Cəfər Cabbarlı yaradıcılığında kino sənəti,

rejissorluq, aktyorluq özünəməxsus yer tutur

 

Azərbaycan ədəbiyyatının çoxcəhətli yaradıcılığa malik simalarından biri də ölməz ədib Cəfər Cabbarlıdır. C.Cabbarlı öz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının ən gözəl incilərini yaradan sənətkar kimi şərəfli yer tutur. Ədibin yaradıcılığı çoxtərəfli janr xüsusiyyətləri ilə seçilsə də, onu ən çox tanıdan dramaturgiyasıdır. Dahi sənətkar “Sevil”, “Almaz”, “Od gəlini”, “Aydın”, “Dönüş”, “Yaşar”, “Oqtay Eloğlu” və s. əsərləri ilə M.F.Axundzadə tərəfindən əsası qoyulan, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə yaradıcılığı ilə inkişaf etdirilən dramaturgiyamızın möhtəşəm və bənzərsiz nümunələrini yaratmışdır.

Ədibin dramaturgiyası öz müasirliyinə görə nəinki yaşadığı dövrdə, eləcə də bütün dövrlər üçün aktualdır. Cəmiyyətdə gedən ictimai mübarizələri, siyasi mənzərəni əks etdirmək və ya bədii gözəllik baxımından həmin əsərlərin hər biri təkrarsız, bənzərsiz sənət incisidir. Bu əsərlər mövzu əlvanlığı ilə, həyat hadisələrini əks etdirmək baxımından da seçilir.

Azərbaycan tarixinin mürəkkəb, ziddiyyətli dövrünü bu günümüzə tanıdan “Od gəlini”, köhnəlik və yeniliyin mübarizəsini əks etdirən “Sevil”, “Almaz”, “Oqtay Eloğlu”, cəmiyyətin müxtəlif təbəqələrinin həyatını , daxili aləmini açıb göstərən “Aydın” və s. əsərlər bu gün də geniş oxucu kütləsinin diqqət mərkəzindədir.

C.Cabbarlı əsərləri bədii dil xüsusiyyətlərinə görə də təqdirəlayiq yer tutur. Ana dilimizin, şifahi xalq ədəbiyyatının – xalq dilinin gözəlliyi, mükəmməl , intellektual, fəlsəfi mühakimələri birləşərək ədibin əsərlərində üzvi bir vəhdət yaratmışdır. C.Cabbarlı yaradıcılığından dilimizə neçə-neçə söz və ifadələr gələrək özünə kök salmışdır ki, həmin sözlər bu gün də dilimizdə geniş şəkildə işlədilir. Elə əsərlərindəki qadın və kişi adları bunun parlaq təzahürüdür. Almaz, Gülüş, Sevər, Solmaz, Gülsabah, Yaxşı, Sevil, Aydın, Yaşar, Elxan və s. xüsusi adlar xalqımız tərəfindən sevilib- seçilərək övladlara qoyulur.

C.Cabbarlı yaradıcılığında özünəməxsus məntiqi mühakimələr, aforizmlər, fəlsəfi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Ədibin yaradıcılığı bədii mahiyyəti ilə yanaşı, böyük həyati əhəmiyyət kəsb edir.

Ölməz sənətkar öz yaradıcılıq yolunda əsas diqqəti dramaturgiyaya versə də , onun lirik şeirləri, bədii nəsr nümunələri də ədəbiyyatımızın əvəzsiz inciləridir. Hələ kiçik yaşlarından ədəbiyyata marağı, poeziyaya həvəsi ədibin yaradıcılığının lirik şeirlər və satirik nümunələrlə zənginləşməsinə səbəb olmuşdur. Onun satiralarından M.Ə.Sabir yaradıcılığının və “Molla Nəsrəddin” ədəbi məktəbinin xoş sədası gəlir. “Üstünə”, “Səbət”, “Səhər vaxtı siyasi bir məhbus”... şeirlərində dövrün ictimai-siyasi mənzərəsi canlandırılmış, cəmiyyətin əyər-əskiyi əks olunmuşdur. Lirik şeirlərində şairin lirik məni onun incə , həssas qəlbli , heç bir hadisəyə biganə qalmayan yaradıcı şəxs olduğunu sübut edir. İnsan qəlbinin bütün incəliklərini əks etdirən lirik şeirlərində C.Cabbarlı həssas bir yaradıcı İNSAN, lirik şair və aşiqdir. O, insan, həyat, təbiət, gözəllik aşiqidir. Lirikasında həssas qəlbli bir şairin çağlayan hislərinin şahidi oluruq. Dram əsərlərinin içərisində də lirik şeir nümunələrinin, şifahi xalq ədəbiyyatı incilərinin, atalar sözlərinin, bayatıların işlədilməsi oxunaqlığı artırır , mövzu və məzmunun daha maraqlı olmasını şərtləndirir.

Dahi sənətkarın yaradıcılığında kino sənəti, rejissorluq, aktyorluq, musiqi və s. də özünəməxsus yer tutmuşdur. Əbəs deyildir ki, onun lirik şeir nümunələri musiqi ifası şəklində sevilə-sevilə oxunur və dinlənilir. “Ölkəm”, “Gərək günəş dağları aşıb sönməyəydi”, “Ey dan ulduzu” , “Mən bir susmaz duyğuyam ki...”, “Həyat söylə, sən kiminsən?”, “Azad bir quşdum” və s. kimi mahnılar bu gün də ifaçılarımız tərəfindən məharətlə ifa edilir. Hətta elə mahnıları da var ki, ədib musiqisini də özü bəstələmişdir. Məsələn, “Azad bir quşdum” mahnısının musiqisini özü zümzümə edərək Ə.Bədəlbəylidən nota almasını xahiş etdiyini xatirələrdən oxuyuruq.

Ölməz ədib kinematoqrafiya sahəsində də böyük yaradıcılıq nailiyyətlərinə imza atmışdır. “Sevil”, “Hacı Qara” kinossenariləri, müxtəlif operalara yazdığı librettolar kino sahəsində də görkəmli ədibin parlaq istedadının təzahürüdür. Bu filmlər indi də ədəbi ictimaiyyətin diqqət mərkəzindədir.

C.Cabbarlının çoxşaxəli fəaliyyəti bir-birindən qaynaqlanaraq ümumi yaradıcılığının əzəmətini şərtləndirir. Çünki bu yaradıcılıq qaynar bir təbdən , klassik ədəbi irsə bağlılıqdan, dünya ədəbiyyatı klasiklərinin ədəbi irsindən qaynaqlanırdı. Onun lirikasında təkcə Azərbaycan deyil, ümumiyyətlə, Şərq mövzusu geniş yer tutur. “Azərbaycan bayrağına”, “Ölkəm”, “Məhkum Şərqə”,”Salam”, “Sevdiyim”... və s. şeirlərində böyük ictimai məna, siyasi yetkinlik, milli və bəşəri təəssübkeşlik hissi oxucu və ya dinləyicini valeh edir. Bu əsərlər siyasi lirikanın ən gözəl nümunələridir.

C.Cabbarlının lirik şeirlərində şifahi xalq ədəbiyyatının təsiri aydın şəkildə özünü göstərir. Şeirlərində hər üç vəznə - əruz, heca, sərbəst şeir nümunələrinə geniş yer verilmişdir. Ədibin publisistikası, tərcümə yaradıcılığı da diqqəti cəlb edir. O , müxtəlif xalqların ədəbiyyatından tərcümələr edərək geniş oxucu və tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Şiller ,Şekspir və s. sənətkarların əsərlərindən etdiyi orijinal tərcümələr buna sübutdur.

Ədibin yaradıcılığı mövzu baxımından da rəngarəngdir. “Ədirnə fəthi”, “Trablis müharibəsi” və s. əsərləri ilə o, dövrün siyasi hadisələrini, ictimai mənzərəsini canlandırmışdır.

Ümumiyyətlə, C.Cabbarlının bütün ictimai və bədii fəaliyyəti möhtəşəm yaradıcılıq zirvəsidir. Cəmi otuz beş ilə sığan möhtəşəm yaradıcılıq yolu olduqca heyrətamizdir. Bütün yaradıcılığı – həm bədii nəsri, lirikası , dramaturgiyası və digər fəaliyyətləri ilə o, XX əsrin möcüzəsidir.

 

Azadə Quliyeva,

33 saylı Ağdam rayon köçkün tam orta məktəbin

Azərbaycan dili və Ədəbiyyat müəllimi

 

Həftə içi.- 2019.- 4 aprel.- S.8.