Azad və sevgi içində
yaşamaq nümunəsi - “Haydi”
Azərbaycanda keçirilən
Frankofoniya həftələri çərçivəsində
Bakıda yerləşən Park Cinema-da (Alov Qüllələri)
İsveçrənin məşhur "Haydi" filmi
nümayiş etdirilib. Filmin bir-birinə əks bir
çox tərəfləri var. Məsələn, bir tərəfdə
hadisələrin cərəyan etdiyi füsunkar təbiətli
uca dağlar və oradakı ənənəvi yaşam tərzi
keçirən sadə kəndlilər, digər tərəfdə
isə Frankfurtun timsalında daş mühütdə -
dörd divar arasında və ya ən yaxşı halda qələbəlik
dar küçələrdə səhərdən
axşamadək çalışan şəhərlilər var.
Film boyu
insanlığı azyaşlı uşaqlarla dünyanı fərqli
tərzdə düşünən ahıllar təmsil edir və
sevilən hal odur ki, məhz uşaqların təmiz fikirləri
və azad yaşamaq arzuları böyüklər üzərində
qələbə çalır.
İsveçrə
almancasında, Azərbaycan və rus altyazıları ilə
nümayiş olunan filmin baş qəhrəmanı 5
yaşlı, ata-anasını itirərək yetim qalan Haydidir.
O, anasının ölümündən sonra xalası Detenin
himayəsində qalır. Amma xala onu doğması kimi sevib
qoruya bilmir. Günlərin birində Dete balaca Haydini qatarla uca
Alp dağlarının qoynunda yerləşən, öz əsrarəngiz
təbiəti ilə insanı heyran edən kəndə -
yaşlı babasının yanına gətirir.
Maraqlıdır
ki, çoxlarının qorxub ehtiyyat etdiyi, kəndin kənarında
– dağ yamacındakı evində yalnız yaşayan bu
yaşlı kişidən çəkinir. Hətta Dete bu
balaca qızı kəndə gətirəndə yerlilər
narahat olur, babanın uşağı qəbul etməyəcəyini
düşünürlər. Təbii ki, ilk başda
düşünüldüyü kimi də olur, amma onun da
ürəyi var axı...
Dilli-dilavər
Haydi açıq-aşkar onu evindən qovan, üzünə
belə baxmayan babasından əl çəkmir. Köhnə
və yaşayış üçün şəraiti
çox pis olan evdə özünə özünə yatacaq
yer axtarır və sonunda damda qalaqlanmış quru otun
üstü xoşuna gəlir. Bəs masada harda otursun, axı
stul bircə dənə idi. Özünü o yerə qoymur,
ilk axşamı yeməyini döşəmədə oturaraq
yeyir. Amma burada hər şey onun xoşuna gəlir və səhər
keçiləri yaşca özündən azacıq
böyük olan Peterlə otarmağa aparır. Babanın
daş ürəyi isə yumşalmağa başlayır – nəvəsi
qayıdınca ona oturmaq üçün stul düzəldir.
Təbii ki, özünə qarşı gördüyü bu
münasibətə Haydi babasının boynuna sarılmaqla
cavab verir və beləliklə bu tənha evə gün
doğur.
Amma baba
ilə nəvənin birliyi uzun sürmür, Dete xala gözlənilmədən
peyda olur. Bildirir ki, Haydini yenidən şəhərə
aparmaq istəyir və hətta inandırmaq üçün
babanı dilə tutur. Baba isə Dete xalanı əlindəki
dəryazla təhdid edir və qovur...
İki
doğma arasındakı qan bağını qoparmağa qərarlı
olan Dete xala keçilər otlayan çəmənlikdə
Haydini görür və vaxt itirmədən onu aldadıb dəmir
yolu stansiyayasına gətirib qatara mindirir. Baş verənlərdən
duyuq düşən babanın nəvəsinin arxasınca
qaçması isə əbəs idi – o, çoxdan
dağların əzəmətini yarıb kənddən
uzaqlaşmışdı.
Şəxsən
mənim filmin şərti olaraq ikinci və təzadlı hissəsi
adlandırdığım bundan sonrakı səhnələri
5 yaşlı qızcığazın varlı, daş ürəkli
və bir az da lovğa insanlarla öz haqqı uğrunda
mübarizəsindən bəhs edir. Dete xala Haydini Frankfurtda
çox zəngin olan Sesemann ailəsinə ayaqları şikəst
balaca Klaraya yoldaşlıq etməsi üçün
satır. Nə qədər acı olsa da, Haydinin kobud hesab edilən
davranışları bu möhtəşəm sarayda
özünə qarşı dayə və müəllimin
münasibətini kəskinləşdirir. Ancaq evin ərköyün
və tələbkar “şahzadəsi” olan Klara onu sevməyə
başlayır ki, bu da Haydiyə cəsarət verir.
Filmin bundan
sonrakı hissəsində dağ çəmənliklərində
yalın ayaqla atılıb-düşən, nimçədəki
südü başına çəkib içən Haydi şəhərlilərə
xas qayda-qanunları, məişət
davranışlarını öyrənir, yalnız
üzündən oxumağın öhdəsindən gələ
bilmir. Bu isə onun evdə qalmasını istəməyən
özündənrazı dayəyə cəza tədbirləri
görməyə bəhanə verir. Lakin yenə Haydinin bəxti
gətirir – mülkün əsl sahibləri olan Klaranın
atası və nənəsi gəlir. Onlar Haydini öz
qızları qədər sevir və bu sevgi ilə də
yaşlı nənə sarayda qaldığı bir neçə
gün ərzində ona hekayələri üzündən
oxumağı öyrədir.
Zəngin
Sesemann ailəsində özünə qarşı doğma
münasibət görməsinə baxmayaraq Haydi nə əsrarəngiz
dağları unudur, nə də onu özündən çox
sevən qoca babasını. Hətta yuxularında da onları
sayıqlamağa başlayır ki, sonunda ailə həkimi
balaca qızcığaz üçün
çıxış yolu tapır. Həkim həyatında
baş verən çətinliklərin mənfi təsiri ilə
ağırlaşan əsəb pozğunluğundan xilas edilməsi
üçün Haydini təbiətin qoynuna – doğma
babasına qaytarılmasını təkid edir.
Haydi yenidən
Alp dağlarına qayıdır və yenidən şəhər
adət-ənənələrini unudub Peterlə keçiləri
otarır. Az sonra Klara da nənəsi ilə onlara qonaq gəlir
və hətta orada qalır. Bu isə zəngin və ürəyiaçıq
Klaranın əlil arabasından xilas olub, ayaq üstə
dayanmasına yol açır.
Beləliklə,
balaca qızların azad yaşamaq eşqi və əzəmətli
Alp dağları filmin müsbət sonunu yazır...
“Haydi”
filmi 1880-ci ildə Johanna Spyrinin yazdığı eyniadlı
hekayə əsasında, 2015-ci ildə Alain Gsponer tərəfindən
lentə alınıb. Baş rolları 500 uşaq arasından
seçilmiş Anuk Steffen (Haydi), Bruno Ganz (baba), İsabelle
Ottmann (Klara), Quirin Agrippi (Peter), Katharina Schüttler (Rottenmeyr),
Anna Schinz (Dete xala) və saiz oynayırlar.
2015-ci ildə
Alain Gsponerin çəkdiyi 106 dəqiqəlik bu film
2016-cı il aprelin 15-də ilk dəfə
tamaşaçılara təqdim olunub.
Vüsal Tağıbəyli
Həftə içi.- 2019.- 6-8
aprel.- S.8.