Sofiyada mədəniyyət gecəsi təşkil
olunub
Sofiyada Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı, “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə reallaşıb.
Gecədə Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyinin təmsilçiləri, türk və müsəlman icmasının nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.
1918-ci il mayın 28-də müsəlman Şərqində və türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə danışan Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Kənan Məmmədov onun tariximizə qazandırdığı nailiyyətlər barədə iştirakçılara məlumat verib. Qısa zaman ərzində dövlət aparatının təşkili, bayraq və himnin qəbulu, ana dilinin dövlət dili elan edilməsi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyi qeyd olunub.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC-nin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığı, həmçinin bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququ təmin etdiyi vurğulanıb.
Səfirliyin əməkdaşı 2019-cu ilin Azərbaycan diplomatiyasının 100 illiyi ilə əlamətdar olduğunu vurğulayıb.
Tədbir çərçivəsində baş prodüseri Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filmi haqqında qısa məlumat verilərək filmin AXC-nin keşməkeşli tarixinin son günlərinə işıq saldığı diqqətə çatdırılıb.
Mədəniyyət gecəsi çərçivəsində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Novruz bayramı haqqında təqdimat edərək bayramın fəlsəfəsində məhz birliyin dayandığını və onun missiyasının insanlar arasında körpü və dialoq yaratmaq olduğunu söyləyib.
Novruz bayramının xalqımızın milli-mənəvi həyatında oynadığı rolu vurğulayan direktor bu bayramın təkcə Azərbaycanda deyil, Şərqi Avropadan Çinə qədər böyük bir ərazidə, xüsusilə Qafqaz, Orta Asiya, Yaxın Şərqdə bir çox xalq tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb. Bayramın 2009-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyini vurğulayan S.Şıqayeva-Mitreska məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğunu diqqətə çatdırıb.
Mədəniyyət gecəsi çərçivəsində “Son iclas” bədii-sənədli filmi nümayiş olunub və qonaqlara Azərbaycan milli şirniyyatları və nemətləri təqdim olunub.
Həftə içi.- 2019.-
20-22 aprel.- S.8.