Ana dilim

 

Sırğalanıb qulağımda

nənəmizin şirin-şəkər nağılları,

Anamızın laylay səsi.

Koroğlunun nərəsindən,

igidlərin qılıncının cəng səsindən

yaranıbdır ana dilim.

...Biri vardı, biri yoxdu...

Nağılların sayı çoxdu, sonu yoxdu.

Uçan xalça qanadında gəlib çatdın

bu günümə, Ana dilim.

Göydən düşən üç almanın baldan şirin

Ləzzətilə şirələndin.

Babalarım deyimləri, düzümləri

cərgələyib bir-birinə bağlayıblar,

Sözü sözə calayıblar.

İpə-sapa düzülübdür inci sözlər

Nənələrim min naxışlı ilmələrlə

Xonça-xonça xalıları bəzəyəndə

Şirin-şirin zümzüməli nəğmələr də yaradıblar.

Neçə sənət el əlində,

el dilində qanad açıb,

Qoşa uçub keçmişimdən bu günümə,

gələcəyə yollar açıb,

Boxça-boxça incilərə çevrilibdir.

Yun darayan,

ip əyirən hana quran nənələrdən,

Qılıncını, külüngünü birgə vuran,

Düşmənlərə sinə gərən babalardan

yadigardır mənim dilim.

Hər sətirdən,

hər misradan tikmələrdə,

Xalılarda min ilməylə naxışlanan

çiçəklərin ətri gəlir.

Hər sətirdən çiçəklərin, ləçəklərin

şəhd-şirəsi süzülübdür.

Nənələrin söz boxçası xalıdakı naxışlar tək

İlmə-ilmə düzülübdür.

Halay çəkən qızlarımız nəğmə deyib

Bülbül kimi oxuyanda.

Bayramüstü sözlü qızlar, adlı qızlar

“Bəy corabı toxuyanda”

İgidlər də vəcdə gəlib, cuşa gəlib,

At oynadıb, qılınc çalıb,

nərə çəkib, erkən durub

yağılara qan uddurub,

sinəsini sipər edib

bu torpağı qoruyublar.

Dədəm Qorqud öyüd verib,

Boy boylayıb, ərlər öyüb.

Qırat, Dürat od qoparan nallarını yerə döyüb

Koroğlunu döyüşlərdən-döyüşlərə aparıblar...

Qartal kimi qanad açıb

Qırx qız kimi sıralanıb

Nəğmə olub, layla olub,

nağıl olub, dastan olub həyatıma.

Bəzən isə vulkan kimi od püskürüb

Tükürpədən cəngisiylə

Kəlmələri inci kimi cilalanıb,

Gilələnib telli sazın nəfəsində.

Ozanların, aşıqların,

dədələrin köksü odlu sinəsində

cilvələnib muncuq kimi ipə-sapa düzülübdür.

Elə bil ki, şırıldayan bulaqların

zümzüməli, xoş nəğməli,

pıçıltılı şən səsidir.

Yazın ilıq nəfəsidir,

Tər bənövşə rayihəsi,

qızılgüllər qoxusudur.

Şirin-şəkər balaların, nəvələrin

bal ətirli yuxusudur, Ana dilim.

Köksü gözəl,

zirvəsi qar,

yaxası bar

dağlarımın yamacıdır,

Kəkliyidir, turacıdır,

Xarıbülbül, tər bənövşə ləçəyidir,

Dünya boyda bir dünyanın dillərinin

Gözəlidir, göyçəyidir Ana dilim.

Muğamımdır - “Şəhdi-Şahnaz”,

“Mənsuriyyə”m, “Heratı”mdır,

“Nərmü-nazik” bayatımdır, Ana dilim.

Qıj-qıj axıb qıjıldayan,

Nərə çəkib haray salan,

Qayalara, təpələrə, dərələrə çiçək taxan

Qarqarımın, Xaçınımın selləridir,

Sərin bahar yelləridir, Ana dilim.

Ana Kürün pıçıltıyla

qəlbə dolan nəğməsidir.

Arpaçayın, Xan Arazın

ayrılıqdan haray çəkən zil səsidir.

Tərtərimin, Xaçınımın bəndə düşüb

Məcrasına yol axtaran selləridir, Ana dilim.

Dədələrin, ozanların, aşıqların qopuzunda,

Cürəsində, sazındakı telləridir, Ana dilim.

Zərnigarla Aşıq Valeh sevgisinin sorağıdır,

Nəsiminin, Xətainin, Füzulinin

əsrlərə nur çiləyən çırağıdır, Ana dilim!

Ələsgərin əsrlərə sığışmayan nəğmə dolu

həyatının bir ömurlük varağıdır,

Ana yurdun xoş müjdəli,

toy-büsatlı növrağıdır Ana dilim!

 

Azadə Quliyeva,

33 saylı Ağdam rayon köçkün tam orta məktəbin

Azərbaycan dili və Ədəbiyyat müəllimi

 

Həftə içi.- 2019.- 2 aprel.- S.8.