərbaycana dair digər kitabları UCLA Kitabxanasına
təqdim edib.
Mərasimdə UCLA Kitabxanasının əməkdaşları,
habelə universitetin müəllim və tələbə heyəti,
xarici diplomatlar və digər qonaqlar iştirak ediblər.
Azad
Həftə içi.- 2018.-
11 yanvar.- S.6.