Milli Qəhrəmanlarımız silsiləsindən
- Allahverdi Bağırov
Oğul var, evdən gedir, oğul var,
eldən gedir. Haqqında söhbət açmaq istədiyim
qeyrətli oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı
şəhid Allahverdi Teymur oğlu Bağırovdur. Hündürboylu,
enlikürək, yaraşıqli mərd bir oğul haqqında
oxucuları bir daha məlumatlandırmaq, ölməz qəhrəmanımızın
keçdiyi qısa, lakin şərəfli ömür yoluna səyahət
etmək istərdim. Allahverdi Bağırov 1946-cı il aprel
ayının 22-də Ağdam şəhərində zəhmətkeş
bir ailədə anadan olub.
O, gənc
yaşlarından çox cəsarətli, qorxmaz,
sözübütöv və haqsızlığa dözməyən
adam idi. Allahverdi Bağırov orta təhsilini Ağdam şəhər
1 saylı orta məktəbdə alıb. Onda gənc
yaşlarından böyük təşkilatçılıq
istedadı vardı. Hamını ətrafına
yığmağı bacarırdı.
Kiçik
yaşlarından idmana, xüsusən də futbola,
yüngül atletika və voleybola böyük həvəsi
olub. Məktəb illərində və sonrakı vaxtlarda
idmanın müxtəlif növlərində keçirilən
idman oyunlarında, xüsusən futbol yarışlarında fərqlənirdi.
O, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini
qoruyub. 1970-ci ildə Füzulidə “Qızıl
sünbül” kubokunda Ağdam-Cəbrayıl oyununda kapitan
olub.
Allahverdi
Bağırov (5 nömrəli hücumçu) qardaşı
Eldar Bağırovla (müdafiəçi) birlikdə
Ağdamın futbol komandasını şərəflə təmsil
ediblər.
O,
1976-cı ildə “Qarabağ” futbol klubunun baş məşqçisi
təyin olunmuş və həmin ildə keçirilmiş
Ümumittifaq birinciliyində Azərbaycanın
dördüncü yer tutmasında böyük zəhməti
olmuşdu. Keçmiş futbolçu Müşfiq Hüseynov
Allahverdi Bağırov haqqında demişdir: “İlk məşqçim
rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırov olub.
Allahverdi müəllim futboldan öncə bizə
dürüst olmağı öyrətmişdi. Bizim həyata
müstəqil olaraq atılmağımızda rəhmətliyin
böyük əməyi olub. Həqiqətən də o,
futbolçulara gözəl bir örnək idi”.
Hamının
“Alı” deyə müraciət etdiyi Allahverdi Bağırov
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları
arasında keçirilən oyunda iştirak etmişdir. 1:1
hesabı ilə başa çatan qarşılaşmada
Ağdam klubunun qoluna imza atan 5 nömrəli oyuncu məhz
Allahverdi Bağırov olmuşdur.
Qarabağ
müharibəsi başlayanda onun xidmətləri, mərdliyi,
qoçaqlığı, vətənpərvərliyi,
xüsusilə qabarıq şəkildə göründü.
O,
Ağdam əhalisi tərəfindən göstərilən
maddi yardım və öz şəxsi vəsaiti ilə
Qarabağ kəndlərində yaradılmış kiçik
özünümüdafiə dəstələrinə
yaxından köməklik etmişdir. Ağdam rayonu ərazisində
gedən bütün döyüşlərdə mərdliklə
vuruşub və həmişə də öndə
döyüşə atılıb, qorxmazlığı ilə
silahdaşlarını ruhlandırıb. Müharibə
qızışan zaman qardaşı, millət vəkili Eldar
Bağırov Ağdam Rayon Xalq Cəbhəsinin sədri
seçilib.
Allahverdi
və Eldar Bağırov qardaşlarının 1988-ci ildə
Ağdamda ilk müdafiə dəstələrinin
formalaşmasında böyük rolu olub. Həmin ildə
dövlətin xəbəri olmadan Əsgəranla Ağdam
arasında keşikçi postlarını könüllü
olaraq ilk dəfə Allahverdi və Eldar Bağırov
qardaşları yaratmış, sonradan ermənilərlə həmsərhəd
olan bütün kəndlərdə postlar qurulmuşdur.
Müstəqil
Azərbaycanın bayrağını ilk dəfə Ağdama
Allahverdi Bağırov gətirib sancıb.
1991-ci
ilin oktyabr ayının 1-də Azərbaycan Silahlı Qüvvələrinin
Ağdamdakı hərbi hissələri onun və
qardaşı Eldar Bağırovun komandirliyi altında
yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi
hissə 845 nömrəli Ağdam Ərazi
Özünümüdafiə taboru idi. 760 nəfərlik olan
batalyon “Vətən oğulları” adlanırdı. Həmin
ildə onun qardaşı Müstəqillik aktına imza atan
millət vəkili Eldar Bağırov, Bakıda Ali Sovetin
iclasından qayıdarkən, 4-cü mikrorayonda
bacısının yaşadığı evin
qarşısında müəmmalı şəkildə qətlə
yetirilib. Qardaşı Eldarın ölümündən sonra
Allahverdi Bağırov batalyona rəhbərlik etmiş və
uğurlu döyüşlərə komandirlik etmişdir.
1992-ci
ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi taborun
igid döyüşçüləri ilə birlikdə
Naxçıvanik kəndində
işğalçıların bütün canlı qüvvəsi
və texnikası darmadağın edilmiş, 150
döyüşçü ilə birlikdə Allahverdi
Bağırov Əsgəran qalasına qədər irəliləmiş,
Pircamal kəndindəki bütün yüksəkliklər
tutulmuş, Kətük kəndi ilə üzbəüz
mövqe qurulmuşdu. Bu əməliyyatın başa
çatması və erməni bayraqlarını Azərbaycan
bayraqları ilə əvəz etmək üçün
Allahverdi Bağırovun döyüşçülərinə
cəmi iki saat lazım olmuşdur. Arxadan kömək gəlmədiyinə
görə igid oğullar döyüşərək
mühasirədən çıxmışlar. Bu əməliyyata
görə Allahverdi Bağırov “General Məhəmməd
Əsədov” adına mükafata layiq
görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi
Bakir Behbudovun verdiyi müsahibədən:
“Allahverdi
Bağırov yeganə komandir idi ki, döyüş vaxtı
qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə
kəndi erməni yaraqlılarından geri alanda dedi: “Birdən
kimsə kənddə əhalini qarət edə, doğma
oğlum da olsa, güllələyəcəm. Biz
oğurluğa getmirik, torpağımızı geri almağa
gedirik”.
1992-ci il
mayın 3-də Allahverdi Bağırova məlumat vermişdilər
ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin
məlumatı bizim bütün dövlət qurumlarına
çatdırmışdı. Həmin ay Allahverdi
Bağırov qərargaha beş əsgəri
çağırtdırıb birlikdə plan hazırlamağa
başladılar.
Əfsanəvi
komandirin başçılığı ilə Aranzəmin kəndi
uğrunda gedən döyüşlərdə
torpağımıza basqın edən 100 yaraqlı,
işğalçı erməni qulduru məhv edilmiş və
10 düşmən əsir götürülmüşdür.
O,
Xocalı soyqırımı zamanı həlak olanların
meyitlərinin döyüş meydanından
çıxarılmasında və azərbaycanlı əsirlərin
erməni işğalçılarının meyitləri və
əsirləri ilə dəyişdirilərək azad edilməsində
böyük xidmət göstərmişdir. Həmin əməliyyatlar
keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid
vermişdir. Bağırov erməni polkovniki Vitali Balasyan vasitəsilə
üç gün ərzində 1 003 nəfərdən
çox Xocalı əsirini ermənilərin əlindən
xilas etmişdir. Ağdamın Qarağacı qəbiristanlığında
azərbaycanlı əsirləri təhvil alır, erməni
işğalında olan işgəncələrə məruz
qalan əsirlərimizi avtobusla gətirib, sahiblərinə təhvil
verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə
tutdurub torpağa tapşırırdı. Hətta
özünün saxladığı mal-heyvanını kəsdirərək
şəhidlərimizə ehsan verirdi, imkansıza kömək
edirdi.
Səkkizgünlük
erməni əsirliyində işgəncələrə məruz
qalan Hüseynağa Aydın oğlu Quliyev: “Məni əsirlikdən
qurtarmaq üçün Allahverdi Bağırov çox
çalışdı. İgid qəhrəman Allahverdi
Bağırova ermənilər pul təklif etmişdilər ki,
azərbaycanlılar tərəfindən əsir
götürülmüş muzdlu Suriya ermənisini
qaytarsın. Allahverdi qəti etiraz edərək ermənini
söymüşdü. Rəhmətlik Allahverdi kişilik
göstərib ermənini pula deyil, mənə dəyişdi.
Anamı da buraxdırmışdı rəhmətlik. Yeri
behişt olsun”.
Məhz
Allahverdi Bağırovun Vitali Balasyanla apardığı
danışıqlar nəticəsində, hərbi operator
Seyidağa Mövsümlü və Çingiz Mustafayevin
Xocalı hadisələrinin görüntülərini lentə
alınması mümkün olmuşdu.
Allahverdi
Bağırov Xocalı faciəsindən həddindən
artıq sarsılmışdı. Xocalı
qadınlarını və qızlarını dəhşətli
vəziyyətdə görəndən sonra özünə gələ
bilmirdi. Xüsusən də 9 yaşlı qız
uşağının ermənilər tərəfindən vəhşicəsinə
öldürülməsi ona pis təsir etmişdi.
2015-ci ildə
telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
“Onun
üzündəki solmuş təbəssümünü,
yorğun sifətini unuda bilmirəm. Mənə elə gəlirdi
ki, bu güclü, cüssəli oğlan gözlərimin
qarşısında bu dəqiqə səndərləyib
yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır.
Ümumiyyətlə, yatırmı? Mən çəkiliş
qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət
Əzizovla çəkilişləri səhər o başdan
başlayırdıq, eşidirdik ki, Allahverdi, artıq haradasa
insanların köməyinə çatır, üzərinə
düşən hansısa əməliyyatı yerinə
yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah
meyit dəyişirdi, gah da ağlayıb-sızlayan
ana-bacıların ətrafında onlara ürək-dirək
verirdi. Qəfildən gedib postları yoxlayırdı,
Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları
üçün tapşırıqlar verirdi. Bir də
görürdün ki, əlinə bir dəfə də tüfəng
götürməyən müdafiəçilərə silahla
davranmağı öyrədirdi. Allahverdi Əsgərana -
döyüşlərin ən qızğın mərkəzinə
gedib, oradan ermənilərdən ya ölümüzü, ya
dirimizi alıb gətirirdi. Bu erməni silahlı quldurları
ilə qarşılaşmanın hər dəqiqəsində
ölüm var idi”.
1992-ci il
iyunun 12-də Allahverdi Bağırovun rəhbərliyi ilə
Naxçıvanik, Aranzəmin, Kətik, Ağbulaq, Pircamal
yüksəklikləri erməni quldurlarından təmizləndi.
Postlar quruldu. Növbəti postu yoxlayarkən xidməti
avtomobili minaya toxundu.
Maşında
olan digər üç nəfər sağ qalsa da, Allahverdi
Bağırov və sürücüsü Əmir şəhid
oldular.
Qarabağın
sanki bel sütunu qırıldı.
Ölkə
Prezidentinin Sərəncamı ilə Allahverdi Bağırova
ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilmişdir.
Vətən
uğrunda canından keçən Allahverdi Bağırova Bakıdakı
Şəhidlər Xiyabanında dəfn olunmaq
üçün yer ayrılsa da, qardaşı polkovnik
Əmir Bağırovun təklifi ilə o,
yaşadığı doğma Ağdamın Şəhidlər
Xiyabanında dəfn olunmuşdur.
“Allahverdini
Bakıda dəfn etsək, bəs onda burdakı şəhidlərimizi,
Eldarı hara aparaq?” – deyə hönkürtü ilə
Əmir Bağırovun dediyi sözləri bu gün də
xatırlayıram.
Allah rəhmət
eləsin!
Hər il
Allahverdi və Eldar Bağırov qardaşlarının xatirəsinə
həsr olunmuş futbol yarışları keçirilir.
Qeyrət
rəmzi olan Bağırov qardaşlarının mərdliyi, qorxmazlığı,
xeyirxahlığı haqqında çoxlu məqalələr
yazılıb. Televiziyalarımızda filmlər çəkilib.
Tanınmış
qələm sahibləri İlyas Allahverdiyev, Aqil Abbas, Elbrus
Şahmar, Surxay Əlibəyli, Sarvan Şamil oğlu,
Seyidağa Mövsümlü, Asif Mərzili, Rauf
İlyasoğlu, Əyyub Şırlanlı, Zakir
Ağdamlı və neçə-neçə
ziyalılarımız Allahverdi və Eldar Bağırov
qardaşlarının şərəfli döyüş
yolundan, qısa, lakin mənalı həyatı barədə əsərlər,
poemalar, məqalələr, şeirlər yazmışlar.
Allahverdi
Bağırov həyətində saxladığı mal
heyvanını, var-dövlətini də şəhidlərimizin
dəfninə sərf etmiş və demişdir: “Erməni mənim
meyidimin üzərindən adlayıb Ağdama girə bilər”.
Bu gün
də Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinə
daxil olarkən hər kəs ayaq saxlayır və şəhidlərimizin
xatirəsinə ucaldılmış abidəni ziyarət edir.
Allahdan bütün şəhidlərimizə şəhidlərimizə
rəhmət oxuyurlar.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 23 aprel.-
S.8.