Sözdən söz toxuyan
şair
Ədəbi
düşüncə
Mübariz Süleymanlı:”Gərək,
elə şeir yazasan ki, o, yarımçıq doğulan
uşağa bənzəməsin”
Söz İlahi bir güc, İlahi bir varlıqdır. Bu varlığı ancaq onu dərk edənlər, onu duyanlar, onun Tanrı böyüklüyünə inananlar anlaya bilər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub, özünü görə bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarımız var. Onlardan biri də tanınmış şair Mübariz Süleymanlıdır.
Onun bir şair kimi, özünəməxsus yolu, yaradıcılıq cığırı var - Mübariz yaradıcılığı, Mübariz cığırı...
Mübarizin bir üstün cəhəti, xoşbəxtliyi ondadır ki, sadədir, çox həlimdir. Dili şirindir, insanlarla tez ünsiyyət yaradır, qəlbinə girməyi bacarır. Həyatda necədirsə, yaradıcılıqda da elədir. Çox bəsit, sadə, ana dilimizdə yazıb-yaradır. Onun şeirləri də özü kimi şirindir, tez yadda qalandır. Bir-birindən fərqli, dəyərli obrazlar yaradır. Bu, hər şairə nəsib olmur. Mübarizin yaradıcılığında ən müsbət cəhət söz bolluğundan səmərəli istifadə etməsi, şeirlərində təkrarçılığa yol verməməsidir. Onun şeirləri təbiiliyi ilə seçilir. Bir bəndi oxuyan kimi bilirsən ki, bu şeir Mübarizin qələmindən çıxıb. Mübariz sözdən söz toxuyan şairlərimizdəndir. "Ədəbi düşüncə”nin budəfəki qonağı da elə tanınmış şair, AYB və AJB-nin üzvü, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin fəxri doktoru, şair-jurnalist Mübariz Süleymanlıdır.
Mübariz Süleymanlı Lənkəran rayonunda dünyaya göz açıb. İxtisasca politoloq-jurnalistdir. 30 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər redaksiyasında böyük redaktor vəzifəsində çalışır. 17 il adıçəkilən qurumun Həmkarlar İttifaqı Komitəsi sədrinin 1-ci müavini və büro üzvü olub, şeirlər kitabının müəllifidir, 30-a yaxın kitaba ön söz yazıb, şeirlərinə 15-dən yuxarı mahnı bəstələnib. Həmçinin şairin öz səsində səsləndirdiyi bir sıra şeirlər Azərbaycan Dövlət Televiziya və Radiosunun "Qızıl Fond”unda saxlanılır. AYB nəzdində fəaliyyət göstərən gənc yazarlar birliyinin mükafatçılarından biridir. Eyni zamanda, bir sıra dövlət qurumlarının fəxri fərmanlarına, diplom və medallarına, eləcə də bir sıra ölkələrin beynəlxalq mükafat laureatı adına layiq görülüb.
Şair Mübariz Süleymanlı keçdiyi həyat yolundan söz açaraq dedi:
- Yaradıcı insanlar həmişə duyğusal olur. İstər evdə, istərsə də bayırda, cəmiyyətdə. Həmişə öz aləmlərində
olurlar. Maraqlı hadisələrə tez qapılırlar. Hələ kiçik yaşlarımda
xırda hisslər, xəyallar, gözəgörünməyən
bir varlıq, İlahi güc məni narahat edirdi. Maraqlı yuxular görürdüm.
Gah ağ
atın belində, gah da ağ
buludların üstündə
uçurdum. Xəyallarım beləcə məni
uzaqlara aparırdı.
O uzaqlar ki, əlçatmaz, görünməz
olurdular. Sonra
böyüdükcə uşaqlıq xəyallarım,
mözüəli aləmim kövrək duyğulara,
sözə, həzin nəğmələrə çevrilirdi. Bax, o sözlə böyüyərdim, o sözlə nəfəs alardım. Amma bir şair,
yaradıcı adam kimi,
on dörd
yaşımdan özümü dərk etdim. Elə yaradıcılığa da bu yaşlardan
başladım. İlk dəfə əlimə
qələm alıb yazdığım "Kəndimiz” şeiri olub. Elə bu şerilə də ədəbiyata gəldim
və mərkəzi mətbuatda çap olunmağa başlandım. "Azərbaycan gəncləri”,
"Ədəbiyat və İncəsənət”, "Sovet kəndi”, "Azərbaycan pioneri”, "Ədalət”, "525 -ci qəzet”, "Azərbaycan”, "Kaspi” kimi aparıcı qəzetlərdə,
bir sıra jurnallarda çap olunmuşam.
- Mübariz
müəllim, nə əcəb son dövrlərdə mətbuatda
az-az görünürsünüz?
- Əvvəla, deyim ki, yaradıcılığımla bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər 200-dən çox məqalə ilə mətbuatda çıxış edərək, öz fikirlərini söyləyiblər. Eləcə də tanınmış şairlərimiz mənə iki poema və 30-dan çox şeir həsr ediblər. Mən istəsəm, bir gündə 10-dan çox şeir yazaram. Amma ildə bir və yaxud iki -üç şeir yazıram. Mən şeiri şan-şöhrət, qalaq-qalaq bəzəkli kitablar çap elətdirmək xatirinə yazmıram. Axı, şeir də körpə kimi dünyaya gəlir. Gərək, elə şeir yazasan ki, o, yarımçıq doğulan uşağa bənzəməsin. Yazıram ki, yaşasın, məndən sonra da məni yaşatsın. Sözün gücü böyükdür, Nəimiləri söz tanıdıb. Onlar sözü müqəddəs biliblər; İlahi bir varlıq kimi ona sitayiş ediblər. Müqəddəs dini kitabımız "Qurani-Kərim” sözlə yazılıb. Bu gün oxucunu kitabın sayı yox, yazdığı sözün, şeirin hikməti, dəyəri maraqlandırır. Əgər dediyin söz, yazdığın şeir oxucunu düşündürmürsə, o sözü, o şeiri dilə gətirmə, cəmiyyətdən uzaq elə onu.
- Bəzən deyirlər ki, Azərbaycanda
heç kəs kitab oxumur. Siz buna
necə baxırsınız?
- Mən bu fikirlə o qədər də razı deyiləm. Yaxşı şeiri, yaxşı əsəri oxuyurlar. Millət vəkili, istedadlı yazıçımız Aqil Abbasın "Dolu” romanı təzəcə işıq üzü görmüşdü. Maraqlı və oxunaqlı kitab, bədii əsər olduğuna görə, onu tapıb oxudum. Məndən sonra nə qədər adam o kitabı məndən alıb oxudu. Ürəkağrısı ilə demək istəyirəm ki, bu gün ərazisinin 20 faizi işğal altında olan bir ölkənin yazarlarının müraciət etdiyi mövzular ya fantastik, ya da sevgi mövzusu olur. Qarabağla bağlı 30-dan çox şeir yazmışam. Ona görə ki, bu olayları yaşamışam. 1988-1993-cü illərə qədər Qarabağın bütün bölgələrində olmuşam. O ağrıları, o acıları yaşayaraq kövrək misralara, şeirlərə çevirmişəm. Bu gün Vətən ruhlu, milli dəyərlərimizi özündə əks etdirən əsərlər, şeirlər yazmaq lazımdır. Onda bu əsərlərin həm ömrü uzun olar, həm də böyük oxucu kütləsi qazanar.
"Qarabağ” şeirimdə olduğu kimi:
Hələ gözüm qalıb "Cıdır düzü”ndə,
Zənguləm, haqq umur göyün üzündə.
İsa bulağının çeşmə gözündə
Gəlib qurbanımı kəsim, Qarabağ!
Əzəldən dünyanın işi kələkdi,
Haqqın söz toxumun Mübariz əkdi.
Sənə qovuşmağım nə uzun çəkdi?!
Vüsalım olacaq bəsim Qarabağ!
Ölkəmizin kifayət qədər oxucu kütləsi və ziyalısı var. Onlar daimi axtarışdadırlar. Maraqlı kitabı alıb oxuyurlar. Bu yaxınlarda Moskvaya getmişdim. Şəhərdə bütün nəqliyyat vasitələri ilə gedən hər sərnişinin əlində kitab oxuduğunu görəndə, xəyallarım məni sövet dönəminə, 1970-1980-cı illərə apardı. O zaman Azərbaycanda da xalqın əksəriyyəti kitab oxuyardı. O günlər yadıma düşəndə, mən bir azərbaycanlı kimi çox utandım. Çünki bayaq vurğuladığım kimi, əksər yazarlarımızın yaradıcılığı tamam başqa səpkidədir. Məni ağrıdan odur ki, bu gün gənc yazarlarımızın əksəriyyəti Avropaya meyillidir. Biz unutmamalıyıq ki, ədəbiyyat anlayışının geniş profili elə Azərbaycan olub. Bizim Nəsimi, Nizami, Füzuli kimi söz allahları olan xalq nə Avropaya, nə də digər istiqamətə meyil etməlidir. Sadəcə, mütaliə etməyimiz yetər. Bizim zəngin milli ədəbiyyatımız o qədər dərin və mənalıdır ki, biz bu söz dəryasına baş vurduqca, özümüzü daha yaxşı təbliğ etməliyik. Xüsusilə də dilimizə hörmətlə yanaşmağı bacarmalıyıq. Sözə sığal çəkmək bacarığı, onun müqəddəsliyinə söykənib, gözəllikləri vəsf etmək bizim xalqımıza, bizim soyumuza-kökümüzə məxsusdur. Böyük Şah İsmayıl Xətainin təbirincə desək, sözlə dövlət qurduğumuz kimi, sözün bakirəliyini də qorumaq bizim vətəndaşlıq borcumuzdur. Dostum professor Nizaməddin Şəmsizadənin "Bir ömür sevdası” adlı kitabıma yazdığı ön sözdə olduğu kimi, onu demək istəyirəm ki, bizim elə zəngin dilimiz var, bütün bəşəriyyətə bəs edər.
- Bu gün
tanınmış bir şair
kimi, siz özünüzü kimlə müqayisə
edərdiniz?
- Şairlər müqayisə olunmur. Hər bir yazar özünə bənzəyir və istedadını da heç kəsə vermir. Dünyadan köçəndə özü ilə aparır. Amma dünyamıza elə yanaşmalıyıq ki, bizdənsonrakı nəsillərin yaddaşında iz buraxa bilək. Hər bir insan özü-öz qarşısında hesabat verməli, özü olmağı bacarmalıdır. "Özümə” yazdığım şeirin sonuncu bəndində dediyim kimi:
Süleymana qalmayan bu dünyanı
Süleymanlı tərk edəcək, bu haqdı.
Buna görə anlayanı, duyanı
Saymamağın özü də bir günahdı.
- Bəs, bir peşəkar yazar kimi, deyə bilərsinizmi:
çağdaş ədəbiyyatımızın
bugünkü durumu sizi nə dərəcədə qane edir?
- Ürəkağrıdan məsələlərdən biri də odur ki, ölkə ərazisində bədii qiraət, demək olar ki, yox dərəcəsindədir. Bunun səbəbləri isə göz qabağındadır. Kitab satış mağazaları ilə yanaşı, klitabxanalar da dövlət qayğısından kənarda qalıb. Söz düşmüşkən, deyim ki, SSRİ dövründə gənclərin asudə vaxtlarının keçirdikləri kitabxanaların ölkə ərazisində fəaliyəti çox aşağıdır. Bölgələrimizdə artıq kitabxana anlayışı (rayon mərkəzindən başqa) unudulmaqdadır. 27 illik müstəqillik dövrü ərzində dövlət rəhbəri tərəfindən bir sıra ədəbiyyatların latın qrafikası ilə tərcümə olunmasını çıxmaq şərti ilə, bizim bir sıra yazıçı və şairlərimizin yazdığı əsərlərin yenidən nəşri tamamilə unudulub. Orta məktəb dərsliklərində 1988-ci ilə qədər Azərbaycannın coğrafi tarixi, eləcə də qədim dədə-baba yurdlarımızın mövcudluğu haqqında heç bir material tədris olunmur. Bu da ölkəmizin tarixi etnoqrafiyasının, onun milli-mənəvi sərvətlərinin unudulması ilə nəticələnir.
- Bəs ədəbi mühit?
- Son illər ədəbi mühit dövlət qayğısında olsa da, hələ də buna münasibət ürəkaçan deyil. Bu yönümdə rubrikaların KİV və digər mətbuat orqanlarında zəif təbliği, ona olan münasibət, bir sözlə, yazar adamı kimi məni də qane etmir. Gündəlik oxuduğum internet və mətbu orqanlarında, demək olar ki, az hallarda ədəbi mühiti özündə əks etdirən yazılara rast gəlirəm. Bu da təkcə mənim yox, mənim kimi yüzlərlə insanın narahatlığına, oxucu kütləsinin azalmasına gətirib çıxarır. Keçirilən müsabiqələrin obyektiv olmaması da buna öz təsirini göstərir. Ədəbiyyatşünas-alim-tənqidçi Qurban Bayramovun təbirincə desək, bu gün ədəbiyyat yazarlarımızdan çox, ədəbiyyat "general”larımız var.
Demək istəyirəm ki, hər birimiz Vətənə vətəndaş kimi yanaşmalıyıq. Öz mövqeyimizi əməli işimizlə göstərməliyik. Son dövrlər yazdığım "Özbək dostuma namə” poeması ilə yanaşı, qələmə aldığım şeirlərim Özbəkistanın tanınmış tərcüməçi-alimi Xasiyyət Rüstəmova tərəfindən tərcümə edilib. Bu yaxınlarda alimin tərcüməsi özbək dilində çap olunacaq.
- Gəl, bir az da televiziya məkanından
danışaq. Siz uzun
müddət radioda
çalışmısız. Sizcə, radio-televiziya
nə deməkdir?
- Mənim üçün radio-televiziya maarifçiliyin bir istiqaməti, qolu deməkdir. Həm də böyük məlumat bazasıdır. Televiziya-radio özü bir güzgü, aynadır, canlı şəkildə informasiyaları özündə əks etdirir. Bütün həqiqətləri bir anın içində dünyanın hər yerinə yayımlayır. Televiziya-radio insanları vətənpərvərlik ruhda formalaşdırmaqla, dövlət və dövlətçiliyin təbliğində əvəzolunmaz informasiya vasitələrindən biridir. Dövlətin strateji obyeklərindən biri də tele-radiodur. Çünki tele-radio həm də dövlətin strategiyasının, məqsədyönlü siyasətinin, eləcə də dünyada baş verən ictimai-siyasi proseslərin işıqlandırılmasında ən önəmli, operativ məlumat bazasıdır. Söz düşmüşkən qeyd edim ki, tele-radio müasir Azərbaycan gəncliyinin formalaşmasına düzgün istiqamət verir, bütün sferalarda baş verən həqiqətləri mütəmadi olaraq xalqa çatdırır. Ümumiyyətlə, tele-radio hər bir sahədə əvəzsiz xidmətləri olan bir məlumat bazasıdır. Eləcə də gənclərin vətənpərvər ruhda formalaşmasında müstəsna xidmətləri olan bir qurumdur.
- Sizcə, müasir tele-radio
keçmiş sovet
postməkanından hansı cəhətlərinə görə
fərqlənir?
- Xatırladaq ki, bu gün müasir tele-radionun əhatə dairəsi çox geniş olmaqla, keyfiyyətli rəqəmsal yayımı ilə fərqlənir. Tele-radio mütəxəssislərin hazırlanmasında isə əvəzolunmaz bir akademiyadır. Xatırladım ki, tele-radio sovet postməkanında geniş auditoriyası olan qlobal hadisələrin işıqlandırılmasında öz müstəsna xidmətlərini göstərirdisə, bu gün müstəqil dövlətin ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən yeniliklərə oxşar münasibət bəsləyir və bunun yayımlanmasını daha da geniş tətbiq etmək imkanlarına malikdir. Söz düşmüşkən deyim ki, tele-radionun sərhədi yoxdur. Sadəcə olaraq, tele-radio məkanı geniş imkanlardan istifadə edib, dövlətçiliyimizin tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə söykənib, bu yöndə fəaliyyətini dünyaya tanıtdırır. Bu gün tele-radio bizim müraciət etdiyimiz əsas mövzulardan biri – Azərbaycan Dövlətinin apardığı məqsədyönlü siyasəti düzgün təbliğ edir, eləcə də dövlətçiliyimizə və onun ünvanına yönəldilən neqativ məsələlərin siyasi tərəfdən düzgün təhlilinə çalışır. Tele-radio böyük anlamda, dünyəviliyi özündə əks etdirən xalqların və dövlətlərin mədəniyyətini, incəsənətini, musiqisini, folklorunu bir-birinə qovuşduran informasiya vasitəsidir. Diqqətə çatdırım ki, bu gün ölkəmizdə 10-dan artıq televiziya, 20-yə yaxın radio fəaliyyət göstərsə də, Azərbaycan Tele-radiosu bu ənənələri özündə qoruyub-saxlaya bilmişdir. Mənim fikrimcə, 91 ildən artıq tarixi keçmişi olan,11 dildə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında radionun və eləcə də beynəlxalq radionun əvəzsiz xidmətləri olduğu kimi, 61 illik şərəfli yol keçmiş televiziyamız da bu istiqamətdə öz mövqeyini dünyaya bəyan edir. Gənc jurnalistlərin cəmiyyətə təqdim olunmasında öz əməyini əsirgəməyən qocaman jurnalistlərin, eləcə də tele-radionun digər mütəxəssislərinin maariflənməsi üçün Azərbaycan Dövlət Tele-Radiosunun nəzdində fəaliyyət göstərən Tele-Radio Akademiyasının olması bu təşkilatın nüfuzundan xəbər verir. Mənə elə gəlir ki, neçə onilliklərdə tele-radio mütəxəssislərinin yetişməsində öz nüfuzu ilə fərqlənən doğma Kütləvi İnformasiya Vasitələrimiz indən sonra da öz nüfuzunu qoruyub-saxlayacaq.
- Azərbaycan ədəbi dilinin
qorunmasında tele-radionun hansı xidmətləri
var?
- Təəssüflər olsun ki, bu günlərdə bir sıra tele-radio kanallarında dilimizə, milli-mənəvi dəyərlərimizə xas olmayan müxtəlif səpkili "şou” proqramlarla mənəviyyatımıza zərbə vuran verilişlər mövcuddur. Belə verilişlər zəngin ədəbi dilimizi, milli sərvətimizi, mənəvi xəzinəmizi zərbə altında qoyur. Sözsüz ki, bu da yaşlı mütəxəssislərin rəy və fikiri nəzərə alınmadan, efir özbaşınalığına, nöqsanlara gətirib-çıxarır, onun daha artmasına zəmin yaradır. Halbuki, professional mütəxəssis bazası olan Azərbaycan jurnalistikasının tanınmış simalarına müraciət olunmadan, onların fikir və təklifləri öyrənilmədən, xalqımıza xas olmayan çılpaq proqramların yayımlanması baş alıb gedir. Rubrikaların seçimində elə bir yanlışlığa yol verilir ki, bununla da nəinki müasir gəncliyimizə, hətta gələcəyimizə böyük zərbə vurmuş oluruq.
- Nə əcəb peşəkar mütəxəssislərə
müraciət olunmur?
- Söhbət özəl kanallardan gedir. Bu gün özəl kanallarda aparıcıların əksəriyyəti Azərbaycan ədəbi dilinin qorunub- saxlanılmasına düzgün fikir verməlidir, bu yöndə məlumatlanmalıdırlar . Bir sözlə, radio-televiziya jurnalistikasının əsaslarını dərindən öyrənməlidirlər. Əgər onlar mütəxəssis rəylərinə və professional aparıcı və redaktorların nitq mədəniyyətinə, efir davranışına, danışıqlarına azacıq diqqət yetirsələr, səhvlərini düzəltmiş olarlar. Çünki ölkəmizdə 90 ildən artıq radio dili, 60 ildən çox televiziya dili bu sahədə öz xidmətini layiqincə göstərir. Məhz mütəxəssislərin hazırladıqları bütün proqram və verilişlərdə, o cümlədən rubrikalarda Azərbaycan ədəbi dilinin qorunmasına düzgün diqqət yetirilir.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2018.- 30 yanvar.- S.8.